Dul - Marselo Birmaherin hekayəsi

Dul - Marselo Birmaherin hekayəsi
4 noyabr 2023
# 09:00

Kulis.az Argentina yazıçısı Marselo Birmaherin "Dul" hekayəsini təqdim edir.

Paloma həmin gün Barreyro Alves ailəsinin yeni il ziyafətinə gecikmişdi. Hazırlaşmaq, yolüstü hədiyyə almaq, yolu tapmaq xeyli vaxt aparmışdı. Bayram bahalı məhəllədə, ucu-bucağı görünməyən iqamətgahda keçirilirdi. Burada hovuz, şüşəli manqal zonası, otu biçilmiş təpəciklər, qolf və tenis meydançası, bir sözlə, hər zövqə uyğun əyləncə vardı. O, birinci dəfəydi ki, həm evin, həm də məhəllənin sahibi olan ailənin qonağı olurdu. “Kommunal xərcləri çıxmır” – bu, ailə haqqında tez-tez təkrarlanan zarafat idi. Barreyro Alves ailəsi atasının yaxın dostlarıydı – atası bir-iki əhəmiyyətsiz işdə onları təmsil etmişdi, amma bu iş münasibətləri dostluğa çevrilmişdi – elə anası ilə də araları yaxşı idi. Artıq Palomanın hər iki valideyni dünyasını dəyişmişdi. Lakin dostları açıqca göndərərək (köhnə ənənə idi) onu dəvət etmişdilər. Getməyə qərar vermişdi, amma niyəsini özü də bilmirdi. Yəqin ki, atasının xatirəsini yaşatmaq üçün. Emilio Barreyro Alves içəri girən kimi onu tanıdı:

– Zərifliyini anandan, auranı isə atandan almısan, – dedi, – Yeni ili atan olmadan təsəvvür edə bilmədiyim üçün səni dəvət etmişəm. Biz az-az görüşürdük, amma görüşəndə bir-birimizdən ayrılmaq bilmirdik. Bəlkə onun da mənim kimi bayramları vecinə almadığını gördüyüm üçün…

– Bilirəm, – Paloma gözlədiyindən çox həyəcanlandı, – Valideynlərim həmişə evdən çıxmamışdan əvvəl mübahisə edirdilər: anam lazımından çox hazırlaşırdı, atam isə sizin sadə insanlar olduğunuzu deyirdi.

– Sadə insan olmur, – Emilio bunu deyib ona içki təklif etdi və qonaqları qarşılamağa davam etdi.

Paloma ilk içkisini içdi və özünə söz verdi ki, uzağı on iki kanape yeyəcək. Ciddi-ciddi götür-qoy etdikdən sonra seçdiyi beşinci kanapeyə çatmışdı ki, özündən bir neçə yaş böyük kişi ilə yanaşı əyləşdiyinin fərqinə vardı. Mavi rəngli, yaxası açıq köynək, ağ şalvar geyinmişdi, saçları ağarmışdı. Ayağında isə tərzi ilə uyğunlaşan açıq-yaşıl rəngli espadrillər vardı. Kişinin söhbətə başlamağını istərdi, amma o uzun müddət gözlərini qeyri-müəyyən nöqtəyə dikib sakitcə oturdu. Sanki görünməz obyekt diqqətini cəlb etmişdi. Nəhayət kişi flirt məqsədiylə yox, bəlkə də şəraitə görə məcbur qalıb Paloma ilə danışdı. Bura necə gəlib çıxdığını, nə işlə məşğul olduğunu soruşdu.

– Mən ailə dostunun qızıyam, – Paloma izah etdi, – Bir hüquq firmasının marketinq bölməsində işləyirəm.

– Enriko, – kişi əlini uzatdı, – Yoldaşım ev sahibəsinin əmisi qızı idi.

– Artıq əmiqızı deyillər? – bəli, Paloma bu axmaq sualı vermişdi.

– Mən dulam, – Enriko lazımsız olsa da, məsələni aydınlaşdırdı.

– Əslində, mənim də valideynlərim artıq aramızda yoxdular.

Nəhayət bu naqolay söhbət normallaşmağa başladı.

– Romada bir dükanım var, – Enriko Palomanın növbəti sualına cavab verdi, – Ortağımla geyim dizayn edirik. Kiçik biznesdir. Hələ ki, yanvara qədər Buenos-Ayresdəyəm.

Paloma düşündü ki, əgər Enriko ona qonaqlığı birlikdə tərk etməyi təklif etsə, bəlkə də bayaq tapmaqda çətinlik çəkdiyi bu yol hər kəs kimi onu da Romaya aparar. Amma spekulyasiyalara baş qoşmamağa üstünlük verdi: təzəcə travmatik ayrılıq yaşamışdı. Leo və Paloma bir-birilərini sevir, çox istəyirdilər, daima yan-yanaydılar: amma aralarında həmişə pis gedən nəsə vardı, düz on ildən çox… və nəhayət hər şeyi rahat buraxmağın vaxtı gəlmişdi. “Ən yaxşısı bir müddət tək qalmaqdır” – guya özünə tövsiyə verdi. Lakin söhbətin gedişatı onu isti hava axını kimi alıb aparırdı.

Emilionun arvadı Mayte Barreyro Alves düz yarım saat Palomanı söhbətə tutub əmisi qızı, yəni Enrikonun yoldaşı haqqında danışdı. Paloma anasından ayrılan insanlara xas melanxoliya hissi ilə ev sahibəsindən uzaqlaşdı. Amma bu cür nostaljiyə qapılmağa macal tapmadı…

Zərif qamət, uzun qızılı saçlar, tədbirin atmosferinə uyğun olmayan dikdabanlar. Bütün bunlar Enriko və Maytenin haqqında danışmaqdan doymadığı mərhuməni – Nataşanı təcəssüm etdirirdi. Sanki Paloma qadını öz xəyalında canlandırdığı kimi bir rəssama danışmışdı, o da eskiz çəkmişdi. Bu təəssürat elə güclü idi ki, sanki qadın görünməz maqnitlə Palomanı yanına çəkmişdi, o, nə addımlarını saxlaya, nə də istiqamətini dəyişdirə bilirdi. Nataşa şirniyyat masasından götürdüyü limonlu mus və şokoladla dolu boşqabını kənara qoydu, bir siqaret yandırıb özünə qəhvə süzməyə çalışan Palomaya da təklif etdi. Paloma siqareti götürəndə bir anlıq Nataşanın xərçəngdən öldüyünü düşündü. Yox, sadəcə bu qarşılaşma onu karıxdırdığı üçün belə düşünmüşdü, axı Mayte ölümü bütün təfərrüatı ilə danışmışdı. Yük maşını ilə toqquşma. Çox yox, cəmi beş il əvvəl, ömürünün və gözəlliyinin çiçəklənən vaxtlarında… Əsl faciə.

Paloma başqa qonaqların da onu gördüyünü anlayanda daha çox təəccübləndi. Hamı onunla normal söhbət edirdi. Yalnız Nataşa dul qalmış əri Enrikonun yanında dayanda Paloma qəribə fenomenin fərqinə vardı: Enriko onu görməyən yeganə adam idi. O, üfüqə baxmağa davam edirdi. Qəfil Paloma və Nataşadan cavan, lakin onlar qədər gözəl olmayan bir qadın Enrikonun əlindən tutdu. Yüngülcə öpüşüb gecənin sonuna qədər ayrılmadılar. Qaibdən gələn bir qolf topu boş qədəhi sındırdı.

Paloma malikanəni tərk edəndə anladı ki, Nataşanı yolüstü gedəcəyi yerə atmalıdır. Çünki Nataşa onun maşınında peyda olmuşdu.

– Hər dəfə 24-ü gecə onu qaytarmağa çalışıram, – Nataşa izaha ehtiyac duymadan dedi, elə bil, yaxın rəfiqəsi ilə danışırdı, – Lakin məni görməyən yeganə adam odur.

Paloma susub onun davam etməyini gözlədi.

– Belə ziyafətlərdən birində onu tərk etməyi düşünmüşdüm. Maşına minib getmişdim. Amma yolun yarısında peşman oldum, qayıtmağa qərar verdim. Sonra da… yük maşını. Enriko heç vaxt niyə maşınla tək yola çıxdığımı bilmədi. Hələ də bunun səbəbini düşünür. Əslində elə mən də. Amma bilmirəm. İndi də izah edə bilməyəcəm. Biz bir dəfə yaşayırıq…

Qarışıq hisslər keçirən, hədsiz kədərli Paloma bu səyahətin harayadək davam edəcəyini düşündü. Nataşa boş ərazinin yaxınlığında düşmək istədi. Avtomobilin faraları üzərində həmin qəzanı yad edən ulduz çəkilmiş metal lövhəni işıqlandırdı. Paloma pəncərə şüşəsini qaldırmazdan əvvəl Nataşadan xahiş etdi:

– Anama ondan ötrü darıxdığımı de.

İspancadan tərcümə: İlahə Əkbər

# 2018 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #