Ramiz Əzizbəyli: “Rasim Balayevi ömür boyu bağışlamayacam” – Evindən reportaj 

Ramiz Əzizbəyli: “Rasim Balayevi ömür boyu bağışlamayacam” – Evindən reportaj 
22 fevral 2021
# 09:01

11 il bundan əvvəl jurnalistikaya yeni gəldiyim zamanlarda ilk müsahiblərimdən olmuşdu Xalq artisti Ramiz Əzizbəyli. Onunla Mədəniyyət və İncəsənət Universitetindəki kabinetində, iş maşasının arxasında söhbət etmişdik.

11 il sonra onu görmək xoş olsa da, bu vəziyyətdə görmək heç xoş deyildi. Rəngi saralıb, gözləri çuxura düşüb. Gözlərini qıyıb bir xeyli məni süzdü. Yadına salmağa çalışır. Məni xatırlamadığını hiss etdirməmək üçün etdiyi cəhdlər isə uğursuzluqla nəticələnir. Nəhayət təslim olur.

- Xatırlamıram...

Yadına salıram

- O qəzeti arxivdən tapıb mənim üçün göndərərsiniz.

Narahat idi. Gah yer göstərir, gah çay təklif edirdi. Qarşısına qoyulan kişmişdən bir neçəsini ağzına atıb məni sual atəşinə tutur. Hardan gəldiyimi və adımı bir neçə dəfə təkrarlamalı oluram. On dəqiqəlik söhbətdə on dəfə adımı soruşur. Axırda yanındakı siyirməni çəkib qələm-kağız çıxarıb mənə uzadır:

- Yaz mənim üçün bura. İki dəfə iflic keçirtmişəm, başımın bir yarımkürəsi fəaliyyətdən qalıb. Üzürlü say.

Öz adımı və saytımızın adını yazıram. Kağızı dörd qatlayıb qoyur siyirməyə. Sonra əzbər bildiyim avtobioqrafiyasını danışır. Çəkdiyi filmlərdən bəhs edir. Danışdıqlarını səbirlə dinləyirəm. Söhbətimiz mən istəyən axara düşmür. Verdiyim sualları eşitsə də beyninə siqnal çatmadığı üçün suallarıma məntiqsiz cavablar verir. Yarım saata yaxın davam edən məlum sual-cavabdan ümumiyyətlə istədiyim müsahibənin alınacağından əlimi üzmüşdüm. Qırıq-qırıq danışır, fikrini çatdırmaqda çətinlik çəkdiyi üçün əsəbiləşirdi. Tez-tez xəstəliklərini xatırladır. Amma sızıldamadan. Ağrılarını sevən çox az adam var bu dünyada. Ramiz Əzizbəyli o nadir adamlardandır. Yataqdan qalxa bilməsə də ümidlidir. Bu sonsuz ümidi, aşıb-daşan həyat eşqi ilə göstərir. Onun üçün hələ heç nə bitməyib:

- İki ildən çoxdur yataq xəstəsiyəm. Ayaq barmaqlarımı kəsiblər. İndi sağalmaq üzrəyəm. Üç-dörd ay qalıb, durub gəzəcəyəm, inşallah! Belə də boş oturmuram. Məqalələr yazıram. On kitabın materialını yazmışam. Bilirsən, bunu? Mən həm də şairəm axı. Şeirlər, aforizmlər yazıram.

- Siz bu sənətdə fədailərdən olmusunuz. Layiqli qiymət almadığınızı düşündüyünüz olurmu heç?

- Ala bilmişəm?

- Tamaşaçı sevgisi, dövlət qayğısı var. Bu qiymət sayılmır?

- Onlar başqa. Özümü dahi Üzeyir Hacıbəyovdan sonra hərtərəfli incəsənətlə məşğul olan yeganə sənətkar hesab edirəm. Mən sənət üçün etdiyim fədailiyin əsl qiymətini ala bilməmişəm, yəqin, heç vaxt da ala bilməyəcəyəm.

- Buna nə mane olub?

- Deməyəcəm.

Özünü sükutun dərinliklərinə atır. Amma hiss edirəm danışmaq, ürəyini boşaltmaq istəyir. Qızları, həyat yoldaşı Zümrüd xanım bizi baş-baş buraxmır. Onların yanında incidiyi məqamları söyləyə, giley edə bilmir.

- Bunlar imkan vermir ki, qeybət edim (gülür)

- Mənə elə gəlir, həyatınızın elə dövründəsiniz ki, bu sualdan qaçmamalısınız

- Mən hələ yaşamaq istəyirəm.

- Hiss edirəm axı, nisgiliniz var.

- Mən elə sənətkarlardan olmuşam ki, mənə tapşırılan baş rolu başqasına ötürmüşəm. Təki sənət yaşasın.

- Bəs yaşatmağa can atdığınız sənət sizi xoşbəxt etdimi?

- Həm etdi, həm etmədi. Mən yalan deməyəcəm. Bu sənətdə xoşbəxt olmadım. Düzdür, hazırda bu sənətin çörəyini yeyirəm. Hökumətdən doyunca mükafat alıram. Amma nə isə çatmır.

- Çatmayan nədir?

- Saydıqlarımı qazanana qədər itirdiyim şeylər. Məsələn, sağlamlığım. İllərdir yataq xəstəsiyəm. Xoşbəxt ola bilərəm? Amma həm də xoşbəxtəm. Çünki, azadam. İnsanın özü üçün dəyərləndirdiyi xoşbəxtliklər içində azadlıqdan böyük səadət yoxdur.

- İki qızınız var. Onları necə, xoşbəxt edə bildinizmi?

- Bilmirəm. Onu qızlarımdan soruşarsan.

Bizi bir dəqiqə belə baş-başa buraxmayan böyük qızı Xədicə bir himə bənd imiş. Dərhal cavab verir:

- Biz onu evdə çox az görmüşük. Ata kimi yaxşı ata olub. Hər şeyimiz yerli-yerində idi. Amma nəvazişdən kənar böyümüşük. Güldən ağır söz deməyib bizə. Buna baxmayaraq, çox tələbkar olub. Bəzi şeylərdə hətta əzazil idi.

Bir qulağım Xədicə xanımda olsa da, diqqətim Ramiz müəllimin qızına fokuslanan baxışlarında ilişib qalıb. O, gözləri ilə övladını sığallayır. Hər şey var o baxışlarda. Peşmançılıq, qəhər, sevgi... Bir az da nisgillidir bu övladından.

- Xədicə balamı o vaxt çox yaxın dostum Rasim Balayevin baldızı oğluna verdim. Amma alınmadı. Ayırdım. Hələ də ailə qurmayıb.

- İndi Rasim Balayevlə küsülüsünüz?

- Hə. Artıq neçə illərdir danışdırmıram.

- Bu küsülülük qızınıza görədir, yoxsa başqa səbəblər var?

- Çox yaxın dost idik. Amma övladıma görə dostluğumuzun üstündən qara xətt çəkdim.

- Bu işlər qismət məsələsidir. Buna görə ən yaxın dostunuzu bilə-bilə itirməyin peşmanlığını yaşadığınız olurmu?

- Əvvəl peşmanlıq hissim olurdu, amma indi hiss edirəm ki, ondan qırıldığıma sevinirəm.

- Nə üçün. Gəlib-getmədiyi, sizə baş çəkmədiyi üçün?

- Çox dərinə getmə.

- Bu saat Rasim Balayev qapıdan içəri girsə nə edərsiniz?

- Xoş gəldin deyərəm, süfrə açaram, amma ürəyimdəki də ürəyimdə qalar. Onu heç vaxt bağışlamayacam.

- Deməli, o istək içinizdə tam qırılmayıb...

- Hələ də istəyirəm. Dostluq etmişik axı. Çörək kəsmişik illərlə.

- Əvvəlki müsahibələrinizdə demişdiniz ki, heç bir sənət adamı ilə küsülü deyiləm.

- Demişəm? (gülür) Başımla təsdiqləyirəm. İlhamdan, Afaqdan, bir də Rasimdən başqa heç bir sənət adamı ilə küsülü deyiləm.

- Afaq Bəşirqızı ilə olanları unutmaq olmazmı?

- Qəti şəkildə!

- Amma Afaq xanım bu yaxınlarda sizi bağışladığını dedi.

- O söhbəti bağlamışam mən. Mən ona nə etmişəm ki, məni bağışlayır (gülür). Sözün düzünü dedim, illərlə mənə düşmən kəsildi. Mənim çəkdiyim filmlə zirvəyə çıxdı, sonra o zirvədən mənə daş atdı. Acığıma gedib “Bəxt üzüyü - 2” çəkdi. Çox pis təsir etdi mənə. Çox bərbad, səviyyəsiz bir iş çıxdı ortalığa.

- Bildiyimə görə, “Bəxt üzüyü”nün davamını çəkmək istəmisiniz.

- Hə. Filmdəki obrazların sonrakı taleyini çəkəcəkdim. Filmdə, bilirsiniz ki, finalda qonşular küsülü ayrılırlar. İkinci filmdə Tanrıbəy dayının nəvəsi, gəlini bir-bir həmin qonşuları tapıb barışdıracaqdı.

- “Yaşil eynəkli adam” teletamaşasındakı kimi?

- Hə, təxminən.

- Həyatda bu üç şeydən hansı sizi idarə edib: pul, şöhrət yoxsa, içki...

- Heç biri. Bərəkət haqqı heç biri. Məşədiyəm e... mən. Kərbəlada olmuşam. Bircə Həccə gedə bilmədim. Gedəcəkdim, bu vəziyyətə düşdüm.

Səhərdən bəri ilk dəfə acizliyini sezdim. Əllərini süzdü. Yaşamaq eşqi ilə dolub-daşan sənətkar elə bil qəfil həyatının reallığı ilə toqquşub ağır zərbə almışdı. Hamımız susduq. Çünki, bu məqamda deyiləcək heç bir söz Ramiz Əzizbəylinin iflicdən sonra hərəkətsiz qalan əlini oxşaması qədər mənalı olmayacaqdı. Ramiz müəllimin həyat yoldaşı Zümrüd xanım estafeti Xədicə xanımdan alıb yanımızda əyləşdi. Sakit-səssiz bir qadındır Zümrüd xanım. Ramiz müəllimin çılğın təbiəti qarşısında onun ağıllı susqunluğu olub bəlkə də bu ailəni ayaqda saxlayan. Söhbət əsnasında öyrənirəm ki, Zümrüd xanım Xalq artisti Möhsün Sənaninin bacısı nəvəsidir.

- Zümrüd xanım 43 illik ailə həyatınızda Ramiz müəllimdən narazı qaldığınız məqamlar olubmu?

- Yox, olmayıb. Mən Ramizlə ailə quranda bilirdim ki, kimə ərə gedirəm. Hər şeyə hazırlamışdım özümü. Hər kişi kimi kaprizləri olub.

- Gəncliyində yəqin, xanımlardan məktublar alıb. Reaksiyanız necə olurdu?

- Çox alıb. Özümü bilməməzliyə vurmuşam həmişə. Mən Ramizə inanırdım. O, sədaqətsiz kişi olmayıb.

Ramiz müəllim söhbətə müdaxilə edir:

- Cırıb tullamışam hamısını. Heç birini saxlamamışam. Mən o qızı (Zümrüd xanımı işarə edir) sevib bəyəndiyim üçün evlənmişəm. Məhəbbətimə xələl gətirməmişəm heç vaxt. Məndən bir dənədir.

- Ramiz müəllim, “Yalan” filminin sonunda belə bir kəlamdan istifadə etmisiniz: “Yalan var ki, günah sayılmır” Günahsız yalanlar söyləmisiniz heç?

- Bir dəfə söyləmişəm, o da “Yalan” filminin titrini yazanda. O, mənim sözümdü e. Müqəddəs kəlam kimi verdim getdi. Bütün kino işçiləri bilir bunu. Amma tamaşaçılara ilk dəfə bu gün açıqlayıram. Aldatmışam tamaşaçıları (gülür).

- “Yalan” filmində sizin özünüzə tamaşaçı kimi təsir edən hansı məqamdır?

- Vidadi ilə mənim çəkildiyim iki kişinin ağladığı o səhnə... Bilirsən, biz orda həqiqətən ağlamışıq. O filmdə də ssenariyə özümdən əlavələr etmişəm. O vaxt Orxan Fikrətoğlu ssenarini yazıb mənə təhvil verəndən sonra bir gün də ayağı dəyməyib kabinetimə.

- Filmin təqdimatında niyə iştirak etməmişdiniz?

- Küsmüşdüm. Ona görə, filmin təqdimatına getmədim.

- Niyə?

- Əhəmiyyətli deyil.

- Filmlərinizdə məşhur aktyorlarla niyə işləməmisiniz?

- İndi məşhurdurlar də o aktyorların hamısı (gülür). Açığını deyim, çox məşhur aktyorlarla işləyə bilməmişəm. Səbəb isə onların iddiasının böyük olmasıdır. Buna dözə bilmirdim.

- Yeni dönəm Qarabağ mövzusunda çəkilən hansı filmlər sizi təsirləndirib?

- Elxan Cəfərovun “Dolu” filmi yaxşıdır. Xüsusilə, final. Çox təsirlidir.

- Bəs Aqil Abbas necə yazıçıdı?

- Bomba! Amma Aqil Abbasdan incimişəm bir az. Bu günə qədər mənim haqqımda bir şey yazmayıb. Niyaməddin Musayevdən yazıb, məndən yox.

- Otağınızda kitablar var. Mütaliə ilə aranız yaxşıdır, deyəsən.

- Vaxtında hamısını oxumuşam. Amma indi bu barədə heç nə soruşma. İflicdən sonra yaddaşım ağ vərəqdir.

- Həm də AYB-nin üzvüsünüz. Yazıçılarla ən çox kimlərlə dostluq etmisiniz?

- Anarla.

- Sizə baş çəkir, zəng edir?

- Çoxdandır zəng eləmir. Bu yaxınlarda yoldaşı ilə televizorda gördüm. Xeyli qocalıb.

Gözü qəfil televizorda “Space” kanalına sataşır. Qızına əli ilə televizoru söndürmək işarəsi verir.

- Bu günlərdə rejissor Vaqif Mustafayevi “Space”-in rəhbərliyindən uzaqlaşdırdılar. Xəbəriniz var?

- Var. Vaqif çox “afirist” adamdır.

- Ramiz müəllim, şəxsi keyfiyyətləri qoyaq kənara, Vaqif Mustafayev rejissor kimi necə rejissordur?

- Bomba. Amma xəttini bəyənməmişəm heç vaxt.

- Niyə?

- Bütün filmlərində milləti dolayıb. Nifrət oyadır. Elə kino çəkmək olmaz. Bir dənə də milli kino çəkərdi də. İçində dərd olsun, lağ-lağı olmasın. Çəkərdi də bir dənə “Bəxt üzüyü”, “Yalan” filmi.

- Qarabağ işğaldan azad olundu. Bilirəm, o yerlərdə qastrol səfərlərində olmusunuz.

- Azərbaycanı qarış-qarış gəzmişəm. Şuşada, Ağdamda dəfələrlə qastrol səfərlərində olmuşam. Dostlarımın əksəriyyəti qarabağlıdır. Dəlləyim də qarabağlıdır. Biz bu binaya köçəndə mən bilərəkdən şuşalı məcburi köçkünlərin arasında gəlib yaşamışam.

- Ermənistanda necə, olmusunuz?

- Olmuşdun nədir, Tiflisdə hərbi tibb məktəbi bitirdikdən sonra təyinatımı Ermənistanın Leninakan şəhərinə vermişdilər. Səkkiz ay orda xidmət etmişəm. Oranın tibbi-sanitar hissəsinin baş tibb təlimatçısı idim. Ermənilərin bizi gözləri götürmədiklərini hələ o zaman gördüm. Hətta bir dəfə məni öldürmək istəmişdilər.

- Səbəb nə idi?

- Hərbi hissədə bir qubalı əsgər var idi. Bir gün o, möhkəm sancılanmışdı. Vəziyyəti ağır idi. Onda maşını icazəsiz götürüb oğlanı xəstəxanaya çatdırdım. Baş həkim bizim hissəyə məktub yazdı ki, baş tibbi təlimatçı əsgərin həyatını xilas etdiyi üçün mükafatlandırılmalıdır. Mənə mükafat verdilər. Növbədənkənar məzuniyyətə çıxdım. Qayıdandan burnumdan gətirdilər. 72 saat rütubətli sementin üstündə yatırtdılar məni. Maşını icazəsiz götürməyimi səbəb göstərdilər. Amma bəhanə idi. Onları qıcıqlandıran o idi ki, bir azərbaycanlı o birini xilas edib.

Söhbətimiz nə az, nə çox düz 3 saat çəkdi. Hər şeydən danışdıq, amma ən maraqlı məqamları qeyd etdim. Sonda sənətkardan “Bəyin oğurlanması” filmində ifa etdiyi “Aman Tello” mahnısını oxumasını istədim. Etiraz etmədi. Hiss etdim ki, kamera üçün, səhnə üçün, oxumaq üçün darıxıb.

# 36984 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #