Kulis.az "Miksteyp" rubrikasından məşhur "Strange Fruits" mahnısı haqqında materialı təqdim edir.
Amerika Birləşmiş Ştatları, 1930-cu illər. Caz musiqisinin qızıl dövrü, Nyu-Yorkun gecə klublarında parlayan işıqlar, qadınların bəzəkli geyimləri və şampan qədəhlərinin cingiltisi. Lakin bu parıltılı pərdənin arxasında, ölkənin cənub ştatlarında tamamilə başqa bir mənzərə, qaranlıq və qanlı bir reallıq vardı. Məhz bu reallıq dünya musiqi tarixinin ən təsirli, ən dəhşətli və bir o qədər də hüznlü etiraz nəğmələrindən birinin – "Strange Fruit" (Qəribə meyvə) mahnısının yaranmasına səbəb oldu.
Mahnının hekayəsi əslində, bir musiqiçinin yox, Nyu-Yorkda yaşayan yəhudi əsilli adi bir məktəb müəlliminin daxili sarsıntısı ilə başlayır. Abel Meeropol (ədəbi təxəllüsü Lyuis Allan) 1930-cu ildə İndiana ştatında baş vermiş dəhşətli bir hadisəsinin şəklini görür. Qəzəbli kütlənin, gülən insanların ortasında, ağacdan asılmış iki gənc qaradərili adamın – Tomas Şipp və Abram Smitin cəsədləri onun yaddaşına əbədi qazınır. Bu qəddar mənzərədən yuxusu ərşə çəkilən Meeropol "Acı meyvə" (Bitter Fruit) adlı bir şeir yazır.
Şeirdə cənubun füsunkar, romantik təbiəti ilə insanın vəhşiliyi arasında kəskin bir təzad yaradılmışdı:
"Cənub ağacları qəribə meyvələr verir, yarpaqlarda qan, köklərdə qan..."

Meeropol daha sonra bu şeirə özü musiqi bəstələyir. Lakin mahnının əsl ruhunu tapması və bir kütləvi silah halına gəlməsi üçün ona həyat verəcək doğru səs lazım idi. Bu səs əzab-əziyyətlə dolu həyatı olan əfsanəvi caz müğənnisi Billi Holidey olacaqdı.
1939-cu ildə Billi Holidey Nyu-Yorkun ilk irqi inteqrasiya olunmuş gecə klubu olan məşhur "Café Society"də çıxış edirdi. Klubun sahibi Barni Cozefson Meeropolun bu mahnısını Billiyə təqdim edir. Holidey əvvəlcə tərəddüd edir. Sözlərin ağırlığı, doğurduğu qorxunc assosiasiyalar və cənubda oxuyan zaman qarşılaşa biləcəyi irqçi təhlükələr onu qorxudur. Üstəlik, bu mahnı ona gənc yaşda dünyasını dəyişmiş atasını xatırladırdı. Lakin bir müddət düşündükdən sonra o, mahnını oxumağa qərar verir.
Mahnının ifası üçün klubda xüsusi, rituala bənzər sərt bir qayda tətbiq olunur. Holidey "Strange Fruit"i hər zaman konsertin ən sonunda, yekun nömrə kimi oxuyurdu. İfa başlamazdan əvvəl klubda bütün ofisiantlar xidməti tamamilə dayandırır, məkan zülmət qaranlığa qərq olur və tavandan süzülən sadəcə bircə işıq hüzməsi müğənninin kədərli üzünə düşürdü. Musiqi bitəndə heç bir bis olmur, pərəstişkarların alqışına baxmayaraq işıqlar sönür və Billi səssizcə səhnəni tərk edirdi. Bu, sadəcə bir musiqi performansı deyildi, dinləyicilərin üzərinə atılan ağır bir həqiqət silləsi idi.

Lakin proses sadəcə səhnə ilə bitmir, səsyazma da böyük bir mübarizəyə çevrilir. Holideyin çalışdığı o dövrün ən nəhəng şirkəti "Columbia Records" mahnının siyasi yükündən və cənub ştatlarındakı satışlara mənfi təsirindən qorxaraq onu lentə almaqdan qəti şəkildə imtina edir. Nəhayət, caz musiqisinə vurğun olan Milt Qablerin qurduğu "Commodore Records" adlı kiçik, müstəqil bir studiya bu böyük riski gözə alır. Val çox qısa müddətdə həm şok effekti yaradır, həm də bir milyon nüsxədən çox satılaraq tarix yazır.
"Strange Fruit" sadəcə musiqi siyahılarını alt-üst etmədi, həm də ABŞ-da onilliklər sonra başlayacaq vətəndaş hüquqları hərəkatının ilk üsyan qığılcımlarından biri oldu. Türkiyəli əfsanəvi musiqi prodüseri, məşhur "Atlantic Records"un qurucusu Ahmet Ertegün bu mahnını "irqçiliyə qarşı elan olunmuş ilk müharibə" adlandırırdı. 1999-cu ildə nüfuzlu "Time" jurnalı "Strange Fruit"i haqlı olaraq "Əsrin mahnısı" elan etdi.

Billi Holidey bu mahnıya görə ABŞ hökumətinin, xüsusilə də narkotiklərlə mübarizə bürosunun rəhbəri Harri Anslingerin birbaşa hədəfinə çevrildi. Onu susdurmaq üçün cürbəcür yollara əl atdılar, həyatı təqiblərlə məhvə sürükləndi. Amma xəstə yatağında, son nəfəsində belə, o, cənubun qanlı ağaclarından asılan o "qəribə meyvələr"in səsi olmaqdan heç vaxt imtina etmədi. Mahnı bu gün də insanlığın ən qaranlıq, ən vəhşi tərəflərinə tutulan acı bir ayna kimi öz möhtəşəm mövcudluğunu qorumağa davam edir.