Üç min şəhidə şeir yazmaq istəyən şair: “Qorxduğum bircə məqam var” – Müsahibə

Üç min şəhidə şeir yazmaq istəyən şair: “Qorxduğum bircə məqam var” – Müsahibə
1 iyul 2021
# 13:40

Kulis.az İkinci Qarabağ savaşında şəhid olan bütün soydaşlarımıza şeir yazmaq istəyən şair Elşad Baratla müsahibəni təqdim edir.

- Necə oldu ki, belə bir ideya yarandı?

- Müharibənin qızğın vaxtları idi. İki dəfə yazılmağıma baxmayaraq məni savaşa aparmadılar. Bir neçə günlük cəbhə bölgəsinə səfər etdim. Bakıya qayıdanda bir şəhid şeiri yazdım. Həm çox böyük maraqla qarşılandı, bir çox səhifələr paylaşdı, səsləndirib YouTubeyə qoydular, həm də özüm xeyli yüngülləşdim, ağrılarım, acılarım azaldı. Sonra necə oldusa, ikincini yazdım. Bundan sonra mənə yüzlərlə müraciət gəldi, hər kəs istəyirdi ki, onun dediyi şəhidə şeir həsr edim. Beləcə, özüm də fərqinə varmadan gəlib bu yerə çıxdıq, artıq iki yüzə yaxın şəhidə şeir yazmışam.

- İkinci Qarabağ savaşında üç mindən çox şəhid verdik. Siz də onların hər birinə ayrıca şeir həsr edəcəyinizi demisiniz. Sizcə, bu nə qədər mümkündür?

- Bəli, Allah nə qədər güc verib, ilham verib, bu işi davam etdirəcəm. Üç min şəhidimizin hər birinə şeir, esse yazmaq fikrindəyəm. Bu həyatda mümkünsüz görünən çox şey var, amma həyata keçən çox mümkünsüzlər görmüşük. Elə Şuşanın qayalarına dırmanıb, ora bayrağımızı sancmaq da ilk baxışdan mümkünsüz görünürdü, amma bunu bacardıq.

- Şəhidlər hamımız üçün əzizdir və biz onlar arasında fərq qoymuruq. Bəs şeir yazanda necə, bir şeirin o birindən daha güclü, ya daha zəif alındığı olurmu?

- Əslində, mən şeiri yazmıram, şeir özü özünü yazdırır. Mən istəyən vaxtlar götürüb qələmi nəsə yazsam, alınmaz. Gərək şeir hazır olsun, sonra yazılsın. Şeir an məsələsidir. İzləyicilər, oxucular da an etibarı ilə bir şeiri bəyənə də bilər, bəyənməyə də. Elə olub, bu gün bəyənmədiyimiz bir yazını və ya şeiri sabah oxuyub heyrətlənmişik. Şəhidlər arasında heç bir ayrı-seçkilik etmirəm. Bir başdan başlayıb yazıram. Hədəfim bütün şəhidlərə şeir yazıb kitab halına salmaqdır.

- Bu, həm də məsuliyyətli mövzudur, çəkindiyiniz məqamlar olurmu?

- Tək qorxduğum məqam var: şəhid adına layiq yaza bilməmək! Şeirin üstündə əsirəm. Özü hazır olmayınca yazmıram. Bu işin məsuliyyətini də dərk edirəm. Eyni mövzuda üç min şeir yazmaq və ya yazmağa iddialı olmaq böyük məsuliyyətdir. Artıq bir kitablıq, yəni yüz şeiri çapa hazır bilirəm.

- Sponsorluq üçün müraciət edənlər var?

- Hə, mən kitabın çapı üçün bir paylaşım etmişdim, ondan sonra xeyli insan müraciət etdi. Mətbəə xərcini ödəmək istədiklərini bildirdilər. Mən üzr istəyərək razı olmadım. Bildirdim ki, "Bumeranq" adlı hekayələr kitabımı satıb, pulu ilə şəhidlər kitabının ilk cildini çap edəcəm. Hər yüz şeirdən bir kitab alınırsa, üç min şeir 30 cild edir. Növbəti cildlərdə kim istəsə sponsorluq edə bilər. İlk cildi kitabımı satıb çıxaracam.

- Qanorar da istəməmisiniz və kitab satışda da olmayacaq demisiniz. Elədir?

- Şəhidlər kitabı çap olunandan sonra şəhid ailələrinə pulsuz paylanılacaq. Bir siyahı müəyyənləşdiriləcək və ölkənin hər yerinə, bütün rayonlara göndəriləcək, kitabxanalara veriləcək. Məqsədim budur ki, o kitablar hər kəs üçün əlçatan olsun. Bu işi təmənnasız görürəm. Qonorar da gözləmirəm.

- O zaman tiraj yüksək olacaq...

- Hər cild ilkin olaraq üç min olsun istəyirəm. 30 cildi hesablasaq, ümumilikdə, 90 min edir.

- Bu mövzuda bəzi şeirləriniz sosial şəbəkədə maraqla qarşılandı, şeir ithaf etdiyiniz şəhidlərin ailələrindən reaksiya gördünüz?

- Hər şeiri yazanda, ya o şəhidin ailəsini ziyarət edirəm, ya da telefonda danışıram. Şeir yazdığım şəhid haqqında hər şeyi bilməsəm, yaza bilmərəm. O ailələrə birlikdə o ağrını yaşayıb, sonra yazıram. Haqqında şeir yazdığım şəhidlərin çoxunun ailəsi ilə mütəmadi əlaqə saxlayıram, çalışıram, onların etdiyinin qarşılığında zərrə qədər də olsa nəsə edim.

- Bir şeiri yazmaq nə qədər vaxtınızı alır?

- Elə gün olur yaza bilmirəm. Yəni, şeir yazılmağa hazır olmur. İki-üç gün susuram. Elə gün olur, iki şeir yazıram. Şeirlər ya beyin, ya ürək məhsuludur. Adətən ithaf şeirlər beyin məhsulu olur. Beyinlə yazsam, gündə üç-dördünü yazaram. Mən bu işi ürəyə həvalə edirəm. Ürək özü bilər, bir şeiri göndərmək üçün nə qədər hazırlaşar. Yazılma, yəni kağıza köçürülmə müddəti isə çox qısadır.

- Sizcə, bu böyük layihə digər mövzularda yazdığınız şeir və hekayələrə təsir edəcək?

- Hər bir yazıçı özünüdərk mərhələsi keçir. Məncə, mənim bir yazıçı, şair kimi özünüdərk mərhələm müharibə müddətində oldu. Başa düşdüm ki, vətənpərvərlik mövzusunda yazmaq nisbətən yaxşı alınır. Əgər üç min şəhidin hər birinə şeir həsr edəcəmsə, hansı ki, buna iddialıyam, başqa nəsə yazmasam da olar. Bundan öncə üç şeir, bir hekayə kitabım çap olunub. Məncə, kifayət qədər yazmışam, uğurlu, ya uğursuz olması başqa mövzudur. Bundan sonra 30 cildlik bu kitabı yaza bilsəm, elə bilərəm, bir şair kimi üzərimə düşən işin öhdəsindən qismən gəlmişəm. Şəhidlər mənim and yerimdir. Ömrümü bu işə həsr edəcəm.

# 3755 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #