Məni qardaşlarına döydürdülər - Bircənin romanı

Məni qardaşlarına döydürdülər - Bircənin romanı
31 iyul 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Yaşıllıqları, may çiçəklərini, görmədiyim yerləri gördükcə şəhərdən çıxdığıma sevinirdim. Günorta hərəyə bir-iki tikə kabab yeyib meşəyə dağılışdıq. Çantamı Həmidin bacılarının – Ofa bacısıyla Naza bacısının otağına qoymuşdum.

Tumurcuqlamış ağacların dibi qırxbuğum, əvəlik, cincilimlə doluydu. Torba götürüb ayaq dəyməyən yerlərdən pencər yığmağa başladım. Şəfa oğlanıyla danışmaq üçün məni dartıb uzaqlara aparmaq istəyirdi.

Bu arada Nazilə mənim zənbilimdəki yeməklərdən xəbər tutmuşdu, biz qayıdanacan dolma qazanına hərə bir yol barmaq soxmuşdu. Düşündüm Həmid gül ağzını açıb yenə nalayiq sözlər deyəcək, hamının yanında məni ələ salmağa, alçaltmağa çalışacaq; odu ki, ürəyimdə ona cavab hazırlamağa başladım. Ancaq o, dolma qazanının məxfi səfərindən narazı görünmürdü, qazana elə baxırdı, dolmaları elə qoxulayırdı, deyərdin yeməyi təkcə ağzıyla yox, burnuyla, gözüylə də təpişdirmək istəyir.

Axşama doğru Şəfa keflənib hətərən-pətərən danışmağa başladı. Eygili zaman baldızlarının qorxusundan cınqırını çıxarmayan gəlin əzrayıla döndü, onların arxasınca danışdıqlarının hamısını üzlərinə söylədi. Həmidin dünyadan xəbəri yoxuydu, oturduğu yerdəcə xoruldayırdı. Şəfa lap xərifləməyə başlayanda əlimlə onun ağzını tutdum.

- Yumma ağzımı, - dedi, - qoy hamı bilsin ki, mən bu oğraş ərimi istəmirəm, onsuz da şəkər onu çoxdan kişilikdən salıb. Bircə, sən mənim kimi sevdiyimi bilirsən, nolar telefonumu tap ver mənə.

Gözləri zəif, diqqəti də içkidən sonra yayğın olduğuna görə Şəfa qarşısındakı telefonu görmürdü. Baldızları, ortancıl bacı Nazilənin oğlu, kiçik bacı Kamilənin əri, Solmaz - hamısı quruyub qalmışdı. Nazilə qışqırdı:

- Bircə, əlini çək, qoy danışsın. Ona telefon verin.

Ağlıma yalnız bir şey gəlirdi: burda kimsə öləcək, polis məni də şahid kimi dindirəcək, haqq qarası çəkilmiş üzümü televizorda göstərəcəklər, aləmdə rüsvay olacam. Aranı yumşaltmağa çalışırdım:

- Nazilə xanım, Şəfa çox içib, nə danışdığını bilmir.

- Dəymə, o, sözün düzünü elə içəndə deyir.

Şəfanın ağzını nə qədər bağladımsa yenə kilidi qırdı:

- Ver telefonumu, Ramilə zəng eləyəcəm, - deyib əlinin fəhmiylə telefonu tapdı, nömrəni yığmağa başlayanda onun qoluna bir yumruq vurdum.

Telefon Həmidin qucağına düşdü, Həmid ayıldı. Bərəlmiş gözləriylə hamını key-key süzüb dedi:

- Nolub burda, nə baş verir? Bacoğlu, mənə araq süz.

Nazilə tətiyi çəkdi, nə çəkdi:

- Arvadağan hamımızın badəsini doldurdu, indi də sevgilisinə zəng vurur.

Həmid baxışlarını mənə tuşlayıb:

- Nə məsələdi, - soruşdu, - bir dəfə gəlməklə aranı qarışdırdın?

Çiynimi çəkib Şəfadan aralandım. Mən addımımı qırağa qoymuş-qoymamış Şəfa yediyini-içdiyini fontan kimi qaytardı. Qusandan sonra ağlamağa başladı.

Nazilə telefonunu onun gözünün qabağında oynadıb bağırdı:

- Al vur görüm kimə zəng vurursan?

Şəfa telefonu baldızından alıb nömrəni bir də yığmağa başlayanda Həmid sıçrayıb ona bir şillə çəkdi. Sonra çevrilib bacılarına cumdu:

- Bizi biyabır eləməyə gətirmisiz?

Həmid bütün günahları mənlə bacılarına yükləyib arvadını suya çəkməyə çalışdığı vaxt Şəfa gül vurdu:

- Sənə yüz dəfə demişəm məni qəhbə bacılarınla heç yerə aparma. Toyumdan bir həftə keçməmiş bunlar məni döyüb evdən qovmadılar, bizi kirayələrə atmadılar? Ər yaxşı şeydisə Naza oturaydı da ərində. Qarnına uşaq düşən kimi anan keçirdi yuxarı başa, tək oğlunu tulladı küçələrə. Neçə ildi bacın o boyda kişini yalvardır, oğlunu atasına göstərmir.

Bacıların üçü də boysırası düzülüb Şəfanın çıxardığı şəbihə tamaşa eləyirdilər. İçmək üçün istəkana tökdüyüm soyuq suyu gəlinin üzünə çırpdım. Su Şəfanı azca ayazıtdısa da susdurmadı. Arvadı yenə danışmağa başlayanda Həmid onun qoluna girib oturduğumuz yerdən - cır armudun altından genitməyə çalışdı. Şəfa ərini itələyib əlindən çıxdı, armudun dibinə qayıdıb qışqırmağa başladı:

- Heç nəyin üstündə balamı öldürmüşdünüz. Xəbəriniz oldu biz nələr çəkdik? Bir az da ləngisəydik indi Solmaz yaşamırdı. Bunu da siz elədiniz.

Həmid bacılarının üzünə pərt-pərt gülümsədi, arvadını stula oturdub şillələməyə başladı. Ofeliya irəli atılıb qardaşını itələdi, Şəfanın ağzını qarnına söykəyib başını sığalladı, onun üzündən öpüb dedi:

- Sən Həmidə fikir vermə, sənə toxunsa öldürrəm onu. De görüm Solmaza nə olmuşdu?

Həmid qorxaq tulalar kimi özünü ora-bura vururdu:

- Ofa, burax onu, görmürsən keflənib?

Şəfa qızarmış üzünü ovuşdura-ovuşdura dedi:

- Həmid gizli telefonumdakı mesajları oxudu, evə dava saldı. Mənə boşanma ərizəsi yazdırandan sonra Solmaz evdə nə qədər dərman vardısa hamısını uddu.

Ofeliya qardaşına çəmkirdi:

- Bəs deyirdin salatdan zəhərlənib?

Nazilə soruşdu:

- Şəfa, o mesajlar kimə gəlmişdi, kim yazmışdı onları?

Həmid daha dözmədi:

- Özünüzü prokuror kimi aparmayın, görmürsüz o sərxoşdu, ağzına gələni danışır? Bizim evdə gizli telefon olmayıb. Solmaz doğrudan salatdan zəhərlənmişdi. O telefon da Firəngizin telefonuydu.

Ortalığa dedim:

- Görən Firəngiz kimdən qorxub gizli telefon saxlayırmış?

- Onda boynuna al ki, evimizə dava salan telefon sənin olub.

Dar macalda onun bunca iyrənc girəvəcilliyi məni ildırımtək vurdu, bütün bədənim keyidi, elə bil dırnaqlarımın altına minlərlə tikan batdı.

- Mənim telefonum sənin köhnə paltonun cibində necə yuva qurmuşdu görəsən, - dedim.

Həmid yerə çökdü, dondan-dona girən mahir aktyor kimi dərhal üzünə başqa maska taxdı:

- Xanımlar, gəlin bunu aparaq yerinə yatsın. Siz gedin o dağın ətəyindən gül-çiçək yığın, biz kişilər də samovarı qaynadaq, közə kartof ataq. Siz qayıdana gözəl bir süfrə açaq.

Bacıları onu elə bil eşitmirdilər. Həmid başını necə itirmişdisə mənim telefon söhbətini hardan bildiyimi soruşmaq ağlına gəlmədi.

***

Şəfa əsinə-əsinə üzü meşəliyə gedirdi. Onun ortaya pərxaşlıq salmağı məni dilxor eləmişdisə də bacılarının yanında Həmidin iç üzünün açılmağına sevinirdim.

Qalxıb Şəfanın dalınca getdim, qoluna girib onu dərədə qıjıldayan çayın qırağına yendirdim. Çayın yaxası nənəmin dolmayarpağı dediyi enliyarpaq bitkiylə doluydu. Şəfanı bir daşın üstünə oturdub bu yarpaqdan xeyli yığdım. Yığdıqca hər yay ətəyində alaçıq qurduğumuz dağlar, sulu-selli dərələr, nərgizli yallar, yelli gədiklər gözümün önündə canlanırdı. Anam iri kötüyün üstündə döydüyü quyruqlu əti bax beləcə yarpaqlara büküb dolma bişirərdi, o dolmanın iyi bütün arxaca, qonşu alaçıqlara yayılardı. Bunları gözümün qabağına gətirdikcə burnuma o günlərin ətri dolurdu, damağımda o çağların dadı-tamı oyanırdı, başımdan ətəyimə o illərin yağışı damırdı.

Pencər yığmağa nə təhər aludə olmuşdumsa bir soyuq çay daşına tapşırdığım Şəfanı tamam unutmuşdum. Qucağım dolu çayın qırağına qayıdanda Şəfa buz kimi sudan üzünə çırpıb bir xeyli ayazımışdı.

Məni görcək çöpəgülən şirin-şirin qaqqıldadı:

- Çox giclədim?

Elə bilirdim ayılanda peşman olacaq, özünə əl qatmaq istəyəcək.

- Küncdə-bucaqda bağlı boxça qoymadın. Dədənin evi yıxılsın, neyləyəcəksən indi?

Gəlinin heç vecinə də deyildi:

- Lap yaxşı elədim, zəhləm gedir hamısının sifətindən.

- Ay qız, onların yanında sevgilinə zəng eləyirdin ey!

- Hə, noldu, elədim?

- Telefonu vurub əlindən salıb qoymadım. İndi onların üzünə nə deyib çıxacaqsan?

- Əşi, qoy rədd olsunlar cəhənnəmə, mən bəyəm onlara da hesabat verməliyəm? Baldızlarımın gözü götürmür məni. Qırışlarımı dartdırdım, dodağımı böyütdürdüm – məni qardaşlarına döydürdülər. Sonra məndən ünvan alıb neyləmişdim hamısını özləri də elətdilər.

Düzünə qalanda Şəfa gözəlləşdirmək adıyla özünü meymuna oxşatmışdı. İstirahət günlərimi Taylana pal-paltar almağa, Minənin üzündəki çivzələri təmizlətməyə sərf eləyəndə Həmid məni ələ salıb gülürdü:

- Bax mənim arvadıma, ibrət götür, - deyirdi. - Onun-bunun quyruğuna düşməkdənsə Şəfayla birgə sən də salona get, üzünü, qaşını, dodağını düzəltdir, pullarını havaya sovurma. Beş-altı ildən sonra qoca kaftara oxşayacaqsan.

- Kimin nəyə oxşayacağına beş-altı ildən sonra baxarıq.

- İndi heç bir qadın alnında tük saxlamır, sən də get tatuaj elətdir.

- Hələ ağlım o qədər azalmayıb.

- Ağıl söhbəti deyil e, kəndçiliyin canından çıxmayıb.

- Ürəyim, əməllərim məni həmişə cavan saxlayacaq. Qoy bədniyyət, əməlibetər adamlar özlərini yamatsınlar, üzlərinə təzə sifət çəkdirsinlər.

- Hə də, cavan oğlanlarla oturub-duran qadın qocalmır axı...

***

Biz geri qayıdanda Həmid ağappaq çiçəkləri seyrək qar kimi dən-dən atan cır armudun altında oturub mənim dolma qazanımın dibində qalanları heç nə olmayıbmış kimi iştahla udurdu, arada dovğa balonunu başına çəkib hortuldadırdı. Alnı, burnu, bığı ayrana bulaşmışdı, gözlərinin ağı qarasını örtmüşdü.

Solmaz onun hərəkətlərini izlədikcə şirin-şirin gülürdü:

- Ata, karikaturaya oxşayırsan, elə bil səni dovğa qazanına salıb çıxarıblar.

Həmid bir gözü məndə salfet götürüb bayraq kimi yellədi:

- Ac deyiləm e, əsəbimdən yeyirəm.

Fürsəti fövtə verməyib mən də onu bizlədim:

- Ayrı vaxt kəndçilərə lağ eləyirsən, amma özün on barmağının onunu da qazana soxursan. Bəs yemək gətirməyimə razı deyildin, indi xeyir ola bordaq danası kimi başını yemə soxmusan?

Həmid dovğanın küpündən birtəhər çıxıb burnuna bulaşmış ayranı salfetlə üzünə yaxdı:

- Mən dedim adam kimi dincələsiz, kabab yeyəsiz.

- Yaman dincəldik, üzünüz ağ olsun.

- Nə elədinsə sən elədin, mənim bacılarım Şəfanı çox istəyirlər.

- Hə, əlbəttə, bacıların Şəfanın dərdindən divanədi, Şəfa da sənin. Çox mehriban üçbucaqsız, bir bucaq da mənə ayırsanız olarıq dördbucaq.

- Sən hələ buna layiq deyilsən. Bayaq yenə tıncıxmaq sözü işlətdin, bacılarım əllərini süfrədən çəkdilər, yəqin səndən diksindilər.

Üstdən-aşağı baxışlarımla onun üzünü cıra-cıra:

- Kaş adamın içini oxuyan bir cihaz kəşf olunaydı, - dedim, - ya da sənin keçə yamanmış surətini yaradan bir kitab yazılaydı.

Bundan artığına gücüm çatmadı, dönüb qalası olduğumuz evin seyvanında oturmuş bacılara sarı getdim.

***

Bacılar geyinib hazıryaraq durmuşdular, heç birinin səhərki halından əsər qalmamışdı. Boyumu görcək elə bil yasdan çıxdılar, Ofeliya ovqatı dəyişmək üçün sevincək dilləndi:

- Bircə, o yığdığın nədi?

- Buna bizlərdə dolmayarpağı deyirlər.

Nazilə yarpaqları o üz-bu üzünə çevirib soruşdu:

- Ay Bircə, dəqiq bilirsən, zəhərləyib eləməz ki?

- Mən gözümü açandan buna dolma bükmüşük, çox dadlı olur.

- Bişirəndə bizi də çağırarsan.

Həmid yalmana-yalmana özünü yanımıza çatdıranda Ofeliya deyəsən həm də qardaşının üzünə baxmamaq üçün mənə tərəf çevrilib:

- Biz qayıdırıq, - dedi, - bizlə getmək istəyirsənsə hazırlaş.

Təklif məndən ötrü göydəndüşmə oldu. Səməndərlə Lalə şəhərdən çıxdığımı bilsələr də qalan heç kəsə heç nə deməmişdim, telefonlarımı da söndürmüşdüm, çünki Hakim zəng vursaydı ona nə cavab verəcəyimi bilmirdim.

Yığdığım qırxbuğumu, cincilimi, əvəliyi bir yerə topladım, qazanlarımı samovarın suyuyla yaxaladım. Olan-olmazımı qabğarıb kəsdirdim bacıların böyrünü. Həmid onlarla gah dilləşir, gah da bacılarına yalvarırdı, onları yola gətirmək üçün sığallayıb-tumarlayırdı:

- Nolar getməyin, - deyirdi, - Şəfa indi gəlib sizdən üzr istəyəcək. İçib açarını itirib, bir qələtdi eləyib.

Onun yalvarışlarını ikrahla dinləyən Nazilə bomba kimi partladı:

- Zəhləmizi tökmə, - dedi, - sən nə bizə qardaş oldun, nə ata-anamıza oğul. Ömrün boyu özün üçün yaşadın. Üç il qapımda mələdiniz, arvadını işə düzəltdim, belə hörmət qoydu bizə? Mənim hesabıma qazandığı pullarla özünə bəzək vurur, gündə bir paltar geyinir, məni də bəyənmir.

Ardınca Ofeliya açıldı:

- Arvadının tərindən it iyi gəlirdi, yadından çıxıb? İndi bahalı ətirlərini gözümüzə soxur.

Həmid qapı tulası kimi gah bu, gah da o bacısına şırvanırdı:

- Hamısı içkinin zibilləridi. Buranın pulunu qabaqcadan ödəmişəm, daha axşam da düşüb, getməyin.

Gördü bacılarına dov gələ bilmir, mənə cumdu:

- Sən də onlar kimi eləmə, qal sabah bizlə gedərsən.

- Qala bilmərəm, - dedim, - Ofeliya qardaş-bacımdan icazəmi alıb gətirib, onlarla gəlmişəm, onlarla da qayıtmalıyam.

Həmid, Şəfa, Solmaz ayrı-ayrılıqda çox dilə tutdularsa da yumşalmadım. Maşına minəndə Doneş məni yanladı:

- Bir iki yüz manat ver, şəhərdə qaytararam.

- Niyə?

- Üstümdə pulum azdı, bacılar da yeyib qaçırlar, bir qəpik vermədilər.

- Məndə də azdı, olanıma da yoldan alça, çiyələk alacam.

- Heç olmasa sən yediyinin pulunu ver.

- Bir tikə kabab yemişəm, əvəzində bir qazan dolmamı, bir qazan da kotletimi aşırmısız, bir balon dovğamı içmisən.

Dar macalda məni borclu çıxara bilmədiyindən başladı yalvarmağa:

- Qurban olum, biyabır olaram burda, mama qəbri qayıdan kimi verəcəm.

Yüz manat çıxarıb başıma fırlayıb üstünə atdım:

- Səni qınamıram, - dedim, - axı mən ağılsızın burda nə işi vardı.

Pulu qoparan kimi qara-qışqırıq saldı:

- Bircə getməyəcək, o bizim qonağımızdı, onu apara bilməzsiz!

Bacılar gözlərində sual mənə baxırdılar. Çantamı sinəmə basıb hirslə dedim:

- Gedirəm, vəssalam! Ayrı söz eşitmək istəmirəm.

- Heç olmasa Şəfanı bu halda qoyub getmə. Axı o sənin hörmətini həmişə saxlayıb.

Çantanı maşına atıb ağ çətirli çır armudun dibində bürüşmüş Şəfanın yanına qaçdım. Gəlinin üzündə peşmanlıqdan əsər-əlamət görmədim, eləcə ağarmışdı, oturduğu kötüyün üstündən ətrafı vecsiz-vecsiz seyr eləyirdi.

- Sən niyə o qancıqlara qoşulub gedirsən?

- Şəfa, sən Allah incimə, - dedim, - getsəm yaxşıdı. Görmürsən ərin hər şeyi mənim boynuma yıxır?

- Ərim pox yeyir, sən neylədin ki! Özüm də kefli-zad deyildim, hamısını qəsdən eləyirdim.

- Doğrudan? İndi biz gedən kimi Həmid səni döyəcək?

- Pox yeyir Həmid! Sevinsin ki, mən də onu atıb getmirəm. Səndən çox xahiş eləyirəm, mən barədə bildiklərinin heç birini yolda o qancıqlara danışma.

- Özün hər şeyi dedin, mənə heç nə saxlamadın.

Onu öpüb qaçaraq özümü maşına təpdim.

Yol boyu bacılar dilimdən Şəfa haqqında söz qopara bilmədilər. Evə çatana qədər qardaşlarını söydülər, gəlinlərini qarğıdılar. Heç kimi bəyənmədiyindən ərə getməmiş Ofeliya hətta qardaşının balasına da qarğış tökdü:

- Ər-arvad həmişə üzümə vururlar ki, dilinə görə səni alan olmadı, evdə qaldın. İnşallah Solmaz da mənim günümə düşər, gedib Mirmövsüm ağanın ocağında dizin-dizin sürünərəm.

# 10139 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #