Kamal Abdulla, Pərviz Cəbrayıl, Aqşin Yenisey... - Nərgiz Cabbarlı yeni romanları tənqid edir

Kamal Abdulla, Pərviz Cəbrayıl, Aqşin Yenisey... - Nərgiz Cabbarlı yeni romanları tənqid edir
28 dekabr 2020
# 17:20

Kulis.az tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının 2019-cu ildə dərc edilmiş romanlar əsasında yazdığı "Roman janrının hüdudsuz ekperiment imkanları... ...bu imkanların reallaşan və reallaşa bilməyən nəticələri" adlı məqaləsini təqdim edir.

Son illərdə apardığımız müşahidələr əsasında roman texnologiyasının sürətli və dinamik bir dəyişilmə prosesindən keçdiyini söylərə bilərik. Əslində, dünya ədəbiyyatında hər zaman belə olub. Çünki roman bir janr olaraq dəyişimə açıqdır. Necə deyərlər, ən azından, dil qədər canlıdır (“Romanın öyrənilməsi canlı dillərin öyrənilməsi kimidir, özü də gənc dillərin”. – M.Baxtin. “Epos və roman”). Lakin ənənələrə sadiq və eksperimentə ehtiyatla yanaşan Azərbaycan ədəbiyyatında roman və eksperimentçilik istəyi zaman-zaman bir-birinə yaxınlaşsa da, uğurlu nəticə həmişə əldə edilməyib. Nəticədə, ənənə, keçilmiş yollarla getmə, hadisəçilik və ya “fəlsəfəçilik” ardınca düşmə təcrübəsi daha çox üzdə olub.

2019-cu ilin romanlarında diqqətimizi çəkən maraqlı nüanslar sırasında müəlliflərin janr daxilində apardığı yeni struktur, forma, tərz axtarışlarından danışmaq olar. Həmçinin, ənənələrin sındırılması cəhdləri diqqəti çəkdi. Hərçənd bu cəhdlər bəzən baş tutdu, bəzən fiaskoya uğradı. Xüsusilə də istək kimi göründüyü, məqsəd kimi tamamlanmadığı üçün. Lakin 2019-cu ilin roman mətnlərində gözgörəsi uğursuzluqlarla, hədəfə dəyməyən “atışlar”la yanaşı, sevindirici uğurlar, eksperimentlərin maraqlı nəticələri, ideyaların dəqiq həll variantları da oldu. Bütün bunlar haqqında danışdığımız dəyşilmə prosesinin diqqət çəkən nüanslarıdır.

Ayrılıqda təhlillərə keçməzdən əvvəl statistik göstəricilərə diqqət yetirək. Ötən il “Azərbaycan” jurnalında Kamil Əfsəroğlunun “Yuxu”, İlqar Fəhminin “Sürgün şərabı” (çaparaq romanı), Vüsal Nurunun “Qaraqaşlı”, Aydın Talıbzadənin “Ramana” romanları dərc olunub. Bundan başqa, Şərif Ağayarın “Komandir”, Vahid Məhərrəmlinin “Müharibənin qanlı kölgəsi”, Natəvan Dəmirçioğlunun “Açar”, Mahir Qabiloğlunun “İtbaşı”, Tofiq Məliklinin “Suyu axtaran adam”, Vüsal Nurunun “Dorantağ”, Əjdər Olun “Lo”, Kamal Abdullanın “Sirlərin sərgüzəşti”, Pərviz Cəbrayılın “Məryəm surəsi”, Aqşin Yeniseyin “Tarix və tale”, Əli Əmirlinin “Ağdamda nəyim qaldı”, Seyran Səxavətin “Qaçaqaç” (“Kenquru” kitabında), Zahid Sarıtorpağın “Quşların intiharına ağlamayın” romanları (kitabları) dərc edildi. Bu əsərlərdən Seyran Səxavətin “Qaçaqaç”, Zahid Sarıtorpağın “Qurşların intiharına ağlamayın”, Əli Əmirlinin “Ağdamda nəyim qaldı” romanlarından əvvəlki illərdə bəhs etmişik. Lakin üzərində xüsusi olaraq dayanmaq istədiyimiz mətnlər, əlbəttə ki, var.

***

Ayrılıqda hansısa roman haqqında danışmazdan əvvəl ümumi qənaətlərimizi qeyd edək. Ötən il dərc edilmiş romanlar əsasında ümumiləşdirmə apardıqda romanda aydınlıq səviyyəsi qazanan iki əsaslı xüsusiyyət müşahidə edildi: müəyyən roman mətnlərində müəllifin dəqiq məqsədi, ideyası, bu ideyaya xidmət edən struktur, konstruksiya, texnologiya, təhkiyə, qəhrəmanlar və onlar üçün seçilən təhkiyə tipi, forması, bədii həllin əvvəlcədən ən xırda nüanslarına, incəliklərinə qədər hesablanması (yəni, sözü özünə tabe edən müəllif istedadının və gücünün mövcudluğu!) dəqiq göründü. Məsələn, Şərif Ağayarın “Komandir”, Kamal Abdullanın “Sirlərin sərgüzəşti”, Pərviz Cəbrayılın “Məryəm surəsi”, Aqşin Yeniseyin “Tarix və Tale”, Əjdər Olun “Lo”, Vüsal Nurunun “Qaraqaşlı” romanlarında olduğu kimi. Hətta xarakter seçimindən tutmuş, mətnin seçilmiş müəyyən estetik-nəzəri tələblərə tabe edilməsi kimi (məsələn, postmodernizmin tələblərinə! – tutaq ki, Kamal Abdullanın “Sirlərin sərgüzəştləri” romanında olduğutək, yaxud Şərif Ağayarın “Komandir” romanında struktur-modelin seçimi ilə mövzu və məzmunun ona tabe etdirilməsi, hətta ideal bir şəkildə bir-birini izləməsitək) əvvəlcədən aparılmış dəqiq hesablamalar, strukturdaxili keçidlər, bu keçidlərin təminatçısı kimi çıxış edən detallar, ifadə konstruksiyaları və s. yazıya münasibətdə dəqiq “hesabçılığ”ın maraqlı nəticəsini meydana çıxardı.

Ən əsası və vacibi, bu əsərlərdə – yuxarıda da qeyd etdiyim kimi – roman texnologiyasını müəyyən edən bütün elementlərin müəllif tərəfindən (əsasən!) dəqiq hesablanması və idarə edilməsi idi (bunun ən ideal nümunəsi K.Abdulla, Ş.Ağayar, A.Yenisey və P.Cəbrayılın romanları oldu). Hər şey bir məqsədə – müəllif məramına xidmət edə bilirdi.

Lakin elə romanlar da vardı ki, əksinə, müəllifin mətnə gətirmək istədiyi hadisələr, onların stixiyası, enerjisi, axını, gücü strukturun tələblərinə, müəllifin əvvəlcədən müəyyən etdiyi ideyaya uymadan, tabe olmadan ümumi mətni də, təhkiyəni də, hətta müəllifin özünü də öz axarına salıb arzulanandan, qoyulan məqsəddən tamamilə fərqli istiqamətlərə sürüklədi. Söz romançının deyil, romançı sözün əsirinə (idarə olunanına) çevrildi, əsarətinə düşdü (məsələn, Kamil Əfsəroğlunun “Yuxu” romanında olduğu kimi... Bu əsərdə hadisələrin axarı “xatirə” stixiyasının ardınca sürüklənir. Hadisələr axını oxucunu müəllifin əvvəlcədən hazırladığı istiqamətə – könüllü olaraq hərbi xidmətə getmək istəyən qəhrəmanın gələcəyinə deyil, keçmişinə dartıb aparır. Yaxud Əli Əmirlinin əvvəlki illərdə “Azərbaycan” jurnalında dərc edilmiş, 2019-cu ildə isə kitab halında çıxmış “Ağdamda nəyim qaldı” romanını bu qismdə qeyd etmək olar. Eyni idarəolunmazlıq (tabe olmama!) həmin mətndə də mövcuddur).

2019-cu ildə dərc edilən romanlar bu janrın yazıçı təxəyyülü və təfəkkürü üçün geniş imkanlar açdığını göstərməklə bərabər, müəlliflərin janra üz tutma məqsədlərində də fərqli istiqamətlərin mövcudluğunu diqqətə çatdırdı: kimlərinsə mətnində bu, fəlsəfi-publisistik düşüncələrin izharı üçün romanın geniş imkan və şərait verən bir meydan kimi seçildiyini göstərdi (məsələn, Aqşin Yeniseyin “Tarix və tale” romanında... Ümumiyyətlə, bu cür romanlar son dövrlərdə çox yazılıb. Nümunə olaraq: Aydın Talıbzadənin “Əbuhüüb”, Orxan Fikrətoğlunun “Ölü mətn”, Qan Turalının “Fələk qırmancı” romanı... Bu mətnlərdə müəlliflərin roman hüdudlarından (əslində, hüdudsuzluğundan!) özlərinin müəyyən fəlsəfi, polemik məqamlarla bağlı qənaətlərini, düşüncələrini izhar etmək üçün istifadə etdiklərini görmək olar. Bu əsərlərdə fərqli olan cəhət bəzilərində müəllif istəyinin – təxəyyülünün, elmi-fəlsəfi qənaətlərinin mətnə hopdurulması idi ki, bunu, məsələn, “Əbuhüüb”də müşahidə etdik. Yəni fəlsəfi-polemik qənaətlər burada mətnin (qəhrəmanın, hadisənin, təhkiyə axınının) bir parçasına çevrildi. Lakin adını çəkdiyimiz digər əsərlərdə belə qənaətlərin ifadəsində müəllif mövqeyi, müəllif nəticələri çox açıq göründü və bədii mətnə qarışmamış qaldı. Hətta üzdə qaldı da deyə bilərik).

Ötən il dərc edilən romanlarda daha bir məqsəd müasir cəmiyyət, siyasi mühit, müharibə, ictimai şərait və üzdə olan, görünən-görünməyən problemlərlə bağlı (siyasi, ictimai!) müəllif mövqeyinin (narahatlığının!) ifadəsi idi (Pərviz Cəbrayılın “Məryəm surəsi”, Əjdər Olun “Lo”, Aqşin Yeniseyin “Tarix və tale”, Vüsal Nurunun “Qaraqaşlı” romanlarında). Tənqidin hər zaman ifadə etdiyi “yaxın keçmiş və ictimai-siyasi proseslər romana gətirilmir” iradı, nəhayət, qismən də olsa, öz nəticəsini əldə etdi. Problematikanın, mövzunun aktuallığı və hərəkətliliyi bu əsərlərin əsas məziyyətlərindən biridir. Bəzisində yaxın tarix, bəzisində dünənki tarix, bəzisində hətta bugünkü tarix təqdim edilsə də, həmin romanlar hadisə olaraq, mərhələ olaraq, proses olaraq tamamlanmamış, nöqtəsi qoyulmamış problemlərin ifadəsinə köklənmişdir. Və onların mətnə gətirilməsi hansındasa realist üslubda (“Lo”), hansındasa mistik bir çalar qarışıqlığı əlavə edilməklə (“Məryəm surəsi”, “Komandir”), hansındasa fərdi talenin ağırlığı və faciə “pərdəsi” altında (“Tarix və tale”), eyni zamanda çox realistcəsinə verildi. Bu əsərləri birləşdirən əsas məqam – Qarabağ savaşı, siyasi proseslərdir. Və çox maraqlıdır ki, son iki romanda (“Tarix və tale” və “Məryəm surəsi”) sənədli-tarixi mətnlər, etiraflar ümumi mətnə gözlənilmədən daxil edilsə də, hadisələrin ümumi axarına qoşula bildi. Onlar reallığın, faciəviliyin təsirini artırmaqdan başqa, həm də ümumi mətnə dəstək funksiyası daşıyırdı və onun stixiyasından qopmuş kimi görünmədi, ona qaynayıb-qarışdı. Halbuki, bu cür sənədli-tarixi mətnlərin belə gözlənilmədən romanda təqdimi çox zaman əks nəticə verir.

Bundan başqa, bu romanlarda, müəlliflərin özləri də bir personaj olaraq ictimai-siyasi hadisələrin içərisində göründülər (“Lo”da, “Məryəm surəsi”ndə), lakin hadisələrdən qismən kənarda qalan müəllif obrazları da oldu (“Tarix və tale”də). Hətta müəllifinin yoxluğunun, heç bir addımda zəif izinin belə görünməməsinin oxucunu heyrətdə qoyduğu roman da oldu (“Komandir”). Və qənaətimizcə, bu, müəllifin (Şərif Ağayarın) yeganə romanı idi ki, müəllif kimi bütün sarsıntılarını mətnə ötürə bilsə də, obraz kimi ondan kənarda qala bilmişdi.

Sadalanan romanlar arasında Pərviz Cəbrayılın romanı daha yaxın günlərimizi əks etdirir və realist təsvirlə mistik mənalandırmanı iç-içə təqdimatı ilə diqqət çəkir. Oxucu hansı mühitdə – realmı, mistikmi – olduğunu bir müddət aydınlaşdırmaqda çətinlik çəkir. İlkin mistik mənalandırma sonrakı real və tanış hadisələrin içərisində ərimir, əksinə, özünü qoruyub saxlayır (Şərif Ağayarın “Komandir” romanında da diqqətimizi çəkən mistik mənalandırmanın hadisələrdə deyil, yalnız iki obrazda – gümüşü işıq və pişik – görünməsidir).

Ötən il ənənəvi romanlar da yaradıldı. Vahid Məhərrəmlinin “Müharibənin qanlı kölgəsi”, Kamil Əfsəroğlunun “Yuxu”, Aydın Talıbzadənin “Ramana”, Vüsal Nurunun “Qaraqaşlı” romanları kimi. Məsələn, Vahid Məhərrəmlinin Qarabağ müharibəsinin bir iştirakçısından bəhs edən “Müharibənin qanlı kölgəsi” romanı Fikrət adlı bir gəncin başına gələn hadisələr, meydan hərəkatı, könüllülərin cəbhəyə axını və gedən döyüşlərdəki pərakəndəlikdən bəhs edir. Lakin roman ilk hissələrdə sovet dövrü romançılığından gəlmə əmək mövzusu, neft buruqlarındakı iş prosesi və s.-in təsvirində detallara varma ilə oxucunu yorur. Diqqəti çəkən və vacib olan müəllifin döyüşlərdəki uğursuzluqlara, hadisələrin gedişatının məğlubiyyətə doğru aparmasına səbəb arayışına çıxması və onları göstərməsidir. “Müharibənin qanlı kölgəsi” romanı da müasir romançılığın mövcud qəhrəmansızlıq (xarakter anlamında) problemindən xali deyil. Digər tərəfdən, romanda süjet nəqlçilik üzərində qurulduğundan (müasir romanların bir çoxunda olduğu kimi), hansısa xüsusi ədəbi texnika müşahidə edilmir.

ardı var

# 3809 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
# # #