Birinci arvadını öldürməklə fəxr edən adam – Eyvaz Əlləzoğlunun hekayəsi

Birinci arvadını öldürməklə fəxr edən adam – Eyvaz Əlləzoğlunun hekayəsi
5 dekabr 2020
# 13:30

Kulis.az hər həftənin şənbə günü, saat 13-30-da mərhum yazıçı Eyvaz Əlləzoğlunun hekayələrini yayımlayacaq. Məqsəd 80-ci illər ədəbi nəslinin ən istedadlı nümayəndələrindən olan E.Əlləzoğlunu oxuculara daha yaxından tanıtmaqdır. İlk olaraq yazıçının “Ölü yay” kitabından “Atcıl Sədrəddin” hekayəsini təqdim edirik.

Qədirrilərin Sədrəddini yayda suçu olurdu, kolxozun yerini suvarırdı, otdan-ələfdən də yığıb qapısında taya qururdu. Düzdü, inək saxlamırdı, qoyunu da yox idi: bir atıydı, bir arabası, bir də uşaqları. Bəlkə başqaları bilmir, amma Sədrəddin o atın xətrini balalarından əskik istəmirdi, bəlkə də artıq istəyirdi; gecənin bir vədəsi yerindən qalxıb şinelini çiyninə salır, gedib ata baş çəkirdi, ot-ələf tökürdü. Kişinin ata belə mehr salmasının əsl səbəbi bu idi ki, Sədrəddin payızdan qar yağanacan meşədən odun daşıyırdı və ətraf ormanların, meşələrin meşəbəyləri onu yaxşı tanıyırdılar; huyuna-xasiyyətinə bələd idilər.

Qar yağanda Sədrəddin meşədən kəsdiyi ağacları yonub balta, dəhrə saplayır, bir-iki manata satır, araq alıb qohum-qonşu kişilərilə tövlədə içirdi. Çünki Nəbinin qızı birinci, qulluq bilmirdi; ikincisi də qonaq-qara qarşılayıb yola salmağı o yanda dursun, qapılarını açanların yanında burnunun altından elə hey deyinirdi.

Sədrəddinin iki qəribə xasiyyəti də vardı. Birincisi bu idi ki, səkkiz demirdi: kənddə çox adam ona səkkiz dedirtmək üçün mərc gəlib uduzmuşdu. Sədrəddinin ikinci xasiyyəti də ondan ibarət idi ki, hərdən-hərdən zərərsiz-zərərsiz yalanlar danışmağı sevirdi, bir də qıraq kənddən gələnlərin yanında birinci arvadını öldürüb on il qalada yatması ilə öyünməyi vardı.

Sədrəddinin böyük qızı yekələnmişdi, kolxozda işləyirdi: özünə də əməlli-başlı əyin-baş düzəltmişdi, hərdən-hərdən bir para şeylər də alıb cehiz üçün sandığa yığırdı. Bu kənddə bir kimsə tərəfindən qızının istənilib-istənilməməsini bilməsə də Sədrəddin bir ondan halı idi ki, heç kim onunla qohum olmaz, çünki lap kasıb idi, elə çox aylığı-donluğu yox idi, uşaqlarından çox ata fikir verirdi, qazancı da hələ ki, Nəbinin qızının qarğışıydı.

Payız qızı uzaq dağ kəndlərindən olan bir oğlana qoşulub qaçdı. Sədrəddin fikir eləyirdi ki, bir az pul yığsın, bəlkə təzə qudaları barışıqlığa gələr, böyük cahp-cəlal düzəldə bilməsə də, bir balaca stoldan-zaddan açsın ki, təzə qohumlarının yanında üzüqara olmasın.

Qış yenicə girmişdi. At Sədrəddinin gözünə nəsə başqa cür dəydi. Axşamdan olmasaydı qonşu kənddən Dəllək Nurunu gətirib ata baxızdırardı, baytar Muradın qapısına isə ayaq basmazdı, lap o həyətə getsə də Murad özünü endirib gəlməzdi, çünki bir dəfə ona səkkiz dedirtmək üçün Nəcəfnən mərc çəkib uduzmuşdu.

Sədrəddin çıraq yandırıb tövlədə yerə uzanıb gözlərini geniş açmış atla xeyli əlləşdi: gah ağzını açıb dilinə baxdı, gah ayağa qaldırıb qaçırtmaq istədi ki, bəlkə köpüb, köpübsə köpü yata. Amma atı tək qaldırmağa gücü çatmadı, uşaq göndərtdirib qonşudan Qurbanı çağırtdırdı. Uşaq qayıtdı ki, Qurban əmim qaynıgilnən kirvəliyə gedib. Sədrəddin dizi üstə sidikli döşəməyə çökdü: - Allahın heyvanı, - dedi, - bir ayağa qalxsana. Amma at doğrudan da Allahın heyvanıydı, dili-ağzı yox, deyə buram ağrıyır. Sədrəddin gördü ki, atın qarnı tez-tez enib qalxır, gözləri getdikcə böyüyür, anladı ki, bu ölümdür, amma ağlının bu hökmünü qəbul eləyə bilmədi, bayıra yüyürüb çəpərin bəri üzündən Umudəlini səslədi. Səsdən qorxub özünü Sədrəddinin qapısına salmış Umudəli tövlənin qapısından içəri keçəndə at öldü. Sədrəddin hönkür-hönkür ağladı və Umudəli irəli gəlib baxanda atın cəsədini görüb məsələni indi başa düşdü. Sədrəddinin enib-qalxan çiynindən tutub təsəlli verdi ki, vay sənin yoluna nə deyim, a qonşu, at-heyvan olan yerdən ölər dana. Ə, kiri, canın sağ olsun.

Umudəli Sədrəddini içəri aparıb sakit elədi. O gecə atın ölməsini Sədrəddinin, bir də Umudəlinin uşaqları bildilər.

Səhər Sədrəddin uşaq göndərtdirib arabaçı Alını çağırtdırdı, əhvalatı ona danışdı, dedi, mənim əlim gəlmir, atın ətini apar itlərə. Özü də bərk-bərk tapşırdı ki, Umudəlinin itinə pay bölməyi yadından çıxartmayasan.

Sədrəddin atsız bir həftə dözdü, ikinci həftə dözəmmədi, atın xiffətini eləməyə başladı. Bir yandan da at üçün yığdığı ota əli pullu müştərilər gəlib-gedirdi. Sədrəddin otu satmadı, amma nisyə odun verdiyi adamların qapısına gedib pullarını həmişəkindən tez aldı, fikri də bu idi ki, təzə at alsın. Soraqlaşa-soraqlaşa belə bir atın sədasını qonşu kənddən aldı. Gedib ata baxdı. At doğrudan da gözəl at idi, su sonası kimi süzürdü, həm də cavan idi. Sədrəddin atın çənəsinə, dişlərinə, yerişinə-duruşuna, qaçışına baxdı, amma özünü tox tutdu ki, atın sahibi onun atdan xoşu gəldiyini sezməsin. Qiyməti eşidəndə yazıq Sədrəddin qulaqlarını tutub qaçmaq istədi. At sahibi ilə çənə-boğaz oldu, yalvardı, dil tökdü, olmadı, zalım oğlu dediyini deyib durdu. Sədrəddin kor-peşman evə gəldi, çəpərin altına çıxıb kişilərlə olub keçənlərdən danışdı, satdığı baltaların pulunu alıb uşağı araq dalınca göndərtdi, amma tövləyə onunla içməyə təkcə Sadıq gəlirdi, o fağırı da arvad almaq istədiyi üçün dədəsi evdən qovmuşdu.

Bir neçə gün sonra qonşu kənddən gələnlərdən biri Sədrəddinə xəbər verdi ki, kimsə ayrı bir adam gəlib ata baxıb, yaman da bəyənib, deyəsən almaq istəyir. Sədrəddin hər kimdirsə o adamın namərdliyinə bərk acığı tutdu, çünki o qapıya birinci Sədrəddin getmişdi, indi onun qabağına keçmək heç kişilikdən deyildi, bəlkə Sədrəddin deyilən məbləği bir-iki günə düzəldib at sahibinə apardı, onda ata təzə müştəri çıxan adam onun üzünə necə çıxacaqdı?

Sədrəddin gecə yerində o yan-bu yana qurcuxa-qurcuxa at barəsində düşünürdü. Fikirləşirdi ki, atın yiyəsinin dediyi qiymət atın ən doğru qiymətidir, düzdü, onun belə atı olsa heç satmaq istəməzdi, bəlkə də qiymətini bunda artığa deyərdi. Sədrəddin birdən möhkəm qorxdu, kürkünə-bürkünə od düşdü: səhər tezdən o adam gəlib atı alıb aparar, o da qalar uzaqdan yana-yana. Durub pulu götürüb saydı, deyilən məbləğdən xeyli az idi, özü də bu pulun xeyli dərdi-səri vardı. Birincisi, qızını qonaqlayacaqdı, barışıqlıq üçün yer-yemişə pul lazım idi. İkinci tərəfdən oğlanları az qala yekə kişi olurdular, amma sünnətləri olmamışdı, qohum-qardaş ona eyham vurmaqdan kişini lap təngə gətirmişdilər. Özünə söz vermişdi ki, yazbaşı dəllək Nurunu gətirib dinməzsə uşaqları kəsdirsin. İndi bu pula baxa-baxa qalmışdı iki yol ayrıcında, yuxarı tüpürürsən bığ, aşağı tüpürürsən saqqal. Belə fikirləşə-fikirləşə Sədrəddin durub çəkmələrini ayağına keçirdi, gedib Qurbanı yuxudan oyatdı ki, gedək Gülzardan sələm ilə pul götürək, sənin sözünü yerə salmaz.

Qurban söylənə-söylənə durub paltarlarını geyinib onun yanına düşdü.

Gülzar yuxarı məhəllədə yaşayırdı, oğlu-qızı yox idi, özü də dava vaxtından alver edirdi, xeyli kümyə yığmışdı, amma heç kimdən də pulunu əsirgəyən deyildi, dara düşənlərin hamısının əlindən tuturdu. Nə isə, Sədrəddin Gülzarın sandığında saxlanan o nəm, birtəhər qoxu verən pulları götürüb işıqlaşmamış at sahibinin qapısını kəsdirdi, pulu sayıb onun ovcuna qoydu, özü ilə gətirdiyi yüyəni atın başına keçirib qapıdan çıxdı.

Donmuş yolla kəndə qayıdan Sədrəddin başına gələnləri ata danışdı, amma xalqa danışdığından fərqli olaraq nə bir kəlmə artırdı, nə əskiltdi, necə olmuşdu eləcə danışdı. Qıraqdan görən elə güman eləyidi ki, yəqin Sədrəddinin başına hava gəlib, amma Sədrəddinin başına hava-zad gəlməmişdi, onun atnan dərdləşməyinin lap qədim tarixi vardı: o vaxt, davadan sonra qazma damdan çıxıb kənddəki daşdan tikilmiş evlərə baxa-baxa obaşdan oduna gedəndə beləcə yavaş-yavaş atla danışmağın yolunu tapmışdı.

Palçıq yol don idi, boz təpələr dərin yuxu içindəydilər, bir az o yanda axan çayın suyu da buz bağlamışdı, ağaran göy üzünün işığında buz soyuq-soyuq işıldayırdı. Yarğanın altındakı itburnu kollarının üstündə isə bir neçə qırmızı meyvə görsənirdi.

At başını aşağı salıb Sədrəddinin arxasınca gedirdi, hərdən də fınxırıb quyruğunu bir-iki dəfə dal ayaqlarına çırpırdı. Sədrəddin fikirləşdi ki, görəsən, kənddə təzə atına nə deyəcəklər. Çoxdan idi ki, daha kənddə sən deyən mal-ata fikir verən yox idi, çobanların belə öz şəxsi minik maşını vardı. Amma Sədrəddinə görə at ayrı aləm idi.

Sədrəddin atı gətirib darvazanın ağzında saxladı, astadan Nəbinin qızını səslədi. Nəbinin qızı qapıya çıxdı, atı gördü, o saat da içəri keçdi, bir balta gətirib darvazanın qapısının ağzına atdı. Sədrəddin atın cilovundan çəkib içəri keçirtdi. Nəbinin qızı yuxulu-yuxulu kal səslə: - Dırnağı bərk olsun, - dedi.

Sədrəddin atı tövləyə bağladı, qabağına iri bir duz parçası qoydu ki, yalasın, sonra gedib qucağını otla doldurub axuru ağzınacan silələdi, atın ot yeməsinə baxa-baxa papiros çəkdi.

O qış Sədrəddinin kefi lap kök oldu, işi-peşəsi günorta atı çayda sulamaq, gündə dörd dəfə yemləmək oldu, qalan vaxt da çəpərin altına çıxıb kişilərlə danışdı və söhbətinə yalandan bir neçə artıq şeylər əlavə etməyi də unutmadı.

Novruz bayramından sonra Sədrəddin atı çılpaq minib yuxarıdakı yastı təpələrin arası ilə aşağı-yuxarı səyirtdi, atın içalatının səsinə qulaq asa-asa, qəşəng boyuna, güclü düz ayaqlarına baxa-baxa sevindi.

Yazda suçuluq işi başlayanda Sədrəddinin atı arabaya qoşmağa heyfi gəldi, çünki kənddə atdan başı çıxan iki-üç kişi onun ağlını kəsdirmişdi ki, at arabaya əl verməz, bu əl minik atıdır.

Sədrəddin hər səhər atın üstünə yapıncı atıb lapatkası, yemək torbası, su doppası da əlində üz qoyurdu çölə, axşamlar da bir şələ otu tərkinə alıb gətirirdi. Düzdü Sədrəddin qış üçün ot ehtiyatı yığdı, amma araba ilə odun gətirib satmadığından bir qəpik belə artıra bilmədi. Odur ki, nə nəzərdə tutduğu sünnəti eləyə bildi, nə də payızda qudası ilə barışdı.

Payızın ortalarında Sədrəddinin əmisi oğlu Xəlil onlara gəldi. İkidən-birdən qohumlar onun qapısını açan deyildilər, amma Sədrəddin heç birindən zərrəcə incimirdi: toyda, yasda ki, adamı unutmurdular. İndi, maşallah, hamı bir tikə çörəyi tapırdı, heç kim heç kimə möhtac döyüldü, gendən-genə də olsalar sağ olsunlar, elə kölgələri, hənirləri onun üçün bəsdir.

Xəlil evin kandarından içəri ayaq qoyan kimi Sədrəddin uşaqlarından birini araq üçün göndərdi, özü də tapşırdı ki, bir cəm də kələm turşusu al, Pəriyə də deyərsən dədəmin pulu olanda verəcək. Uşaq deyilənləri gedib gətirənəcən Nəbinin qızı da sapılcaya günəbaxan yağı töküb çırtaçırtla kartof qızartdı.

Araqdan içə-içə Xəlil söhbətə keçdi ki, Sədrəddin, özün görürsən, camaat ayılıb, hamı özünə atlı-üstlü ev tikib, maşın alıb. Amma sən hələ də yatıb geri qalıbsan. Qızınnan barışmırsan, bu öz işindi, odun gətirib satmırsan, uşaqların əyin-başı tökülüb itir, işini-gücünü buraxıb atnan oynuyursan, yekə kişisən, papağını qabağına qoy, fikir elə gör, bu atın xeyri-zadı nədir.

Nəbinin üızı Xəlildən qaçdığı üçün ağzına yaşmaq alıb taxtın ucunda oturmuşdu. Qaynı danışdıqca başının tərpənişi ilə onun hər sözünü kəlməbəkəlmə təsdiq edirdi.

Bu söhbət Sədrəddinin heç ağlına batmadı, fikirləşdi ki, yəqin Xəlili araq tutub, ona görə ağzını Allah yoluna qoyub avara-avara danışır.

Xəlil Sədrəddinin taxtın böyrünə yığılıb gözlərini stoldakı yeməklərə zilləmiş uşaqlarına baxa-baxa sözlərinə davam etdi ki, sən bizim papağımızı elin içində yerə vurursan, əmioğlu, hələ əylən bir. Deyək bunnar heç. Bir maa de görüm, uşaqların sünnətini niyə eləmirsən, sən nə təhər musurmansan?

Bu yerdə Sədrəddin başını aşağı saldı, özünü təmizə çıxartmaq üçün heç bir söz tapmadı.

Ayağı yer bulmuş Xəlil özünü bir az çəkib əkə-bükə kişilər sayaq davam etdi ki, atı sat, əmoğlu, vallah sat, xeyir görərsən. Nə özünü elin içində xəcalət elə, nə bizi.

Sədrəddin dedi ki, atı satmayacaq, sünnətə gəlincə, bu da öz işidir. Xəlil əgər yaxşı qohumdursa, qoy düzünü desin, desin ki, filan gün Sədrəddin gəlib onun ailəsinin işinə qarışıb.

Xəlil çox danışdı, çox dil tökdü, axırda Sədrəddinlə sözləri çəp gəlib deyişdilər. Xəlil bayaq çıxarıb kənara atdığı papağı başına basıb küsdü və qanıqara halda çıxıb getdi.

Sabahısı, axşamtərəfi Sədrəddin atın üstündə evə qayıdanda bir bölük uşaq onun dalınca “Sədrəddin huu” – deyə onu huylamağa, daşlamağa başladılar, amma Sədrəddin bunu vecinə almadı. İkinci gün həmin hadisə yenidən təkrar olunandan sonra Sədrəddin məsələnin içinə yetib öyrəndi ki, Xəlil hər gün uşaqlara iyirmi qəpik paylayıb onu huyladır, bunun üçün bərk acıqlandı. Birisi gün atı uşaqların üstünə sürdü, yetimlərin hərəsi bir tərəfə dağılışıb pələsəng oldular. Sədrəddin kor-peşman evə gəldi, atı aparıb tövləyə bağlayandan sonra kandardakı kötüyün üstündə oturdu. Üçüncü sinifdə oxuyan oğlu qapının ağzında durub böyük qızından gələn məktubu bərkdən höccələyə-höccələyə oxuyurdu. Sədrəddin bildi ki, bu Nəbinin qızının qurmasıdır. Bir istədi əlinin geyişiyini Nəbinin qızından ala, amma şər vaxtı qonum-qonşunu tamaşaya yığıb özünə güldürmək istəmədiyindən yerindəcə oturdu.

Sədrəddin gözünü evin böyründəki küçükləmiş qancığa zilləmişdisə də qulağı məktubdaydı. Oğlu oxuyurdu ki, ay ciji, qurvan olum, lələmə deynən burada elə bilirlər yetim-yesirin biriyəm, qoy barışıqlığa razılıq versin.

Nəbinin qızı əlindəki köynəyə yamaq sala-sala hər cümləbaşı ürəkdən ah çəkib: - Anan ölsün, a bala, - deyirdi.

Sədrəddin burada yalandan yumruğunu ağzına aparıb içini arıtladı.

- Mənim üzüm onsuz da sizin yanınızda qaradır, - Sədrəddinin üçüncü sinfə gedən oğlu höccələyə-höccələyə məktubun arxasını oxuyurdu, - indi bir qələtdir eləmişəm. Sən Allah, lələmə yalvar, əlinə-ayağına düş, mənim ağzımnan üzündən-gözündən öp, bəlkə barışıqlığa razılıq verə, yoxsa xəcalətdən buradakı adamların üzünə baxammıram.

Sədrəddin daha burada dözə bilmədi, kövrəldi, durub tövləyə keçdi, atın başını qucaqladı və bilmədi bu dəfə ata dərdini necə danışsın.

# 2944 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #