İcazə versəydiniz köynəyimi soyunardım

İcazə versəydiniz köynəyimi soyunardım
1 iyun 2011
# 08:40
İş yerimizin idarəsi maşına qoşulan balaca səyyar vaqonlarda yerləşirdi. Tikinti mühəndisləri və hesabdar orada oturduğundan vaqonu həmişə telefonla təmin edirdilər. Artıq Nataşa iş yerinə gəlmir, mənimlə telefon əlaqəsi saxlayırdı. Demək olar ki, hər gün zəng edib məni telefona çağırtdırır, hal-əhval tutur, nə vaxt buraxılacağımla maraqlanır, evlərinə dəvət edirdi.

Birinci gecədən sonra mən fürsət tapıb ayrı-ayrı vaxtlarda Nataşagildə iki dəfə gecələmişdim.

Artıq vaxt daralır, əsgərlikdən buraxılmağımızı gözləyirdik. Bir dəfə zəng edib danışandan sonra telefonu anasına verdi. Anası mənimlə çox mehriban danışırdı:

- Sən artıq bizim doğmamızsan, niyə bizə gəlmirsən, istəsən gedib komandirindən də icazə alarıq. Nataşa evdə yalnız sənin haqda danışır, hər gün səni düşünür. Mənə deyir, fikrimi toplayıb kitab da oxuya bilmirəm...

Söz verdim ki, yaxınlarda onlara qonaq gələcəyəm. Anasının mənimlə danışmasından bir neçə gün sonra Nataşa zəng edib dedi, sabah atamın istirahət günüdür, hamımız evdə olacağıq, Vətənə getməzdən əvvəl səni evimizə dəvət edirik, atam səninlə oturub “vurmaq” istəyir.

Mən bazar günü, axşam hərbi hissəyə qayıtmaq şərtilə, icazə alıb şəhərə çıxdım. Telefon avtomatdan zəng edib axşamüstü onlara gələcəyimi Nataşaya bildirdim.

Hərbi hissədən səhər çıxdığıma görə onlara belə tez getməyə utandım, şəhərdə bir az veyllənəndən sonra bilet alıb kinoya baxmağa girdim. Seansdan çıxan vaxt saat 5-ə yaxınlaşsa da, artıq hava qaralmışdı. Tramvaya minib Nataşagilin binasının qarşısında düşdüm. Aşağıdan zəng edib dayanacaqda onu gözlədim. Az keçməmiş Nataşa uça-uça üstümə gəldi...

Qapıdan girən kimi Olya və Nikolay məni sevincli hay-küylə qarşıladılar. Şinelimi, çəkmələrimi soyunub əl-üzümü yudum və haydı, stol başına. Hiss olunurdu ki, mən gələnə qədər ər-arvad yüngülcə vurublar. Nataşa sevindiyindən balaca küçüklər kimi o üz-bu üzümə keçir, boşqabıma müxtəlif yeməklər qoyurdu. O, öz badəsini bizim araq badələri ilə döyüşdürür, nazlanaraq şampan şərabından bir qurtum alırdı. Bir azdan atası: “İcazə versəydiniz mən bu köynəyimi soyunardım”, - deyib, qollu mavi köynəyini soyundu və qarşımızda mayka ilə oturdu.

Biz onun bu halına xeyli güldük. Bütün şaxtaçılar kimi, onun da bədəni müxtəlif döymələrlə dolu idi. Növbəti badəni mənimlə döyüşdürərək: “Əsgər, səni nə vaxt buraxacaqlar?”- deyə soruşdu. Dedim, təxminən, bu ayın, yəni noyabrın axırlarında buraxmaq istəyirlər. Onlar çox arxayın idi ki, mən Vətənə döndükdən sonra yenə qayıdıb Nataşanın yanına gələcəyəm.

Mən hərdən Nataşaya baxır, onunla keçirdiyimiz gecələri beynimdə lent kimi irəli-geri fırlayırdım. Sanki fikirlərimi oxuyub yanaqlarına gələn zəif qızartıyla üzümə gülümsəyirdi. Tanış olduğumuz bu az müddətdə xeyli dəyişmiş, dodaqları dolmuş, daha da gözəlləşmişdi. Saçlarını tamam ayrı cür düzmüşdü. Nataşa çantalı məktəblidən gözəl bir xanıma çevrilmişdi.

Biz hərdən Nikolayla balkona çıxıb birgə siqaret çəkirdik. O, soyuq, çovğunlu havaya maykada çıxıb buğlana-buğlana siqaret tüstülədirdi. Növbəti dəfə siqaret çəkməyə duranda Nataşa məni öz otağına çəkib, “Gəl, şəkil albomuma baxaq”, - dedi. Otağa girən kimi mənə sarıldı. Biz bir-birimizi tələsə-tələsə, dəli kimi öpürdük. Sonra divanda əyləşdik. Nataşa məni məzəmmət edirdi:

- Niyə gecə üçün icazə almamışsan?

Mən onu başa salmağa çalışırdım ki, atan evdə olanda bunu edə bilmərəm, bu, düzgün deyil. Nataşa üzümə baxıb kirimişcə göz yaşı tökürdü:

- Atam nə deyəcəkdi ki, onsuz da hər şeyi bilir, sən anamın da, atamın da çox xoşuna gəlirsən, biz artıq səni qəbul eləmişik...

Bir azdan anasının səsi gəldi:

- Nataş, harda qaldınız?!

Nataşa üz-gözünü qurulayıb əlimdən tutdu. Biz yenə stol arxasına keçdik. Nikolayın kefi kök idi, hərdən mənimlə zarafatlaşırdı. Bu dəfə isə:

- Mənimlə əsgərlikdə bir neçə azərbaycanlı vardı, çox yaxşı uşaqlar idilər. Onlar deyirdi, sizdə yaxşı yemiş-qarpız olur, qayıdanda bizə yemiş-qarpız gətirərsən, - deyib güldü. Nataşa da: “Hə, çiyninə alıb bir kisə gətirərsən”,- deyə əlavə etdi...

Artıq mənim vaxtım daralırdı, hərbi hissəyə qayıtmaq vaxtı idi. Əynimi geyinib onlarla sağollaşanda Nikolay əlində iki badə qapının ağzına gəlib birini mənə uzatdı:

- Əsgər, bunu da ayaqüstə içək!

O məndən iki dəfə artıq içmişdi. Məni ötürməyə hazırlaşmaq istəyəndə Olya onu qoymadı: “Qoy, Nataşa özü ötürsün”, - dedi.

Biz Nataşayla tramvay dayanacağına gəldik. İsti salonlu gecə tramvayı qarşımızda dayanıb qapılarını taybatay açdı. Nataşa: “Gəl, bunu buraxaq, o birisilə gedərsən”, - dedi. Mən razılaşdım. Növbəti tramvay gələnə qədər Nataşa məni qucaqlayıb öpürdü. Mən ona söz verdim ki, gedənə qədər fürsət düşən kimi mütləq gəlib onlarda gecələyəcəyəm...

***

Noyabrın axırlarında komandir Atayan səhər-səhər 10 nəfərimizi çağırıb əsgərlikdən buraxılış vərəqini və Daşkəndə qədər olan qatar biletimizi bizə təhvil verdi. Biz, artıq əsgərlikdən azad olmuşduq.

Qatar sabah axşam yola düşürdü. O vaxta qədər hərbi hissədə də qala bilərdik, lakin Biləndər günorta yeməyindən sonra, özünə yaxın bildiyi 5 nəfəri də götürüb sevgilisi Valyagilə aparacağını dedi.
Biz hərbi hissədə qalan uşaqlarla görüşüb şəhərə çıxdıq. Axşamüstü pul toplayıb xeyli yemək-içmək aldıq və Valyagilə gəldik. Valya ikiotaqlı mənzilində 3 yaşlı qızı ilə təkcə yaşayan 28 yaşlı gülərüzlü bir rus gözəli idi. Mən bu evdə Biləndərlə bir neçə dəfə olmuşdum. O, hansısa idarədə hesabdar işləyirdi.

Evdə Valyadan başqa iki nəfər rəfiqəsi də vardı. Uzun, zövqlü, bol süfrə açmışdılar. Biz yeyib-içir, zarafatlaşır, hay-küy qaldırırdıq. Bir neçə dəfə qonşular qapını döyüb səsimizi azaltmağı xahiş etdilər. Eşidəndə ki, əsgərlərin sonuncu günüdür, qonşular sakitcə geri qayıdırdı. Yazıq Valya isə mülayim səsi ilə tez-tez bizi sakit olmağa çağırırdı. Heç kim yatmaq istəmirdi. Valyanın rəfiqələri sonuncu tramvayın vaxtında çıxıb getdilər. Birdən nəhəng cüssəli Biləndər Valyanı qucaqlayıb ağladı. Əsgər dostlarımızın bəziləri də onlara qoşulub kövrəldilər. Demək olar ki, otaqda gözü yaşarmayan adam yox idi. Hamımız həm sevinir, həm də kədərlənirdik.

Gecənin bir vaxtı baxdıq ki, sabahımız üçün nəzərdə tutduğumuz araqları da içib qurtarmışdıq. Artıq pivə butulkalarını bir-birimizə ötürürdük. Nəhayət, Biləndər Valya ilə onun otağına, sonuncu gecəni yaşamağa getdi. Biz isə bu biri otaqda necə gəldi, yataqda və döşəmədə uzanıb yuxuya getdik...

Səhər durub yenə yeyib-içmək məclisi qurmuşduq. Valya səhər tezdən qızını baxçaya qoyub işə dəyməli, günortadan sonra icazə alıb qayıtmalı idi. Mən Nataşanın dərsdən çıxan vaxtlarında evlərinə zəng edib qatarımızın vaxtını ona bildirdim. Nataşa kövrəlib mütləq vağzala gələcəyini dedi. Onun vağzalda peyda olacağını, mənimlə ayrılacağını, qatarın yola düşəcəyini xəyalıma gətirib dəhşətə gəlirdim. Bu şəhərdə ötən günlər mənə inanılmaz yuxu kimi gəlirdi...

Nəhayət, günortadan sonra Valya, qızı Tatyana və dünənki rəfiqələri gəlib çıxdılar. Bir yandan, Vətəndəki doğmalarımızın yanına getdiyimizə görə sevinir, bir yandan da sevdiklərimizdən ayrıldığımıza görə küskün idik. Hamımız dəli kimi olmuşduq, gah gülür, gah da ağlayırdıq. Valya çox arxayın idi ki, Biləndər də onun yanına qayıdacaq. Lakin bu, sonranın söhbəti olsa da, deyim ki, Vətənə dönən kimi ilk evlənən də, 45 yaşında qəfil ölümüylə bizi tərk edən də elə Biləndər oldu...

Biz çamadanlarımızı götürüb tramvay dayanacağına gəldik. Valyanın qızı və rəfiqələri də bizimlə gedirdi. Vağzala çatanda Nataşayla anasının perronda bizi gözlədiklərini gördüm. Əsgər dəstəsini görən kimi Nataşa üstümüzə yüyürdü. Onun ciddiləşmiş solğun sifətindən öpdüm. Məni qəhər boğur, hönkürüb ağlamaq istəyirdim. Anası da onun arxasıyla bizə yaxınlaşdı. Hərbi hissədə gecələyən uşaqlar da gəlib çıxmışdı. Əsgərlərin hay-küyü vağzalı başına götürmüşdü. Bəzi əsgərlərin də sevdiyi qızlar onları yola salmağa gəlmişdi. Nataşayla bir tərəfə çəkilib qucaqlaşmışdıq. O, üzünü mənim cod şinelimə söykəyib göz yaşları axıdırdı. Ürəyimdə onunla beləcə əbədi qalmağı arzulayırdım. Anası kənardan bizə baxıb donmuşdu. Nataşa hərdən başını sinəmdən aralayıb üzümə baxır, ağlaya-ağlaya: “Orda heç kimi sevmə, mütləq qayıt gəl, mütləq, tez, lap tez gəl, xahiş eləyirəm, yalvarıram!”- sözlərini təkrarlayırdı. Mən onu öpüb sakitləşdirirdim: “Narahat olma, xahiş edirəm ağlama, doğmalarımla görüşəndən sonra qayıdıram yanına, ağlamaq nə üçün? Ünvanlarımız var, məktublaşacağıq, səni darıxmağa qoymayacağam...” Mən onu sakitləşdirdikcə, özümü hönkürməkdən güclə saxlayırdım.

Anası bizə yaxınlaşıb üzücü bir səslə: “İndi Daşkənd qatarını verəcəklər”, - dedi. Daşkənd qatarını perrona verdilər. Biz öz vaqonumuzun qarşısına yığılmışdıq. Əşyalarımızı vaqona yerləşdirib tezcə aşağı tökülüşdük. Qatarın getməsinə yarım saat qalmışdı. Şakir qarmonu çıxarıb oyun havaları çaldı. Biz qol-qola verib oynayırdıq. Mən Nataşanın əlindən tutub oynayırdım. O da öz rəqsini mənimkinə bənzədib oynayırdı. Axır ki, Nataşa güldü və mən onun yanağındakı çuxuru sonuncu dəfə gördüm...

Qatar fısıldayanda vaqonun girəcəyi canlandı. Burdakı vida mənzərəsi mənə sürgünə gedənlərlə onları yola salanların qarışıqlığını xatırlatdı. Qatar yavaş-yavaş tərpənirdi, biz içəridən vəhşi kimi vaqonun pəncərəsini cırmaqlayır, yerdəkilərə əl eləyir, qışqırırdıq. Nataşa perron qurtarana qədər qatarın arxasınca yüyürüb mənə əl elədi, arada az qaldı yıxılsın, özünü birtəhər düzəltdi. Onun bu halını görəndə az qaldım qatarı dayandırıb geri qayıdam...

Yolda özümüzü araq içməklə keyidir, zorla şənlənirdik. Nəhayət ki, Özbəkistanın paytaxtına çatdıq və Daşkənd-Bakı reysilə Vətənə uçduq...
# 1908 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #