“Tərcüməyə oxşayır, adı uğursuzdur, amma…”

“Tərcüməyə oxşayır, adı uğursuzdur, amma…”
14 sentyabr 2012
# 10:43
Sovetlərin dağıldığı vaxtda, Moskvada təhsil alan tələbənin qarşılaşdığı çətinliklər, maddi-mənəvi sıxıntılar və bunlardan xilas olmaq istəyi...

Söhbət yazıçı Etimad Başkeçidin bir neçə ay öncə çap olunmuş “Min yol mənə söylər...” romanından gedir. Daosizm fəlsəfəsiylə mətnaltı dialoqa girən “Min yol mənə söylər...” romanı bir çox xüsusiyyətlərinə görə nəsrimizdə yeni hadisə sayıla bilər. Qarışıq dövr, siyasi hərc-mərclik, maddi qayğılar… Bütün bunlar haqqında yazmaq, özü də yaxşı yazmaq çox çətindir. Bəs yazıçılar Etimad Başkeçidin romanı haqqında nə düşünürlər?

Salam Sarvan: “Əsər Azərbaycan dilinə çox gözəl tərcümə təsiri bağışlayır”

Şair Salam Sarvan Etimad Başkeçidi intellektual yazar adlandırdı: “Etimad Başkeçid Azərbaycanda yeganə yazarlardandır ki, təfəkküründəki çağdaşlığı intellektual təmkin müşayiət edir. Yəni, indi ədəbiyyat, publisistika sahəsində “yenilikçilik” bumundakı cırtqozluğun, əllaməçiliyin, “şok”çuluğun səbəblərindən biri də intellektual təmkinin – geniş bilgilərə və təcrübəyə söykənən soyuqqanlı təhlillərin olmamasıdır. Yəqin buna görədir ki, “Min yol mənə söylər” romanını “soyuq”, “sakit” əsərlərə aid eləmək olar. Bu romanda səs-küy yoxdur – üslub “qışqırmır”, personajlar “qışqırmır”, süjet “qışqırmır”.

Romanın peşəkar qələmdən çıxdığını söyləyən Salam Sarvan iradlarını da bildirdi: “On ildir Etimadla dostam və bilirəm ki, Etimadın həyatdakı dili çox maraqlıdır. “Həyatdakı dili” deyəndə təkcə onun danışıq tərzini nəzərdə tutmuram. Söhbət onun həyatının kodu olan özünəməxsus dildən gedir. Mən bu dilin nəsrə gətirilməsini istəyərdim. Yəni son vaxtlar çap olunan romanların əksəriyyəti kimi bu romanın da dili təmiz Azərbaycan dili olmasına rəğmən ənənəvidir – Süleyman Rəhimovun, Vidadi Babanlının dilidir. Konkret bu roman dil baxımından “yazılmış” təsiri bağışlamır, Azərbaycan dilinə çox gözəl tərcümə olunmuş təsiri bağışlayır”.

Şərif Ağayar: “Etimad Başkeçidi yaza bilən azlığın içində görürəm”

Yazıçı Şərif Ağayar isə romanı bəyənib: “Min yol mənə söylər...” romanını oxudum və bəyəndim! Şəxsən mən, tərcümələr istisna olunmaqla, zövqlə oxumadığım nəsr kitabını kənara atıram. Əsər mətn, məzmun və formasından asılı olmayaraq mənim üçün ilk olaraq oxunma prosesindən ibarətdir. Əlbəttə ki, bundan sonra çağdaş pryomlar, yazıçının orijinal təqdimatı, struktur və s. gəlir. Sizə çatdırmaq istədiyim fikri qısaca olaraq iki kəlmə ilə belə ifadə edərəm: yaza bilmək! Etimad bəyin romanını oxuyanda buna bir daha əmin oldum. Maaləsəf, bizdə, xüsusən nəsrdə yaza bilən adamlar azdır. Mən Etimad Başkeçidi həmin “yaza bilən” azlığın içində görürəm. Bura ilk olaraq heç bir janr bölgüsü əlavə etmək istəməzdim. Yaza bilən yaza bilir, vəssalam! Bu maraqlı romanı oxuyanda düşündüm ki, burda qəribə heç nə yoxdur, bu belə də olmalıdır. Sanki Etimad “ələst aləmi”ndə yaxşı yazacağına boyun olanda mən də şahid imişəm!”

Ş. Ağayar Etimad haqda fikirlərini söyləməyi unutmadı: “Bəzən Etimadın danışığı ilə zahiri görkəmi – məndən beş betər sallaq qarnı, əyri burnu, milli bığları biri-biri ilə tərs mütənasib görünür (gülür). Amma azca diqqətli olmaq kifayətdir ki, onun içindəkilərin vəhdətdə, harmoniyada olduğunu hiss edəsən”.

Cavid Zeynallı: “Əsərin adı uğursuzdur”

Gənc yazar Cavid Zeynallı da Etimad Başkeçidi oxunan yazıçı hesab edir: “Min yol mənə söylər...” romanını maraqla oxudum. Əlbəttə, Etimad Başkeçid haqqında Azərbaycan dilini yaxşı bilir, koloritli yazır, rahat oxunur kimi ifadələr işlətmək artıqdır. Etimad çağdaş Azərbaycan nasirləri arasında ən rahat oxunan yazıçılardan biridir. Ümumiyyətlə, rahat oxunmaq məsələsi mənim aləmimdə yazıçılığın birinci keyfiyyətidir. Romanı iki günə oxuyub bitirdim və etiraf edim ki, müəllifdən bəzi şeyləri çırpışdırmaqdan da qorxmadım. Özünə deyərsiniz ki, istinad vermək fikrim yoxdur (gülür).

Mənə xoş gələn tərəflərdən biri də, Etimad bəyin havadan yox, yaşadıqlarını, gördüklərini pafosdan, yalançı millətsevərlikdən uzaq, ayıq başla, səmimi yazması oldu. Yeganə razılaşmadığım məqam romanın adı və sonluğu ilə bağlıdır.

Mənə görə, uğursuz addır, nəsə çəkici, maraqlı bir ad tapmaq olardı. Nədənsə mənə elə gəldi ki, sonluqda artıq yerlər var, laxlayır, ümumi mətnə oturmayıb, uyuşmayıb. Xüsusən kəndə qayıdanda baş verən hadisələr. Açığı Daosizm təlimi ilə bağlı bəzi işarələr, nüanslar mənə qaranlıq qaldı və bir dəfə bu haqda özüylə danışmışıq. Kitabda Koreya səfirinin oğlu ilə bağlı hissə, kitab satıcısı İrinanın taleyi mənə çox təsir etdi. Ümumiyyətlə, yadda qalan xeyli təsirli səhnələr vardı”.

Mövlud MÖVLUD
# 1117 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
#
#
# # #