“Elçilər gələndə bilməyiblər ki, mən aktrisayam”

“Elçilər gələndə bilməyiblər ki, mən aktrisayam”
4 sentyabr 2012
# 09:00
Ramilə Qurbanlının “Gərdişi dövran” layihəsinin qonağı Mətanət Atakişiyevadır.

Mətanət Atakişiyeva – bəlkə də bu ad çoxlarına heç nə demir. Geniş tamaşaçı kütləsi çox düşünsə, “Gümüş göl” əfsanəsi filmindən xatırlayar. O, Milli Dram Teatrının aktrisasıdır, əməkdar artistdir. Gəlin, onu dinləyək.


Ərköyün addım

Buzovnada doğulub böyümüşəm. Ziyalı ailəmiz olub, valideynlərimin arzusu uşaqların hamısını ali təhsilli, savadlı görmək idi. Dörd bacı, bir qardaş idik. Evin sonbeşiyi mən idim. Nədənsə evdə hamı istəyirdi ki, mən həkim olum, elə özüm də. Nəslimizdə həkim çoxdur. Məktəbdəki tədbirlərdə şeir deyirdim, oxuyurdum. Eyni vaxtda musiqi məktəbində oxuyurdum. Aktrisa olmağı istəməyə belə cəsarət etmirdim, çünki mənə elə gəlirdi ki, o, əlçatmaz bir zirvədir, hər kəs aktyor ola bilməz. Orta məktəbi bitirəndə özüm də bilmədən, elə bil içəridən hansısa bir qüvvə mənə dedi ki, sənədlərini o vatkı İncəsənət İnstitutuna ver. Evdə də düşündülər ki, ərköyünlük edirəm, dedilər qoy getsin kəsilsin, sonra Tibb İnstitutuna verər. O vaxt əvvəl İncəsənət İnstitutuna qəbul imtahanları olardı, sonra digər ali məktəblərə qəbul başlardı. İş elə gətirdi ki, mən qəbul olundum. İmtahanı Əşrəf Quliyev, Kamal Həsənov götürürdülər. Kurs rəhbərim Zəminə Hacıyeva olub. İsrafil İsrafilov da bizə dərs deyib və ən çox sevdiyim “Məhəbbət əfsanəsi” tamaşasını bizim qrupla hazırlayıb, mən də Məhinbanunu oynamışam.
“Məhv olmuş gündəliklər” bizim diplom tamaşamız oldu. Hələ tələbə ikən məni Sumqayıt teatrına Kleopatranı oynamaq üçün dəvət etdilər, getmədim. Bildim ki, getsəm, məni orda saxlayacaqlar. Bununla belə yenə mənim təyinatımı Sumqayıt teatrına verdilər. İncəsənət İnstitutunu qırmızı diplomla bitirmişəm. Sonuncu dəfə diplom tamaşamızı oynayırdıq, tamaşadan çıxan kimi Əşrəf Quliyev qolumdan tutub məni özü ilə Milli Dram Teatrına gətirdi. O, gətirəndən sonra daha heç kimin sözü ola bilməzdi, təyinatımı dəyişməli oldular. Teatrda işə başlayan kimi məni kinostudiyaya, Eldar Quliyevin “Gümüş göl əfsanəsi” filminə Nərgiz roluna çəkilməyə dəvət etdilər.

Teatrda da eyni vaxtda gözəl rollarım oldu. Yaxşı irəliləyirdim, amma ailə qurdum. Ailə mənim üçün birinci yerdədir.Yoldaşım sənətdən uzaq adamdır. Təsadüfən məni küçədə görüb, arxamca gəlib, ünvanımızı öyrənib. Heç bilməyib mən aktrisayam. Bir-iki gün izləyib ki, görsün subayammı. Sonra evlərində deyib ki, bir qıza vurulmuşam, ona elçi gedin. Yaxınlaşıb mənə bir söz deməmiş elçi göndərdi. Ailəsi aktrisa olduğumu biləndən sonra çətin razılıq vermişdi. Mən də heç ailə qurmaq fikrində deyildim, tamaşalar, kinolar, başqa aləmdə idim. Valideynlərim öyrənib ailənin münasib olduğunu görüblər, qərara gəliblər ki, məndən olsa, razılıq verməyəcəm, deyiblər yaxşısı budur, özümüz bunu yola gətirək.

Mən də şərt qoydum ki, sənətimi qəbul edəcəksə, görüşək, söhbət eləyək. O, da Rusiyda təhsil almış, dünyagörüşlü insan idi, görüşdük, razılaşdıq, ailə qurduq. Ailə qurandan sonra da işləyirdim, bir-birinin ardınca uşaqlar dünyaya gəldi, uzun müddət sənətdən kənar düşməli oldum. 2 oğlumu böyüdüb, tərbiyə edincə 10 il işləyə bilmədim. Böyük oğlumun indi 26 yaşı var. Bir gün rəhmətlik Həsənağa Turabov xəbər göndərdi ki, işləmək istəyirsə, gəlsin. Gəldim, gələndən sonra da yaxşı rollarım oldu, qastrollara da getdim. 2002-ci ildə əməkdar artist fəxri adını aldım.

Son illər hansı tamaşada oynayıramsa, həmin tamaşa xaricə qastrola gedir. “Kaş, araba aşmayaydı” Türkiyədə nümayiş etdirildi, “Qatil”lə, “Xəcalət” tamaşası ilə gəzmədiyimiz bölgə qalmadı. Yaltada da ən yaxşı aktyor oyununa görə mükafat aldıq. Serbiyada da həmin tamaşa ilə çıxış etmişik.

Almaniyada Lusi oldum

“Gümüş göl əfsanəsi” filmindən sonra hamilə olduğum üçün dəvət olunduğum filmlərə gedə bilmədim. İndi “Sübhün səfiri” filminə çəkilmişəm. “Hüseyn Cavid” filminə, “Mürafiə vəkilləri” televiziya tamaşasına son vaxtlar çəkilmişəm. Televiziyada “Tanrıverdinin nağılı” tele-tamaşasında Qəmər rolunu oynadım. Rollarım çox fərqlidir. “Xanuma”da Kabato, “Şekspir”də Sara.. Ümumiyyətlə, rollarım çox xarakterik olanda mənə daha rahat olur. Bir obraz o birinə bənzəməsə, yaxşıdır. Sadəcə, bir var şanslı aktyor, biri var istedadlı aktyor. Mən şansı olmayan aktrisayam.

Kastinqlə seçilib Almaniyada filmə çəkilmişəm. Alman rejissoru mənim şəklimi görən kimi demişdi budur. O filmdə nə məkan, nə millət bəyan edilmirdi. Filmin adı “Susuzluq” idi, orda Lusi roluna çəkilmişəm. “Mosfilm”də də çəkilmişəm, amma dediyim kimi şansım yoxdur.

Elə aktrisalarımız var ki...

Ailə ilə sənəti bir arada aparmaq çox çətindir. Sənətimi çox sevsəm də ailəmi daha artıq sevdiyimdən çox şeyləri qurban vermişəm. Ailəni sənətə yox, sənəti ailəyə qurban verənlərdənəm. Ailə xatirinə o qədər ssenariləri oxuyub roldan imtina etmişəm ki. Televiziya tamaşaları olub ki, ssenariyə görə tərəf müqabilim əlimdən tutub mənə yaxın gəlməlidir, imtina etmişəm. Yoldaşım elə səhnələri sevmir, elə səhnələrdə oynasam, məni tamam sənətimdən uzaqlaşdırar. Nə qədər sivil də olsa, Azərbaycan kişisidir, elə şeyləri sevmir. Söz vermişdi ki, sənətimi davam etdirməyimə mane olmayacaq, amma uşaqları bəhanə edib uzun müddət məni sənətdən uzaqlaşdırdı. İndi oğlum deyir ki, atamın yerinə olsam, səni işləməyə qoymaram. Evdə oturan vaxtlar o qədər tamaşalara, kinolara baxıb ağlayırdım ki. Elə bil havam çatmırdı, bəzən premyeralara baxmaq üçün qaçıb gəlirdim teatra, baxıb bir də qayıdırdım. Sevdiyim iki şeyin heç birini itirmək istəmirəm, nə sənətimi, nə ailəmi. O qədər böyük aktrisalarımız olub ki, ailəni sənətə qurban veriblər, indi heç yada düşmür, amma ailələri olsaydı, onları yada salardılar. Bunları düşünəndə deyirəm yaxşı ki, elə ailəm var. Evə gedəndə axşam pəncərəmdə işıq görəndə çox sevinirəm. Elə aktrisalarımız var ki, qaranlıq evə girib işığı özü yandırır. Bu, böyük bədbəxtlikdir. Sabah onları nə gözləyir, heç kimə bəlli deyil, əslində bəllidir...
# 2006 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
#
#
# # #