“Film qalıb kənarda, xırda detallar müzakirə olunur...”

“Film qalıb kənarda, xırda detallar müzakirə olunur...”
27 avqust 2012
# 16:55
Aqil Abbas “Dolu” filmi ilə bağlı Publika.az saytının suallarını cavablayb.

-“Dolu” romanı tam olaraq ekranlaşdırılmadığı üçün mənə elə gəlir ki, filmdə əsərin koloriti yoxdur...

-Razı deyiləm. Heç bir bədii əsəri tam olaraq filmə gətirmək mümkün deyil. Məsələn, nəsrimizin şah əsərlərindən olan “Dəli Kür” romanı da tam ekranlaşmayıb. Əsər başqadır, film başqadır. Yazıçının yazdığını olduğu kimi çəkmək mümkün deyil. Dünyanın ciddi kino məktəblərindən hesab olunan rus kinematoqrafiyası “Sakit Don” filmini, əsərdəki koloritlə ekranlaşdıra bilməyib. “Dolu” romanını da bu cür ekranlaşdırmaq mümkün olmadı. Əgər “Dolu” tam olaraq çəkilsəydi, 4-5 seriyalı film alınardı, buna isə maliyyə tapmaq çətindir.

-Məncə, əsərdəki obrazlar daha koloritli, daha zəngindir...

-Filmdə də, obrazlar zəngindir. Filmin ssenarisini mən yazmışam. Çalışmışam ki, romandakı müəyyən məsələləri çatdırım. Roman iki hissəlidir. Birinci hissə döyüşdən, ikinci hissə isə Komandirin sonrakı həyatından bəhs edir.

-Komandirin döyüşlərdən sonrakı həyatı, həbs olunması filmdə yoxdur...

-Biz döyüş filmi çəkmişik. Azərbaycan insanına ruh verən, vətənpərvərlik aşılayan, döyüşə səsləyən film lazımdır. Qarşımıza qoyduğumuz məqsəd bu idi. Komandirin həbsxanada şahmat oynamağı, onun siyasi görüşləri, iztirabları kimin üçün maraqlı olacaqdı? Məncə, komandirin iztirabları haqqında başqa bir film çəkmək mümkündür. Bəlkə də, sabah kimi isə maraqlandıracaq bu mövzu. Amma hələ ki, mən o hissəni filmdə görmürdüm və ona görə də ssenariyə əlavə etmədim. Rejissorun qarşısına qoyduğu məqsəd, Mədəniyyət və Turizm nazirliyinin istəyi döyüş filmi çəkmək idi. Biz çatdırmaq istəmişik ki, müharibə hələ bitməyib, döyüşlər necə baş verib, necə əliyalın döyüşmüşük, kimlərlə müharibə aparmışıq və biz məğlub olmamışıq. Pələngin də, Drakonun da, Komandirin də, Müəllimin də, Katibin də obrazı yerindədir. Mənə irad tuturlar ki, Azərbaycanda heç bir raykom katibi intihar etməyib. Bunlar nə danışırlar, mən başa düşmürəm.

-Tarixi hadisələrin fonunda yazıçı təxəyyülünü anlamaqda çətinlik çəkirlər...

- Əgər heç bir raykom katibi intihar etməyibsə, mən yazıram ki, etsin. Amma kabinetində güllələnən oğlanlar var. Mikayıl Gözəlov harada ölüb? Şuşanın raykom katibi idi. Kabinetində güllələyiblər. Özünü tank altına atan oğlan da özünü öldürmüş sayılır. Özünü öldürmək, təkcə alnına güllə sıxmaq deyil ki... Çox gərgin vaxtlar idi o zamanlar. Döyüş bölgəsinə silah əvəzinə maşınlarda qarpız göndərirdilər, maşının qabağında isə hansısa prezidentin şəkli. Belə detalları saat yarımlıq bir filmə salmaq mümkün deyil. Bunu serial etmək olardı. Mən hesab edirəm ki, filmə baxmağa gələn tamaşaçı konkretdir və filmi uzadıb tamaşaçını incitmək olmaz.

- Filmin rejissoru çox peşəkar, tanınan və bacarıqlı rejissor olsa da, nədənsə film haqqında danışanda yenə də “Aqil Abbasın “Dolu”su” deyirlər...

- Xahiş edirəm, elə deməyin. Film rejissorundur. Elxan Cəfərov bir daha sübut etdi ki, o, güclü rejissordur. Burada çox sadə bir həqiqət var. “Dolu” romanı yazıldığı gündən ədəbi hadisəyə çevrildi, haqqında iki roman həcmində yazılar yazıldı. Çoxlu tənqidlər, təhlillər və təbii ki, təriflər yazıldı. Kitab haqqında həddindən artıq çox yazıldı. İnsanlar əsl müharibə həqiqətinə ac idi. Bizdən dərhal sonra, roman Türkiyədə çap olundu və səs-küylə qarşılandı. Bəzən insanlar romanda oxuduqlarını filmdə görməyəndə etiraz edir. Məsələn mənə sual verirlər ki, filmin əvvəlindəki jurnalistin taleyi necə oldu? Axı bu bütün qəhrəmanların sonunu yazmaq, çəkmək mümkün deyil. Əsərdə yüzlərlə obraz ola bilər. Jurnalistin köməyi ilə Komandir müharibə vəziyyətinin ağırlığını göstərib. Film hələ nümayiş etdirilməyib. Filmin sadəcə təqdimatı olub və film haqqında yazanların çoxusu təqdimatda iştirak etməyib. Azərbaycanda hələ belə film olmayıb ki, ekrana çıxmadan, nümayiş etdirilmədən haqqında bu qədər yazı yazılsın. Film haqqında həm xoş, həm də tənqidi yazılar yazılır. Tənqid edənlərin hər birini düzgün başa düşürəm. Soruşurlar ki, “raykom katibinin otağında niyə sovet bayrağı asılıb?” Bu iradı bildirməmişdən əvvəl anlamaq lazımdır ki, o illərdə hələ sovetlər dağılmamışdı. İrad bildirirlər ki, niyə əsgərlərin qollarında Azərbaycan bayrağıdır. Bunu da başa düşmürlər ki, bu könüllü dəstədir. Artıq 88-ci ildə Azadlıq meydanında, 91-ci ildə Heydər Əliyev tərəfindən Naxçıvanda üçrəngli bayraq qaldırılmışdı və könüllülər məhz buna görə formalarında Azərbaycan bayrağından istifadə edirdilər. Biz rejissorun istəyi ilə, o bayrağın sovet bayrağı olmasına qərar verdik. Çünki rejissor izah elədi ki, bu bayraq üçün də qurbanlar vermişik. Film qalıb kənarda, xırda detallar müzakirə olunur.

- Film haqqında yazılan bir çox yazılarda filmin ümumi ovqatının pafoslu olmasını vurğulayırlar. Mən də film haqqında yazdığım yazıda, Komandir obrazındakı pafosu tənqid etmişdim. Sizcə, nə üçün filmi pafoslu film hesab edirlər?

-Eyni sözü roman haqqında da deyirdilər. Əsərdə o zaman pafos olar ki, mən qələbədən yazardım. Mənim romanımda bir dənə də olsun kənd azad olunmursa, minlərlə erməni qırılmırsa, hansı pafosdan danışa bilərik? Mən müharibə reallıqlarını yazmışam. Komandirdə qətiyyən pafos yoxdur. O təmkinli, səbrli və yeri gələndə çılğın adamdır. Təbii ki, aktyor oyunu real həyatdan fərqlənir. Əgər elədirsə, şeirlərə niyə Mikayıl Mirzənin ifasında qulaq asırsan? Götür özün oxu da, o şeirləri! Obrazı çatdırmaq üçün aktyor pafoslu ola bilər, amma mən onda pafos hiss etmədim. Folknerlə bağlı məhşur bir əhvalat var. Bir nəfər gəlib ona deyir ki, “Səs-küy və hiddət”i oxudum, başa düşmədim. Folkner deyir ki, “Get, bir də oxu”. Bir də gəlir, Folkner eyni cavabı verir. Oxucu üçüncü dəfə gələndə də, Folkner eyni cavabı verir: “Get, bir də oxu”. Məncə, bu filmə də bir neçə dəfə baxdıqdan sonra, haqqında daha ətraflı yazmaq mümkündür. Filmdə elə məqamlar var ki, onu bir neçə dəfə baxandan sonra başa düşmək olar. Əgər film zəifdirsə, qüsurludursa, nə üçün tamaşaçılar filmin bitməsinə 10 dəqiqə qalmış ayağa qalxıb, dayanmadan alqışlayırdı? O camaatı aktyorlar, rejissor qaldırmışdı ayağa.

-Filmin sonluğu çox təsirlidir. Ancaq sonluğu da bəyənməyənlər var. Məsələn, yazırlar ki, ruhların geri qayıtması uğurlu deyil...

- Birincisi, orada ruhlar geri qayıtmır. Filmdə də Komandir gəlir çayxanada çay içir və sərhədi keçir. Komandir yaşadığı bütün əziyyətlərdən sonra, geri qayıdır. İkincisi, drakonlar, pələnglər, müəllimlər tükənməyib ki? Axı, şəhidlər ölməzdir. Vaqif Bayatlının bir şeiri var:
Ölsək,ayaq üstə basdırın bizi.
Atla, avtomatla basdırın bizi.
Döyüşlər təzədən başlana bilər.
Komandirin arxasınca sərhədi keçən Azərbaycan xalqıdır. Nə mənim romanımda, nə də filmdə Ağdam adı yoxdur.

-Film haqqında deyirlər ki, qəhrəmanlar Ağdam ləhcəsi ilə danışır...

-“Ağdam ləhcəsi” deyilən ləhcə yoxdur. Bakı ləhcəsi, Şəki ləhcəsi var. Qarabağ ləhcəsi var. Gəncə ləhcəsi də, Qarabağ ləhcəsinə yaxındır. Amma “Ağdam ləhcəsi” adlı ləhcə yoxdur. Yaxşı, Qarabağda döyüşən insanlar, qırılanlar, qaçqın düşənlər hansı ləhcədə danışmalıdır? Şəki ləhcəsində? Yoxsa, Təbriz ləhcəsində danışmalıdır? Yoxsa obrazlar ədəbi dildə danışmalıdır? Ədəbi dildə heç ədəbiyyat müəllimləri danışmır. Biz ədəbi dildə yazdığımız mətnlərlə ədəbi dili qoruyuruq. Ancaq mən bu günki söhbətimdə “c” əvəsinə nə qədər “j” hərfi işlətmişəm. Özüm də yazıçıyam.

- İstəyirəm, bir məqama da aydınlıq gətirək. Filmin büdcəsi haqqında, büdcənin düzgün xərclənməməsi ilə bağlı xəbərlər yayılır. Şəxsən məni çox narahat edən bir məsələdir. Çünki filmə necə ürək qoyulduğunu, əziyyət çəkildiyini yaxşı bilirəm. Bu barədə məlumat verməyinizi istərdim...

- Mən hiss edirəm ki, bəzi adamlar filmə məqsədli hücumlar edir. Film ortada yox, tamaşaçıya təqdim edilməyib, amma hücumlar başlayıb. Mən xahiş edirəm ki, film haqqında kino ilə məşğul olan adamlardan fikir öyrənin. Şəfiqə Məmmədovadan, Ayaz Salayevdən, Ramiz Fətəliyevdən soruşun, film haqında. Başı çıxmayan adamlardan fikir öyrənmək düzgün deyil. İnsanlar oturub başqalarının pulunu saymaqla məşğuldur. Film prezidentimizin sərəncamı ilə, dövlət hesabına, Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə çəkilib. Filmə 1,3 milyon pul ayrılıb. Bu haqda daha dolğun məlumatı filmin direktoru Nadir Əliyevdən ala bilərsiniz. O, açıqlama vermişdi bu barədə. Ancaq açıqlama dolğun deyildi. İlk növbədə 1,3 milyon manatdan 18% vergi tutulur. Təxminən, 2 yüz min manatdan artıq vergi tutulub. Bundan əlavə, kinostudiyanın icarə pulu var. Film üçün xaricdən gətirilən texnika, o texnika ilə işləyən mütəxəsislər var. İl boyu filmin ərsəyə gəlməsi üçün çalışan filmin yaradıcı heyətinin qonararı var. Bütün bunlar böyük xərcdir və ayrılan puldan yeyinti olması mümkün deyil. Büdcə haqqında mən hələ təxmini fikirlərimi deyirəm. Məsələn, filmin bəstəkarı Polad Bülbüloğlu ona ayrlan yüksək qonarardan imtinan etdi və həmin məbləği filmə bağışladı. Daxili İşlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə pul ödəməli olsaydıq, filmin büdcəsi buna çatmazdı. Sağ olsun adıçəkilən qurumlar ki, bizə təmənnasız yardım etdi. Məsələn, İsmayıllıda çəkiliş zamanı, bizim orda qalmağımız çox ucuz başa gəlib. Rayonun icra başçısı tapşırıq vermişdi, bizdən az pul alırdılar. Yeməyimizi çox vaxt Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə yeyirdik. Elə xərclər var ki, onlardan heç danışmağa dəyməz. Hamı bu filmə kömək edib. Məsələn, İsmayıllı camaatı film çəkilişlərində bizə çox yardım göstərib. Yas məclisindəki molla aktyor deyil. Rejissor axtarıb, oğlu Qarabağda şəhid olan bir molla tapdı və onu çəkdi. Əslində onun oğlu itkin düşmüşdü. Ancaq mən ona dedim ki, sizin oğlunuz şəhid olub. 19 il itkin olmur. Orada şəhid şəkilləri görünür filmdə. Hamısı İsmayıllıdan gedib, Qarabağda şəhid olan insanlardır. Azərbaycanda belə döyüş səhnəsi heç bir filmdə olmayıb.

-Siz hansı obrazı daha çox sevdiniz, bəyəndiniz? Və filmə baxanda dediniz ki, “Bax, bu mənim obrazımdır!”

-Komandir çox gözəl oynayıb, Fuad Poladov yerindədir. Müəllim, polis rəisi tamam yerindədir. Xüsusən rəis tam yerindədir. Drakon da, Pələng də çox gözəl oynayıb.

-Əsərdə də, filmdə də əhalinin türklərə ümid bağlamağı çox təsirlidir. Sanki bəslənən ümidin qırılması var...

-Mən romanda olduğu kimi vermək istəyirdim, rejissor razı olmadı. Romanda təxminən belə bir səhnə var. Pələngin anası soruşur ki, “Türklər gəlibmi, haradadırlar? Pələng də cavab verir ki: “gəliblər, Bakıdadırlar, dönərxana açırlar”. Anası soruşur ki: “dönərxana nədir?” Pələng cavab verir ki: “avtomat zavodu”. Anası sevincək deyir ki: “bıy, onlara qurban olum.” Rejissor dedi ki, bu lazım deyil. Mən rejissorun işinə qarışmamışam. Məşhur bir deyim var: “Dünyada üç peşəni hamı bilir; futbol, polis, kino”. Söhbət düşəndə deyirlər ki, qolu belə vurardım, canini belə tutardım, filmi belə çəkərdim. Ona görə də filmə baxıb, “mən belə çəkərdim”-deyənlər çox olacaq. Tamaşaçının bəyənməməyi başqadır, kinonu bilməyə-bilməyə müdaxilə eləmək başqadır. Bir oxucu “Dolu” romanını oxuyub, “bəyənmirəm” -deyə bilər. Amma bir tənqidçi bunu bəyənmirsə, nə üçün bəyənmədiyini sübut etməlidir. Tənqidçi “bəyənmirəm “-deyib üstündən keçə bilməz.
Bəziləri yazır ki, Pələngin ölüm səhnəsi götürülmə səhnədir. İndi ruslar döyüş səhnələri çəkdiyinə görə, biz döyüş səhnələri çəkməyək? Rusların çəkdiyi müharibə filmlərində tanka mərmi atırlar. Bu məntiqlə, gərək biz tanka gül ataydıq?

-Pələngin ölüm anında dediyi sözləri qəbul etmirlər...

- 6 yaşlı bir gənc ölüm anında nə deməlidir ki? İlk əvvəl anasını xatırlayır, sonra da deyir ki, “qız görmədim”. Bilirsən, nə qədər nakam oğlanlar qaldı? Rejissor bunu vermək istəyib. Nakam bir gənc öləndə nə deməlidir? Yaxşı, dörd dəfə “Azərbaycan” -deyib sonra ölməli idi? Ya da deməli idi ki, gətir bayrağı üstümə çək? Mən hələ də inanmıram ki, Məhəmməd Əmin öləndə “Azərbaycan!” -deyib. Pafos budur. Aleksandr Matrosov özünü güllə qabağına atmışdı deyə, heç kəs bu qəhrəmanlığı etməsin? Mübariz İbrahimov düşmənlə təkbaşına savaşa girdiyi üçün, Fərid Əhmədov düşmən üstünə getməməli idi? Mənə bu cür məntiq aydın deyil. Mən müharibənin içində olmuşam. Mən nəyi bacarmışam, müharibə haqqında onu yazmışam. Hamısını yaza bilməzdim. Yazılanlara uyğun olaraq rejissor da, rəssam da, aktyorlar da çox gözəl işləyib. Rejissor Tofiq İsmayılov mənə dedi ki, “Bu filmi görənə qədər düşünürdüm ki, Azərbaycanda film ölüb. Amma bu film sübut etdi ki, film ölməyib”.

-Bu filmin xaricə çıxacağına inanırsınızmı?

- Əlbəttə, inanıram.

-Dövlət dəstək verəcəkmi, filmin xaricdə nümayişinə?

-Dövlət dəstək verməsə, xalq dəstək verəcək. Film Azərbaycandan kənara çıxacaq, bundan narahat olmayın. Filmin musiqisinin müəllifi Polad Bülbüloğlu dedi ki, bu filmə ermənilər təzyiq edəcək, ancaq bundan qorxmaq lazım deyil. Cənab nazir Əbülfəz Qarayev dedi ki, film xaricə çıxacaq. Sentyabrın 20-dən etibarən, “Nizami” kinoteatrında film nümayiş olunmağa başlayacaq. Şəfiqə Məmmədova təşəbbüs qaldırıb ki, film rayonlarda və kəndlərdə pulsuz göstərilsin. Film Türkiyədə, Rusiyada pul qazanacaq. Harada diasporumuz var, filmi orada təqdim edəcəyik. Filmin rus dilinə dublyaj ediləcək və biz artıq Rusiyada filmin təqdimatına hazırlaşırıq.
# 1348 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
# # #