“Ölkədə deyil, öz ərazimdə yaşayıram”

“Ölkədə deyil, öz ərazimdə yaşayıram”
11 avqust 2012
# 06:00
Kulis.az məşhur rejissor Eldar Ryazanovun həyatdan öyrəndiklərini təqdim edir.


Sürtülmüş və cırıq şeylər
xoşuma gəlir.

Yaddaşım o qədər itidir ki, müharibədən əvvəlki telefonumu belə xatırlayıram: Q-69132. Müharibə illərində yengəcin (oynaqlı dəniz xərçəngi - red) bir bankasının 77 qəpik olduğu yadımdan çıxmayıb. Hansı mağazaya ayaq basırdın, orda yengəcdən savayı heç nə ilə rastlaşmırdın; onları heç kəs almırdı.

Çoxları müsahibim olub – Belmondo, Klod Lelüş, Filip Nuare, Alberto Sordi, amma yalnız Fellinidən müsahibə alanda fikirləşmişəm: “Kralın hüzuruna gedirəm”. Oxşar hissləri 1968, ya da 1969-cu ildə Soljenitsini “Mosfilm”dən evlərinə maşınla apararkən keçirmişəm. Maşınımda nəsə qiymətli bir şeyin oturduğunu hiss edirdim.

Yalnız axmaqlar özlərini necə təqdim etmək üzərində baş sındırırlar. Yəqin Eyzenşteyndən öyrəndiyim əsas şey budur.

Hazırkı siyasi vəziyyəti bir addımlığıma belə buraxmıram. Hansı ölkədə yaşadığımı, hansı quruluşa tabe olduğumu belə bilmirəm. Mən Xodorkovskinin içəridə yatdığı halda digər oliqarxın çöldə rahat gəzişdiyini anlamıram. Anladığım bircə şey var: bu gün bizləri rus dilindən savayı heç nə birləşdirmir. Mən bu gün ölkədə deyil, öz ərazimdə yaşayıram.

“Andersen”imə hələ baxmamısınız? Ortalığa bir zibil çıxardığımı düşünürsünüz? Mənsə həyatımın son iki ilini bu filmin xətrinə yaşamışam. Andersen qaynar su ilə buzun, mürəbbə ilə istiotun qarışığıdır. Onun anası əyyaş, bacısı fahişə, babası dəlidir, özüsə - dahi. Bəli, o, bacısından üz döndərib və anasının dəfninə gəlməyib, amma o, cani deyil. Qoy hamı öz tərcümeyi-halında anasını satıb-satmadığnı, qohumlarından üz döndərib-döndərmədiyini, beynində qara böcəklərin gəzib-gəzmədiyini axtarsın.

Harda yumor görsəniz, orda həqiqət axtarın.

“Özünü qurban kimi qələmə vermək” – nəsil əleyhinə yönəlmiş bir hərəkətdir. Müstəntiqin heç nə veclərinə olmayan cavanlar haqda söylədiyi ana söyüşlü monoloqu güclü təsir bağışlayır. Mən ana söyüşlü filmləri xoşlamıram, amma onun yerində olsaydım, eynisini söyləyərdim. Bu cahil, qanacaqsız oğlan və qız qəbiləsindən zəhləm gedir.

Folklora diqqət yetirsəniz, ruslar həmişə hər şeyi birdən əldə etmək istəyiblər, həm də özlərini işə vermədən. Əfsuslar ki rus nağılları milli ideyanı bariz əks etdirir. Yumşaq ifadə etsək, rus mentaliteti rəğbət oyandırmır.

Ən çətini, amma həm də ən maraqlısı və nəcibi yaxşı, mehriban insanlar haqqında komediyalar çəkməkdir. Molyer heç vaxt yazığımız gələcək qəhrəmanları olan komediyalar yazmayıb. Bu istiqamətdə işləmək üçün insanları çoxlarının sevə bilməyəcəyi qədər sevməyi bacarmaq lazımdır. Bizim kinoda Emil Braqinskilə məndən savayı bu janrda heç kim işləməyib. Çaplin də bu cür edib, amma bizdən qat-qat yaxşı.

Əllinci, altmışıncı, yetmişinci və səksəninci illərdə mənə toxunan şeylər çoxlarına tanış olub. Bu gün mənim kimilər azdır. Fellini səksəninci illərdə deyirdi: “Mənim tamaşaçım artıq ölüb”. Bu, dəhşətli həqiqətdir.

Çevirdi: Kifayət Haqverdiyeva

Mənbə: “Esquire” jurnalı
# 1716 dəfə oxunub

Oxşar xəbərlər

Modern romanı yenidən inşa edən yazıçı

Modern romanı yenidən inşa edən yazıçı

18:15 6 noyabr 2025
"Əjdaha" karvansarası açdı, dostunun tablosunu özü tamamladı -  Renessansın unudulmuş rəssamı kim idi?

"Əjdaha" karvansarası açdı, dostunun tablosunu özü tamamladı - Renessansın unudulmuş rəssamı kim idi?

14:30 5 noyabr 2025
Erotik əsərlərlə tanınan polyak şair - Onun şeirlərinin tərcüməsi niyə mümkünsüz sayılırdı?

Erotik əsərlərlə tanınan polyak şair - Onun şeirlərinin tərcüməsi niyə mümkünsüz sayılırdı?

13:00 5 noyabr 2025
Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

13:20 4 noyabr 2025
Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən   psixiatr

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

18:00 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər