“Bəlkə də Bakıya gəlməsəydik, oğlum vəhhabi olmazdı...”
17 iyul 2012
16:00
Kulis.az-ın yeni layihəsi: “Əyalət qadını”
Bu layihədə əyalətlərdən Bakıya köçən qadınların hekayətləri ilə tanış olacağıq. Bakıya niyə köçdüklərini, buraya gələndən sonra həyatlarında nələrin dəyişdiyini öyrənəcəyik. Layihənin ilk qonağı 10 il əvvəl Xaçmazdan Bakıya gələn 52 yaşlı Minayə Sultanovadır. Ailəli, 4 uşaq anası Minayə 18 yaşı tamam olmadan ailə qurub. Onun olduqca maraqlı həyat hekayəti var.
Minayə Sultanova ailənin kiçik qızı olub: “15 yaşıma çatanda ailədə subay təkcə mən qalmışdım. Məndən böyük qardaş-bacılarım ailə qurmuşdu, övladları vardı. Orta məktəbin 7-ci sinfinə çatanda atam məni məktəbdən çıxardı, amma oxumağa həvəsim çox idi. Ondan sonda evdə anama kömək edirdim, xalça-kilim toxuyurdum. 15 yaşım olanda anam faciəli şəkildə öldü, qardaşımın azyaşlı oğlu ilə qatarın altında qaldılar. Hər ikisinin tikələrini dəmiryolundan toplayıb basdırdıq. Ondan sonra evdə vəziyyət gərginləşdi. Övlad acısı gəlinimizi çox sarsıtmışdı, əsəbləri tamam pozulmuşdu. Sanki bədbəxt hadisəyə görə mən günahkarammış kimi, bütün acığını üstümə tökürdü. Dözülməz vəziyyətdəydim, evin qayğıları, atama qulluq eləmək, xalça-kilim toxumaq məni əldən salmışdı, üstəlik, gəlinimizin durumu...
O yaşda qız üçün bunları yaşamaq çox çətin idi. Hələ anam sağ olanda qohumlardan mənə elçi düşənlər olmuşdu, ölümündən sonra elçilərin sayı daha da artdı. Atam məni tezliklə ərə verib, özü də evlənmək istəyirdi. Ürəyimdə ona etiraz edirdim, amma elə tərbiyə almışdıq ki, atanın, qardaşın sözünün qabağına söz deyə bilməzdik. Heç bizdən fikrimizi soruşan da olmurdu. Bacılarımı atam öz istədiyi adamlara ərə vermişdi, məni də belə edəcəkdi. Anamın ili çıxandan bir müddət sonra atam evləndi, ögey anam atamdan xeyli cavan idi. Atamdan əvvəl ərə gedib boşanmışdı, 3 yaşında oğlu vardı, onu da özü ilə gətirmişdi. Atam qısa vaxtda uşağa mehrini elə saldı, sanki doğma oğludur. Məndən isə getdikcə soyuyurdu, onsuz da əvvəllər də atamdan elə bir qayğı, nəvaziş görməmişdik. Amma evlənəndən sonra mənə qarşı daha da sərtləşmişdi. Analığım isə mənə qulluqçu kimi baxırdı, bütün günü buyururdu, ev işlərini görürdüm, oğluna baxırdım. Təkcə atamın qulluğunda özü dururdu. İmkan vermirdi ki, atamın qabağına bir stəkan çay aparım. Artıq mənim üçün bir çıxış yolu qalmışdı: ərə getmək.
17 yaşım olanda atamın qohumlarından biri elçi gəldi, elçilər gedəndən sonra atam “səni Süleymanın oğluna verdim, 15 günə aparacaqlar, yır-yığış elə” dedi. Yığışdırmalı nəyim vardı ki... Analığım anamdan qalan hər şeyi özünə götürmüşdü, hətta mənim cehizlərimi belə. Özümün toxuduğum 1-2 xalça-kilim, 2 dəst yorğan-döşəklə məni toysuz-çalğısız ərə verdilər. Analığımdan gizlədə bildiyim bir cüt qızıl sırğanı da özümlə apardım. Anamdan qalmışdı o sırğalar...”
Minayə gələcək əri Şahmərdanı uzaqdan bir-iki dəfə görüb, bəyənibmiş. Şahmərdana ərə getdiyi üçün sevinirmiş də: “Amma ağlıma da gəlməzdi ki, bu qədər zülm edəcək...
1977-ci il idi. Kəndimizdən başqa yer görməmiş 17 yaşlı qız birdən-birə tanımadığım ailəyə düşdüm. Ərim elə günlərdən mənimlə kobud rəftar edirdi. Bir neçə ay sonra isə məni döyməyə başladı. Maraqlıdır ki, heç nədən dava salıb məni döyürdü. Qorxumdan heç nə demirdim, gedəcək yerim də yox idi. Çox içirdi, buna görə girdiyi bütün işlərdən bir-iki ay sonra qovulurdu. Bu minvalla bir neçə il keçdi və mənim dalbadal üç qızım doğuldu. Təsəvvür eləyin, rayon yerində üç qız doğmaq nə deməkdir? O qədər qınağa tuş gəlirdim ki, özümü öldürmək istəyirdim, balalarım gözümün qabağına gəlirdi. Bir qarnı ac, bir qarnı tox yaşayırdıq. Gümanım gələn qohumlarımdan yemək, pul istəyirdim. Arada atam da arvadından gizlin mənə 5-10 manat verirdi. Atam öləndən sonra ordan da əlim üzüldü, analığım hər şeyimizi əlinə keçirdi. Məcbur qalıb, məktəbdə süpürgəçiliyə elədim, sonra isə həmin məktəbin bufetində işlədim. Amma ərim maaşımı qəpiyinəcən əlimdən alırdı. Uşaqlarımı yanıma salıb işə aparırdım. Üç qızdan sonra üçəm oğlum oldu, amma az yaşadılar, bir ayın içində üçü də öldü. Bundan sonra ərim məni gündə döyürdü ki, uşaqlarıma baxmamışam, ona görə tələf olublar. Məndən aldığı pulları içkiyə, başqa qadınlara xərcləyirdi. Mən maaş alandan sonra bir neçə gün evə gəlmirdi, pulu qurtaranda gəlib yenə pul istəyirdi. Evdə satmağa heç nəyimiz qalmamışdı, atasından qalan 2 otaqlı bina evimizi də satmağa cəhd eləmişdi, amma alınmamışdı. Ona görə heç olmasa, qalacaq yerimiz vardı. Növbəti dəfə hamilə olanda ərim adam bıçaqlayıb tutuldu, 5 il verdilər. O, həbsdə olanda oğlumuz oldu. Azadlığa çıxandan sonra da içki içməyə, avara-avara gəzməyə davam elədi. Böyük qızımız 8-ci sinfi bitirəndən sonra oxumasına icazə vermədi, mənim kimi qızımın da oxumaq arzusu gözündə qaldı. 18 yaşına çatanda kimi isə qızımızı Bakıdakı qohumlarının qonşuluğunda yaşayan bir narkomana ərə verdi. Yazıq qızımın həyatı mənimkindən betər oldu. Sən demə, yeznəmiz evlənməzdən əvvəl özündən xeyli böyük qadınla bərabər yaşayırmış, ondan bir oğlu da varmış. Qızım ərə gedən kimi hamilə qalıb. 5 aylıq hamilə olanda əri necə döyübsə, huşunu itirib, gözünü xəstəxanada açıb. Ayılan kimi əri deyib ki, polisə şikayət etsə, onu öldürəcək. Yazıq qızım da qorxub.
Qızım o vəziyyətdə evimizə qayıtdı, amma Şahmərdan onu yanına salıb ərinin evinə qaytardı. Nəvəm dünyaya gələndə sonra qızım 2 aylıq körpəsini gətirib bizdə qoydu, özü isə işlədi. Qızı 2 yaşına çatanda yeznəm yuxarı dozada qəbul elədiyi narkotikdən öldü, qaynanası qızımı körpəsi ilə birlikdə çölə saldı. O da məcbur qalıb evimizə qayıtdı”.
Şahmərdan digər qızlarını də gənc yaşlarında ərə verib, heç birini oxutmayıb. Yaxşı ki, o biri qızlarının ailəsi normal olub. Rayonda dolanışığın çətin olduğunu görən Minayə ərinə Bakıya köçməyi təklif eləyib: “Ərim işləmirdi, özümü də işdən çıxarmışdılar. Qorxa-qorxa ərimə evi satıb, Bakıya köçməyi təklif elədim. İnanmayacaqsınız, amma ilk dəfə ərim mənim sözümə baxdı və beləliklə Bakıya köçdük – mən, ərim, oğlum, qızım və nəvəm. Əlimizdəki pulun bir qismi ilə burda torpaq alıb ev tikməyə başladıq. Özümüz isə kirayədə qalırdıq. Nəvəmə mən baxırdım, qızım çörək sexində günəmuzd işləyirdi. Qazancı az olsa da, heç olmasa, gündəlik çörəyimizi gətirirdi. Oğlum orta məktəbdən çıxdı, Bakıya gələndən sonra oxumaq istəmədi, dülgər yanında şəyirdliyə başladı. Az-çox o da pul qazanırdı. Ərim isə yenə içməyində idi”.
Oğlu işə girəndən bir-neçə ay sonra namaz qılmağa başlayıb. Minayə sevinib ki, oğlu atası kimi əyyaş olmayacaq: “Oğlum namaz qılır, məscidə gedirdi. Bir müddət keçəndən sonra isə atası ilə içki üstündə mübahisə eləməyə başladı, içkinin günah olduğunu deyərək, onu haqq yoluna çağırırdı. Şahmərdan əvvəlcə yeniyetmə oğlumuzun sözlərinə fikir vermirdi, amma hiss eləyirdim ki, uşağın sözləri ona təsir eləyir. Ayıq vaxtlarında onunla söhbət edir, içkinin sağlamlığa ziyan olduğunu da deyirdi. Günlərin birində Şahmərdan qəfildən xəstələndi, həkimə apardıq. Həkim onun qaraciyərində ciddi problem yarandığını, içki içsə, vəziyyətinin daha da pis olacağını dedi. O vaxtdan ərim içkini atdı. Normal işə başladı. Elə bil bununla da evimizə bərəkət gəldi. Evimizi tikib, köçdük”.
Həyat normal davam edərkən, Minayə oğlunun vəhhabilərə qoşulduğunu öyrənib. Dost-tanışları, yaxınlıq etdiyi adamların hamısının vəhhabi olduğunu bilib: “Artıq oğlum mənim, qızımın, hətta məktəbə getməyən nəvəmin çarşab geyinməyimizi istəyirdi. Saqqalı yeni çıxan oğlum saqqalını uzadır, saçlarını keçəl qırxdırırdı. Şalvarı da gündən-günə qısalırdı. 18 yaşına çatanda onu nişanladıq, düşündük ki, bəlkə bu, onu yolundan döndərər. Amma əksinə, bizə gücü çatmasa da, qısa müddətdə nişanlısının başını örtməsinə nail oldu. Oğlum əsgərlikdən gələn kimi, 20 yaşında evləndirdik. Əsgərlikdən sonra əvvəlki işinə qayıtmadı, ümid edirdik ki, evlənəndən sonra haradasa işləyib, ailəsini dolandıracaq. Amma onun belə fikri yox idi. Bütün gününü məsciddə keçirirdi. Evdə baş bağlamaq üstündə çox mübahisə olurdu. Əvvəllər bunu sözlə deyən oğlum, sonralar özündən bir neçə yaş böyük bacısına əl qaldırmaqdan da çəkinmirdi. Sonda Şahmərdan işə qarışdı, oğlumun qarşısında şərt qoydu: ya vəhhabilərdən ayrılıb, adam kimi işləyəcək, ailəsinə baxacaq, evdəkilərin geyiminə qarışmayacaq, ya da arvadını və iki qızını da götürüb evdən çıxacaq. Təbii ki, heç bir qazancı olmayan oğlum birinci şərti qəbul elədi. Ondan sonra mənim və qızımın çarşab geyinməsi ilə bağlı evdə söz-söhbət olmadı, oğlum işə girdi, bir neçə il belə sakit dolandıq. Amma son zamanlar oğlumda yenə dəyişikliklər başlayıb. Düzdü, indi saqqal saxlamır, yaşıdları kimi normal geyinir, amma gizli-gizli yenə də məscidə gedir. İndi də 15 yaşlı qız nəvəmi məktəbdən çıxarmağı tələb edir. Amma bu dəfə təslim olmayacağam, dünya dağılsa da, nəvəmi oxutduracağam. Qoy, nənəsi və anası kimi olmasın. Görürəm ki, oğlum nə qədər israr etsə də, mənim inadımın qarşısında geri çəkilir. Bəlkə rayonda olsaydım, gözüm bu qədər açılmazdı, dərhal təslim olardım. Amma paytaxtda yaşamaq başqa şeydir, burda sərbəstlik rayondan çoxdur. Düzdü, şəhərə gələndən nə geyimimdə elə bir dəyişiklik olub, ailədəki vəziyyətimdə. 42 yaşımdan sonra durub şalvar geyinməyəcəm ki...
İndi 52 yaşım var. Düşünürəm ki, Bakıya 10 yox, 20 il əvvəl gəlsəydim, indiki durumda olmazdım, qızımın bədbəxt olmasına imkan verməzdim. Qızım bura gələndən işləyir, hətta bəzən gecə növbəsinə qalır. Ərim isə bunu normal qəbul edir. Yəqin ki, rayonda bu, bizim ağlımızdan belə keçməzdi...”
Minayə Sultanova Bakıya köçməklərinə görə peşman deyil. Düşünür ki, rayonda qalsaydılar, bundan pis vəziyyətdə yaşayırdılar: “Burda varlı həyatı yaşamasaq da, şükür, acından da ölmürük. Pis-yaxşı dolanırıq. Əslində burda şəhər həyatı yaşadığımızı da deməzdim, həyət evində yaşayırıq, bağ-bostanımız, toyuq-cücəmiz var. Rayonda isə binada yaşayırdıq. Rayonla buranı çox müqayisə eləyirəm, Bakıda yaşamaq mənə daha rahat gəlir. Amma bəzən düşünürəm ki, bəlkə də Bakıya gəlməsəydik, oğlum vəhhabi olmazdı...”
P.S. Müsahibimiz fotosunun çəkilməsinə icazə vermədiyi üçün fotoqraf məqalədə Abbas Atilayın “Kürzədələr” fotosessiyasındakı fotodan istifadə edirik.
Gülnar VAHABOVA

1442 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024