Axmağam ki, roman yazam?!

Axmağam ki, roman yazam?!
26 iyul 2011
# 11:15
2004-cü ilin bu vaxtları idi. O vaxt çıxan “Səhifələr” adlı ədəbiyyat qəzeti hardansa əlimə keçmişdi. 16 yaşındaydım. Qəzeti hər həftə alıb oxuyurdum.

Özüm arada şeir də yazırdım. Əlbəttə ki, bunları hardasa çap etmək şansım yox idi. Dost- tanışa da oxumağa utanırdım. Bir gün tənbəllik etməyib şeirimi “disket”də “Səhifələr”in redaksiyasına apardım.

Redaksiya “Azad qadın” heykəlinin arxasındakı binada yerləşirdi. Qaranlıq və köhnə dəhlizdən keçib balaca bir otağa girdim. Otaqda 4-5 nəfər işləyirdi. Utana-utana özümü təqdim etdim.

Onlardan ikisi ilə indi də dostam- Etimad Başkeçid və Xanəmir Telmanoğlu. Mənə çoxlu suallar verirdilər. Utandığımdan heç nə danışa bilmirdim.

İki gün sonra şeirim “Səhifələr”də çıxdı. Şəklimi birinci səhifədə vermişdilər. Şeir adı “Bekarçılıq” idi. İndi yadıma düşəndə gülməyim gəlir. Özü də sərbəst şeir idi.

Ailəm mənim şeir yazmağıma laqeyd yanaşdı. Heç veclərində də deyildi. Ona görə də qəzeti gizlətməyə çalışırdım. Oxuyub gülməsinlər deyə.

Bundan sonra “Alatoran”çılarla tanış oldum. 11-ci sinifdə oxuyurdum. Jurnalın internetdəki forumunda bir şeirimi yerləşdirmişdim. E-mailə Nərmin Kamal adlı xanımdan məktub gəldi. Nömrəsin qoymuşdu ki, ona zəng edim. Danışdıq. Mənə Seymur Baycan və Aqşin Yeniseyin nömrəsini verdi. Dedi ki, onlarla görüşüm, tanış olum.

Mən ali məktəbə hazırlaşdığma görə heç biri ilə görüşmədim. Evdəki bütün ədəbiyyat qəzetlərini yandırdım. Ancaq dərs oxumağa başladım. Ali məktəbə yaxşı balla qəbul oldum.

Bu müddət ərzində yalnız virtual olaraq AYO-çularla əlaqə saxlayırdım.

Tələbə vaxtı imkan olduqca gənc yazarlarla görüşdüm.

Şəhərin müxtəlif kafelərində oturub söhbət edirdik. Mən daha çox qulaq asırdım. Dinləmək və öyrənmək mənim üçün xoş idi sadəcə.

İddialarım yox idi. Heç kimlə bilmədiyim mövzularda mübahisə etmirdim. Gücüm çatanı oxuyurdum. Nə qədər istedadım çatırdısa, o qədər yazırdım.

Bunlar niyə danışdım?

Sözü indiki yeni gələnlərin üzərinə gətirmək istəyirəm.

İnternet sürətlə inkişafı hər kəsə öz yaradıcılığını paylaşmaq imkanını artırıb.

Çoxlu saytlar var. Facebook, bloglar var. Hamı yazır. Yazdıqlarını geniş kütləyə çatdıra bilir.

Eyni zamanda hamı fotoqraflıq edir. Çəkir və sosial şəbəkələrdə paylaşır. Youtube hamıya rejissor olmaq imkanı yaradır.

Bütün bunlar yazarların, fotoqraflar çoxalması deməkdir.

Bəzən biz bu insanlarla kontakda oluruq. İstər istəməz qarşımıza çıxırlar. İnternetdə, kafedə, çayxanada.

Müşahidə etmişəm. Bu gənclər çox iddialıdırlar.

İddialı olmaq gözəl şeydir. Gənc dediyin iddialı olmalıdır.

Ancaq bu iddianın arxasında da nəsə dayanmalıdı. İstedad. İstedad zəifdirsə intelekt.

Mən konkret adlar çəkib kiminsə xətrinə dəymək istəmirəm. Kiminsə həvəsdən düşməsi pisdir.

“Avtoş” olmaqdansa bu cür iddialı yazar olmaq yaxşıdır, təbii ki.

Ancaq belə iddialarla, bu cür “dahi”liklərlə hara qədər gedib çıxmaq olar?

Yalançı kədər, heç bir əsası olmayan depressiya...Vaxt var idi bu mövzular yaxşı işləyirdi. İndi artıq bunların dövrü keçib.

Təksənsə və darıxırsansa Facebookun çatını açmağın yetərlidir.

Ümumiyyətlə şeir də öz qüvvəsini itirib.

Mən indi kimdənsə yaxşı şeirlər gözləmirəm. Şeir artıq klassikadır. Ancaq köhnə şeirlərdən zövq almaq mümkündür.

Bu yaxınlarda Qan Tural məndən soruşdu ki, niyə roman yazmıram? Cavabım belə oldu: “Axmaq zadam?” Mənim hələ roman yazacaq yaşım deyil. Dünyada çox az sayda ciddi qələm ustaları var ki, 20-23 yaşında yaxşı romanlar yazmış olsunlar.

Onlara da görünür Tanrı istedad verəndə xəsislik etməyib.

Roman yazanlar da az deyil. Qoy yazsınlar. Təki - atam demişkən - “pis uşaqlara qoşulmasınlar”.

XIX əsrdə Rusiyada yüzlərlə roman yazan varmış. Ancaq onlar neçəsi qalıb?

İndi biz də bilmirik hansı mətnlər yaşayacaq. Azərbaycan ədəbiyyatının tarixində qalacaq.

Bu gənclərin əksəriyyəti heç normal ali təhsil də almırlar. Əksəriyyəti universitetlərin ən aşağı səviyyəli fakülətərində oxuyur. Bəzilərinin isə universitetə qəbul olacaq qədər savadı da çatışmır.

Özləri öz iddialarına sığışmırlar. İddialarının içində itib batırlar...

Roman yazacaq qədər həyat təcrübələri, isetdadları və mütailələri yoxdur.

Kitab dükanlarında hər həftə sonu bir kitabın təqdimatı olur.

Adam “dostdur” deyib iştirak edir. Bir kitabın da alırsan, yalandan bir az tərifləyirsən ki, reklamı olsun. Həvəslənsin.

Ancaq keyfiyyətsiz məhsulun nə qədər güclü PR və reklamı olur olsun...

Bu sadəcə sabun köpüyü kimi bir şey olacaq. Bir neçə günlük...

Vəssalam.

# 2273 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #