Günel Mövludun 31 ilin səyyahıyla söhbəti

Günel Mövludun 31 ilin səyyahıyla söhbəti
23 iyul 2011
# 13:00
Hələ üç-dörd il əvvəl naşir Şahbaz Xuduoğlu mənə rayonlardan birinə səfəri zamanı gördüyü, yol kənarında çadırda qurduğu səyyar sərgisini nümayiş etdirən səyyah-rəssamdan danışmışdı. Macərapərəst naşirimizin səyyah-rəssamla süfrə açmağından, içki və söhbət məclisi qurmağından təsirlənmiş, adını həmən unutduğum o maraqlı adamın həyatı barədə nə vaxtsa məmnuniyyətlə bir yazı hazırlayacağıma qərar vermişdim. Amma düz dörd il ərzində, arıçılardan tərəkəmələrə qədər bütün ixtisasda adamların ardınca ölkəni dörd dolansam da, səyyah-rəssamla yollarımız nədənsə heç kəsişməmişdi.

O günə qismətmiş... Bu yaxınlarda şəhərin yanıq asfalt qoxulu istisindən bircə həftəliyə də olsa, canımı qurtarmaq üçün rayona getmişdim. Vaxtımızı necə mənalı keçirməyi düşünüb, elə-belə, bir məqsədsiz-filansız Ağsu, İsmayıllı, Qəbələ istiqamətində bacı-qardaş bir gəzinti planlaşdırdı. Ağsu aşırımında bir çay, İsmayıllıda “asma körpü” yaxınlığında bir nahar, Qəbələ yolunda bir şam və geriyə... Elə oldu ki, anamın yaxın qohumu da söhbətimizdə iştirak elədi və maşınını, özünü qulluğumuza təklif elədi.
Və səhəri günü, üç yoldaş olub, yola düzəldik.

Qardaşım İsmayıllı yaxınlığında müalicəvi əhəmiyyəti olan Bədo bulağına dönməyi təklif elədi və başqa heç bir planımız olmadığı üçün, Bədoya tərəf döndük.

Maşın bulağa tərəf burulan kimi, gözüm üzərində “Çingiz Əziz” yazılmış balaca furqona, “bir rəssamın dünyası” yazılı iri çadıra sataşdı. Maşın düz Bədo bulağının yanında dayananda, mən yanımdakı iki kişini bulağın yanında qoyub, tez çadıra tərəf qaçdım... Bu rəssamın naşir Şahbaz Xuduoğlunun bəhs elədiyi həmin macərapərəst olduğunu anlamışdım.

...Mən furqonun böyründə quraşdırılmış çardağın altına girəndə, balaca masanın arxasında, bapbalaca kətildə oturmuş gülərüzlü bir qız qarşıladı məni. Salamlaşıb, Çingiz müəllimin harada olduğunu soruşdum, qız onun yaxınlıqda bulaq başına gələn adamlarla söhbət elədiyni dedi və əyləşməyi təklif elədi. Amma oturmadım, elə ayaq üstündə səyyah-rəssamın həyat tərzinə tamaşa elədim. Masanın üstündə kəsilmiş qarpız, bir qıraqda hisdən qaralmış samovar və dudkeşi, amanabənd quraşdırılmış rəflərdə qazançalar, qab-qaşıq, dirəkdən asılı torbalarda ərzaq, zibil, samovar talaşası və başqa məişət xırım-xırdası asılmışdı. Bəlkə, daha çox baxa bilsəm, jurnalist gözü ilə hələ çox şey görə bilərdim, amma Çingiz Əzizov gülümsəyə-gülümsəyə mənə tərəf gəlirdi... Ağarmış, dağınıq saçlı, üst-başı bütün rəssamlarınkı kimi boyalara batmış, üzü gülümsər və gözlərində bütün yaradıcı adamlara məxsus olan nəm şəffaflıq...

Özümü təqdim elədim, salamlaşdıq, sərgisini nümayiş elədiyi çadıra girib, istinin adamı qovurmağına fikir vermədən, ara-sıra çadıra girib, rəsmlərə təəccüblə tamaşa elədikdən sonra tezcə çıxıb gedən adamlara məhəl qoymadan, hər də əsərlərin qiymətini soruşub, eşitdikləri qiyməti həddən artıq baha bilib, qaşlarını yuxarı qaldıran burjua xanımlarına cavab verə-verə söhbət elədik. Qardaşımla qohumum da əsərlərə baxandan sonra başlarını bulayaraq, aralandılar, hövsələsizcə məni gözləməyə, söhbətimzi tez yekunlaşdırmağa tələsdirdilər. Və mən qan bağlılığım olan o iki kişiyə tərədən-dırnağa qədər yaradıcı adam olan bu səyyah-rəssamla ruh qohumluğumun daha möhkəm olduğunu heç cür izah eləyə bilməyəcəyimi anlayaraq, doğrudan da tələsdim...

Nə qədər tələssəm də, söhbətimiz maraqlı alındı. Mənə uşaqlığından, pinəçilik və ailəsi ilə birlikdə səyyahlıq eləyən atasından, rəsm çəkməyə həvəsli anasından, özünün qəribə uşaqlığından, bir neçə ali təhsili yarımçıq qoymağından danışdı. 1969-cu ildən başlayaraq, Azərbaycanı dolaşmağını, hər rayonda hərdən bir ay, hərdən yarım il beləcə çadırı və furqonu ilə qaldığını, insanlarla ünsiyyət qurduğunu, doğmalaşdığını dedi. Danışdıqca heyran qalırdım: yox, macarapərəst rəssam deyildi, dərviş, filosof idi... mənzərələrlə, portretlərlə, natürmortlarla dolu çadırını ölkənin hər künc-bucağında qurub, sadəcə, sərgi nümayiş etdirmək, Azərbaycan insanını tanımaq deyildi bu həyat tərzi, bu səyyahlıq, bu dərvişlik. Bəlkə də Şəmsi axtaran Cəlaləddin, bəlkə, Birunini axtaran İbn Sina, bəlkə, Vaqifi axtaran Vidadi idi Çingiz Əzizov...

Gözlərimdə sevgi dinlədim danışdıqlarını. Rəsm əsərlərindən birini – üç dəlisov günəbaxanı göstərib, bu əsərdə Van Qoqdan təsirlənib-təsirlənmədiyini soruşdum. Cavabı çox fərqli oldu:

- Çadırımı qurduğum rayonlardan birində Rövşən adlı bir yerliyə bir ovuc çiy günəbaxan tumu vermişdim. Aparıb, həyətində yerə atmışdı. O tumlardan bax, bu günəbaxanlar bitmişdi. Rövşən günəbaxanları mənə göstərib, “bax, bunlar sənin verdiyin toxumlardan bitib”, – demişdi. Mən oturub, o günəbaxanları çəkmişdim. Bunlar, həmin günəbaxanlardı.
Sonra rəsmlərə baxıram, baxıram və gözüm “ağlayan qızılgüllər”ə sataşır... qızılgüllərin niyə ağladığını soruşuram və daha bir romantik tarixçə eşidirəm:

- Maya adlı bir qız vardı. Rəssam idi. Bərabər ölkəni gəzirdik, xoşumuza gələn yerdə molbertlərimzi qurub, işləməyə başlayırdıq. Neçə il belə davam elədi. Bir dəfə dostlarımdan biri bizi öz bağına dəvət elədi. Bir balaca məclis qurduq. Dostum nəzakət nümayiş elətdirib, Maya üçün bir dəstə qızılgül dərib, bağışladı. Güldana qoyduq, amma qəribədir, bir neçə saatdan sonra qızılgüllərin hamısı soldu. Mən də həmin solmuş qızılgüllərin rəsmini çəkdim. Bu, 1997-ci ildə baş vermişdi. Aradan bir müddət keçəndən sonra Mayanın anası bizi ayırdı. Maya üzüyola, fağır qız idi, hökmə tez tabe olurdu. Anası bizim həyat tərzimizi qəbul eləmədi və onu ev qadınına çevirdi. Aradan beş il keçəndən sonra Mayanı avtobusda gördüm. O incə, zərif rəssam qız şişman, kobud ev qadınına çevrilmişdi. Başa düşdüm ki, məni bu Maya ilə daha heç nə bağlamır. Qızılgüllərin o vaxt bircə saatın içində solmağı da mənə bu ayrılığın işarəsi kimi göründü...

...Sərgisini Bədoda qurduğu bir aydan çoxdur. Buradan çox xoşu gəldiyini, bəlkə elə qışı da burada qalacağını deyir. Həyat tərzindən nə qədər məmnun olduğunu soruşuram. Həvəslə danışır:

- Heç nə təsadüfən deyil. Sən də bu gün bura təsadüfən gəlməmisən, mən də təsadüfən bu günlərdə sərgimi burada qurmamışam. Bütün insanların axtardığı, ona tərəf getdiyi nəsə var. Mən də axtarışdayam. Bəlkə də bir yer, bəlkə də bir insan axtarıram, bilmirəm. Nə bilmək olar, bəlkə elə o insan sənsən? Bəlkə də o insan sabah gələcək? Sərgimə ən müxtəlif adamlar gəlir. Bəziləri bir paslı CİP minib, özlərini böyük adam hesab eləyən, ancaq heyvani instinktlərlə yaşayanlardı, bəziləri ruh adamıdı, bəziləri elm adamıdı. Eləsi olur ki, həyat tərzimə baxır, “sən nə xoşbəxtsən, istədiyin kimi yaşayırsan, maraqlı yaşyırsan” deyir. Eləsi də olur, “bu nə həyatdı, belə yaşamaqmı olar?” - deyir. Yaxınlıqdakı evlərdə yaşayan qadınlar bəzən mənə yemək bişirib, gətirir, elə bilirlər ki, mən aclıq-zad çəkirəm. İzah eləyə bilmirəm ki, bu kasıbçılıqdan, nə bilim, hansısa dərddən deyil, bu həyat tərzi mənim seçimimdi, mən belə yaşamaq istəyirəm...

Hekayətlərin sonuna mərhum həyat yoldaşı barədə bir söhbət də əlavə olunur. Çingiz Əzizin həyat yoldaşı jurnalist olub. İki övladdan, uzun illər birgə yaşayışdan sonra, özünü Marina Svetayevaya bənzədən Natalya xanım ayrılmalarını, həyatlarını yaradıcılığa sərf etməyi təklif edib. Razılaşıb, ayrılıblar. Ayrılandan sonra keçmiş həyat yoldaşı ona şikayət edib: “Heç mənim portretimi çəkmədin”. Çingiz Əziz Natalya xanımın portretini çəkib – ağ mələk paltarlı Natalya xanım ağzını geniş açmış bir əjdahaya tərəf uçurmuş şəkildə. Bir neçə gündən sonra Natalya xanım Moskvaya uçub və dünyasını dəyişib...

Söhbət əsnasında Çingiz Əziz samovar qaynadır, mənsə bir tərəfi çəmən, bir tərəfi bulaq, bir tərəfi incəsənət olan bu ələdüşməz yerdə, ələdüşməz adamın əlindən bir stəkan çay içəcəyimə görə özümü xoşbəxt hiss eləyirəm. Amma qardaşım və qohumum məni tələsdirir, naəlac qalıb, qalxmalı oluram. Çingiz Əzizin əsərləri, özü barədə yazılar, şəkillər olan disk, əsərlərinin bukletini götürürəm. Və səyyah-rəssamı bir dəfə də ziyarət edəcəyimə söz verib, ondan ayrılıram.

Maşında bukletə baxıram. Qəbələnin cənub darvazaları, Xınalıq mənzərəsi, günəbaxanlar və yanımdakıların bərk marağına səbəb olan “cənnətə düşmüş eşşək”...

“Cənnətə düşmüş eşşəy”i qohumuma bağışladım və əminəm ki, ona niyə məhz bu şəkli bağışladığımın səbəbini heç vaxt anlamayacaq...


Günel MÖVLUD
# 1595 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #