Məşhur şirin tarixçəsi - ARAŞDIRMA

Məşhur şirin tarixçəsi - ARAŞDIRMA
19 iyul 2011
# 11:49
İlk film “Qız, oğlan və şir” filmi olub. Berberovlar ailəsi öz mənzillərində çəkilib. Ata, ana, qızları Yeva və oğlanları Roma. Filmi Çingiz Rəhimov lentə alıb. Rəssamı Elçin Axundov olub, bəstəkarı Oqtay Rəcəbov.

Bu məşhur şir barədə söhbətləşdiyimiz Elçin Axundov danışır ki, şir evə daxil olanı adamı yaxınlaşıb iyləyirdi: “Mənim də düz çiynimə qabaq pəncələrini qaldırıb qoydu, iyimi alıb dönüb getdi. Bir az dəm oldum, sonra özümə gəldim. Düşündüm və bununla da cəsarətləndim ki, bu şir yiyəsini yemir, uşaqlarla oynayır, artıq rejissorla dostlaşıb, məndə yeməli nə var ki, məni yesin. Eyni ilə Oqtay Rəcəbovu da iylədi, o da evdən çıxıb birbaşa öz evinə qaçdı. Filmin maliyyə işlərinə baxan oturub sənədləri yazırdı, şir yaxınlaşıb yan tərəfdən onun qıçını iyləyir, bu da ayağı ilə vurub deyir “paşol”, elə bilir itdir. Birdən çönüb görəndə ki, qarşısında şir oğlu şir dayanıb rəngi oldu əhəng kimi.
Dedi adə, “mən ölüm”, bilmir, “sən öl” qanmır mən getdim, qaçdı . İşıqçılar da yuxarıdan aşağı düşmürdülər”.

Bu olub 1974-cü ildə. O vaxt şir balaca imiş. Ona tərəf müqabili dişi şiri Rostov heyvanxanasından tapıb gətiriblər. Çəkiliş vaxtı şirlər arasında sevgi macəraları da yaşanırmış, özü də cəmi 3 aylıq olublar. Film ekranlara çıxıb və uğurlu da nümayiş olunub.

Artıq “ulduz” şirin ikinci filmi “Dədə Qorqud” idi, 1975-ci ildə. Şir artıq xeyli böyümüşdü.

Azərbaycan kinosunda iki şir olub, Kinq-1 və Kinq-2. Hər iki şiri eyni adam saxlayıb, böyüdüb, təlim keçib.

Özünün adı da Lev, yəni şir olan bu adam uşaq evindən çıxıb. Onu Moskvada yaşayan Berberov soyadlı bir vəzifəli şəxs götürüb oğulluğa. Bu adam böyüyəndən sonra ata rəhmətə gedib. Bakılı Nina ilə evlənən Lev də köçüb Bakıya. Nina, anası və Lev bir yerdə yaşayırmışlar.


Kinq-1


Yaşadıqları evdə müxtəlif quş və heyvan saxlayan bu ailənin başçısı Lev tez-tez heyvanxanada olurmuş. Heyvanxanada bir xəstə şir balası olur, deyirlər ki, öləcək. Bu deyib ki, o öləsi olan şir balasını verin mənə, mən qulluq edim, öləndə də ölsün də. Heyvanxana işçiləri artıra onu tanıdıqları üçün qırmayıblar, veriblər, Berberov şiri müalicə edib sağaldıb, böyüdüb. Evi iki otaqlı olub, amma hündür olduğundan içindən arakəsmə ilə üst mərtəbə düzəldib. İkinci mərtəbənin eyvanından barmaqlıqlar qoyub ki, şir ordan çıxıb hava da alsın. Şiri 3 aylıq olanda tanış rejissorla razılığa gəlib ki, onu filmə çəksin. “Qız, oğlan və şir” filmi belə yaranıb.


Gəlib çıxdıq “Dədə Qorqud”a. Film üçün şir axtarışı uzun çəkməyib, artıq kino aləmi Berberovun şiri barədə bilirdi. Onun evi ilə üzbəüz Respublika Yol Polisi idarəsi yerləşirmiş. O vaxt ora rəhbərlik edən “Qara polkovnik” ləqəbli Fətulla Hüseynov deyib ki, evində saxlayırsan, öz işindir, amma şir evdən kənara çıxmasın. Kinoya çəkilməsi üçün evdən onun çıxarılmasına icazəni aktrisa Leyla Şıxlinskaya alıb. Onun xahişi ilə şiri çıxardıb apardılar “Dədə Qorqud”a çəkməyə. Filmdə aktyorların hamısından çox qonorar almağı bir yana, həm də film ekranlara çıxan kimi şir olub kinoulduz.

Sonradan “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri” filminə dəvət alan şiri ora aparmaq üçün dövlət işə qarışıb. Şir xüsusi təyyarə ilə Sankt-Peterburqa aparılıb. Dövlət himayəsinə olan kinoulduz üçün kombinatdan hər gün məxsusi ət gətirilirmiş.

Berberov “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri” filminə çəkiləndən sonra bir az böyük iddiaya düşüb. İtalyanlar buna deyiblər ki, sən İtaliyada bu şirlə milyoner olarsan, gəl İtaliyaya. Bu da dövlət qarşısında məsələ qaldırıb ki, mənə təyyarə ayırın mən İtaliyaya köçürəm. DTK-dan buna deyib ki, otur yerində, bu sakitləşməyib. Bir gün kimsə guya təsadüfən barmaqlığın qapısını açıb. Şir çıxıb şəhərə, camaat düşüb təlaşa, milisioner tapança ilə vurub şiri öldürüb. Sonra da DTK zəng eləyib Berberova ki, indi köç İtaliyaya.


Kinq-2


Kinq-1 öləndən sonra Berberov heyvanxanadan ikinci şiri götürür. Bu əhvalatı bizə danışan Elçin Hami Axundovun sözlərinə görə, 1978-ci ildə Berberov rəhmətə gedib, şirə, ondan başqa evdə artıq böyüyüb ərsəyə çatmış başqa bir Amerikan növlü şirə də həmçinin vaxtlı vaxtında iynəsini vuran olmayıb. Heyvanların da cinsi tələbatları var. Berberov həmin dövrü bilirmiş və vaxtında onlara iynə vurarmış. Kişi rəhmətə gedəndən sonra həyat yoldaşı zamanı nəzarətdə saxlaya bilməyib, nəticədə heyvanın heyvanlığı yadına düşüb və qalxıb sahibinin üstünə. Uşaqlar məktəbdə olduğundan Nina evdə tək imiş, şir əvvəlcə onu baş nahiyəsindən qanına qəltan edib, qadın özünü birtəhər hamama salıb qapını arxadan bağlayıb. Bu vaxt idman paltarını evdə unutmuş bədbəxt 15 yaşlı Roma evə qayıdıb, qapını açıb içəri girən kimi şir onu hülqumundan qamarlayıb. Bir məktəbdə olan Yeva sağ qalıb. Nəriltini, çığırtını eşidən, onsuz da göz-qulaqda olan, hər an faciənin ola biləcəyini ehtimal edən qonşular milisə xəbər veriblər.

Milis gələndə qapıdan yox, yuxarı barmaqlıqdan evin üst tərəfindən avtomatı işə salıb ki, evdəki bütün heyvanları qırsın. Sonra baxıblar ki, şirin biri, Amerikan şiri yoxdur. Belə etimal ediblər ki, oğlan qapını açan kimi şirin biri onu yaxalayıb, o biri açıq qalan qapıdan çıxıb. Sonra şir oğlanı buraxanda onun meyiti yerə sərilən zaman qapının arxasına düşüb və qapı örtülüb. Bütün şəhərə elan verib, xəbərdarlıq olunub, eyni ilə “Şir evdən getdi” filmində olduğu kimi.

Yeri gəlmişkən, “Şir evdən getdi” filmi 1977-ci ildə, Kinq-2-nin iştirakı ilə çəkilib. Bu hadisə isə 1979-cu ildə baş verib. Şiri milislər şəhərdə tapıb güllələyirlər. Tam filmin əksinə olaraq, onu müdafiə edən də olmur.
Bu minvalla kinoulduz şirlər insan faciəsinə də səbəb olub, özlərini də məhv etdiriblər. Deməli, bir daha sübut olunur ki, vəhşi vəhşidir, nə qədər təlim də görsə, bir gün gen öz işini görür.


Ramilə Qurbanlı
# 5397 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #