Mirzə Ələkbər Sabirin Kalinina soyadlı nəticəsini tapdıq  

Mirzə Ələkbər Sabirin Kalinina soyadlı nəticəsini tapdıq  
17 dekabr 2012
# 08:15

Nəticəsi imiş. Nə olsun ki, soyadı Kalininadır. Adı ki özümüzdəndi: Lalə.

Moskvada yaşayırmış. Yaşı? Yaşın nə fərqi var ki? Əsas odu Sabirin nəticəsi tapılıb, xəbəriniz varmı?

Tapılıb deyəndə ki, o, heç hara itməmişdi. Sadəcə biz, ulu Sabirin belə bir, bu adda nəticəsi olduğunu bilmirdik.

Deyir, babam kimi şer yazmağı bacarmıram.

- Bəs sabun biznesiniz necə, varmı?

- Ümumiyyətlə, biznesdən uzağam.

Əslində, Lalə xanımın, Sabirin nəticəsinin Moskvada yaşamasından Rusiya paytaxtında yaşayan tanınmışlarımızın belə xəbəri yox imiş. Moskvada fəaliyyət göstərən Şəhriyar Ədəbi-Məclisi ona dəvət göndərməyənədək…bəlkə də onun varlığından hələ də xəbəri tutmayacaqdıq.

Qeyd etdim, soyadı maraqlıdır Kalininadır. Bəlkə də ulu Sabir nə vaxtsa yatsa da yuxusuna girməzdi ki, ruslarla qan qohumu olacaq…

Sabirin nəvə-nəticəsi bütün dünyaya səpələnib

- Mən Moskvada anadan olmuşam. Atam da Moskvada böyüyüb. Onun 16 yaşı olanda valideynləri bu şəhərə köçüb. Atam riyaziyyatçı idi. Çox ciddi, qaraqabaq adam olub. Yadımdadı, heç vaxt Sabir kimi dahinin nəvəsi olduğunu dilə gətirməzdi. Onun bir məramı vardı: həmişə öz gücü hesabına uğura nail olmaq. Ümumiyyətlə, bizim nəslimiz taleyin gərdişindən yer üzünün xeyli ölkəsinə səpələnib. Biz, qardaşımla birgə Moskvada yaşayırıq. Əmim qızı Bakıda. Başqa bir əmimqızı Almaniyada. Bir qardaşım Londonda. Bəlkə də az adam bilir ki, ulu babamın iki arvadı olub. Bizim nəsil onun birinci arvadından olanlardır.

- Bəs ulu babanızın Sabir kimi bir düha olduğunu nə vaxt bildiniz?

- Hələ uşaq vaxtından ulu babam barədə eşitmişdim. Düzdür, onun bir sıra şerləri ruscaya tərcümə edilmişdi. Amma atam həmişə deyirdi ki, Sabirin əsərlərini onun ana dilində, Azərbaycan dilində oxumaq lazımdır. Çox təəssüf ki mən Azərbaycan dilini bilmirdim. Elə indi də bilmirəm. Çünki anam rusdur.

Sabirin arxivi bibimdədir

- Azərbaycan mədəniyyəti barədə bilgilisinizmi?


– Azərbaycan mədəniyyəti, tarixi həmişə mənim üçün maraqlı olub. Mən Azərbaycan dilini bilməsəm də onun qədim tarixi barədə çox oxumuşam.

Mən onu da gözəl bilirəm ki, ulu babamın adı Azərbaycanda hörmətlə yad edilir. Ona pərəstiş edirlər. Çox təəssüf ki onun çox az foto şəklini görmüşəm. Bakıya gedəndə ailə albomu ilə tanış olmaq imkanı yaranır. Bu albomu vərəqləməkdən zövq alıram. Sizə bir söz də deyim ki, bizim nəslimizin arxivini Fəridə adlı bibim qoruyur. Ulu babam haqda ən çox o, bilir. Keçən il mənə Sabirin bir kitabını gətirmişdilər. Onu Fəridə bibi mənə bağışlamışdı. Mən çox xoşbəxtəm ki, ulu babamın xatirəsini Bakıda da, Moskvada da ehtiramla xatırlayırlar.

# 4372 dəfə oxunub

Müəllifin son yazıları

# # #