Uşaqbazlıqdan oxuyan xanəndə

Uşaqbazlıqdan oxuyan xanəndə
31 oktyabr 2014
# 14:00

Səməd kişi oturmuşdu divanın sağ küncündə. Bir-iki yanbız aralıda arvadı Sona xala əyləşib açıqda qalmış baldırına qonan naməhrəm milçəklərin ağzı dəyən yerləri qaşımaqdaydı.

Səməd kişi səssizlikdən bezib ah çəkdi. Nəsə demək istədi. Ancaq arvadının şikayət dolu gözlərini görüb əlini göbəyinin üsündən götürdü ki, ömür-gün yoldaşının namusunu inadkar milçəklərdən qorusun.

Otağın qapısı açıldı. 15-16 yaşlı qız nəvəsi gəlib oturdu aralarında. Qeyrət inspektoru müqəddəs niyyətlə qalxmış əlini uzatdı televizorun pultuna. Bayaqdan yaxa yırtıb dad eləyən xanəndənin səsini bir qədər də açdı. Bədənləri ilə divanı zəbt etmiş cahil trio gözlərini zillədi ekrana. Xanəndə bəmdə ləzzətlə bir-iki dəfə gərnəşib, sağa-sola üç-dörd dəfə dombalaq aşandan sonra başladı qəzələ:

Kimdə vardır gözəlim səndə olan cazibələr

Sənə dünyada məgər aşiq olan da qəm elər?

Səməd kişi ağzını marçıldatdı. Sona xala ah çəkdi. Qız nəvə oxunan kəlamdan bir şey anlamayıb sağ budunu qaşıdı. Əlində tutduğu telefonu qurdalamağa başladı. Səməd kişi marçıltısına ara verib nəvəsinin telefonunu müsadirə elədi. Nəvə babasına elə baxdı ki, yalnız ictimai nəqliyyatda harasısa tapdağa məruz qalan tələbə qızların gözlərində rast gəlmək olardı belə baxışlara. Səməd kişinin pis bir niyyəti yoxdu. İstəmirdi, nəvəsinin diqqəti dağılsın. İstəyirdi, incik baxışlı məsum qız uşağı da muğama qulaq asanda ağzını marçıldatsın. Əgər bir nəfər yandan çıxıb oxunan bu beyti loru dildə Səməd kişiyə izah etsəydi və desəydi, bax, ağsaqqal, şair bu şeirdə demək istəyir ki, mənim torpağım işğal altındadı, kirayədə yaşayıram, banklara borcum var, qardaşımın ciyəri xəstədi, amma bunların heç biri vecimə deyil, çünki sevdiyim xanımın elə bir cazibəsi var ki, məni qəm çəkməyə qoymur - o zaman Səməd kişi ən azından ağzını marçıldatmazdı. Xanəndə keçmişdi ikinci qəzələ:

Sordum ol limuyi-püstandan niyə pəjmürdəsən

Səngdillərdən şikayət etdi kim, əllənmişəm.

Baba gözlərini yumub getmişdi huşa. Nənə əlindəki dəsmalla göz yaşlarının islatdığı yerləri qurulayırdı. Nəvə telefonu üçün darıxırdı.

Bu beytdə şair, qadının limon şəklində olan məməsiylə əhvalpürsanlıq edib. Və möcüzə baş verib: limondan seçilməyən məməş dilə gəlib şikayət edib ki, daşürəklilər dünən gecə məni möhkəm əlləyiblər. Bir məmənin başına gələnlər bu qədər ürəkyandırıcı haldırsa, arzuladığın qədər huşa get, Səməd kişi. Ağlayıb ürəyini boşalt, Sona xala!

Otaqda kamança səsi tar səsini dabanbasma təqib etməkdəydi. Xanəndə tarzənin işarəsilə başladı zilə qalxmağa. Zirvədə bir-iki dəfə səntirləsə də əlindəki dəflə müvazinətini saxlaya bildi:

Keçmək xətadı bəççeyi-sağərfiruşdən

Fitva varımdı əldə bu məbhəsdə pirdən.

Qırmızıyanaq xanəndə bəlkə özü də bilmirdi oxuduğu sözlərin mənasını. Səməd kişi heç bilmirdi. Bilsəydi nəvəsini qovardı otaqdan. Arvada çımxırardı. Bilsəydi ki, qulağa xoş gələn qəzəldə şair pedofilliyə haqq qazandırır, bundan sonra arvad-uşağı buraxılış vərəqəsi ilə buraxardı televizorun həndəvərinə. Xanəndə son zənguləni də vurub dəstgahı tamamladı.

Ekranda artıq heyvanlar aləmindən sənədli film gedirdi...

# 3144 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #