#

"Ərimə onun dostu ilə sevişdiyimi etiraf etdim..." - İnqilabların sevgilisi haqqında

"Ərimə onun dostu ilə sevişdiyimi etiraf etdim..." - İnqilabların sevgilisi haqqında
2 aprel 2024
# 12:00

Kulis.az Rəvan Cavidin "Liliya – inqilabların sevgilisi" adlı yeni yazısını təqdim edir.

“1915-ci ildən ölənə qədər, yəni düz on beş il Vladimir Mayakovskinin həyatına yoldaş oldum.
Bir-birimizdən ayrıldığımız qısa zamanlarda belə məktublaşırdıq. Həmin mətubların bəzilərini mən xaricdə olanda, bəzilərini də o, xaricdə olanda Moskvaya göndərirdi. Hər il birlikdə səfərlərə çıxırdıq. Fərqli ölkələrdə, fərqli şəhərlərdə gəzirdik. Bəzən yollarımızı ayırıb sonra yenidən Moskvada görüşürdük.

1926-cı ildən sonra Mayakovski SSRİ-nin müxtəlif yerlərində mühazirələr oxumağa başladı. Getdiyi hər şəhərdən mənə konfransları barədə, bizim haqqımızda məktublar yazırdı.

Məktubları “Çen” imzası ilə yazırdı və çoxunun altına rəsimlər çəkirdi. Özünü it, məni pişik simasında rəsm edərdi. Evdə də bir-birimizi elə çağırırdıq.

Məktublarının çoxunda O.M. Brek haqqında yazır. Ossep Brek ilk ərimdi. Onunla 1905-ci ildə, on üç yaşımda, inqilabın ilk illərində tanış olmuşdum. 1912-ci ildə evləndik. Mayakovskiylə sevişdiyimizi ona etiraf etdim, sonra üçlükdə qərar verdik ki, heç vaxt ayrılmayaq. Mayakovski və Brik həmin vaxtlar bir ədəbiyyat dərgisi çıxarmaq istəyirdilər. Çox yaxın dost idilər. Bu etirafımdan sonra da dostluqları bitmədi. Üçümüz də bərabər, xoşbəxt yaşadıq...”

1970-ci ildə nəşr olunan “Lili Brikə məktublar” kitabının önsözüdür. Lilinin öz qələmindən çıxıb bu etiraflar.

İnqilabların ortasında, məchul bir gələcəyin eşiyində tanımışdı Lilini. Həyat yoldaşı Ossep Breklə çoxdanın dostu, əqidə yoldaşı idi. Liliyə sevgisini etiraf edəndə Ossep şair dostunu anlamışdı. Və düz on beş il üç yoldaş, üç sevgili bir evdə eyni taleni paylaşmışdılar. Məhəbbət üçbucağı indi nə qədər qəribə səslənsə də, həm Mayakovskiyə, həm də Brek ailəsinə müsbət təsir etmişdi.

On beş il ağır keçmişdi. Çəhrayi arzuların arxasında qaranlıq hicranın vahiməli kölgəsi var idi. Nə Vladimir, nə də Lili ömrünün sonuna qədər bu kölgədən yaxa qurtara bilmişdi. İdeoloji propaganda aparmaq üçün hər ikisi Rusiyanın müxtəlif şəhərlərinə, dünyanın fərqli ölkələrinə getmək məcburiyyətində qalmışdı. Aradakı məsafələr hər iki aşiqi dərin darıxmaq hissinin qucağına atırdı.

Həmin ağır günləri Mayakovski “Hər şey yolundadı!” şeirində belə ifadə edirdi:

Tüfənglərin və top gurultularının ortasında
bir ada kimidi Moskva
və adanın üstündə bizlər.
ac, yoxsul,
ağlımızda Lenin,
əlimizdə tapança...

1915-ci ildən başlayan mübarizə yolu iki sevgilini ayrı salır. Bundan sonra onlar çox az-az görüşəcəkdilər. Hər qovuşma anı isə qaynar bir ehtirasın içində qovrulacaqdı. Mayakovski yolun sonunun həbs, ya da ölüm olduğunu ilk ayrılıqdan başa düşmüşdü. Əslində, Lili də bunu sezirdi. Amma sevgilisindən fərqli olaraq əsl sosialist optimistliyi ilə həyatdan yapışmışdı. Əri Ossi, sevgilisi Mayakovski onun qədər pozitiv deyildi.

Mayakovski 1917-ci ilin dekabrında sevgilisinə Moskvadan göndərdiyi məktubda yazırdı:

“Kim bilir, hələ neçə dəfə dəmir barmaqlıqlara tərəf gedəcəm, bir dəri, bir sümük qalmış barmaqlarımla gözlərimi tutacam və dimdik mənə zillənən gün işıqlarından yorğun baxışlarımı gizlədəcəm. Kədərlə üfiqə baxacam və toz buludları arasında poçtalyonun tanış kölgəsini gözləyəcəm. Məni bu hallara salmayın!”

Məktubda həm Ossiyə, həm də Liliyə xitab edir. Vladimir qarşı tərəfdən həmişə məktubları gec alırdı. Bəzən bu gecikmə iki ayı keçirdi. Həmin vaxtlar şair dəliyə dönürdü. Lilinin onu unudacağı düşüncəsi şairi həmişə narahat edirdi.

“Yalvarıram, ikicə sətir yaz mənə. Hər səhər eyni kədərlə oyanıram: “Görəsən, Lili necədir?” Unutma ki, səndən başqa heç bir şeyə ehtiyacım yoxdur. Heç nə ilə maraqlanmıram. Mən, sadəcə, səni sevirəm.

Moskva, aprel 1918”.

Məktubların tarixi dəyişdikcə Mayakovskinin həsrətinin rəngi də tündləşir. 1921-ci ilə bu məktubların məcrası beləcə davam edir. Çox vaxt seminarlarda, mühazirələrdə, işçi görüşlərində olan iki sevgili sadəcə məktublaşaraq bir-birini ovundururdu.
1921-ci ildə Lili Brik Londanda Sovet Ticarət Təmsilçiliyində işləyən anasını görmək üçün səfərə çıxar. Riqada viza almaq üçün növbəyə yazılar. Həmin vaxtlar Litva Avropa və Rusiya arasında körpü rolunu oynayırdı. Nə az, nə çox, düz üç ay viza gözləyən Lili Londona gedə bilmir. Riqada olmağını fürsət bilib oradakı bir neçə nəşriyyat və yayın evi ilə görüşməyə başlayır. Məqsəd rus klassiklərini və yeni ideoloji gənc şairlərin kitablarını Avropada çap elətdirməkdir.

Bu ayrılıq Vladimirə olduqca ciddi təsir edir. O indi məktublarında Ossidən bəhs etmir. Sadəcə Liliyə qarşı olan ehtiraslı sevgisini və həsrətini yazırdı. Həmişəki kimi sevgilisi onu intizarda saxlayırdı. 1921-1922-ci illərdə yazılmış bütün məktublarda sadəcə ağır depressiya və kədər var. Hətta bir neçə məktubdan sonra adama elə gəlir ki, Lili artıq Vladimiri sevmir və ona yazmır.

“Yenə kədər içindəyəm. Səndən isə iki kəlməlik məktub da yoxdur. Bu gün Menşoya gedəcəm, bəlkə nəsə göndərmisən. Necə olduğunu gözlərimlə görə bilmək üçün səndən xəbərsiz çıxıb yanına gəlmək arzusu ilə tutuşub yanıram. Gələ bilmirəm. Öz-özümə məni unutmadığını, sadəcə məktubları gec göndərdiyini xatırladıb ovunuram. Nə olar, yaz mənə...

Moskva, 2 noyabr 1921”.

Bu yalvarışlı məktubun cavabı dörd gün sonra gəlir. Mayakovski həmin məktuba cavab yazanda sevgilisindən yazdıqlarına tarix qoymağı xahiş edir. Lilinin isə başı işlərə qarışmışdı. Şairin sentimental məktublarına cavab yazmaq yerinə onun şeirlərini çap elətdirmək üçün nəşriyyat axtarışında idi. Bəzən işgüzar məktublarla ondan tərcümə üçün əsərlər göndərməyini istəyirdi.

Lilinin Riqada olduğu iki il Mayakovskinin yaradıcılığı üçün böhran illəri oldu. Sadəcə fərqli şəhərlərdə mühazirələr deyir, tərcümə edilməsi üçün əsərlər toplayırdı. Məktublarında isə sevgisini ifrat dərəcədə ifadə edirdi. 1921-ci ilin 22 noyabrında yazdığı məktubda “Səni sevmirəm, sənə tapınıram, Lili” cümləsi ilə hisslərinin nə qədər ağır olduğunu göstərirdi.

1922-ci ildə həsrət bitir. Mayakovski və Briklər Berlində görüşüb bir müddət orada istirahət etdilər. Həmin dövrdə Vladimir Lilini əri Ossiyə qısqanmağa başlayır. Bunu özü üçün utancverici bir hal olaraq dəyərləndirirdi. 1922-ci il dekabrın 28-də Briklərin evindən çıxır və 1923-cü ilin 28 fevralına qədər öz evində yaşayır. İki ay həm Lili, həm də Mayakovski üçün çətin keçsə də, bir-birlərini işgüzar görüşlər xaric heç yerdə görməsələr də, düşünürlər ki, bu ayrılıq onlara yaxşı gələcək. Bəlkə ikisi də bu inqilabi sevgidən əl çəkərlər. Mayakovski artıq intihar haqqında düşünürdü. 1923-cü ildən etibarən yazdığı məktublarda tez-tez intihar haqqında qeydlər edirdi.

“İndiyə qədər belə bir ağrı çəkməmişəm. Deməli, əməllicə böyümüşəm. Hər şey dadını itirib. Elə bilirəm, daha heç nə olmayacaq. Həyatımda hər şey maraqsızlaşıb. Sənsiz yaşamağın bir mənası yoxdur. Bunu sənə həmişə deyirdim. İndi isə iliklərimə qədər hiss edirəm. Zövqlə, ehtirasla düşündüyüm hər şey öz dəyərini itirdi, həyat ürəyimi bulandırır.

Moskva, Dekabr 1922”.

1923-cü ildə Mayakovski sevgilisi Lili Brikə bir qəfəs dolusu göyərçin göndərir. Məktublarının sonunda Liliyə sevgisini və həmin quşlara salamını çatdırırdı. Artıq Ossi demək olar ki, sevgililərin arasından çəkilmişdi.

Mayakovskinin şöhrəti bütün ölkəyə yayılmışdı. O, məşhur şair və ideoloji missioner idi. Şeirləri təkcə Rusiyada yox, Avropada da çap olunurdu. Bir müddət sonra, ölümündən əvvəl Avropaya və Amerikaya səfərə çıxacaqdı. İllər və statuslar dəyişsə də, Liliyə qarşı sevgisi azalmır, əksinə daha şiddətli dərəcədə istəyi artırdı. Parisdən yazdığı məktublar Moskvadakı sevgilisinə yenə depressiv ruh hallarını ifadə etməkdən yorulmurdu.

“Necə yaşadım heç bilmirəm. Nə oldu, nə keçdi, heç bir fikrim yoxdur. Hiss etdiyim tək şey durğunluqdu. Olanların, olacaqların qarşısında özümü yorğun hiss edirəm, Lili...

Paris, 9 noyabr 1924”.

1925-ci ildə Meksikaya çatan Vladimir sevgilisini də yanına gətirmək üçün çox çalışır, amma nafilə. Təxminən, bir il sonra özü də Avropaya qayıdır. Amerika və Avropa səfəri Mayakovskinin yaradıcılığını müsbət mənada dəyişsə də, psixologiyasını və intihar düşüncələrini dəyişmir.

“Əzizim, Bakıdayam. Bura, məncə, sənin və mənim gördüyüm yerlərdən fərqlidir. Küçələrdə çoxlu heyvanlara rast gəlirəm. Bazarda xeyli adam olur. İstirahət günləri bazar günü yox, cümə günləridir... Tiflisə yola düşəcəm, sənə qovuşmaq üçün səbirsizlənirəm... Ossinin də işləri yolundadır. Burda bir neçə yerdə mühazirələr verdik...

Bakı, 20 noyabr 1926”.

Məktubdan da anlayırıq ki, Bakıda Mayakovskini sevgilisinin əri qarşılayır. Moskvaya qayıtdıqdan sonra bir il də bir yerdə yaşayırlar. 1927-ci ildə Vladimirin ikinci Avropa səfəri başlayır. 7 may 1927-ci ildə Parisdən yazdığı məktubda Praqada imza gününün anşlaqla keçməsindən, Avropada adının məşhur olduğundan yazır. Hətta oxucuların zalda oturmağa yer tapa bilmədiklərini, mindən artıq kitab satdığını qeyd edir.

1925-ci ildə dostu Yeseninin intiharı, üstəlik həmin illərdən başlayan Lilinin soyuq münasibəti Mayakovskini intihara bir az da tələsdirir.

19 mart 1930-cu ildə Mayakovski sevgilisinə son məktubunu yazır. Onu və ailəsini SSRİ-yə əmanət edir. İntihara hazırlaşanda da Liliyə olan sonsuz sevgisini şairanə etiraf edir.

Mayakovskinin ölümündən sonra Liliya Brik Ossidən ayrılır və general Vitali Primakovla evlənir. Primakov 1937-ci ildə edam olunur.

Liliya Brik 1935-ci ildə Stalinə məktub yazaraq Mayakovskinin külliyatının Nikolay Yezhov tərəfindən görməzdən gəlindiyini və arxivlənmədiyini bildirir. Stalin həmin məktubdan sonra Yezhova təcili bu işi həll etməsini tapşırır. Qeyd edim ki, Nikolay Yezhov 1970-lərdə “Vətən xainləri” siyahısında adı hallanan məmurlardan biri idi.

Liliya Brik 1938-ci ildə yazıçı Vasili Katanyanla evlənir və ömrünün sonuna kimi onunla yaşayır.

Lili haqqında Pablo Neruda “Rus avanqardizminin ilham pərisi” deyirdi. Həqiqətən, sadəcə Mayakovskinin həyatındakı roluna görə yox, həm də rus klassiklərinin Avropa dillərinə tərcüməsi prosesindəki fəal iştirakına görə Liliya Brikə Nerudanın tərifini layiq görmək olar.

“Lili Brikə məktublar” kitabında Mayakovski tərəfindən yazılmış 125 məktub var. Bütün məktubların sonunda imza yerinə it şəkli şəkilib. Vladimir Liliyə pişik, özünə isə Çen adlı it deyirdi. Çox məktubun sonunda da “sənin sadiq itin” yazıb. Mayakovski davasına və sevgisinə sadiq Çen kimi həyatdan köçdü.

# 2092 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #