Onun nə haqqı var özünə Xalq yazıçısı deməyə?! - Rəvan Cavid

Rəvan Cavid, yazar

Rəvan Cavid, yazar

7 sentyabr 2023
# 14:38

Kulis.az Rəvan Cavidin "Azərbaycan əsilli rus yazıçısı Çingiz Abdullayev" adlı yazısını təqdim edir.

Ölkədə ilk dəfə “Azərbaycan dili və ədəbiyyatı” forumu keçirildi. Foruma dəvət alsam da, məlum səbəblərdən iştirak edə bilmədim. Forum keçirilən günlərdə dostların paylaşdığı şəkillərə baxanda tədbirlərin canlı keçdiyini fikirləşirdim. Hamı gülərüz, ümidli.

Forum bitdi. Məlum oldu ki, on ildir deyilən problemlər yenə danışılıb, suallar verilib və konkret bir cavab yenə, yenə alınmayıb.

Forumdan gündəmdə qalan isə iki şəxs oldu. Biri Nizami Cəfərov, digəri Çingiz Abdullayev.

Nizami Cəfərovun şairlər haqqında səsləndirdiyi fikirlərə təəccüblənmədim. Çünki bir il qabaq hərşeyşünas Varisin təşkil etdiyi festivalda Nizami müəllim gənc şairlərdən danışarkən rəhmətlik (!) Fikrət Qocanın və qocaman (!) şairimiz Nəriman Həsənzadənin adını çəkmişdi. Məlum olmuşdu ki, görkəmli alimimiz 90-lardan bu yana bir nəfər belə olsa şair tanımaq istəmir. O məlum festivaldan sonra Nizami müəllimə açıq məktub da yazmışdım. Və elə o məlum festivaldan sonra Nizami müəllimin səsləndirdiyi hər hansı bir fikri ciddi qəbul edə bilmirəm. Nizami Cəfərov desə ki, ay camaat, qatıq ağdı, bilin ki, boş söhbətdi. Bilin ki, ya Nizami müəllimin ürəyi qatıq istəyir, ya da Nəriman Həsənzadə qatıq haqqında şeir yazıb.

Çingiz Abdullayev isə danışığı ilə, daha doğrusu, danışa bilməməyi ilə gündəmə gəldi. Həmişəki kimi. Çingiz müəllim nə vaxt ağzını açsa, gündəm olur. Onun Azərbaycan dilini bilməməsi ilə əlaqədar çox status yazıldı, çox zarafat edildi. Ona görə, həmin mövzuya qayıtmaq istəmirəm. Bircə kəlmə onu demək istəyirəm ki, Çingiz Abdullayev adlı azərbaycanlı yazıçı yoxdur, Azərbaycan əsilli rus yazıçısı var.

Gələk başqa məsələyə. Niyə Çingiz Abdullayevə dünya şöhrətli yazıçı deyirlər?

Onu dünya şöhrətli edən nədir?

Çingiz Abdullayev hansı beynəlxalq mükafatı qazanıb? Hansı beynəlxalq ədəbiyyat forumunda iştirak edib? Hansı beynəlxalq mükafatın jüri heyətində olub? Dünyada hansı böyük nəşriyyatlar onu çap edib?

Bu dörd suala Çingiz müəllim cavab verə bilməyəcək. Versə də, mən anlamayacağam. Ona görə, Azərbaycan dilində bu sualları cavablandıra bilənlər bizi aydınlatsın.

Bir ildir Türkiyədə yaşayıram. Qardaş ölkənin yeddi şəhərini qarış-qarış gəzmişəm. O şəhərlər arasında Ankara və İstanbul da var. Gəzdiyim şəhərlərin xırda sahhafçısından tutmuş böyük kitabxanalarına qədər hamısını bir-bir dolanmışam. Dünyanın ən böyük kitab festivallarından biri olan İstanbul Kitab Fuarında iştirak etmişəm. Üç gün həmin festivalda yer alan minlərlə nəşriyyatın stendi önündə azı yarımsaat dayanmışam. Bursa Kitab festivalında olmuşam. Sözümün canı odur ki, qardaş ölkənin bu böyük kitab festivallarında bircə dəfə də olsun Çingiz Abdullayevin kitabına rast gəlməmişəm. Bütün böyük nəşriyyatların kitab mağazasında, universitetlərin kitabxanalarında “dünya şöhrətli” yazıçının kitabları gözümə görünməyib. Ümumiyyətlə, azərbaycanlı yazıçılardan bircə Elçinin “Baş” romanını “Türkiye İş Bankası”nın kitabxanasında və festivallarda həmin nəşriyyatın stendlərində görmüşəm. Azərbaycan-Türkiyə vəqfləri xaric başqa heç bir kitabçıda Azərbaycan yazıçısının kitablarına rastlamamışam.

İndi deyəcəksiniz, Çingiz müəllim dünyanın, nə bilim, 150 dilinə tərcümə olunub və sair. Dünyanın 200 dilinə də tərcümə olunsanız, bu sizin dünya şöhrətli yazıçı olmağınız demək deyil. Saxta PEN klub qurmaqla da dünya şöhrətli yazıçı olunmur.

Türk vikipediyasında Çingiz Abdullayevin “tanınma nedeni” kimi “Neftçi” klubunun başqanı olması göstərilir. Bu da məsələnin başqa tərəfi.

Çingiz Abdullayevin Xalq yazıçılığı da saxtadır. Əgər bir yazıçı ana dilində ölkəsinin mədəniyyəti haqqında on fərli cümlə qura bilmirsə, xalqı haqqında beş normal söz deyə bilmirsə, onun nə haqqı var özünə Xalq yazıçısı deməyə?!

Əminəm ki, orta məktəbin ibtidai sinif şagirdi ana dilimizə Çingiz müəllimdən daha çox hakimdir və o uşağa bir az həvəs versən, oturub Çingiz müəllimdən qat-qat yaxşı hekayə yazar.

Çingiz Abdullayevi müdafiə edənlərdən bəziləri onun müharibə dövründəki rus və ingilis dillərində verdiyi müsahibələri arqument göstərir. Hə, nə olsun? Müharibə vaxtı fəhləsindən tutmuş nazirinə qədər hamı əlindən gələni, bildiyi şeyi edirdi də gavur qarşısında. Bunun yazıçı Çingiz Abdullayevin yaradıcılığına nə dəxli var? Vətəndaş, ziyalı Çingiz Abdullayevə müharibə dövründəki reportajlara görə hamı çox sağ ol dedi. Deyirik də. Ancaq Çingiz müəllimin Azərbaycan yazıçısı olmaq iddiasını bu arqument xilas etmir.

Müasir Azərbaycan ədəbiyyatında beş yox, on yox, otuz normal ədəbi nümunə adı çəksək, yenə Çingiz müəllimin yazı-pozusuna yer olmayacaq.

Bu yazını isə Baba Vəziroğlunun Çingiz Abdullayevi tərif edən müsahibəsindən sonra yazmaq istədim. Çünki nəğməkar şair kimi tanıdığımız Baba Vəziroğlunun çox gözəl hekayələri var. O hekayələrdə Azərbaycan dilinin nəfəsini hiss etmək olur. Elə hekayələr yazan birinin “Çingiz Abdullayev ana dilini bilir” deməsi, yumşaq desək, nadürüstlükdən başqa bir şey deyil. Əlbəttə, kişi gərək dostunu müdafiə etsin. Həm də kişi gərək dostunun qəbahətini bilsin və heç olmasa o qəbahətin önündə kirimişcə dursun.

Ümid edirəm, Çingiz müəllim sevdiyi detektiv qəhrəmanlar kimi bir gün özünə əsl gerçəyi etiraf edə biləcək və astaca pıçıldayacaq: Dronqo, sən Azərbaycan dilində danışa bilmirsən!

# 3058 dəfə oxunub

Müəllifin son yazıları

# # #