XI yazı
Bu dəfə tanıdığım üç müəllimənin taleyindən danışacağam.
Ağgül müəllimə ilə Firuzə müəllimə ibtidai sinif müəlliməsi idilər. Hamı istəyirdi ki, məhz bu iki müəllimədən, rəfiqədən biri onların uşaqlarının ilk müəlliməsi olsun. Buna görə də onlar paralel siniflərin müəllimləri olardılar.
Onların dərs dedikləri uşaqların səsi çox uzaqlardan gələrdi. Evə gələn məktublardan sonra böyük sevinc fərəh hissi yaşanardı. Mən həmin Firuzə müəllimənin qızıyam, həm də anam mənim ilk müəlliməmdir-ibtidai sinif müəlliməm. Ağgül müəllimə isə qonşuluqda yaşayırdı, ona da gələn məktublar bizdə açılıb anamla birgə oxunardı. Bu iki müəllimənin dərs dediyi, indi dünyanın müxtəlif yerlərində təhsil alan şagirdlərindən gələn məktubları necə fərəhlə oxuduqları o xoşbəxt günləri gözlərimlə görmüşəm. Necə əməkdaşlıq etdikləri, öz təcrübələrini necə bölüşdükləri də yadımdadır.
Bütün bu anamın dediyi kimi “gözəl günlər” torpaqların yağmalanması ilə arxada qaldı. Elə bil xoşbəxtlik deyilən nəsnə də tankların tırtılları altında qaldı. Ağgül müəllimə Biləsuvarda çadır şəhərciyində yaşayırdı. Anam Bakıda. Uzaq düşmüşdülər, bir-birilərindən, gedən-gələn vasitəsilə xəbər tuturdular, o da ildə bir dəfə olardı, ya yox.
Anam Bakıda məskunlaşandan məktəbdə işləyə bilmədi. Gecə-gündüz yurdu üçün o qədər göz yaşları tökdü ki, sözün əsl mənasında gözlərinə tor gəldi. Ağlamaqdan problem yaranmış, əməliyyat olunmuş gözlərini qoruması üçün həkim ona işləməməyi məsləhət gördü. Razılaşdı, çünki işləyəcəyi mühit, dərs deyəcəyi uşaqlar cəlb eləmirdi onu. Burda sevimli Firuzə müəllimə kimi yox, qaçqın damğası ilə tanınırdı, bu imicin işləyəcəyi məktəbdə də onu tərk etməyəcəyini bilirdi. Hər il, ilk dərs günü məktəbə gedən müəllim və şagirdlərə baxıb gizli göz yaşları axıtdığını ağrı ilə müşahidə edirəm.
Bir də qəlb ağrılarını cild-cild dəftərlərə köçürür, şeir deyil, başdan ayağa ağrıdır bu misralar.
Bir gün kimsə xəbər gətirdi ki, Ağgül müəllimə dünyasını dəyişib. Anamın halını yəqin ki, sözlə ifadə etmək olmaz. Elə bil müharibədə ağır döyüşlərdə iştirak etmiş silahdaşlardan biri o birini itirmişdi. Evin içində rəfiqəsini, həmkarını, xanım-xatın Ağgül müəlliməni necə ağı deyib ağladısa biz də göz yaşlarımızı saxlaya bilmədik. “Sənin yerin o boz çöllük deyildi”-dedi:
“Sən öz doğma yurdunda, məktəbin yaxınlığındakı məzarlıqda el-obanın, səni sevən keçmiş və indiki şagirdlərinin müşayiəti ilə torpağa tapşırılmalı idin, sevgi ilə, hörmətlə, hüznlə”.
Amma elə olmamışdı, Ağgül müəllimə yurdsuz kimi yad məzarlıqda dəfn olunmuşdu.
Haqqında danışmaq istədiyim üçüncü müəllimə də bizim müəlliməmiz idi.
Hardasa bir dörd-beş il bundan əvvəl Bakıda, mərkəzdən kənarda təsadüfən mağazaların birində gördüm onu. Mağazanı süpürürdü. Baxdım və məni görməsin deyə dərhal üzümü gizlətdim. Satıcı qızdan süpürgəçinin adını soruşdum, dedi, yanılmamışdım. Satıcı qız deyəsən halımdan nə isə başa düşdü “tanıyırsınız onu?” soruşdu. Dedim ki, mənim müəlliməm olub. Qız “yazıq deyir ki, müəlliməyəm, inanmırıq” dedi. “Nəinki müəllimə”-dedim, “məktəb direktoru olub, rayon maarif şöbəsində yüksək vəzifədə işləyib”.
Sonradan öyrəndim ki, iş tapa bilməyib, əri ağır xəstə yatdığı üçün müəllimə çörəkpulunu süpürgəçilikdən çıxartmağa başlayıb.
Allah bilir nə qədər belə gözəl insan, yaxşı müəllim didərginlik həyatında hansı günlər yaşayıb, bəlkə də hələ də elə əziyyətlə yaşayır.
Çox sevdiyim, bizim üçün özlərini pul bahasına deyil, sadəcə peşələrini və bizləri sevdikləri üçün fəda edən müəllimlərim, hər birinizin qarşısında baş əyirəm, yeni dərs iliniz mübarək.
Layihənin digər yazıları:
Nişanlısı Qarabağ döyüşçüsünü atdı
Kəndə tək gedən qızın başına gələnlər
Oğlanların yataqxanasına getmək ayıb sayılırdı
Ata əsirlikdə erməni bayrağına tüpürmüşdü, oğlu məscid partlatdı