Fərhad Bədəlbəyli: “Bülbülün həyətinə girəndə qorxdum” – Şuşa söhbəti

Fərhad Bədəlbəyli: “Bülbülün həyətinə girəndə qorxdum” – Şuşa söhbəti
27 yanvar 2021
# 15:18

Dəfələrlə həmsöhbət olmuşuq. Hər dəfə söhbətimiz Şuşanın üstünə gələndə kövrəlib, başını aşağı salıb, nədənsə peşmanmış, günahkarmış kimi danışıb.

Bu günlərdə getmişdi Şuşaya, düşündüm ki, təəssüratlarını yığıb-yığışdırmaq mümkün olmaz, elə də oldu.

Lent.az-ın həmsöhbəti xalq artisti Fərhad Bədəlbəylidir. Söhbət həm Fərhad müəllimin özündən, həm də Şuşadan gedir...

- “Şuşaya gedirsiniz” deyiləndə sizin simanızı görmək istərdim...

- Çətin məsələ idi getmək. Şuşa hələ qonaq qəbul etməyə hazır deyil, uşaqlar hələ oraları minalardan təmizləyir, müəyyən hərbi məsələlər var. Bizə icazə verdiklərinə çox sevindik. Səhər saat 5-də çıxmalı idik, Poladla bütün gecəni yatmadıq.

Əvvəlcə Füzuliyə çatdıq, əsgərlər bizi müşahidə edirdilər. Yol boyu kəndlərimizə baxırdıq, bir dənə də olsun salamat bina görmədik. Faşistlər heç belə iş görməyiblər. Heç kinolarda görməmişik belə vəhşilik. Daşı, divarı, dəmiri... hər şeyi söküb satıblar, dağıdıblar. Çox pis təsir aldıq bu əməllərindən. Füzulinin qara, münbit torpaqlarını əkib-becərməyiblər, bir ev tikməyiblər yaşayış üçün, ancaq istehkamlar tikiblər, bunkerlər yaradıblar müdafiə üçün, məəttəl qaldım.

- Bilirdilər ki, torpağın sahibləri gələcək onu geri almağa, ona görə də ancaq qəsd ediblər...

- Əlbəttə. Bütün torpaqları da minalayıblar vəhşilər. Sülhməramlıların polkovniki bizim posta qədər bizimlə getdi. Öz əsgərlərimizlə görüşdük, uşaqlar çox sevindilər. Heç pandemiyanı nəzərə almadan bizi qucaqladılar. Onlara isti əlcək, corab, papaq aparmışdıq. Hardasa 20 santimetr qar yağmışdı, Şuşanın havası doldu ciyərlərimizə. Əvvəlcə Polada görə Bülbülün ev-muzeyinə getdik, Poladı qabağa buraxdıq ki, tək qalsın ata yurdu ilə. Evin qabağındakı ağacı qucaqladı Polad. Qorxurdum o ağacı kəsmiş olarlar, yaxşı ki, kəsməyiblər, qocaman ağacdı. Hardasa 160 yaşı var. Polad deyir, Bülbül həmişə qucaqlayarmış o ağacı. Sonra girdik otaqlara. Biz 2007-ci ildə olmuşduq orda, o hisslərdən sonra bu hissləri yaşamağın ayrı qüruru var. Qalib kimi gəlmişik Şuşaya indi.

Poladı oxutdurdular televiziya işçiləri, dedi, siz nə danışırsınız, gecəni yatmamışam, səhərdən rol arxasındayam, amma oxudu...

Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu Şuşada

- Səsi də formada idi, yorğunluq hiss olunmurdu.

- 75 yaşında o şəraitdə oxumaq, fevralda 76 yaşı olacaq, böyük məktəbdir belə vokalçılarımız. Yolda maşını Formula-1-in pilotları kimi sürürdü, yorulmuş olmalı idi, amma oxudu.

- Sizin doğmalarınızın evi qalmayıb orda?

- Yox. Bədəl bəyin evini 1905-ci ildə ermənilər dağıtmışdılar. Sonra Bədəl bəy Bakıya köçüb, orda bərpa edən olmayıb, Bakıda “Sovetski” küçəsində məktəbi vardı, ona rəhbərlik edirdi. Ulu babam Bəhmən Mirzə Qacarın evi olub, onu da yandırıblar. Əşi, problem deyil, yenisini tikərik. Polad da, mən də mütləq tikərik.

Cıdır düzündən Daşaltıya baxanda adam inana bilmir ki, əsgərlərimiz məhz burdan səssiz dırmaşıb, çiyinlərində silah-sursatları, yaralı yoldaşları, qalxıblar Şuşanı azad ediblər. Çevrilib əsgərdən soruşdum ki, doğrudan burdan çıxmısınız? Deyir, vallah, məhz burdan. Belə şeyləri yalnız filmlərdə görmüşdük. O film idi, bu isə həqiqətdir - aslan kimi döyüşə-döyüşə Şuşaya giriblər, sürpriz ediblər erməniyə. Bu hərbi əməliyyatın taktikasını tarixdən öyrənəcəklər. Görünür, illərlə bu hazırlıqları keçiblər. Biz inanırdıq qayıdacağımıza, amma bu formada qayıdacağımız ağlasığmazdı. Bakıda hər dəfə güllələnmiş heykəlləri görəndə öpüb deyirdim ki, Üzeyir bəy, darıxmayın, bir gün qayıdacaqsınız Şuşaya.

Getdik heykəlləri də öz yurdlarında ziyarət etdik.

- Sizi qarşılayan həmin Şuşa idi, yoxsa başqa bir Şuşa gördünüz?

- 1982-ci ildə gördüyüm həmin qarlı Şuşa idi. Onda atam da vardı, Niyazi, Süleyman Rüstəm, atamın bütün dostları getmişdi. Mən də cavan idim. Bəzi məqamları duymurdum, Şuşanı itirəcəyimiz ağlımıza gəlməzdi. Adi hal idi bizə Şuşaya getməyimiz. İndi tamam başqadır. Elə bil, itirdiyin doğma adamın sağ olduğunu eşidirsən və onunla görüşə gedirsən. Şuşa bizim üçün canlıdır - doğma insan kimi. Mən Şuşanı elə qəbul edirəm.

Sovet vaxtı tikilən “xruşşovkalar” var, onlar Şuşanın siması deyil, indi bərpa prosesində memar dostlarımız gərək bunları nəzərə alsınlar. Şuşanın memarlığı, mühiti, ruhu qalmalıdır. O beşmərtəbələrdə ruh yoxdur. İçərişəhər kimi saxlanılmalıdır. Kommunikasiya olsun, müasirləşsin, amma ruhu saxlanılsın. Orda 30 mərtəbəli evlər lazım deyil, xudmani evlər tikilməlidir. Başa düşürəm, yer çox deyil, amma ümumi ansambl qorunsun gərək.

Təzə kilsənin ətrafında geniş torpaq sahəsi boş qoyublar, orda vaxtilə bizim idman kompleksimiz vardı - futbol, basketbol meydançaları. Hamısını söküb, sahəni veriblər kilsənin həyətinə. Komendanta dedim, bərpa edərik hamısını.

Çox zövq aldığım əsgərlərlə çörək kəsməyimiz oldu. Oturduq bir yerdə, hayıf ki, içmək olmazdı, sərt qaydalar var.

Bir arzumu həyata keçirdim. Yuxuda həmişə görürdüm ki, Şuşada dizlərimi atıb yerə, ondan üzr istəyirəm. Belə də etdim, yuxularımda gördüyüm kimi. Əsgər gördü bunu, deyir, ağsaqqal, siz niyə diz çökürsünüz? Dedim, bala, bu mənim arzum idi. Qucaqladım onu, soruşdum anan var? Dedi, var. Dedim, ona deyərsən ki, Fərhad Bədəlbəyli sənin əllərindən öpür, sənin sağ olmağın üçün ona gözaydınlığı ver adımdan.

Daşaltıya baxanda 90-larda orda şəhid olan oğulları xatırladım. Bir yaxşı dostum da orda şəhid olmuşdu, Riad Əhmədov. Dedim, Riad, burdadır ruhun, bilirəm, qanın yerdə qalmadı. 90-cı illərdə ordunun, komandanlığın olmaması çox oğulların ölümünə səbəb oldu. Ayaqlarında çəkələk, əllərində ov tüfəngi döyüşürdülər.

- Onların qəhrəmanlığı misilsiz idi, o şərtlərlə canlarını sipər edib döyüşürdülər.

- Bəli, mən bunu orda da dedim uşaqlara, dedim, onları unutmayın, hökmən yada salın sizdən öncə burda qanı tökülənləri. Onlar silahsız qəhrəmanlar idilər, hayıf ki, siyasi oyunların qurbanı oldular.

- Bir arzunuz da vardı - Şuşada Musiqi Akademiyası inşa etdirmək.

- Mütləq. Arzumuzu reallaşdırmaqdan çəkinmərik. Ondan başqa, Yay Akademiyasının filialını yaradıb, orda ustad dərsləri vermək fikrindəyəm. Əlbəttə, festivallar da öz yerində. Şuşa festivallar, muzeylər şəhəri olacaq.

- Şuşadan qayıdanda içinizdə nə hiss edirdiniz?

- Biz şəhər uşaqları rayonlara bir az yuxarıdan aşağı baxırdıq, bu müharibə bizə hər qarış torpağımızı sevməyi, üstündə əsməyi öyrətdi. Anlatdı ki, yurdumuz bizə necə doğmadır, əzizdir. Öyrətdi ki, istirahətə xarici ölkələrə getmək lazım deyil, öz yerlərimiz daha gözəldir və hər dərdimizə dərmandır. Kəlbəcərdə nələr var, hələ ora getmək fikrindəyəm, cənnətmiş. O vaxtlar Süleyman dayı, Süleyman Ələsgərov, deyirdi gəlin Şuşaya, biz gedirdik Alp dağlarına. İndi düşünürəm ki, Şuşanın havası heç orda da yoxdur. Bu havanın özü Azərbaycanın sərvətidir, ondan turizm məkanı kimi Azərbaycana milyonlar gələcək. Qarabağ torpağı bizim iqtisadiyyatımız bir az da yüksəldəcək.

Şuşada xalçaçılığı, sənətkarlığı inkişaf etdirməliyik, musiqi alətləri fabriki tikməliyik. Qarabağda həm də əkin yerləri zəngindir, bol su vaar. Biz Abşeronda susuzluqdan ölürük. Füzuli, Cəbrayıl, bütün o torpaqlar cənnətdir. Cəbrayıl demiş, siz gedə bildiniz Cəbrayıla?

- Yox. Hələ gedə bilməmişəm, 27 ilin həsrətindən sonra daha dözə bilmirəm...

- Bir az dözün, uşaqlar orda işləyirlər, təmizləsinlər minaları, gedərsiniz. Yurdunuza getmək nəsibiniz olsun...

# 4907 dəfə oxunub

Müəllifin son yazıları

# # #