Rəşid Behbudovun donunu cırdığı rus aktrisa

Rəşid Behbudovun donunu cırdığı rus aktrisa
15 iyul 2014
# 13:00

Tamara Aleksandr qızı Çernova Rusiyanın əməkdar artistidir. 1928-ci il yanvarın 2-də Sverdlovskidə dünyaya gəlib. Bəzi mənbələr onun əkiz tayı olduğunu yazır, amma tərcümeyi-halında bu barədə qeyd olunmayıb.

Atası partiya işçisi olub, anası evdar qadın. Tamaranın 13 yaşı olanda Böyük Vətən Müharibəsi başlayıb. O, da bütün o vaxtkı həmyaşıdları kimi zavodda işləməli, hospitallarda növbə çəkməli olub.

Müharibə başa çatandan sonra onun atasını Kiyevə dağılmış şəhəri bərpa etməyə göndərdilər. Ailəsi də onunla birgə-xanımı və üç qızı. Ukraynanın paytaxtında Tamara teatr studiyasına getməyə başladı. Bununla da onun teatr karyerası başlandı.

“Cəsur adamlar”ın baş rolunda

1947-ci ildə studiyanı başa vurub Sank-Peterburqa yollanan qızın bəxti üzünə güldü, o, Teatr İnstitutunun aktyorluq fakültəsinə qəbul olundu. Bir il sonra ilk dəfə kinoya çəkildi. Rejissor Konstantin Yudin onu “Cəsur adamlar” filmində baş rola- Nadejda obrazına təsdiq etdi.

Film 1950-ci ildə ekranlara çıxdı. Tamara Çernova bir anın içində populyarlaşdı.

Ardıcıl təkliflər alan aktrisa onları təxirə salmalı oldu, çünki həmin il o, teatrlardan birində rəssam işləyən Konstantin Savitski ilə ailə qurdu və qızı dünyaya gəldi.

Rəşid Behbudovun bir sözü ilə...

Tamara 1955-ci ildə yenidən kinoekranlara qayıdıb. Elə həmin il aktrisa “Azərbaycanfilm”in çəkdiyi “Sevimli mahnı” (“Bəxtiyar”) melodramında Saşa Verxovskaya roluna dəvət olunur.

Onu da deyim ki, Tamara Çernova bu rola yeganə namizəd olub. Sınaq çəkilişi də olmayıb. Yalnız Rəşid Behbudovla görüşdən sonra onunla tərəf müqabili olacağını eşidəndə çəkilməyə dərhal razılıq verib. Hər iki sənətkar sonralar da dostluq edərmiş. Rəşid Behbudov burdan Moskvaya onun filmlərinin premyerasına gedərmiş, aktrisa isə hər dəfə ona Rəşid Behbudovun yeni mahnısından birini mızıldanarmış.

Aktrisanı filmdə Sofa Bəsirzadə səsləndirib.

Çəkiliş vaxtı çox maraqlı olaylar olur. “Bəxtiyar” filmində də belə bir hadisə olub. Saşanın əynində “kapron” deyilən materialdan zərif don olub. Bəxtiyarla Saşa o vaxtkı “Dağüstü” parkda çəkiliş vaxtı oxuyub-oynayan zaman Saşanın zərif paltarının bir ucu Bəxtiyarın ayağının altında qalıb. Paltar bədən hissədən, tikişdən sökülüb. İfaçılar bir-birinə, bir də paltara baxıb görüblər ki, bu formada çəkilişi davam etdirmək olmaz, paltar formasını tamam itirib. Çəkiliş dayandırılır, əl tikişi ilə paltar elə Saşanın əynindəcə tikilir.

“Bəxtiyar” filmindən sonra aktrisa çox filmlərə çəkilib, amma Azərbaycanda yox. “Gəncliyə səyahət”də Marina Nazarova, “İki günlük möcüzə” əfsanəsində cadugər qadın Marfa Petrovna (1970), “Üç bilinməyən tapşırıq” detektivində Şustova (1979), tarixi-bioqrafiya filmi olan “Sizinlə yenə mənəm...”də (1981) Natalya Qonçarova, “Müdafiəçi Sedov” (1988) sosial-psixoloji dramında Mariya Antonovna rollarına çəkilib.

“Yusif” bu dəfə onu Amerikaya apardı

Ardıcıl filmlərə çəkilən Tamara Çernovanın bu illərdə ailə həyatında uğursuzluq baş verir və o, həyat yoldaşından ayrılır.

90-cı illərdə aktrisa ikinci dəfə ailə qurub. Bu dəfə əri vəkil Boris Bruşteynlə 10 il birgə yaşayırlar.

Tamara Çernova 1991-ci ildə ayağındakı və ürəyindəki problemlərə görə teatrdan uzaqlaşmaq məcburiyyətində qalıb. Ürəyi yaxşı işləmədiyindən orqanizmində qan dövranı pozulan aktrisa evə qapanır. Bu ağır dönəmlərdə ona nəvəsi kömək olur.

1998-ci ildə aktrisa uzun fasilədən sonra “Bədbəxt Liza” serialına çəkilməklə yenidən kinoya qayıdır. Keçmiş SSRİ-nin bütün ölkələrində olduğu kimi Rusiyanın özündə də kinoda dağılma baş verir və Tamara Çernova da 90-cı ilin sonunda vətənini tərk edərək Amerikaya köçür. Rusiyanın əməkdar artisti, 86 yaşlı keçmiş aktrisa hazırda da ABŞ-da nəvəsi ilə yaşayır.

# 4615 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #