Sovet İttifaqı Qəhrəmanının qardaşı... Qarabağ şəhidinin atası... Xalq yazıçısı... - XATİRƏ

Sovet İttifaqı Qəhrəmanının qardaşı... Qarabağ şəhidinin atası... Xalq yazıçısı... - <span style="color:red;">XATİRƏ
16 aprel 2017
# 14:00

"Ürəyim düşmən tapdağında qalan Qarabağım, doğulduğum Cəbrayıl üçün nanə yarpağı kimi əsir, ən böyük arzum doğma torpaqlarımızın azad olması, Cəbrayılda ömrümün sonunacan yaşayıb, onun torpağına qarışmaqdır”.

2007-ci ildə söhbətlərimizdən birində dediyi bu sözlər o vaxt da ürəyimi nanə yarpağı kimi əsdirmişdi, indi də Sabir müəllimin bu sözləri yadıma düşəndə nanə yarpağı kimi əsirəm...

Bəzən çox istədiyin adam haqda yaza bilmirsən. İçində cilaladığın sözləri, fikirləri bir-birinin ardınca qoşub yazmaq çətinləşir. Bir başqası haqda boğazdan yuxarı yazdıqların layiqlisinin ünvanına deyilməsi üçün çox cılız görünür. Daha yaxşı yazmaq istəyirsən, o ucalığı izah etməkdə söz aciz olur, dəyərini itirir. Ona layiq yaza bilməyəcəyindən çəkinirsən. Bu gün o vəziyyətdəyəm. Əsl söz adamı, sözü uca tutan, öz sözünə və şəxsiyyətinə, qələminə sadiq, ömrü boyu şəxsiyyəti haçalanmayan bir ziyalıdan söhbət açıram. Xalq yazıçısı Sabir Əhmədlidən.

Doğulduğu il, tarix, yazdığı əsərlər, aldığı mükafatlar... Yox, bunlar da onun haqqında demək istədiklərim deyil. Bu quru faktlar onun bütövlük, tamlıq təşkil edən şəxsiyyəti və yaradıcılığı qarşısında çox xırda görünür.

Onu yazıçı kimi uşaqlıqdan tanıyıram. Evdə hər ikisi müəllim olan valideynlərimin masası üzərində, balışları altında onun kitabları olardı. Haqqında, əsərləri barədə çox söhbətlər eşitmiş, nəhayət, ilk mütaliəyə də o əsərlərlə başlamışdım. İllər keçdi, ali təhsilimi başa vurub taleyin gərdişi ilə “Azərbaycan” nəşriyyatına gəlib çıxdım. İlk getdiyim redaksiya “Ədəbiyyat qəzeti” oldu, ştata götürüldüyüm ilk iş yeri də. Ona görə yox ki, oranın baş redaktoru mənim həmyerlim idi, ona görə ki o, baş redaktor gənclərə daha qayğıkeş yanaşırdı.

“Müxalifət” qəzetində çıxan ilk publisistik yazım onun diqqətini çəkmişdi və məni redaksiyaya çağırtdırmışdı. Dizlərim əsə-əsə nəşriyyatın 9-cu mərtəbəsindəki kabinetinə daxil oldum. Əsməyimi hiss etməsin deyə təklif gözləmədən əyləşdim, bunun diqqətindən yayınmadığını da sezdim. Gülümsünüb təhsilimlə, valideynlərimlə maraqlandı. Biləndə ki, həm də Cəbrayıldanam, çox sevindi. Yaşımı soruşdu, dedim. Dərhal gözlərinin yol çəkməsi ilə yaşla dolması bir oldu.

- Elimin təhsilli-istedadlı qızsan, kaş, Məhəmməd sağ olaydı…

O vaxt bu sözdən heç nə anlamadım. Sonralar orda işlədiyim illərdə hər dəfə dəhlizdə rastlaşanda bu sözü deyirdi mənə.

Dedi ki, hələlik ştatda başqa yer yoxdur, səni katibə ştatına götürürəm. Etiraz edə bilmədiyimdən qəhər məni boğdu.

- Nooldu? - deyə soruşdu.

- Sabir müəllim, ən zəhləm gedən işin ştatına götürməyin məni, - dedim.

- Niyə katibəlikdən zəhlən gedir ki?

Dedim, bilmirəm, zənglə çağırışa gəlib kiminsə qarşısına çay gətirmək təbiətimə uymaz. Yenə gülümsündü.

Image result for sabir Əhmədlinin oğlu

- Sən katibə işləməyəcəksən, o ştata götürülüb müxbir kimi çalışacaqsan, istəmirsən, götürmərəm. Onda bir az işlə, müxbirliyə ştatda yer olan kimi səni ştata salarıq.

Beləliklə, mən gənc qız “Ədəbiyyat qəzeti”ndə işə götürüldüm, çox keçmədi ştata da keçirdilər. Sonralar arada katibəsi işə gəlməyəndə kabinetindən çıxıb özünə çay süzdüyünü görmüşdüm. Hər dəfə də ona çay süzmək istəyimə mane olmuşdu ki, istəmədiyin bir işi görməyə məcbur etmə özünü.

Bunları ona görə danışıram ki, yalnız mənə aid olan bu xatirələr əslində insan xarakterini açıb göstərən cizgilərdir. “Ədəbiyyat qəzeti”ndə baş müxbir işləyirdim, amma işim daha çox korrektə etməkdən ibarət idi. Yazılarım uzun müddət o qəzetin səhifələrində çıxmadı. Nə yazırdımsa, üstündən çalın-çarpaz xətt çəkib özümə qaytarırdı. Hər bir sözü o qədər müxtəlif yönlərdən təhlil edirdi ki, düşünürdüm, mən ağılsız hardan gəlib bu bürokratın əlinə düşdüm.

Bu minvalla əməlli-başlı yazmağı öyrəndim. Sonralar çap da olundum. Bir gün başqa bir mətbu orqanın müxbiri kimi ondan müsahibə almağa cəsarət də etdim. Müsahibənin girişində həmin bu fikirləri yazmışdım. Müsahibə çıxan kimi mənə zəng elədi. “Çox sağ ol, Ramilə, hiss etdim ki, ustadın yaxşı olub, yazın xoşuma gəldi”, - dedi. Yarızarafat, yarıciddi dediyi bu fikir ustadın yetirməsinə dediyi ilk və son rəy oldu.

Bir dəfə yenə çalışdığım “Gün səhər” qəzetində səhər planlaşması idi. Düşünüb, baş sındırıb şəxsiyyətli, düz söz deməkdən çəkinməyən bir ziyalı axtarırdıq, tapılmırdı. Kimin adını çəkirdiksə, məlum olurdu ki, mövcud vəziyyəti yalnız mədhiyyə ilə pərdələyəcək, çünki təmənnası var. Ya övladı vəzifədədir, ya özü, ya da övladını vəzifəyə qoymaq istəyindədir. Bir sözlə, yalnız yaltaqlanması üçün kiməsə imkan yaratmalı olacağıq. Bu yerdə Sabir Əhmədli yada düşdü. Hamı bir sözlə onun üstündə dayandı.

40-cı qapıya bir qapı qalmış

39 il “Ədəbiyyat qəzeti”ndə çalışmışdı. Kiçik işçidən baş redaktorluğa qədər yol gəlmişdi. Onun dövründə qəzet əldən-ələ gəzirdi. O qədər oxunaqlı idi ki, məktəblilər də ona abunə olurdular. Ədəbiyyatın ilk yeni nümunələrini, özü də ən yaxşı nümunələrini həmin qəzetin səhifələrində görə bilərdin. Ən tanınmış ədiblərin belə boğazdan yuxarı, yaxud mədhiyyə yazılarını çap etməzdi. Dəfələrlə belə mübahisələrin şahidi olmuşdum.

AYB-yə şikayətlər gedirdi. Yuxarılar da onun onların çaldığı ilə oynamamasından narazı idilər. “Ədəbiyyat qəzeti”nin müstəqilliyi onları qane etmirdi. Bir gün iclas çağırıb AYB-də Sabir Əhmədlinin çıxarılma məsələsinə baxdılar. Qəzetin vicdanlı işçiləri onu müdafiə etsələr də, əhəmiyyəti olmadı. Xalq yazıçısının ürəyi oğlunun Qarabağ döyüşlərində şəhid olmasından aldığı yaradan betər bir yara aldı. Ona görə də özü işdən çıxıb getdi.

Image result for sabir Əhmədlinin oğlu

O vaxtdan həmin qəzet ədəbiyyat qəzeti funksiyasından çıxdı, heç kim də oxumadı. Ömrünün sonuna qədər deyirdi ki, o qəzetdə çox əməyim oldu, dilənib qəzeti çıxartdığımız vaxtlar olurdu, elə bil övladım idi: “Məni yandıran o idi ki, orda işləməyimin 40 ilinə bircə il qalmış çıxmalı oldum”.

Oğlunun ölümünə doğru

Oğlunun şəhidliyi lap “Əsgər atası” filminin süjeti kimidir. Məhəmməd döyüşlərə könüllü getmişdi. Evdə atası torpaqların işğalına dözə bilmədiyini, cavanların bu şərəfsizliyi niyə götürə bildiyinə təəccübləndiyini demişdi. Oğul haqlı olaraq bu töhmətin ona edildiyini anlayıb qərar vermişdi. Cəbhəyə getdiyi gündən nə yanına getmişdilər, nə də özü məzuniyyət götürmüşdü, döyüşürdü, torpaqlar azad oluncaya qədər geri qayıtmayacaqdı. Bir gün qışın çovğununda Murovda-səngərdə olan oğluna baş çəkmək üçün yola çıxan xalq yazıçısı həm də onu evə gətirmək fikrində idi ki, Məhəmməd yaxınlaşan doğum gününü evdə qeyd etsin. Onu cəbhədə isti qarşılayırlar, oğlunun hərbi hissəsini də tapır, amma oğlunu görə bilmir. Hissədən hissəyə, bölgədən bölgəyə gedir. Qaynar döyüşlərə yaxın məsafəyə qədər keçir. Nəhayət, ona deyirlər ki, oğlu yaralanıb qospitala göndərilib. Sabir Əhmədli Bakıya geri qayıdır ki, oğlunu qospitalda axtarsın. Ala-qaranlıqda evinin həyətində yas çadırını görür. Ata oğlunu görməyə gedirkən, oğul öz doğum gününü evdə qeyd etməyə tələsirmiş. Bu doğum günü evdə qeyd edəcəyi son doğum və ölüm günü idi.

Məhəmməd mənimlə həmyaşıd idi. Bunu biləndə anladım ki, niyə Sabir müəllim hər məni görəndə “Kaş, Məhəmməd sağ olaydı”, - deyirmiş.

Image result for sabir Əhmədlinin oğlu

79 illik ömründə bu insan iki ağır müharibə və o müharibələrin ağır itkisini yaşayıb. Böyük Vətən müharibəsində qardaşı Cəmil Əhmədovu itirmişdi. Böyük qardaşını, Sovet İttifaqı Qəhrəmanı olmuş, balaca qardaşı üçün qürur yeri olan o dayağı itirmək onun qəlbində necə yara olmuşdusa, oğlu Məhəmmədi itirmək ondan da betər idi. Oğlunun ölümündə həm də özünü günahkar bilirdi. Bəlkə heç göndərməzdim, başqaları kimi xaricə yola salar, gizlədərdim-deyə düşünürdü. Sonra da “yox, bacarmazdım”, - deyirdi. Dəfələrlə Məhəmmədin məzarı üstünə gedib göz yaşları tökər, onu yanına aparmasını xahiş edərdi.

“Ədəbiyyat qəzetin”dən gedəndən sonra dövlətin ona verdiyi ev Sabir Əhmədli üçün münbit yaradıcılıq yeri oldu. Dövlətin xalq yazıçısına, şəhid ailəsinə verdiyi yeganə bəxşeyiş bu ev idi. Ona qədər Yasamalda ikiotaqlı, sona qədər qapısı da taxtadan olan kasıbvari mənzildə yaşayırdı. Bu mənzili verməklə sadəcə, onu başqa xalq yazıçılarından seçə bilməmişdilər deyəsən. Çünki bu diqqət o, vəfat edəndə görünmədi.

Nə vaxt gedirdinsə, oturub işləyirdi. Deyirdi, yazmaq istədiklərimin hamısını yazıb sonra gedəcəm Məhəmmədin yanına. Yalnız bir əsərimi məndən sonra uşaqlarım çap etdirər. “Axirət sevdası”, “Ömür urası” belə yazıldı. Onun ölümündən sonra “Yazılmayan yazı” çap olundu. Son illər daha çox söhbətlərini içimə çəkməyə aclıq duyurdum. Canlı ensiklopediya idi, hər kəlməsində bir hikmət vardı. Hər sözü adamı çəkib aparırıdı. Xanımı Şaban xanım onun bir sözü bir neçə dəfə deməsindən nigarançılıq çəkirdi, deyirdi, danışığını itirib, hər dediyini yazma. Elə deyildi, təkrar dediyi sözlərdə də o təkrarçılığın mənası vardı.

Sabir Əhmədli təpədən dırnağa xalqın içindən gələn xalq yazıçısı idi. Canlı tarix, canlı ensklopediya idi. Özü deyirdi, ədəbiyyata ədəbiyyatdan gələnlər var, bir də həyatdan gələnlər: ”Mən ədəbiyyata həyatdan gələnlərdənəm”.

Bütün varlığa ilə torpağa bağlı idi. Cəbrayılda illərlə damla-damla bir ev tikmişdi ki, ömrünün son illərini xanımını da götürüb ora köçsün, orda da ömrü başa vurub doğma torpağa qovuşsun. Olmadı, evin çardağını təzəcə bağlamışdı ki, Cəbrayıl işğal olundu. İşğaldan öncə tez-tez gedirdi o yerlərə, rahatlığı yox idi. Əlində olsaydı, nələr etməzdi. Bacardığı qədər edirdi də. Cəbrayıl ziyalılarından ibarət batalyon yaratmaq ideyasının müəlliflərindən biri idi. Qismətinə məğlubiyyət yazılmış Cəbrayıl çox müqavimət göstərdi, çox döyüşlər uddu, nə yazıq xəyanətin qurbanı oldu. Hansı mənadasa Cəbrayılın taleyi elə Sabir Əhmədlinin taleyinə bənzəyir.

Torpaqların yağmalanması onun qürurunu əyirdi, var gücü ilə haqsızlığa, ədalətsizliyə, ikiüzlülüyə, məddahlığa qarşı üsyan edirdi. Bu səbəbdən ona Fəxri Xiyabanı layiq görmədilər. Düz etdilər, Fəxri Xiyaban yazıçısından xalqı uzaqlaşdırardı. O, indi həm şəhid oğluna qovuşub, həm də bizim yanımızdadır, ruhumuzdadır. Ölümü ilə də bizlərə nümunə oldu. Sona qədər qürurlu başı çiyinlərinə belə əyilmədi, övladlarının xatiri üçün olsa belə haqq sözünü udmadı. İkinci belə şəxsiyyət hanı?! Xalq yazıçısı, şəhid atası Sabir Əhmədlidən başqa…

# 3224 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #