Çe Gevaranın gündəliyindəki şeirlər

Çe Gevaranın gündəliyindəki şeirlər
16 iyun 2015
# 10:43

14 iyun Çe Gevaranın doğum günüdür.

2 il əvvəl şair Nikolas Gillendən etdiyim tərcümələr "525-ci qəzet"də çap olunmuşdu. Bu gün həmin şeirləri yenidən oxudum, əlavə bir şeir də çevirdim. Bəs Çenin doğum günündə niyə bu şairi xatırlayıram?

Çe Gevara 1967-ci ildə Boliviyada öldürüləndə həmişə üstündə gəzdirdiyi çantasından tapılan gündəliyində öz əliylə yazdığı şeirlərdən bir neçəsi də Nikolas Gillenə məxsusuydu. Nikolas Çenin ən çox sevdiyi şairlərdən biriydi. Bunun bir çox səbəbləri vardı - hər ikisi eyni sözü deyirdilər, hər ikisinin də amalları eyniydi, onun təbliğ etdiyi, tribunalardan səsləndirdiyi fikirləri Nikolas şeirlə deyirdi...

Çe Gevaranın həyatı haqqında az-çox hamınız məlumatlısınız. Zənnimcə, Nikolas Gillen haqqında eyni sözü demək doğru olmazdı. Kimdir Nikolas Gillen?

1902-ci ildə Kubada dünyaya gələn Nikolas Gillen “qara poeziya”nın ən tanınmış nümayəndələrindən biridir. Gənclik illərindən mətbuatda müxtəlif şeirlərlə çıxış edən N.Gillen 1937-ci il İspaniya Vətəndaş Müharibəsinin iştirakçılarındadır. Altı il doğma vətənindən sürgün olunub və yalnız Kuba inqilabı uğurla başa çatdıqdan sonra vətəninə qayıda bilib. Şeirlərində kapitalizmin ədalətsizliklərini göstərən, irqçiliyi pisləyən, faşizmə qarşı mübarizə aparan, yaradıcılığının ana xəttini “ağlar-qaralar” mövzusu təşkil edən şairin damarlarından həm afrikalı, həm də avropalı qanı axırdı. O, “Lenin Sülh Mükafatı”nın, bir neçə nüfuzlu ödülün sahibi olub.

Fidel Kastro onu Kubaya dəvət edərək Yazıçılar Birliyini qurmasını, ölkənin mədəni həyatının istiqamətini müəyyənləşdirməyi tapşırmışdı. 1961-ci ilin mayında Kuba Yazıçılar Birliyi (sədri Nikolas Gillen) Havanada "Dünya Yazıçı və Şairlərinin Birinci Qurultayı"nı reallaşdırdı. O, bu tədbirə şəxsən tanıdığı Nazim Hikməti də dəvət etmişdi. Nazim Hikmət üç həftə boyunca Nikolasın qonağı olmuşdu.

Nikolas Gillenin Çe Gevaraya olan sevgisi sonsuz idi. Onun Çenin ölümündən sonra yazdığı “Boliviyalı əsgər” şeirinə musiqi bəstələndi (PACO DE IBAÑEZ) və bu mahnı həm Çe Gevara, həm də Nikolas Gillen sevənlərin dilindən düşmədi, uzun müddət öz populyarlığını qoruyub saxladı:

https://www.youtube.com/watch?v=r9mh29B4Dbk

Boliviyalı əsgər,

çiynində tüfəngin gedirsən.

Tüfəngin Amerikan malı,

Boliviyalı əsgər.

Senyor Barrientos verdi onu sənə,

Cənab Consonun hədiyyəsidir o

öz qardaşını öldürmək üçün,

Boliviyalı əsgər.

Bu ölü kimdir,

Boliviyalı əsgər?

Bu Çe Gevaradır,

Argentinalıydı, Kubalıydı.

Ən yaxşı dostunuydu,

Boliviyalı əsgər.

Şərqdən qərbəcən

Kimsəsizlərin dostuydu.

Pulla alıb-satırlar səni,

Boliviyalı əsgər.

Bunlar zalımın işidir,

Boliviyalı əsgər.

Oyanmaq vaxtı çatdı,

Dünya ayağa qalxdı,

Günəş tezdən doğdu,

Boliviyalı əsgər.

Bunu yadında saxla,

Boliviyalı əsgər -

İnsan insanı öldürməz,

Adam öz qardaşını öldürməz,

Boliviyalı əsgər.

Təəssüf ki, Çe Gevaranın sevdiyi şeirləri qeyd etdiyi həmin gündəliyini oxumamışam. Bilmirəm, o, Nikolas Gillenin hansı şeirlərini gündəliyinə qeyd edəcək qədər çox sevirdi. Amma şairin istənilən bir şeirində toxunduğu problemin, qələmə aldığı mövzuların hamısının Çe Gevaraya, onun ideyalarına yaxın olduğu qənaətindəyəm. Aşağıda tərcümə etdiyim bir neçə şeiri sizinlə bölüşürəm. İstər bunlar o gündəlikdə olsun, istərsə də olmasın, fərqi yoxdu: mən Çenin doğum gününü bu şeirləri oxuyaraq qeyd edirəm!

Edam

Güllələyəcək əlləri bağlı adamı,

Atəş açmağa sıralanmış dörd əsgər.

Dörd əsgər sükuta dalmış,

dörd əsgər əlləri bağlı,

öldürəcəkləri adam kimi

əlləri bağlı.

–Sən qaça bilərsən?

–Bacarmaram!

–Tətiyi çəkəcəklər indi!

–Nə edə bilərik ki!

–Bəlkə, boşdur silahları...

–Altı güllə alıblar qana susamış rəhbərdən!

–Kim bilir, bəlkə heç atəş açmadılar!

–Sən axmaqsan!

Atəş açıldı.

(Necə əlləri gəldi?)

Öldürdülər.

(Necə öldürə bildilər?)

Dörd əsgər sükuta dalmış.

Bir zabit qılıncıyla əmr verdi;

dörd əsgəriydi,

əlləri bağlı,

öldürdükləri adam kimi

əlləri bağlı.

Tapmaca

Dişlərində səhər,

dərisində gecə,

Kimdir, nədir o?

–Zənci.

Qadındır, ancaq gözəl deyil,

nə istəsə elətdirər,

Kimdir, nədir o?

–Aclıq.

Kölələrin köləsi,

ağaların ağası,

Kimdir, nədir o?

–Şəkərqamışı.

Bir əlin verdiyini,

bilməməlidir o biri əl,

Kimdir, nədir o?

–Sədəqə.

Bir vaxtlar öyrəşdiyi gülüşlə

indi ağlayan adam,

Kimdir, nədir o?

–Mən.

Ölü əsgər

–Kimin gülləsi öldürmüş onu?

–Bilən yoxdu.

–Haralıymış?

–Jovellanosdanmış, deyirlər.

–Harda tapıblar onu?

–Yolun kənarında görüblər.

Öpür onu nişanlısı, ağlayır anası,

sonra eşidilir komandirin qışqırtısı:

– Basdırın!

Dan! Dan! Dan!

Gedir ölü əsgər.

Dan! Dan! Dan!

Yolun kənarında tapıblar onu.

Dan! Dan! Dan!

Bir əsgərlə nolacaq ki.

Dan! Dan! Dan!

Hələ nə qədər əsgərlər var bizdə.


Tər və qamçı

Qamçı,

tər və qamçı.

Günəş tezdən oyandı.

Kürəyi qamçılanmış

meydanda tapdı ayağıyalın zəncini.

Qamçı,

tər və qamçı.

Külək uğultuyla əsdi:

Qara bir çiçəkdir hər yumruq!

Qan ona dedi, “gedək!”

O, qana dedi, “gedək!”

Al-qan içində getdi, ayağıyalın.

Titrəyərək qamış tarlası

açıldı – yol verdi ona.

Sonra səma səssizliyə büründü

və səmanın altında

əl-ayağı sahibinin qanına bulaşmış

kölə göründü.

Qamçı,

tər və qamçı,

Hər yanı sahibinin qanına bulaşmış bir kölə...

# 2199 dəfə oxunub

Müəllifin son yazıları

# # #