Aşağıda oxuyacağınız hadisə bir xəyal məhsulu deyil.
Deputat müəllifi hamımız tanıyırıq, sonda mən onun adını yazacam.
Bu yazacağım əhvalatın mesajı nədir?
Əslində nəsihət verməyə ehtiyac da yoxdur.
Hər şey mətnin özündədir.
Əhvalat 5 il qabaq Ermənistanda, keçmişdə azərbaycanlıların yaşadığı kiçik bir kənddə baş verir.
Bu böyük evin qonağı var.
Azərbaycanlı bir qonaq.
Əslində kim qonaqdır, kim ev sahibi, bunun özü də mübahisəlidi.
Çünki evi qonağın babası tikib.
Qonaq Ermənistana rəsmi səfərə gedib.
Yanında erməni mühafizəçiləri var.
Amma onu bu rəsmi səfərdən çox evlərinə edəcəyi qeyri-rəsmi səfər düşündürür.
Bir yolunu tapıb evlərinə gəlib.
19 ildir ki, öz evini görmür.
Bir qoca kişi qarşılayır onu.
Evləri olduğu kimi qalıb.
Hətta ev əşyaları da yerindədir.
Hər şey yerindədir, sahibindən başqa.
Bircə arzusu var qonağın.
Xalçalarını istəyir.
Bu qədim bir xalçadır, nəsil yadigarıdır.
Narahatlıqla xalçanı axtarır evin içində.
Xalça əvvəlki yerindədir, qonaq otağında.
Üstündəki şəkil dəyişib amma.
Əsgər şəkli asılıb xalçadan, şəklin üstündə də qara lent.
- Dayı, bu xalça bizim nəslin yadigarıdır. Bu evdəki hər şeyi sənə halal edirəm. Onu sat mənə, pulum var, nə qədər istəyirsənsə verəcəm…
- Bəs bu şəkli hardan asaq ay bala?
Evə sükut çökür…
***
Əhvalat Musa Urudun 2008-ci ildə çap edilmiş “Uruda iki səfər” kitabından götürülüb.