Gənc romançıya məktublar...

Gənc romançıya məktublar...
14 dekabr 2012
# 11:42

Ədəbiyyatın artıq unudulmağa üz tutan bir janrı var: “Epistolyar janr”. Yəni məktublar. Keçən əsrin ortalarında Sveyk bu janrın unudulduğu barədə haray çəkirdi.

Əvvəllər yazıçıların külliyyatının bir hissəsi də məktublardan ibarət olardı. Misal üçün, Axundovun məşhur “gələcək nəsil də ətrafımdakı eşşəklərdən törəyəcək” fikrini Mirzə Mülküm xana məktubunda yazıb. Mirzə Cəlilin məktubları akademik nəşrinin son cildinə salınıb, biz bu məktubları oxuyanda Mirzə Cəlilin bir insan kimi obrazının tamamlanması üçün zəruri ştrixlər tapırıq. Marks və Engelsin məktublaşmaları iri həcmli bir kitabdır, bu kitabdan şəxsən mən çox şey öyrənmişəm. Bu məktublardan dərsliklərə də sitatlar salınıb.

Epistolyar janrı digər janrlardan fərqləndirən mühüm bir cəhət onun hamı üçün yazılmamağıdır. Müəllif bunu başqa bir adama yazır. Lakin yazıçılıq məharəti ondadır ki, başqasına yazılan məktub hamı üçün maraqlı olur. Romançılıq da bir az bu deyilmi? Sənin seçdiyin və özündən də bir şeylər qatdığın qəhrəman bir anda hamının qəhrəmanına çevrilmirmi?

Gecə idi. Romanlarını, hekayələrini, esse və monoqrafiyalarını oxuduğum yazıçının daha bir kitabını yenicə bitirmişdim. Yuxum gəlmirdi, daxilən çox narahat idim. Özüm üçün kofe hazırlamaq istədim, tənbəllik elədim. İndicə oxuduğum kitabın içindəki ətalət məni sıxırdı. Bir tərəfdən fərəhlənirdim, deməli bu yazıçıya verdiyim qiymət doğru idi. Xahiş edirəm, məni düzgün başa düşün. Bədii mətni anlamaq elə də asan deyil. Dünən sevdiyin roman bu gün gözündən düşür, ya da dünən elə böyük əhəmiyyət vermədiyin roman qəfildən gözündə böyüyür, zaman keçdikcə mətnlərə verdiyin qiymət də dəyişir. Amma ədəbiyyat haqqında esselər, monoqrafiyalar belə deyil, onlar xalis zəka məhsullarıdır.

Onları anlamaq üçün müəyyən baza əlbəttə ki, lazımdır, amma bu baza kifayət olmasa belə günahın əsərdə yox, özündə olduğunu anlayırsan. O kitab sənə bu anlamda yol göstərir. Amma mənim ədəbiyyatşünaslıq bazam bu kitab üçün kifayət idi, bəlkə problem də burdaydı. Bu yazıçının 50 illik yazı təcrübəsinin hər bir ilinə bələd idim, amma indicə bitirdiyim kitabda basmaqəlib düşüncələr, min dəfə təkrarlanmış ifadələr, daşlaşmış, nəinki artıq ədəbi fikrə yerimiş, hətta köhnəlmiş mülahizələrin yeni ideya kimi təqdimatı məni yordu.

Məni narahat edən sual başqa idi: indi müxtəlif əsərləri dalbadal oxuyan, romançı olmaq istəyən gənclər məndən 10 yaş balaca olsalar da onlar da mənim iyrəndiyim sterotiplərlə mübarizə aparacaqdılar.

Deyirlər ki, əsl ədəbiyyat söhbətləri kitablarda yox, şifahi söhbətlərdə olur, amma bu ədəbiyyat çayxanalarının müdavimi olduğum zamanlarda da orda gedən söhbətlərin ədəbiyyatşünaslıq elmindən, həqiqi tənqidi düşüncədən və böyük ədəbiyyat amallarından nə qədər uzaq olduğunu görmüşəm. Bəs gənclər nə etsin? Onlara doğru yolu kim göstərsin? Mən qətiyyən düşünmürəm ki, bir məktubla, hər şey yoluna düşəcək, yox, bizim daşlaşmış ədəbi institutların yaydığı ədəbiyyatdan uzaq bəyanatlarla mübarizəmiz çox uzun çəkəcək.

Kulis.az-da yazıçılardan tez-tez bir xahişim olur, ədəbiyyatdan yazın, nəzəri məsələlərdən yazın, elə edək ki, bu mühit saflaşsın, yüz il qabaqkı problemləri bu gün müzakirə etməyək, üfüqümüzü açaq, daha irəliyə baxa bilək.

“Gənc romançıya məktublar” ilk cəhd deyil, əlbəttə ki, sonuncu cəhd də olmayacaq. Əslində bu məktub çox sadə bir məktubdur, Eko mühazirəsi, Pamuk məqaləsi, Kundera analizi deyil, sadə şeylər deyir, lakin bu sadə şeyləri elə bir qiyafəyə salıblar, onların yerinə elə qəliz yalanlar qoyublar, nadanlığın təntənəsi ilə onları elə dəyişdiriblər ki... Bu sadə həqiqətlərin yazılması ehtiyacı məni daxilən çox narahat edir.

Bu məktubu əslində bir ay bundan qabaq yazmışdım. İndi bu girişi yazıb məktubu sizə təqdim edirəm.

20 yaşındasan. Romançı olmaq istəyirsən. Bu yaşda adam tez-tez öz gələcəyi haqda düşünür. Sən özünü harda görürsən? Nobeldə də görə bilərsən, bir dəlixananın küncündə də. İkisi də ola bilər. Heç biri olmaya da bilər. Amma cəmi bir şeyi düşün: Qoy hamı hər zaman sənin haqqında danışanda “mütaliəli” sözünü işlətsin. Bunu görsəniş üçün etmə. Savadını heç zaman gözə soxma. Məqaləni sitatlarla, adlarla doldurma. Yazının mahiyyəti güclü olsun, Eko ordan boylansın, nəinki sitatlarından... Unutma ki, savadlı adam hansı situasiyada olursa-olsun öz savadını göstərəcək. Savadlı, mütaliəli, intellektual adamı cümləsindən tanıyırlar. Ona görə də mütaliənə görə özün-özünə hesabat ver. Oxumaqdan doyma. Yaxşı yazıçı ola bilməsən belə yaxşı oxucu ola bilərsən. Və bir şeyi unutma. Yaxşı yazıçılar hər zaman, amma istisnasız olaraq hər zaman yaxşı oxucuların arasından çıxır. Pis oxucu olub yaxşı yazıçı olan bir adam göstərə bilməzsən.

Sənə kitabdan gəlmiş adam, “literaturşina” deyə bilərlər, vecinə alma. Yazıçıların heç də hamısı Heminquey kimi maraqlı həyat yaşamayıb. Hərçənd bunun özü də mübahisəli tezisdir, çünki həyat anlayışının özü də mürəkkəbdir, məgər Tolstoyun daxili çırpınışları, harayı həyat deyilmi, həyat ancaq içki şüşələrindən ya da Dostoyevskinin katorqasındanmı ibarətdir? Yazıçının daxili həyatı çox güclü və dinamikdir, mənə bircə dənə də daxili dünyası dar olan yazıçı göstərə bilməzsən, çünki bəlkə də ədəbiyyata verilən ən sadə tərif budur-ədəbiyyat xəyal qurmaqdır-xəyalsız yazıçını təsəvvür etmək belə mümkün deyil, absurd bir şey alınar, misal üçün üzmə bilməyən, amma üzgüçü olan bir adama bənzəyər yazıçı. Kəsəsi, yazıçının həm daxili həm də xarici həyatı var, ola bilsin ki, daxili həyat bir az sönükdür, amma istənilən halda bu var, Dostoyevski başında torba ölüm hökmünü gözləyirdi, əfv edildi, amma Tolstoyun belə aqibəti olmadı, indi buna görəmi Dostoyevskini Tolstoydan böyük yazıçı saymalıyıq? Bəs başına torba keçirdib əfv edilən və Dostoyevski olmayan adamları hara yazaq?

Madam ki, onlar həyat deyəndə xarici həyatı nəzərdə tuturlar və deyirlər ki, çox kitab oxuyan adamdan yazıçı çıxmaz, o həyatdan gəlməyib, onda elə bu tezisin də antitezisini ortaya çıxardaq. Mənə həyatdan bəhs etməyən bir roman göstərə bilərsənmi? Bütün romanlar həyatın təsvir edilməsidir, hamısı həyatdan bəhs edir, istər ucuz romanlar, istərsə də şedevr, fərq etməz. Bu ayrı söhbətdir ki, hansı keyfiyyətdə bəhs edirlər. Başqa bir antitezis. Söz yox ki, heç kim vakuumda doğulmur. Hamı məktəbdə oxuyur, bəziləri universitetdə oxuyur, hamının qonşuları var, hamı mağazaya gedir, avtobusa minir. Buna görə də ictimai həyatdan təcrid olunmuş adam tapmaq nəzəri cəhətdən bəlkə mümkün olsa da praktik cəhətdən bu mümkünsüzdür. Kitabdan gəlməyin ustad nəzəriyyəçisi sayılan Borxes deyir ki, mənim üçün həyatda yaşadıqlarımla oxuduqlarım arasında fərq yoxdur, ikisi də mənim yaşantımdır, ya da alman filosofu Kant deyir ki, cibimdəki yüz talerlə, beynimdəki yüz taler arasında bir fərq görmürəm, onların ikisi də mövcuddur, biri şüurda, biri reallıqda. Yəni, sənin şəxsi təcrübən heç də öz müşahidələrin deyil, həm də oxuyub mənimsədiyin kitabların müşahidəsidir. Bir də sən öz müşahidələrinə, öz fikirlərinə, kənddə sizinlə qonşu olan Həsən kişidə gördüyün cəhətlərə etibar edirsən, buna görə də özünü həyatdan gələn yazıçı adlandırırsan, amma Dostoyevskinin, o könül mühəndisinin müşahidələrini vecinə almırsan? Axı Dostoyevski də bu müşahidələri həyatdan götürüb, onun da həyat təcrübəsi var, onun da romanları müşahidələrdən, oxuduqlarından, dərin düşüncələrdən, mütaliədən və həyat təcrübəsindən doğan faktların təkamülündən yaranıb.

Mütaliənin faydaları çoxdur. Ən birinci faydası isə mütaliə ilə sən öz estetik ölçü vahidini yaradırsan. Bununla da sən istər başqa müəlliflərin, istərsə də öz romanlarını dəqiq qiymətləndirə bilirsən. Oxuduqca estetik kriteriyaların mükəmməlləşir, tələbkarlığın artır. Bax, misal üçün antiutopiya yazırsansa, Orvellin “1984”ünü oxumasan gülməli bir şey alınar. Orvelli oxuyub öyrənsən, ondan daha yaxşısını bəlkə də yaza bilməzsən, amma heç olmasa antiutopiya şedevrini necə yaratmağın mümkün olduğunu bilərsən. Texnikanı mənimsəyərsən. Süjet qurmağı öyrənərsən. Və o böyük yazıçıların süfrəsində oturarsan. Ən azı dinləyici kimi. Bir də nə bildin, bəlkə elə onlar sənin süfrəndə oturmaq üçün icazə istədilər.

Öz estetik ölçü vahidini yaratmaq çox önəmlidir. Özün-özünün tənqidçisi olursan onda. Belə olan halda sən ucuz kafelərdə sərxoş sağlıqlardan tökülən özün haqda boğazdan yuxarı fikirlərə etibar etməzsən. Bir şeyi də unutma: “İnsanlar adətən sənin usta olduğun yerləri yox, qeyri-peşəkar olduğun yerləri tərif edirlər”. Bu, bəlkə həmişə belə deyil, əsasən belədir, amma sən belə bil. Bütün fikirlərə qulaq as, amma hər şeyi mütaliə ilə formalaşdırdığın ciddi estetik ölçü vahidinlə yoxla.

İnsanların sənin haqqında nə düşündüyü əlbəttə ki, önəmlidir. Amma öz ədəbi həyatının rejissoru da özün ol. Başqasına bu rolu vermə. Və unutma. Bir romançı tribuna üçün yox, tarix üçün oynamalıdır. Dünyanın böyük nəsr ustalarının fəndlərini öyrən. Öz ustalarımızı yaxşı öyrən. Bəzən bir hekayəni cümlə-cümlə oxu. Keçidləri gör. Dilə diqqət yetir. Süjetin inkişafını video kim yavaşladıb izlə... Yəni, ustadlardan nə mümkündürsə, onu da öyrən. Və unutma ki, yazı ustaları şagirdlərinə qalib gəlmək üçün sonuncu fəndi onlardan gizlədən güləş ustaları deyil. Onlar səxavətlidirlər. Mətləbi çox uzatmadan keçirəm üçüncü bəndin əsas məsələsinə. Bayaq yazdığım kimi, tarix üçün oyna, tribuna üçün yox. Füzuli ilə Nizaminin arasında gör neçə əsr var? Ya da Axundovla Mirzə Cəlilin arasında neçə il fərq var? Amma adları yanaşı çəkilir. Onların arasında o qədər şair, yazıçılar olub ki... Onlar tarixin yaddaşında qalmadılar. Ya istedadları çatmadı, ya da tribunaya oynadıqları üçün cari alqışlarla ovundular.

Sən özünü ustalarla bir sıraya qoymaq üçün yaz. Bir Xalq Yazıçısının müsahibəsinə adının düşməsi üçün yox. Bir sirr də açım sənə. Tarix üçün oynayanları da adətən tribuna alqışlayır. Əbədilik eşqi ölməzdir, dostum. Çalış əbədi olasan. Ona görə məruzələrdə adını axtarma, müsahibələrdə adını arama. Bir anlıq gözlərini yum və hər hansı bir rayonda tutaq ki, Tovuzda bir məktəb xəyal et. Ədəbiyyat kabinetində Nizaminin, Füzulinin, Mirzə Cəlilin yanında öz portretin var. Eqon tumarlandımı? Onda neynirsən o Xalq Yazıçısını?

Unutma. Romançılıq hər şeydən qabaq zəhmətsevərlik tələb edir. Heç kim vəhylə roman yazmır. Əvvəlcə süjet haqda düşün. Obrazlar haqda qeydlər et. Ən xırda detalları belə yerbəyer elə. Mövzu araşdırma tələb edirsə, bir araşdırmanı da buraxma. Sənin mövzuna aidiyyəti olan bütün romanları oxu. Yazmaya bilməyəndə yazmağa başla. Bitirəndən sonra dəfələrlə oxu. Çapa tələsmə. Son nöqtəni qoyduqdan sonra romanı gözündən uzaq bir yerə qoy. Bir neçə ay sonra bir də qayıt. Mütləq əlavələrin, düzəlişlərin olacaq. Bu soyutmanı bir neçə dəfə et. Əmin olduqdan sonra çapa ver. Heç zaman çap üçün tələsmə.

Yazıçılardan qaça bilməzsən. Onlar sənin həmkarlarındır. Amma adi adamları unutma. Bir yazıçı üçün ən böyük xammal adi insanlardır. Bizim yazıçılar adətən vakuumda yaşayırlar. Gördükləri yazıçılar, şairlər, tənqidçilər, jurnalistlərdir. Amma əsl həyat başqa yerlərdədir. Onlar adi insanlardır. Onların şüurunu ədəbiyyat, fəlsəfə pozmayıb. Sən orda əsl həyatı görürsən, yarımçıq fikirlərlə zəhərlənmiş, natamam eqoları, dumanlanmış şüuru yox.

İstisnasız olaraq bütün müasirləri, Azərbaycanda yazan bütün yazıçıları oxu. Ən azı göz at. Çünki qeyri-peşəkar əsərlər adama çox şey öyrədir. Necə yazmağı peşəkarlardan, necə yazmamağı qeyri-peşəkarlardan öyrənmək lazımdır. Dostoyevskinin yazı üslubunu yaxşı mənimsəmək üçün Baxtini oxumaq mütləq lazımdır. Amma qeyri-peşəkarların Baxtini olmur. Sən orda səhvləri çox asanlıqla tapacaqsan, buna görə də Baxtinə ehtiyac qalmır. Bir şeyi yadında saxla ki, hansısa əsərdə tapdığın səhv haqda düşünəcəksən, bu səhvi bir daha etməyəcəksən.

Unutma ki, mühitsiz mütaliəli olmaq çətin məsələdir. Sufilikdə bir anlayış var: “söhbeti-canan”. Bilirsən ki, sufilər Allahı sevgili kimi görürlər, onu sevirlər. “Söhbəti-canan” isə dosta deyilir, söhbət edəndə sənə Allahı xatırladan dosta. Bax, sən də ədəbiyyatdan danışan dostlar tap, sənə məsləhət verən, səni öyrədən, bir yerdə oturanda kiminsə qarasınca danışan yox, ədəbiyyatdan danışan dostlar qazan. Belələri çox deyil, lap azdır. Amma sən özün söhbəti-canan olduqdan sonra o dostlar gəlib səni tapacaq. Diogen kimi günorta əlində çıraq insan axtarma yəni...

Yazıçı həyatı bilməlidir. Sovet vaxtı bu klişe vardı. Düz deyirdilər. Həyatı yaxşı öyrən. Dünyanı yaxşı öyrən. Bakıdakı şadlıq evlərinin ofisiantlarının nə qədər günəmuzd aldıqlarını da öyrən, Uqo Çavesin necə hakimiyyətə gəldiyini də. Dünya haqqında təsəvvürlərin tam olsun. Bəzən bir QHT-nin narkomaniya haqqında hesabatını diqqətlə oxu. Hər sahə üzrə məlumat qazanmağa çalış. Unutma ki, yazıçı cəmiyyət mühəndisidir.

Cəmiyyətin ayrı-ayrı sahələrini də, keçmişini də, bu gününü də istər konkret detalları, istərsə də ümumi inkişaf xarakteristikası baxımından dərk et. Sən cəmiyyət haqda yazmayacaqsan, bu şəksiz ki, belədir, konkret bir insandan, ya da bir neçə insandan yazacaqsan, amma o insanlar da bu cəmiyyətin üzvləridir, bu cəmiyyətin ayrılmaz elementləridir, onları bu cəmiyyət, onun dəyər normaları yaradıb, onlar bu dəyərlərlə, bu normalarla hərəkət edirlər, onlar bu cəmiyyətin insanları ilə ünsiyyətdədirlər, onlar bu cəmiyyətdə sosiallaşıblar. Mətləbi bir az da tündləşdirim, cəmiyyətlər də bir-biri ilə qarşılıqlı təsirdədirlər, ümumilikdə dünya bir külldür, onu ayrı-ayrı parçalara ayırmaq olmaz. Məhz buna görə də yazıçı həyatı, cəmiyyət həyatını aydın şəkildə dərk etməlidir.

İnsanlarla münasibətdə rahat ol. Ola bilsin ki, kimsə səni doğru anlamasın, kimsə sənin yazdıqlarına barmaqarası baxsın, fərq etməz, sən rahat ol. Özün kimi düşünməyənləri-yazıçı olsun, oxucu olsun, fərq etməz-düşmən bilmə, öz düşüncələrinə bir də bax, ehtiyac varsa onları korrektə elə. Unutma ki, bu gün milyard adamın pərəstiş etdiyi peyğəmbərləri də sağlığında daşqalaq ediblər, anlamaq istəməyiblər. Sənə hücumlar olacaq, bunlardan canın sıxılsa, çarmıxa çəkilən İsanı xatırla, Taifdə daşlanan Məhəmmədi xatırla, əlbəttə, sən peyğəmbər deyilsən, din adamı heç deyilsən, amma yüz il sonra şəklinin ucqar bir dağ kəndinin ədəbiyyat kabinetində Mirzə Cəlillə yanaşı asılmağını istəyirsənsə, bu hücumlara dözməlisən. Demirəm, dözmək ciddiyə almaq deməkdir, ümumiyyətlə vecinə almamalısan, sənə atılan daşlardan özünə ev tikməyi bacarmalısan.

Mənə bir adam haqda danışmışdılar. O adam bir neçə il heç nə oxumayıb ki, təsirə düşər, sonra yazmağa başlayıb. Yazdıqlarını da gördüm, bayağı idi. Amma indi adını xatırlamadığım o şair mənə bir həqiqəti öyrətdi, indi aydın şəkildə dərk etdiyim həqiqəti əhvalatı eşitdiyim, o şeirləri oxuduğum tələbəlik illərimdə də ən azı intuitiv olaraq bu cür “yaradıcılıq metodu”na şübhə ilə yanaşmışdım. Çalış özün ol! Böyük yazıçıları bir sözlə ifadə etmək lazım olsaydı, mən çox düşünmədən “təkrarsız” sözünü seçərdim. Amma təkrarsız olmaq asan deyil, heç böyük ustalar üçün də asan deyil. Təkrarsız olmaq təqlidçiliyin tam əksidir, amma nə qədər qəribə olsa da təkrarçılığın yolu təqlidçilikdən keçir. Yox, söhbət burda plagiatdan getmir, təqlid başqa şeydir, plagiat başqa şey, söhbət böyük ustaların havası ilə yazmaqdan gedir, böyük ustaların romanlarını oxuyub, yazı texnikasını öyrənməkdən gedir, təkrarsızlığa gedən yollar təqlidçilik kərpicləri ilə döşənib. Bir də, təqlidçilik şüurlu deyil, şüurludursa, bunun adı ədəbi hoqqabazlıqdır. Təqlidçilik heç cür beynindən ata bilmədiyin şeydir, kağızla tək qalanda da unuda bilmədiyin şeydir, o gedilmiş yolu bir dəfə gedib yeni yol tapmaqdır, çünki o yeni yola gedən yollar keçilmiş yollardan, daş cığırlardan keçir. Təqlidçilikdən qorxma, təqlidçilikdən xilas olana qədər yaz. Amma təqlidçiliyinlə də öyünmə, Azərbaycan elə bir yerdir ki, burda kimlərsə özlərini yüz il ölmüş yazıçının davamçısı saymaqla fəxr edirlər, elə də etmə, sənin üçün təqlidçilik təkrarsızlıq üçün vasitədir, öyünc yeri deyil.

Heç zaman öz mətninə xəyanət eləmə. Onu heç bir cari qayğıya, fani mövzulara qıyma. Orda özün ol. Ora sənin ərazindi, başqasına ora ayaq basmağa izin vermə. İmkanın olanda Afaq Məsudun “Qatarın altına atılan qadın” pyesinə bax. Bu pyes sənin üçün ibrət olacaq. Sifarişli məddahların acı aqibətini yazır bu əsər. Ədəbiyyata xəyanətin sonunu yazır. Xəyanətin sonu səfalətdir. Ədəbiyyata xəyanətin sonu pyesin üst qatında deyildiyi kimi bomjluq da ola bilər, alt qatında deyildiyi kimi mənəvi bomjluq da. Sən bir vedrədə qaladığın ocaqda da qızına qızına da bilərsən, isti və rahat kresloda da otura da. Amma için bomboş olacaq, bir misra da səni özünə çəkməyəcək, bir misra da səni heyrətləndirməyəcək və sən qrafomaniyanın ucuz dalğalarında mürgüləyəcəksən...

Birinci məktubu burda sona çatdıraram. Onsuz da çox yazdım. Davamı mütləq olacaq.

# 4106 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #