Polislərə söylə, sevgilim - Güneydən şeirlər

Güneyli şair Xosrov Barışan

Güneyli şair Xosrov Barışan

24 oktyabr 2022
# 17:00

Kulis.az Güneyli şair Xosrov Barışanın şerilərini təqdim edir.

Xosrov Barışan 29 yanvar 1983-cü ildə Təbriz şəhərində doğulub. Orta məktəbi və liseyi doğulduğu şəhərdə bitirdikdən sonra Şəbüstər Universitetinin Dampərvəri (heyvandarlıq üzrə mütəxəssis) fakültəsində təhsil alıb. İlk şeirlərini orta məktəbdə oxuyarkən yazıb. Universitetə girdikdən sonra Şəbüstər şəhərinin Şeyx Mahmıd Şəbüstərli adına yaradıcılıq dərnəyinin fəal üzvü olur. Eyni zamanda, “Aşina” adlı ədəbiyyat dərgisinin baş yazarı kimi fəaliyyət göstərir. “Yağış saniyəsi” adlı ilk şeirlər kitabı da burada çap olunur. O, təkcə şeirləri ilə deyil, eyni zamanda, maraqlı hekayələrlə və tərcümələrlə də müntəzəm olaraq İran mətbuatında çıxış edir.

Bir sıra ədəbi mükafatlara layiq görülən Xosrov Barışan “Yaşar qələm Təbriz” adlı yayın evinin qurucusudur.

“Yağış saniyəsi”, “Mən sənə məcburam”, “Dünyamız danışanda”, “Dovşan”, “Gözəl quşum” və digər bir neçə kitabın müəllifidir.

***

Urmu dənizciyi, qadası...

Urmu dənizciyi sanma
təkcə məni, səni, onu..
Xatirələrimizdən dalğanan
qəhərimizdə boğur.

Urmu dənizciyi, qadası
Elə odur
Səndir, məndir;
bizi oluşduran ulu bir təndir,
aqil ilə, aşiq ilə,
qeyrətlisi ilə, qeyrətsiz ilə,
fədayisi ilə, satqını ilə,
Bilgəsiylə, manqurdu ilə
Şairiylə, məmuru ilə,
İş başında olanı ilə,
işsizi ilə,
oğrusu ilə, doğrusu ilə,
Və...

Urmu dənizciyi, qadası,
elə türkcəmin “-cək”, “-caq” əkidir;
Bütün əyləmlərim ona bağlanıb
həyat fəlsəfəmi doğur.

Urmu dənizciyi, qadası...
Özgəsi deyil,
Elə odur, səndir, məndir;
Urmu dənizciyi elə vətəndir.
Qurusa quruyacayıq.

***

Bir əcaib tərs ilişki

Bu necə ilişkidir?!
Yalqızlığım böyüyüncə
gözümdə dünya kiçilir.
Kiçilir kiçilməsinə, amma
Nədənsə tapa bilməyirəm səni mən.

Bilirəm, getdikcə kiçiləcək,
dünya bədənim qədər zindan olacaq.
Yalqızlığımsa uşaqlığımın əlindən yapışıb
düşüncəmin yolaqlarını gəzdirəcəyi qədər böyüyəcək.

Və çağ gələcək ki,
bu tərs ilişki,
yalqızlığımın,
məni dünyaya yerləşdirə bilməyəcəyi qədər
İrəliləyəcək.
Bəlkə, onda mən səni tapa bilərəm...
Bəlkə də,
aşiq özü bir yoldur elə,
Adəmin cənnətdən qovulmasının yolu.
Hələ də uzanıb…
uzanıb,
gedən bir yol.
Sevgilim gedirsən
ürəyim kabab olur.
Addımların hansı cəhənnəmin pörtüyüdür?

***
Şeir bir oğrudur

Şeir bir oğrudur
yəni oğrunun yadına daş salma!
Yəni gözlərimə yaş salma…

Sən çevirməkdəmi uzmansan?!
Sənin gözlərin şairdir demək…

Polislərə söylə, sevgilim.
Hər gecə şəhəri alt-üst edib,
şirin yuxuları gözlərdən pozmasınlar,
biz baxışarkən mən-
sınmayım deyə,
bu saykopet həyatı boynuma kravat etmişəm.
Acımdan qarnıma yox,
ürəyimdəki sözcüklərin ardına daş bağlayıram,
yox, daş ağlayıram…
Sırdaş,
Yoldaş,
Vətəndaş,
Sevgidaş,
Yalqızlıqdaş,
mən gizlədilməkdəmi uzmanam?
Mənim gözlərim şeirdir demək…

Hey… yazdıqlarımdan hoyuxub,
ev-ev məni axtaranlar,
hər 24 saatdan bir-
gündüz mənim qaramı geyib gecə olur.
İnsan demədiklərindən oluşur,
dediklərindənsə görüşür.
Məni sözcük-sözcük
Şeirlərimdə tapın.


# 2848 dəfə oxunub

Oxşar xəbərlər

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

19:35 4 dekabr 2024
Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

17:10 3 dekabr 2024
Bircə söz düşər yerə dilimdən: "Sevirəm" - Könül Arifin şeirləri

Bircə söz düşər yerə dilimdən: "Sevirəm" - Könül Arifin şeirləri

17:00 29 noyabr 2024
Yaşamaq necə qorxuludur... - Günün şeiri

Yaşamaq necə qorxuludur... - Günün şeiri

11:27 28 noyabr 2024
Heç qapından girmərəm, qayıt desən, gəl desən - Günün şeiri

Heç qapından girmərəm, qayıt desən, gəl desən - Günün şeiri

13:00 25 noyabr 2024
Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

15:00 20 noyabr 2024
# # #