Həmid Herisçi: "O gün məni yenə həbs etmişdilər"

Həmid Herisçi:  "O gün məni yenə həbs etmişdilər"
12 fevral 2025
# 12:50

Kulis.az "Günün şeiri" layihəsindən Həmid Herisçinin "Anamın kitabı" adlı yeni şeirini təqdim edir.

Yanğından təxliyə planları, sxemləri
çəkərdi rəhmətlik anam.
Axırlarına gözəl xətlə qısa imzasını qoyardı:
“Sxemi çəkdi: mühəndis T. Axundova”

İndi hansı rəsmi idarəyə getsəm,
Min qat cəriməylə hədələnsəm,
Lombarddakı nişan üzüyümü geri istəsəm,
Qəfil azca kənara çəkilsəm,
Kölgələrdən birini axıracan izləsəm,
Özümdən, taleyimdən qəfil küssəm,
Dünyanın ən əclaf sifətləri ilə üzləşsəm,
Qəfil, birdən
Divarda anamın təxliyə planını, sxemini görəcəm...
Üzümdə heç nə bildirmədən.

Anamın işarələdiyi istiqamətə gedəcəm...

Kələfin ucunu,
İdarələrdən qaçıb çıxmaq yolunu
Azadlıq folklorunu
Tam dəqiq göstərir mənə rəhmətlik anam
Əvvəl astaca pıçıldayır qulağıma:
“Gəl arxamcan.

İzlə çəkdiyim qırmızı oxu,
Gözlərini bərəlt, yaxşı-yaxşı oxu
Sxemdəki gizli işarələrimi.
Sənə yazdığım şerimi.
Tut, sıx, day buraxma əlimi
Mənə tapşır min cür dərdini
İşıqlığa, pəncərəyə, qapıya
Özüm çıxaracam səni

Ay ana... Allah sənə rəhmət etsin qəni-qəni...

O gün məni yenə həbs etmişdilər,
Bir yumruğa yerə sərmişdilər.
Ancaq mən artıq bələdləmişdim,
Anamın səsini eşitmişdim
ən uzaq divardakı
Təxliyə sxemindən
Bir şüa,
İlahi dua
Fikir vermədən min bir caduya,
Yüz minlik polis ordusuna
Gəlirdi köməyimə.

Küncdəki əli süpürgəli xadimə
Anam cildində canlandı gözlərimdə.

Həmid Herisçi kimdir?

Həmid Herisçi 30 aprel 1961-ci ildə Bakı şəhərində anadan olub. Atası Qafar Kəndli Herisçi 1923-cü ildə Təbriz şəhərində anadan olub. Atası tərəfi əslən Təbriz yaxınlığındakı Heris bölgəsindəndir, "Herisçi" soyadını da bu bölgənin adından alıb.

Həmid Herisçi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. "Nekroloq" və "Əli. Nino. Bakı" adlı postmodern üslubda yazılmış irihəcmli romanların və şeirlərin müəllifidir. Bir zamanlar həyat yoldaşı İlhamiyyə Rzayeva ilə birlikdə "Space" telekanalında "Gecə kanalı" adlı verilişdə aparıcılıq edib. 2002-ci ildə yaradılmış Azad Yazarlar Ocağının qurucularından biridir. 2013-cü ildə "ANS" telekanalında "Gizli Azərbaycan" verilişinin aparıcısı olub.

# 4721 dəfə oxunub

Oxşar xəbərlər

Payız sarı kart çıxarır bahara... - Kazım Kazımoviçin yeni şeirləri

Payız sarı kart çıxarır bahara... - Kazım Kazımoviçin yeni şeirləri

15:00 26 noyabr 2025
Gəl, danışaq, dodaqları dodaqlara tapşıraq... - Tanınmış polyak şairdən şeirlər

Gəl, danışaq, dodaqları dodaqlara tapşıraq... - Tanınmış polyak şairdən şeirlər

11:25 26 noyabr 2025
"Sən canlısan, dirisən – sevgi sənə yaraşır" - Leyla Əliyevanın şeiri

"Sən canlısan, dirisən – sevgi sənə yaraşır" - Leyla Əliyevanın şeiri

15:52 25 noyabr 2025
Ömürlük qonasan bu ölməzliyə... - Günün şeiri

Ömürlük qonasan bu ölməzliyə... - Günün şeiri

12:00 25 noyabr 2025
Sellə axan bir ovuc suyam... - Moin Dehazın şeirləri

Sellə axan bir ovuc suyam... - Moin Dehazın şeirləri

12:00 16 noyabr 2025
"Beli bükük ağacın əlinə əsa olar kəsilmiş qolu..." - Günün şeiri

"Beli bükük ağacın əlinə əsa olar kəsilmiş qolu..." - Günün şeiri

13:00 15 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər