“Aşiqik ta əzəlindən bəri cəlladımıza...” – yeni qəzəllər

“Aşiqik ta əzəlindən bəri cəlladımıza...” – yeni qəzəllər
13 oktyabr 2024
# 14:00

Kulis.az gənc şair Təbriz Hüseyninin qəzəllərini təqdim edir.

Ahu-əfğan etməyim əsla deyil bica mənim.
Ağlımı başımdan almışdır dəli sevda mənim.

Əşki-didəm qəlb yandıqca çıxırmış zahirə,
Batinimdə eyni imiş od ilə dərya mənim.

Verdiyi busə təmənnasız deyilmiş, sən demə,
Aldı imanım əlimdən ol büti-tərsa mənim.

Yar min-min dərdü-qəm vermiş mənə, bir dəfə də
Eşqdən qeyri pənahım olmayıb əsla mənim.

Dərdimi, dərmanımı hal əhli bilmişdir vəli,
Anlamazlar halimə etmişlər istehza mənim.

Pak xəlq etmiş məni, Xəllaqi-aləm, gəl mənim,
Heyf ola, çirkab yerlərdə bulaşmış damənim.

Kürreyi-ərzə səmadan endirilmiş varlığam,
Ayeyi-Quranidə vəsfim keçir hətta mənim.

Təbriza, sözdən səvayi dövlətim yoxdur deyə,
Yadigarımdır, bu xəlqə bir-iki misra mənim.

***

Hər kim sevirsə yarını divanələr kimi,
Məhşur olar məhəbbəti əfsanələr kimi.

Sevdayə düşdüyüm kimi ümmidi-vəsl ilən,
Yandım o şəmin hicrinə pərvanələr kimi.

Xar ilə məhrəm olmağı seçməkdir adətin,
Ey gül, yanaşmısan mənə biganələr kimi.

Bildim fəna imiş qoca dünya, bəqa olub
Seçdim həqiqi sevgini fərzanələr kimi.

Çıxdım təriqi-məscidi-viranədən yenə
Düşdüm şərab eşqinə məstanələr kimi.

Dünyadə xeyli mənzilə üz tutmuşam fəqət,
Zövqü, səfası olmadı meyxanələr kimi.

Aşiq bu dərdə, həsrətə, səbr eyləsin gərək,
Təbriz, məqami-eşqdə mərdanələr kimi.

***

Əflakı döndərər külə əfğanımız bizim.
Bitməz, tükənməz həsrətü hicranımız bizim.

Min gün fəğan eylərik min əzab ilən,
Bir gün nəzər salar bizə cananımız bizim.

Yarın qədəmlərinə düşər başımız bizim,
Yarın qədəmlərində çıxar canımız bizim.

Etmək bu qədri dərdə şikayət ədəb deyil,
Qorxum budur qəzəblənə Sultanımız bizim.

Cananə çatmağın yolunu kəşf qılmışıq,
Can oldu eydi-qürbdə qurbanımız bizim.

Tapsaq əgər ki, dərdə dəva dərdimiz budur,
Axırda, dərd olar yenə dərmanımız bizim.

Batində eyb gizlədər amma ki, çatdırar
Zahirdə zinətin gözə zindanımız bizim.

Təbriz, bu ömr getdi, yaz ustadımız kimi,
Tarixdə qaldı Dahi qəzəlxanımız bizim.

***

Əsdisə badi-səba yarı salar yadımıza,
Yar lütf eyləsə bir gün çatar imdadımıza.

Saf bir güzgü kimi hifz edib aləmdə onu,
Ləkkə biz salmamışıq namımıza, adımıza.

Atalardan-babalardan bu imarətlər ki,
Necə qalmış bizə, bizdən qalar övladımıza.

Qeys səhranı qoyub qaçdı, görüb eşqimizi,
Ey dilim, sus, deyəsən, getdi bizim badımıza.

Kim ki, bədbəxt edibdir bizi bu aləmdə,
O səadət gətirər bu dili-naşadımıza.

Baği-cənnət olar o huriliqa dildarım,
Lütf edib salsa nəzər xaneyi-bərbadımıza.

Əvvəl, icad edirik hər nəyi, ram eyləyirik,
Özümüz ram oluruq sonda öz icadımıza.

Dudi-dildir alan ağuşuna odlar yurdun,
Atəşi sevmək ilə çəkmişik əcdadımıza.

Canalan dilbəri sevmək bizim el adətidir,
Aşiqik ta əzəlindən bəri cəlladımıza.

Bir nəcibanə qəzəl söyləsən, əlbət, Təbriz,
Eşidən min kərə ''əhsən'' deyər ustadımıza.

***

Ey dilim, bəxtimi kim bağlayıb ar olsun ona!
Və mənimtək qoca dünya evi dar olsun ona!

Mən olum yarın o müjgan oxunun qurbanı,
Qeyri kəslər nə rəvadır ki, şikar olsun ona.

Razı olsun gərək hər bir qəmə, hər bir dərdə,
Hər kim istər quru səhrada diyar olsun ona.

Mənə yar olmadı yarım dediyim eyb etməz,
Sevsin Allahını, Allah özü yar olsun ona.

Təbriza, naşıya söz vermə dəyərdən salsın,
Söz bilən kəslərə söz ver xiridar olsun ona.

***


Könlümü şad etməyə gəlmişdi canan bir dəfə,
Qismət oldu, gördüm ol dildarı pünhan bir dəfə.

Qiymətin mən bilmədim, bildikdə canan gəlmədi,
Çərxi-kəcraftarı dövrün verdi imkan bir dəfə.

Qarşısında canımı qurban edərdim, ol nigar,
Lütf edib, ləli-ləbindən etsə ehsan bir dəfə.

Eşq rahın çox adam dərk eyləmir, eşqin özü
Qəm verir min bir dəfə, amma alır can bir dəfə.

Gər həqiqi aşiq isən, ey mənə rişxənd edən,
Mən təki pərvanə ol, şəm eşqinə yan bir dəfə.

Yarı Kəbəm bildiyimdən, həqqi düz zikr etmədim,
Səhvi yüz bir dəfə etdim, zikri doxsan bir dəfə.

Təbriz eşq uğrunda canın da tamam məhv eyləsə,
Sevdiyi canan deməz əfsus ona “can” bir dəfə.

# 1107 dəfə oxunub

Oxşar xəbərlər

Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

15:00 20 noyabr 2024
Gecələr yuxuma girərdi Allah - Günün şeiri

Gecələr yuxuma girərdi Allah - Günün şeiri

14:00 20 noyabr 2024
Sərxoş gəlmişəm qapına - Şaiq Vəli

Sərxoş gəlmişəm qapına - Şaiq Vəli

18:40 16 noyabr 2024
Yaşamaq necə qorxuludur... - Günün şeiri

Yaşamaq necə qorxuludur... - Günün şeiri

12:40 16 noyabr 2024
Tanrıyla yan-yana gedirdi o qadın - Günün şeiri

Tanrıyla yan-yana gedirdi o qadın - Günün şeiri

18:43 15 noyabr 2024
Ölü əsgər haqqında ballada - Bertold Brext

Ölü əsgər haqqında ballada - Bertold Brext

18:40 13 noyabr 2024
#
#
# # #