Əlabbas: "Ad çəksəm, bütün ədəbi mühitlə düşmən olaram" - Müsahibə

Əlabbas, yazıçı

Əlabbas, yazıçı

5 may 2022
# 15:20

Mayın 5-də yazıçı Əlabbasın 65-ci doğum günüdür. Kulis.az bu münasibətlə yazıçını təbrik edir və Orxan Cuvarlı ilə söhbətini diqqətinizə çatdırır.

– Əlabbas müəllim, əvvəlcə əhvalınızı xəbər alım. Pandemiya, müharibələr, başqa-başqa hadisələr. Həyatın axarı sürətlənib sanki. Siz nə düşünürsünüz, mənəvi durumunuz necədir?

– Mən qırmızı köynəyimi 87-də əynimdən çıxaranam. Qarabağ ətrafında ehtiraslar qızışandan. Onu Şuşa alınanda da geymək qismət olmadı. Demirəm bəlkə, Xankəndinə Azərbaycan bayrağı sancılanda geyəm o köynəyi. Gör səhvdir, ya düz: SSRİ dağıldı, dünyanın düzəni tar-mar oldu, hansı ictimai-siyasi quruluş gəldi, bilmədik. 20 Yanvar, Başlıbel, Ağdaban, Xocalı faciələri içimizdən ağır yük qatarı kimi keçib getdi, Qarabağı əldən verdik, 30 min nər kimi oğul itirdik. Biri digərinin davamı olan sonrakı hadisələr: təşviş, qorxu, xof təlqin edən hakimiyyət didişmələri, cəmiyyəti aqonya halına gətirən insan oğurluqları, müəmmalı qətl və qiyamlar, cəmiyyəti bürüyən mənəvi aşınma, məğlubiyyət acısının doğurduğu uzunmüddətli psixoz vəziyyəti, başqalarını bilmirəm, şəxsən məndə can qoymadı. Qaldı müharibəyə, sözün bütün mənalarında axırıma çıxdı o. Nakam qələbə yolçularının mərmərdən boylanan şəklinə baxıram, içim qan ağlayır, atasının soyuq başdaşını onun isti canı kimi qucaqlayan övlad görürəm, qəlbim şan-şan olur, sinəsinə övlad dağı basılan ana dinləyirəm, yenə elə… Bir kədərli mənzərə, adicə söz də göz yaşı tökdürür mənə. Tək bu deyil, məni riqqətə gətirən şad xəbərdən də gözlərim dolur indi. Həssas adamlar da belədir ki, davamlı depressiya, uzunmüddətli streslər özü axtarıb tapır onu. Son iki ildə iki dəfə xəstəxanalıq olduğumu da bura əlavə etsəm, hazırkı ruh halım tam göz önündə olar. Bu azmış kimi, bir tərəfdən də pandemiya! Nə elədi, şaha-gədaya baxmadan elədi. Ən seçkin insanları belə “uf” demədən alıb apadı. Sağ qalanlara isə göz ağardıb, əgər fikri bir də geri qayıtmaq deyilsə, çıxıb getdi. Belə baxanda sağ qaldığımıza şükür etməmiz gərək.

– Müəyyən yaşdan sonra adam ətrafda baş verənlərə heyrətlənə bilmir, təəccübünü də itirir. Qarşıdan 65-ci doğum gününüz gəlir. İllər keçdikcə sizin üçün nələr dəyişir, əvvəlki parlaqlığını itirir?

– İtən itib. Cavan olanda hər şeyə məna verirsən, üstəlik hal əhlisənsə sözdən söz çıxarırsan, başına çatı salıb oynadırsan, o mətləb qalmır ki, içində poetik yozum axtarmayasan. Amma 65 o yaş deyil artıq. Elə bilirsən belə də olmalıdır – bəlkə, bunun özü də bir hikmətdir? Yaradıcı adam üçün hər şey keçərlidir, bircə söz parlaqlığını, sehrini itirməyə. Amma baxıram ki, o ovsun da bu gün yerində deyil. “Qar elə dənər-dənər tökürdü, elə bil ulduzları şadaraya doldurub ələyirdilər” – iyirmi yaşın qənaəti, gecə yağan qarın təsviridir bu. O zaman onu “icad” edəndə ürəyimdə fikirləşirdim, əgər o, gündüz yağsaydı, necə olardı? Başıma sözmü qəhət idi? “Qar elə yağırdı, deyirdin bəs gözəgörünməz bir əl dağların başına duz çevirir ki, ucalığı gözə gəlməsin”. Və bu qəbildən olan neçə-neçə bəzək-düzəkli fikir! Hər biri də çılğınlığın, gənclik eşqinin yaratdığı fantasmaqoriya! Belə mənalandırma hara, bu yaş hara? 65-də birmənalı olaraq səni təsvir və tərənnümdən çox, sözün Mustafası, yəni canı, çılpaq həqiqəti ilgiləndirir.

– Yaşa dolduqca yazıb-yaratmaqla bağlı daxili vəziyyətiniz maraqlıdır. İndi sizi yazı masanızın arxasına nə gətirir?

– Fasiləsiz olaraq bir oturuma on saat işlədiyim vaxtlar olub. On saat! Qız kəkili ilə oynayan kimi sözlərlə oynamaq, ətrini, rəngini, çalarlarını, dad-duzunu dəqiq tapmaq heç doymadığım bir yaradıcılıq həzzi idi. Heç nəyi birnəfəsə, necə gəldi yazmadım. Mətni cilalamaq onu yazmaqdan daha çox vaxtımı aldı. Misalla danışım: “Gecəyarı hadisə”də fağır Allahın bəndəsi olan qadının, mən istəyən təhər ağlamağını vermək üçün min oyundan çıxdığım yadımdadır. Ağlamaq yazırsan, baxırsan, o deyil. Göz yaşı axıtdı, yenə o deyil, Bəlkə, yanağı islandı yaxşıdır? Yox, o da ürəyindən tikan çıxartmır. Kirpiyində yaş parladı necə? Baxırsan ki, o da belə… Zar-zar zarıdı, dizinə döyüb ağladı, üzünü cırıb ağladı, başına döyüb ağladı olsa necə, ürəyinə yatarmı? Bəlkə, zülüm-zülüm? Təxminən on-on iki il əvvələ, “Köhnə kişi”nin yazılan vaxtlara qayıtmış olsaydım, maraqlı mənzərələr alınardı, amma şübhəsiz, o da təkrara aparıb çıxarardı. İndi onları xatırlayıb vaxt almaq, oxucuları yormaq, həm də yadasalma ilə özümü vaxtilə aldığım zövqdən məhrum etmək istəmirəm. Qərəz, minaaxtaran mina ilə necə davranırsa, qırx beş il sözlə elə rəftar etdim.
Misala gəldikdə isə, belə idi o: “Boyunbağının itdiyini ona vaxtında deməməyinin səbəbini soruşanda arvadın gözləri kasıb evinin damına döndü”. Sonralar onun oxucu təltifini aldım və bildim ki, sözün nazını nə qədər çox çəksən, ömrü o qədər uzun olar. Əlimdən keçən onlarla bu qism misal çəkə bilərəm. Bunu ona görə deyirəm ki, heç nəyin məni bu qədər məsud etmədiyi o dəmlərin bircə anının sevincini ömrün bundan sonrakı bütün illərinin yaradıcılıq nəşəsinə dəyişməyin qeyri-mümkünlüyünü oxucularım da bilsin. Bədii əsər yazarkən dili ikinci, bəzən hətta üçüncü sıraya qoyanlara mən tərəfdən bir işarətdir həm də bu. Təsvir, dialoq, ideya, süjet daxil bütün möcüzələr dillə yaradılırsa və bir yaradıcı kimi barı poetik dilimizi ölməyə qoymayaq, barı onu yaşada bilək. Bu dilin altun qatında elə söz və ifadələr var ki, onu üzə çıxarmaq çayda torpaq yuma üsulu ilə zərrə-zərrə qızıl toplamağa bənzər. Filan əsərin süjeti, forması, mövzusu və ideyası deyib uzağı beş-on cümlə ilə bəsinənlər onun poetikasından qalın bir kitab yazar və düz də eləyər. Çünki bu, birbaşa dil və üslubla bağlı məsələdir. Vətəni övlad, torpağı ordu, dili yazıçı qoruyar. Belədir bu işin düsturül-əməli!

İki il əvvəl Feysbukda bəyan etmişdim ki, evimizdə minalanmış zona aşkar olunub – kompüter masamın ətrafı. Düzdür, o mina indi yoxdur orda, amma daha o səmtə də özxoşuma gedə bilmirəm. Məni ora aparmaq üçün gərək əlisilahlı adam ola. Çox kədərlidir.

– Yaradıcı insanlar əsərləri ilə doğmalaşır, insanların yaddaşına həkk olunur. Bir yazıçı kimi sizi hansı əsəriniz daha aydın ifadə edib? Ya hələ də o əsər yazılmayıb, işıq üzünə çıxacağı, geniş oxucu kütləsinə təqdim ediləcəyi günü gözləyir?

– Mən yaşda kim deyirsə ki, ən yaxşı əsərimi hələ yazmamışam, bil ki, səmimi danışmır, saxtadır o. Adama deməzlər ki, bəs harda küllənirdin indiyəcən? Hansı məzhəbə qulluq eləyirdin? Sən bundan sonra aramsız ağrı, qan təzyiqi, ürək döyüntüsü, beş-üç qəpik təqaüd, ev-eşik, oğul-uşaq dərdi ilə gözəl əsər yazan yetimsən? Qaldı sualın ikinci hissəsinə, hərçənd dostların əksəriyyəti məni “Köhnə kişi” deyə çağırırlar, amma mən özümü daha çox “Qiyamçı” hesab edirəm. Nəyə görə belədir? Səksəninci illərin sonunda hələ kitab oxuyan vardı və mən onların yaddaşında “Köhnə kişi” ilə qalmışam. Sonralar onların sırasına “Qiyamçı”ya eşq olsun, deyənlər də qoşuldu. Hər ikisini oxuyanların dilindən isə çox qəribədir ki, yarıciddi-yarızarafat “sənətkar” nidası da gəldi. Təbii ki, təəssüflə birgə! Niyə? Buna o vaxt ciddi əhəmiyyət verərdim ki, bu xitabı layiq olanlara demiş olaydılar. İndi kimə sənətkar demirlər ki? Bir-iki qotur hekayən çıxıbsa, sən artıq sənətkar, kitabın da varsa, artıq “ustad”san. Get kef elə! Bu da bir Azərbaycan gerçəkliyidir, neyləyəsən? Nədəsə biz də birinci olmalıyıq, ya yox?
Sualın cavabına gəlim: istər ictimai-siyasi mahiyyəti, ideya-mövzu sanbalı, istərsə də poetik ləngəri, bədii-estetik sistemi və obrazlar aləmi ilə “Qiyamçı”ın ayrı bir yeri var ürəyimdə. Sxematizmdən uzaq yazı manerasını, “çölçü dili” ilə aşıb keçdiyim estetik baryerləri, panoram genişliyini hələ bir tərəfə qoyuram.

– "Köhnə kişi", "Qiyamçı", "Qaraqovaq çölləri"… Bu əsərlərin ədəbi talelərindən gileyli olduğunuzu bilirəm. Bəhs etdiyim biganəliyin səbəbləri barədə nə düşünürsünüz?

– Bu sözü tam məsuliyyətlə deyirəm: indiyə qədər yazdıqlarımın yarısı və altında imzam olan əsərlərin indikindən qat-qat zəifi ilə daha məşhur və böyük hörmət yiyəsi olardım – buna əsla şübhən olmasın! Çünki ədəbi tənqidin hansı əsərlərə və qələm sahiblərinə qapı açdıqlarına düz 45 ildir şahidlik eləyirəm. Ortabablarla işləməyin “türfə əlamətləri” var axı! Əlim çənəmdə qalıb, vallah! Ola bilər haqqın rəhmətinə də elə o pozada gedərəm: deyirəm, ilahi, qeyri-obyektiv və qərəzli olmaq yəni doğrudan, bu qədər asan və insana rahatlıq gətirən nəsnədir? İşini-gücünü buraxıb durasan bircə-bircə ad çəkməyə, gərək bütün ədəbi camiə ilə düşmən olasan! Bir onu deyim ki, qoy ədəbi tənqid gedib Tabasaran dilində yazılan və canına bilmərrə ədəbiyyat havası dəyməyən əsərləri göylərə qaldırmaqla məşğul olsun. Haqqı deməyə, ara-sıra mənim də yazılarımdan bəhs etməyə isə sumqayıtlı balası – çinsiz, epoletsiz, amma əjdaha Aygün Yaşar da bəs edər! (Aygün Yaşar — tədqiqatçı, tərcüməçi, şairə — O.C.). Əslində bu barədə söhbət açmağımızın özü bir işə yarayan deyil, çünki qurbanolduğum bizdə əhli-qələmin hörmət-izzətini, qədir-qiymətini nədənsə ölümündən sonraya yazıb... Əsla qəm yeməyinə dəyməz – qoy oxucularımıza bu həqiqət də iki dostun söhbətindən yadigar qalsın.
Və... Təxminən bu sualla bağlı xüsusi bir yazım olacaq deyə təbrik əhvallı müsahibəni dava-mərəkə meydanına çevirməyim düz olmaz. Üstəlik dəyərli dostum Xalid bəy Kazımlıya çoxdan başlayıb, heç cür bitirə bilmədiyim bir mətbu məktubum da var bu xüsusda. Gözləyək.

– Son hekayələrinizdə fərqli üslub hiss edirəm. "Arvanada dəfn", "Yolda adam" və "Qul" hekayələrində bu fərq daha aydın hiss olunur. Bir vaxtdan sonra üslub dəyişməyin, modern mətnin tələblərinə uyğunlaşmağın çətinlikləri nələrdir?

– Elə mövzular var ki, tək formasını deyil, üslubunu da özü diktə edir. Bu mənada, o, müəllifdən asılı olmur. Yəni bu, üslub dəyişmək anlamına gəlmir, məncə. Həm də bu, çox da asan bir iş deyil. İllərlə alışdığın, ritmini, melodiyasını tapdığın, bədii-estetik dəyər halına gətirdiyin qəlibləri sındırıb dağıtmaq özünü inkar etmək kimi bir şeydir. Məsələn, “Ovçu”nu necə “Başsağlığı”nın, “Yük”ü “Gözəl”in, “Şəbi-hicran”ı “İkinci oğul”un üslubunda yaza bilərsən? Belə adbaad danışmağımın səbəbi odur ki, xoşbəxtlikdən sən o yazıların hər birini oxumusan və sənin kimi istedadlı oxucu ilə fikir bölüşmək də rahatdır.

– Əlabbas müəllim, yeni nə yazırsınız?

– Desəm ki, nə vaxtsa yazdıqlarımı pozmaqla məşğulam, bilmirəm necə baxarsan buna? Amma faktdır, həm də əlin gəlməyən, hətta bəzən qıymadığın, vaxtaparan, çox çətin və ağır bir işdir bu. Yüzə qədər hekayəmi son bir-iki ildə nə illah elədim alındıra bilmədim, axırda “udalit” adı ilə gedər-gəlməzə göndərdim ki, birdəfəlik canım qurtarsın. Ağır bir yükdən azad oldum elə bil. Yoxsa hələ çox eşələnəcəkdim köhnə uçqunların altında. Bundansa təzə “ev” tikərəm, dedim və bir neçəsini tikdim də. Məncə, “Dərviş”in və “Qan”ın (müəllifin hələlik işıq üzü görməyən hekayələri — O.C.) onların arasında xüsusi yeri olacaq. Əlimin altında yarımçıq povestim, romanım və bir daha pozmayacağımı güman etdiyim otuzdan çox hekayə var. Səhhətim imkan versə, onları bir yana çıxartsam, böyük işdir. Baxaq, görək nə olur.

– Ədəbi nəsillərin vaxt ötdükcə cırlaşdığı barədə qənaətlər var. Bu fikirlə razılaşırsınız?

– Razılaşmayıb, neyləyəcəm, fakt göz qarşısındadırsa. Mahiyyətə varmamaq, hadisəçilik və epistolyar üslubla əhvalat danışmaq son dövr mətnlərinin qanına işləyib elə bil. Əgər belədirsə, bədii əsər yazmağa nə ehtiyac var ki? Sözü birbaşa, açıq mətnlə demək publisistikanın işidir. İki cümlə ilə məqsədini de, vəssalam! Son zamanlar sürpriz imza və əsərlərin görünməməyinin bir səbəbi də, qənaətimcə, odur ki, akademikdən tutmuş qəssaba qədər bizdə o peşə sahibi qalmayıb, bəxtini qələmlə sınamasın. Nazir, icra başçısı, rəssam, bəstəkar, təqaüdçü, mühəndis, deputat, həkim, hakim, prokuror, məhkəmə sədri, polis rəisi, məktəb direktoru, müəllim, tələbə, ətriyyatçı, falçı, əbəçi, kassir, satıcı, qəssab daha kimlər, kimlər... Hamısı da özfəaliyyət səviyyəsində! Bu yerdə az qalırsan deyəsən ki, biz hələ az cırlaşmışıq! Əhsən bizə!

Nə qədər ki, bu işə vahid nəzarət sistemi və idarəetmə strukturları yoxdur, biz bu qayda ilə də davam edəcəyik. Efirə sırğada, corabsız və saqqız çeynəyə-çeynəyə çıxacağıq.

– Bir dövr var idi ki, ədəbi mühit az da olsa, hərəkətlənmişdi. Müsabiqələr, mükafatlar olurdu. İndi mühitdə durğunluq yaranıb. Sanki yazıçılar da süstləşib, prosesin sönüklüyünə təslim olub…

– Bir ara AYO-çular yaxşı mənada səs-küy qopartdılar, AYB ilə kəllələşmə, söz davası, tez-tez sədr dəyişmələri ilə dərs vermək cəhdi, nüfuz müharibəsi, özündən əvvəlkiləri bəyənməmək-filan ədəbi prosesə təsirsiz ötüşməyən hadisələr idi. Amma axırı təəssüflə bitdi. Müxtəlif qovğalar, çəkişmə və didişmələrdən itirən tək yazıçı və şairlərimiz yox, həm də ədəbiyyatımız oldu. O vaxt nəriltisi gələnlərin indi iniltisi belə gəlmir. Həmkarlarıma qarşı nainsaflıq etmək istəmirəm, pis-yaxşı yazıb-yaradıblar, əvəzində quruş belə qazanmadan əzab-əziyyətə qatlaşıblar, xəlbirlə su daşımaqla ədəbiyyatın təməl prinsiplərini zamanın və ədəbiyyata dəxli olmayan istedadsız qaragüruhun ixtiyarına buraxmayıblar. Bununla belə, bir neçə imza istisna olmaqla “səksənincilər”dən sonrakı ədəbi nəslin xidməti nəhəng tilovla kilkə tutmaq qədərində bir şey oldu. Desəm ki, bu daş, bu tərəzi, çətin ki, üstünlük son nəslin tərəfində olsun. O vaxt Allahlıq iddiasında olanları belə bu gün yavaşımış, sönmüş, taleyi ilə barışmış görmək ağırdır. Vaxt vardı ağzını açan “Nobel”dən danışır, iddiaları yerə-göyə sığmırdı. Onları müsabiqə qalibi olmağa belə qoymadılar. Qaliblərdən isə xəbər-ətər yoxdu. Amma sənə onu deyim ki, kimlərə qismət olduğunu görəndən sonra günün birində “Nobel”in ayağını Azərbaycandan salacağına da şübhəm qalmayıb: bizim problem istedadsız olmağımızda yox, deyəsən, prosedur qaydalarını bilməməyimizdədir.

Süstlüyün və sönüklüyün bir səbəbi də həqq-təlifin, yəni zəhməthaqqının olmamasıdır. Bir zamanlar qəzet və jurnallarda illərlə, bəli, bəli, illərlə növbə gözləyənlər, templana düşmək üçün özünü “şəhid” edənlər var idi. İndi bir adam barmağını qatlayıb deyə bilməz ki, məni çap eləmirlər. Eləmirlər? Sağ olsun Feysbukun canı! Bundan ötrü də fikir edərlər? Onsuz da lorla şora qiymət verən yoxdur indi. Kim nə istəyir, yazır və Feysbuk üzərindən göndərməsini eləyir. Nə işdirsə tabu və arqolarla danışanları da lap bəh-bəhlə qarşılayırlar. Çünki cəmiyyət özü tənəzzülə uğrayıb.

– Əlabbas müəllim, hazırda nəşriyyat sistemi sizin yazmağa başladığınız dövrdəki vəziyyətindən bir xeyli uzaqlaşıb. Sizin də qeyd etdiyiniz kimi, qonorar, sifariş, yüksək tiraj anlayışları tamam unudulub. Başı çəkmiş biri kimi, naşirlərimizə təklifiniz nə olardı?

– Yeni dəyərlər sistemi yaranıb və birmənalı o, yazıçı və şairlərimizə xidmət etmir, bu, göz önündədir. Nəşriyyatların vəziyyətdən çıxmaq üçün yerli müəllifləri qoyub, əsasən əcnəbilərə üz tutmaq limiti də, məncə, dolub artıq. Bu gün korifeyləri belə öpüb göz üstə qoyan yoxdur. Bütün bəlaların kökü ondadır ki, köhnə əyyamlarda oxucu vardı, indi tamaşaçı var. Bu günün adamı qulaqlarından çox, gözünə inanır. Sayagəlməz telekanallar, hədsiz informasiya bolluğu, məlumatların şüur axını şəklində çatdırılması, sosial şəbəkələrin həm darvaza kimi, həm də hamının üzünə açıq olmağı vaxtilə şəxsiyyətin təsdiqi anlamına gələn kitabı bu gün heç-puça çevirən səbəblər sırasındadır. Daha onda hansı cırlaşmadan gileylənirik biz? Bu işə dövlət nəzarəti olmasa, heç nə yoluna düşən deyil. Bu yaşda kitabı qoltuğumuza vurub qapı-qapı düşməyimiz, tində durub onu satmağımız yazıçının əsrlərlə formalaşan müsbət imicinə, nüfuz və şəxsiyyətinə vurulan ağır zərbədir.

– Bir qələm əhli kimi özümə də maraqlıdır, yaza bilməyəndə neyləyirsiniz?

– Yaza bilməyəndə yazmıram. Sözün hörmətini saxlayıram. Və çox rahat oluram. Bu da bir xidmətdir!

– Doğum gününüz mübarək, Əlabbas müəllim. Sizə can sağlığı, uğurlar arzulayıram!

– Sağ ol, əziz Orxan. Bu sözü çox demişəm, doğum günü mənimçün sıradan, adicə bir təqvim günüdür. Qəribədir ki, heç vaxt o gün olduğu qədər yorulmuram. Dostlar, qohumlar, qardaş-bacı zəng vurub yada salmasa, ad günüm olduğu, tövbə, yadıma düşməz. Düz otuz beş ildir mayın 5-i məndən ötrü balaca qızımın ad günü kimi daha əlamətdardır.


# 4235 dəfə oxunub

Müəllifin son yazıları

# # #