“Mən Floberəm” - Orhan Pamukun ESSESİ

“Mən Floberəm” - <span style="color:red;">Orhan Pamukun ESSESİ
8 sentyabr 2017
# 21:00

Kulis.Az Qismətin tərcüməsində Orxan Pamukun “Məsumiyyət muzeyi”nin ilham qaynaqları arasında gəzinti” adlı essesini təqdim edir.

Heminquey “Paris Revyu” jurnalına verdiyi məşhur müsahibədə ona təsir edən ədəbiyyatçılardan danışır, ən çox kimlərdən öyrəndiyini sadalayır. İyirmi üç yaşında rəssamlığı atıb yazıçı olmağa qərar verdiyim günlərdə, Heminqueyin siyahısında Flober, Stendal, Tolstoy və Dostoyevski kimi yazıçılarla yanaşı, Bax, Motsart kimi bəstəkarların, Brugel və Sezan kimi rəssamların adlarını görəndə ovsunlanmışdım. Gələcəkdə bir gün mən də eyni şeyi edəcəkdim.

Otuz beş il sonra “Məsumiyyət muzeyi” romanını yazıb bitirəndə, anladım ki, həmin günün gəlib çatıb. Çünki yazdığım kitablar içində ən çox bu roman mənə bu cür suallar verilməsinə səbəb oldu: “Bu fikir ağlınıza nə vaxt gəlib?”, “Romanınızın ilham qaynaqları nələrdir, bunları necə fikirləşmisiniz?” və s.

“Məsumiyyət muzeyi” təkcə roman deyil, eyni zamanda, neçə ildir İstanbulda qurmağa çalışdığım həqiqi bir muzey olduğu üçün də bu suallar çoxalıb. Buyurun, bu da sizə ilhamlandığım qaynaqların qısa siyahısı:

1982-ci ildə bir ailə toplantısında Şahzadə Əli Vasıb Əfəndi ilə tanış oldum. Padşah Beşinci Muradın balaca nəvəsi olan şahzadə səltənət davam etsəydi, Osmanlı xanədanlığı Türkiyədə iqtidarda olsaydı, həmin illərdə taxtda olmalı idi. Ancaq Türkiyəyə qayıtmağa təzəlikcə icazə almış səksən yaşlı bu kişini nə taxt-tac, nə də siyasi iqtidar maraqlandırmırdı. O, xarici pasportla girə bildiyi Türkiyədə qalmaq istəyirdi. İsgəndəriyyədə yaşayırdı, yaz aylarında Portuqaliyada olurdu, orda Avropanın və Mərkəzi Şərqin taxt-tacını, iqtidarını itirmiş təqaüdçü kralları və prinsləri ilə dostluq edir, vaxt öldürürdü. (Mənə İran şahı Rza Şah Pəhləvinin birinci həyat yoldaşı Fəridədən niyə ayrıldığını danışmışdı.) Ölümündən sonra oğlu Osman Osmanoğlu onun xatirələrini 2004-cü ildə “Bir şahzadənin xatiratı, Vətəndə və Sürgündə gördüklərim, eşitdiklərim” adıyla çap etdirdi, adından da göründüyü kimi, şahzadənin həyatdakı daimi problemi pulsuzluq olmuşdu. Dolanmaq üçün uzun illər İsgəndəriyyədəki Antonaidis Saray və Muzeyində əvvəlcə bilet nəzarətçisi, sonra isə müdir kimi işləmişdi. Xatirələrində yazır: “Sarayın idarəsi, təmizliyi və əşyaların mühafizəsinə məsul idim. Gümüşlər, kristallar, mebeller və sair öhdəçilimdə idi.” Ailə süfrəsində verdiyim çoxsaylı suallardan sonra Şahzadə Kral Faruqun kleptoman olduğunu demişdi: Kral muzeyi ziyarət edəndə heç kimdən soruşmadan çox bəyəndiyi antik bir boşqabı götürüb aparmışdı. Xeyli sualdan sonra şahzadə danışdı ki, Osmanlı Dövləti süqut edib xanədanlıq İstanbulu tərk etməmişdən qabaq əvvəlcə Ihlamur Qəsrində yaşayıb, Qalatasaray liseyindən sonra – Atatürkün də getdiyi – Hərbiyyədəki Hərbi Məktəbə gedib. (Bu məkanlarda ondan qırx-əlli il sonra mənim uşaqlığım keçəcəkdi.) Şahzadə dedi ki, əlli illik sürgündən sonra birdəfəlik Türkiyəyə qayıdıb, pulsuzluğuna çarə olacaq iş axtarır, amma əfsus ki, heç kim ona kömək etmir, ailə süfrəsindəkilərdən biri söylədi ki, şahzadənin uşaqlığının keçdiyi Ihlamur Qəsrində muzey rəhbəri kimi iş tapmaq ehtimalı var. Həm muzeyə çevrilmiş Ihlamur Qəsrindəki həyatı, həm də muzey-saray idarəçiliyini çox yaxşı bildiyi üçün, bu işin onun dərdlərinə ən yaxşı çarə olmazdımı?

Bu təklifdən sonra, şahzadə də daxil olmaqla, hamımız bir anlıq Əli Vasıb Əfəndinin uşaqlığında dincəldiyi, dərs oxuduğu otaqları ziyarətçilərə necə gəzdirə biləcəyini, heç bir yumor hissinə qapılmadan, ciddi-ciddi təsəvvür etdik. Sonralar bu xəyalı öz-özümə inkişaf etdirdiyimi xatırlayıram, yəqin şahzadə həmişəki kübar, zərif üslubu ilə belə deyəcəkdi: “Buyurun, əfəndim, bu da yetmiş il əvvəl mənim yavərimlə birgə oturub riyaziyyat öyrəndiyim otaq!” və əlibiletli muzey izdihamından ayrılacaq, ziyarətçilərin keçə biləcəyi yerlə eksponatlar arasındakı lentadan o yana adlayıb uşaqlığında, gəncliyində oturduğu masaya oturacaq, o vaxtlar həmin qələmlərlə, cədvəllərlə, silgi və kitablarla necə işlədiyini yamsılayacaq, oturduğu yerdən muzeysevərlərə “Baxın, burda bu formada riyaziyyat öyrənərdim, əfəndim” deyəcəkdi. İnsanın rəhbəri olduğu bir muzeyin, eyni zamanda, bir əşyası olmağının zövqünü, ya da insanın yaşamış olduğu həyatı illər sonra bütün əşyaları ilə bir muzeydə başqalarına danışmağın həyəcanını birinci dəfə onda hiss etdim.

Krallardan və saraylardan danışmağa davam edək: Vladimir Nabokovun məşhur romanı “Solğun işığ”ın adı, müəllifin də qeyd etdiyi kimi, Şekspirin məşhur “Afinalı Timon” pyesindəki iki misradan gəlir:

“Ay solğun işığını günəşdən oğurlayan

bacarıqsız bir oğrudur”

Bu misralar həm də mənbəyini, ilhamını başqa yerdən alan yaradıcı yazıçının vəziyyətini ifadə edən bənzətmədir… Nabokovun romanı iki hissəlidir. Əvvəlcə Robert Frosta bənzəyən bir şairin – Con Şeydin həyat və dünya haqqında uzun bir şeirini oxuyuruq. Romanın onurğası oxuduqca bir az başdanxarab olduğunu anladığımız bir qonşunun sözügedən şeiri çap edərkən hər misraya yazdığı qeydlərdən, qəribə şərhlərdən ibarətdir. Kinbot adlı qəribə qonşu bəzən bir kəlmədən, bəzən isə bir misradan, ortaq bir xatirədən çıxış edərək, əslində, krallar, saraylar, çevrilişlər və cinayətlərdən ibarət olan öz həyatını danışmağa başlayır. Bir şeirə misra-misra yazılmış qeydlərdən ibarət olan bir roman kimi, əşya-əşya bir muzeyə yazılmış qeydlər tipində bir roman yaza biləcəyim ağlıma burdan gəlmiş ola bilər. Romanım əvvəl-əvvəl muzey kataloqu formasında idi. Eynilə qeydlərlə dolu olan bir muzey kataloqu kimi, əvvəlcə bir əşyanı, məsələn, bir sırğanı, ya da məşhur “Cenni Kolon” markalı çantanı muzeysevərə göstərircəsinə oxucuya təqdim edir, sonra bu əşyanın qəhrəmanımda yaratdığı təəssürata keçirdim. Romanı neçə il bu formada yazandan sonra, sevgi hekayəsinin fırtınası güclü çıxdı; qeydləri, xatirələri və muzeydəki əşyaları səhmana salmaq təlaşımı üfürdü və hər şeyi qabağına qatıb sovurmağa başladı. Romanımı sevgi hekayəsi kimi oxuyan oxuculara göz vuraraq əlavə edim: Sevginin gözlənilməz gücünün fərqində deyilmişəm!

Sevginin gözlənilməz gücünün fərqinə varmamaq rus ədəbiyyatının ürəyi olan Puşkinin mənzum romanı “Yevgeni Onegin”inin eyniadlı baş qəhrəmanı üçün də ağrılı problemdir. Ballardan, zəngin evlərindən, qlamur əyləncələrdən bezən qəhrəmanımızın qapısını sevgi döyəndə, əvvəlcə fikir vermir, hətta ona aşiq olan Tatyananı həqir görür. Amma sonra… Fəqət mən Puşkinin başdan-ayağa ədəbi allüziyalarla dolu olan bu mənzum-romanından sevgiyə görə yox, Nabokov bu əsəri ingilis dilinə tərcümə edib ona misra-misra izahlar, şərhlər yazdığı üçün danışacaqdım. “Solğun işıq” romanının arxasında, əlbəttə ki, Nabokovun Puşkin tərcüməsinə detallı, izahlı şərhlər yazmağa illərini verməyi dayanır. Mən bu şərhlərin qalın cildini təsadüfi bir yerindən açıb oxumağı şeirin özünü oxumaqdan çox sevirəm.

Özümüz də bilmədən romanda bir mövzudan danışarkən hiss etdirmədən başqa mövzuya keçmək, vacib detal ilə vacib olmayanın fərqini ortadan götürmək, küncdə-bucaqda qalmış detallardan çox vacib detallar kimi bəhs etmək məsələsinə gəlib çıxdıq. Stern, Flober, Nabokov, Rob-Qriye, eləcə də Jorj Perekin arabir vərəqləməkdən ləzzət aldığım romanı “Həyatdan istifadə qaydaları”, məncə, bizə mövzudan kənara çıxmaq və mövzunun ətrafındakı əşyaları görmək sənətinin yeni suallar vermək istəyən ciddi romanın əsas məsələsi olduğunu hiss etdirir. Perekin siyahı tutmaq həvəsi balzakvari romanın əşyaları inventarlaşdırmasından sonra, əşyaların, həyatımızın, ən əsası isə mənəvi dünyamızın mərkəzində olduğunu bizə stixiyalı formada çatdırır. Nazilmiş marksist nəzəriyyənin bizə “yadlaşdığımızı” xatırladan əşyalarla həyatımız boyunca nə qədər sıx şəkildə, şəxsi, duyğusal münasibələr qurduğumuzu xatırlatması üçün romanımın qəhrəmanı Kamal kimi aşiqmi olmalıyıq?

Əşyalarla poetik münasibət: Holland rəssamların natürmortlarını, həyatın ötəriliyini kəllələrlə, saatlarla, əriyən şamlarla şeirləşdirən və simvollaşmış əşyalarla bizə ötürən vanitas üslubunda rəsmləri, XVIII əsrin fransız rəssamlarının ən parlağı olan Şardenin, Sezanın “natürmort” rəsmlərini, Baltus, Düşam və otel adlarının gizli poeziyasını ortaya çıxarmağı bacaran Cozef Korneli çox sevirəm.

“Orxan bəy, qurtarın bu söhbətləri, siz də kitabınızın qəhrəmanı kimi aşiq olub sevgilinizin əşyalarını yığmısınızmı? – deyən oxuculara kitabımın həyatdan nə qədər qidalandığını göstərmək istəyirəm: xalamgilin 56 model Şevroletləri vardı, sürücülərinin adı Çətin idi; Hərbiyyədə, qarnizonun girişindəki Atatürk heykəlinin düz qabağında, yəni düz romandakı Satsatın olduğu yerdə, atamın “Ayqaz”ın baş direktoru işlədiyi illərdə bir ofisi vardı; yeni il gecələri nənəm bütün uşaqlarını, gəlinlərini, kürəkənlərini Pamuk Apartmanında təşkil etdiyi qonaqlıqda bir yerə yığıb biz nəvələri üçün loto oynadar, qazananların hədiyyələrini neçə ay qabaqdan seçər, hazırlayardı. 1950-70-ci illər arasında İstanbulda xeyli evdə, dükanda bülbül qəfəsi, ya da akvarium vardı, amma televiziya yayınlarının geniş yayılması bunları aradan çıxardı, üstəlik, bu təzə vəziyyət bizə öyrətdi ki, heyvanlara olan marağımız gözlərimizi məşğul etmək istəyindən çox da dərin deyilmiş; 1983-cü ildə, evləndiyim, bir az pula ehtiyacım olan günlərdə, ilk romanım “Cövdət bəy və oğulları”nı bəyənən bir kino-rejissorun həvəsləndirməsi ilə bir ssenari yazmağa başladım, amma film çəkilmədən yarımçıq qaldı; həmin dövrdə rejissor dostum məni Bəyoğlundaki kinematoqrafların yığışdığı barlara aparar, aktrisaların səs-küyündə eşitdiyim dedi-qoduların gücündən və içdiyim iki parç pivədən o saat sərxoş olduğumu görəndə mənə gülər, sevgiylə məni dolayardı; memarlıq oxumağı da, rəssamlığı da atdığım 1974-cü ildən 1995-ci ilə qədər gündə təxminən otuz dənə siqaret çəkdim, 1995-ci ildə ilk dəfə siqareti atdım.

Qərblilərin “türklər kimi siqaret çəkir” sözünün mənası mənim üçün çoxlu tütün çəkmək, ya da tüstü-duman içində olmaq deyil, siqaret qutusunu açmaqdan, siqareti yeni tanış olduğumuz, heç tanımadığımız bir adama dostluq, ya da sülhpərvər bir hərəkəti kimi qutusu ilə birlikdə uzatmaq, yandırmamışdan qabaq siqareti barmaqların arasında oynadıb çəkiləsi vəziyyətə gətirmək, siqaret giləsini tutmağın, tüstünü üfləməyin yüzlərlə yolunu tapan ictimai jestlər və onların fərdi yozumları (və bu yozumları bilmək, tanımaq) deməkdir. Oxşarını “Səssiz ev” romanında yazdığım Mərmərə sahilindəki balaca tətil qəsəbəsində, 60-cı illərin axırında yay kino-teatrına gedərdik, yandakı tövlədən təzək qoxusu ilə inək böyürtüsü gələrdi, türk filmlərinə baxardıq. 70-ci illərin əvvəlində Beşikdaşdakı məşhur Qozbelin Bağçasında universitet yoldaşlarımla və tum çırtlayan minlərlə adamla birlikdə filmə baxdığımız da dəqiq xatırlayıram. 60-cı illərin əvvəlində anam sürücülük vəsiqəsi almağa qərar verəndə, isti yay günlərində ürəyi sıxılan qardaşımla məni də getdiyi kursa aparardı; maşın titrəyə-titrəyə stop edərkən, arxada oturan qardaşımla ya gülüşər, ya da qorxardıq. On il sonra, on səkkiz yaşımda mən də sürücülük vəsiqəsi almaq qərarına gələndə anamın narahatlığını başa düşdüm. Romanımda təsvir etdiyim varlıların bir qismini atamın, əmimgilin dostlarından, bir qismini isə öz lisey dostlarımdan ilhamlanıb yaratdım. Kitabımdakı lyuks yeməkxanaların, Boğaz meyxanalarının, İstanbul küçələrinin, xeyli dükanın da şəxsi təcrübdən nə qədər bəsləndiyini anlatmaq kitablarımın İstanbuldan nə qədər qidalandığı anlatmaq kimi bitib-tükənməz bir iş olacaq. Halbuki mən bu yazını, on il xəyalını qurduğum, altı ilimi verdiyim bir kitabı yazarkən yaşadığım xoş şeyləri xatırlamaq zövqü ilə yazıram.

1996-2000-ci illər arasında, səhərləri qızımı məktəbə aparardım. Onu Topxananın arxa tərəflərindəki (romandakı Kəskinlərin evindən 300 metr uzaqda) məktəbin qapısından içəri ötürəndən sonra, Bəyoğlu Çuxurcümə, Firuzağa və Cihangirin arxa küçələrində, o gün yazacağım şeyləri (Mənim adım qırmızı, Qar) düşünə-düşənə gəzərək yazı ofisimə gedirdim. Sabahın sərinliyində dükanlar hələ təzə-təzə açılar, sobalardan çörək və simit qoxusu gəlirdi, şagirdlər məktəbə tələsərkən bu küçələrdə gəzməkdən zövq alırdım. Bəlkə də qarşımda gözəl bir gün, yazılacaq bir-iki roman səhifəsi olduğu üçün… Həm də o küçələrdə uşaqlığımdan, gənclik illərimdən qalma xeyli şeyin köhnəlib çürümədən, cilalanıb süni bir parıltıya qovuşmadan yaşadığını gördüyüm üçün… Bəzən küçələrin və insanların bu intəhasız aurasını qəti itirməyəcəyini düşünərdim. O küçələrdə gördüyüm şeylər, məsələn, sobadakı təzə çörəklər, simitlər, aptekin vitrinində gördüyüm insanın daxili orqanlarını göstərən nuhdanqalma bir ağrıcıkəsicinin posteri, ya da turşu satan mağazanın vitrininə səliqə ilə düzülmüş iri bankaların içindəki çeşid-çeşid turşuların rəngləri məndə tamaşa etmək zövqü oyandırar, bu görüntülərə sahib olmaq, onları bir çərçivə içinə salıb seyr etmək hissi yaradar, onları itirməyəcəyimdən əmin olmaq istəyərdim. Çuxurcümə küçələrindəki təvazökar bit bazarı, köhnə masalardan külqabına, çəngəl-bıçaqdan tutmuş uşaqlığımın yerli istehsal oyuncaqlarına qədər xeyli xırdavat satan dükanlar, köhnə jurnal, kitab, xəritə və foto satan yerlər də məndə gördüklərimi bir çərçivə içinə qoyub onları əbədiyyətə qədər saxlamaq istəyini körükləyirdi. Bu dükanlardan xırda əşyalar almağı, onlardan bir ev-muzey yaratmağı həmin ərəfədə fikirləşdim. Muzeyə çevriləcək köhnə, satılıq bir ev tapmaq üçün bir ara həmin küçələrdə uzun-uzun gəzişdim.

Daha sonra muzeyə çevirəcəyim bir ev aldım və içimdəki balaca kolleksioner cəsarətə gəldi. Amma məndə kolleksioner ruhu olmadığını bilirdim. Bir vitrində gördüyüm köhnə bir duz qabını, bir siqaret müştüyünü, köhnə bir taksidən çıxarılmış taksometri, ya da bir losyon şüşəsini bu əşyalardan bir kolleksiya yaratmaq üçün yox, onları yazacağım romanın bir parçasına çevirəcəyim üçün alırdım. Bəzən heç fikrimdə olmayan bir əşyanı sırf onu vitrində görəndə həyəcanlandığım üçün alıb evə aparırdım. Dünya romanıma və muzeyimə qoyacağım əşyalarla qaynaşırdı. Amma həyəcanım bir kolleksionerin, bir silsilə düzəldən yığıcının həyəcanı deyildi, bu əşyanı bir romanın, bir muzeyin parçası kimi təsəvvür edən, bu xəyalla başı gicəllənən yazıçının həyəcanı idi. Bu əşyaları həyatımdakı xeyli şey kimi, bir hekayənin, bir kitabın bir hissəsi ola biləcəkləri üçün sevirdim. Bəzən bunu bacarar, yəni əşyanı qabağıma qoyar, eynilə “realist usta” pozasındakı Flober kimi, hekayəmin bir hissəsi kimi təsvir edərdim. Əksərən bu əşyalardan elə-belə söz salar, romanımı gerçəkliyin çaşdırıcı cazibəsindən qorumaq üçün özümü saxlayardım. Bəzən də tanıdığım köhnə əşyaları romana daxil edərdim. Atamın köhnə qalstuklarını Kamalın atasına və anamın toxuculuq alətlərini Füsunun anasına vermək kimi işləri beləcə reallaşdırdım, çünki qəhrəmanlarımın mənim həyatımdan, ailəmdən gələn əşyalardan istifadə etməyindən xoşum gəlirdi. Eynilə romandakı varlı tərəfin istifadə olunmuş əşyaları, köhnə paltarları ailənin yoxsul qanadındakı uzaq qohumlara verməsi kimi, mən də öz həyatımdan bilib tanıdığım, məndə iz buraxmış əşyaları tapıb romanımın qəhrəmanlarına verirdim. Bəzən də uşaqlıqda məndə iz qoymuş bir əşyanı, məsələn, xalamgilin süfrəsindəki illərlə istifadə olunan sarı sürahini xatırlayır, onu alıb muzeyimə qatmamışdan qabaq roman qəhrəmanlarının süfrəsinə qoyurdum. (Sonralar çox sevdiyim Türkan xalam vəfat edəndə, həmin sarı sürahini əldə edə bilmədim, xalaoğlum Mehmet inşallah bu yazını oxuyub o sürahini mənə verər.) Romanım bitib çap olunandan sonra, ofisimi yığışdıranda bir qutu tapdım; qutunun içindən romana salmaq üçün vaxtilə xırdavat dükanından aldığım, amma sonra unutduğum xeyli əşya çıxdı: görüb-götürmüş bir varlının qapı zənginə, Adalarda hələ də işləyən köhnə bir at arabasının paslı gecə fənərinə baxarkən, içimdən keçdi ki, içində bu əşyalardan da bəhs olunan bambaşqa bir roman da yazım.

Sırf əşyalar silsiləsinə baxaraq bir hekayə, bir roman təsəvvür edə biləcəyimi, bunun vərdişə çevrilə biləcəyini “Məsumiyyət muzeyi” romanı çap olunmamışdan qabaq kəşf etmişdim. Rus formalist nəzəriyyəçisi Viktor Şklovski yazır ki, sujet deyilən şey bir romanda anlatmaq, araşdırmaq istədiyimiz nöqtələrdən, temalardan keçən xəttdir. Bir əşyalar silsiləsini fəhmlə seçib qabağımıza qoyandan sonra, onları bir hekayə ilə birləşdirib qəhrəmanların həyatlarına necə qata biləcəyimizin xəyalını qururuqsa, deməli bir roman qurmağa başlamışıq. Dostoyevskinin “Cinayət və cəza”sından, Edqar Ponun hekayələrindən sonra, modern romanın formalaşmasında qalıcı təsiri olan detektiv roman da, qəhrəmanı Mister Detektivin, ipucları silsiləsini birləşdirən bir əhvalatı təsəvvür etməsiylə qurulur.

Amma bizi süjetə, ordan da bir romanın tutarlı, zəngin və insani aləminə aparması üçün yığıb-topladığımız əşyalarla hissi bağlar da qura bilməliyik. Bizdə hissi, poetik təəssürat yaradan əşyaları ancaq müəyyən sıraya düzərək bir romanın xəyalını qura bilərik. Şahzadə Əli Vasıb Əfəndi, Ihlamur Qəsrində doğurdan muzey gözətçisi, ya da muzey rəhbəri ola bilsəydi, uşaqlığını, gəncliyini keçirdiyi otaqlardan, əşyalardan son dərəcə emosional dillə danışacaqdı. Şahzadənin yarım əsr sonra ölmək üzrə olarkən, həyatın bütövlüyünü, mənasını artıq başa düşüb geri qayıtdıqdan sonra, saray otaqlarını əşyalara, güzgülərə, lampalara baxıb hansı dillə ifadə edəcəyini düşünmək, keçmişdən Prust kimi, həm hissi, həm də rasional və çözümləyici şəkildə danışan bir qəhrəmanı, onun dünyasını düşünməkdir.

Əşyalarla hissi bağ qurmaq fikrini muzey fikrinə çevirən ilk adam, 1930-cu ildə doğulmuş Rumın əsilli İsveçrəli sənətçi Daniel Spoerridir. O, gəlişigözəl yeyilmiş bir yeməkdən qalan boşqabları, bardaqları, darmadağın bir süfrəni masaya yapışdırıraq sənət əsəri yaratması ilə, yemək süfrəsinin təsadüfi gözəlliyini gözəl bir rəsm səviyyəsinə qaldırması ilə məşhurlaşıb. 1979-cü ildə, Almaniyanın Köln şəhərində, adi, gündəlik həyat əşyalarını önə çıxardan bir sərgi açıb, buna “Duyğusal muzey” adını qoyub. Bu ötəri sərgi, Perekdə də olan, gündəlik həyat əşyalarında poeziya tapmaq həyəcanından, sıradan əşyalarla ədəbiyyat, musiqi və sənəti birləşdirmək istəyən dadaist Fluksus hərəkatından da izlər daşıyırdı.

Spoerri Köln şəhərindəki “Duyğusal muzey”in ilham qaynaqlarından birinin Barselonadakı Frederik Mares Muzeyi olduğunu deyib. Bu muzeyin “yuxarı mərtəbəsindəki qolbaqlar, sırğalar, oyun kartları, açarlar, yelpazələr, ətir şüşələri, dəsmallar, broşlar, boyunbağılar, çantalar, bilərziklər” romamınım qəhrəmanı Kamal Basmaçı, daha sonra isə mənim tərəfdən dəfələrlə ziyarət edilərək analiz olunub. Həm romanıma, həm də muzeyimə, eynilə Prust, Cozef Kornel, Nabokov, Borxes, Milandakı Baqqati Valseççi Muzeyi kimi dərindən təsir edən Frederik Maresə də bu vəsilə ilə təşəkkür edirəm, onu hörmətlə anıram.

Flober “Madam Bovari”dəki görüşmə və sevgi səhnələrinə (pəncərələri örtülü at arabasında sevişmək) örnək təşkil edən gənclik sevgilisi Luiza Koletə 1846-cı il, 6 avqust tarixində yazdığı məktuba gecə saat 11-də bu qeydi əlavə edib: “Hər şeyin yuxuya getdiyi gecənin bu saatı gələndə, içində xəzinələrim olan siyirtməni açıram. Tərliklərinə, dəsmalına, saçlarına, rəsminə baxıram, məktublarını yenidən oxuyuram və onların qoxlayıram.” Bu məktubdan bir gün əvvəl isə oxşar hisslərini belə ifadə edib: “Bunları yazarkən tərliklərin gözümün qabağındadır… Qəhvəyi balaca tərliklərin görüntüsü mənim xəyalıma ayaqlarının onların içində isti-isti tərpənməsi gətirir…”

Hələ də “Orxan bəy, siz də sevgilinizin əşyalarına tamaşa edib onlarla təsəlli tapmısınızmmı? Siz Kamalsınız?” – sualını verən oxuculara artıq etiraf etməliyəm: Mən Kamal deyiləm, mən Müsyö Floberəm.

Sim-sim.az

# 2557 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #