Tualet təmizləyən kahin - Cənnətə necə düşmək olar?

Tualet təmizləyən kahin - Cənnətə necə düşmək olar?
3 iyul 2024
# 16:20

Kulis.az Ömər Xəyyamın “Mükəmməl günlər” filmi haqqında təəssüratını təqdim edir.



“Berlin səması”, “Paris Texas”…
Və iyirmi illik susqunluq…
Düzdür, fəaliyyətini dayandırmamışdı, çəkirdi... bir növ, işləri tutmurdu.

Fəqət 78 yaşlı Vim Venders “Mükəmməl günlər”lə sübut elədi ki, o hələ ölməyib, hələ sağdır və istəsə, Kann mükafatını da alar.
Ki, “Mükəmməl günlər” filminin qəhrəmanı Hirayamanı canlandıran Koji ən yaxşı aktyor nominasiyası üzrə Kann mükafatına layiq görülüb.

Film Hirayama adlı tualet təmizlikçisi haqqındadır.
Belə ki, Hirayama vərdiş halında yaşayan, stabil, sabit həyat tərzi olan təmizlikçidir.

O, hər səhər süpürgə səsinə oyanır. Güllərini sulayır, üzünü qırxır, soyuq qəhvəsini içir və balaca, şirin maşınıyla parklardakı, küçələrdəki tualetləri təmizləməyə gedir.

Hirayamanı özəl qılan səbəblərdən biri də onun 70-lərin, 80-lərin kasetlərini dinləməyidir.
Özümə sual vermişdim ki, yeniliyə açıq olmayan, vərdiş halında yaşayan, ənənəyə sadiq obraz görən niyə yapon mahnılarına yox, avropa mahnılarına qulaq asır…

Hər nahar fasiləsində eyni parkda, eyni oturacaqda oturur və həmişə sendviç yeyir. Üstəlik, həmişə eyni ağacı müşahidə eləyir və köhnə fotoparatla o ağacın şəkillərini çəkir.

İş saatı bitincə də eyni hamama gedir, eyni cür təmizlənir və hamamdan sonra velosipedi ilə həmişə getdiyi restorana gedir, restoranda da həmişə oturduğu yerdə oturur və həmişə eyni cür sifariş edir.

Həfədə bir dəfə də bir bara gedir.
Yəni eyni bara gedir, eyni stulda oturur və yenə də həmişəki sifarişini verir.
Hiss olunur ki, o barı işlədən qadından xoşu gəlir, onunla ünsiyyəti sevir.

Ünsiyyət demişkən, Hirayamanın əsas məziyyəti onun çox az danışmasıdır. Bəzi günlər, ümumiyyətlə, danışmır. Yəni sual verən olmasa, ağzını açmaz.
Bir növ, ona modern kahin də demək olar.

Düzdür, dostu yoxdur, sevgilisi yoxdur, fəqət ədəbiyyatı sevir, kitablarla dostluq edir.

Bax belə.
Hirayama eyni qaydada yaşayır, eyni qaydada yatır, eyni yuxunun davamını görür, eyni cür də oyanır.

Qeyd edim ki, Hirayamanın gördüyü yuxuları Vim Vendersin həyat yoldaşı lenta alıb.

O, bu eyniliyin içində xoşbəxtdir. Başqa heç nə düşünmür, heç nə arzulamır.
Robotik həyat tərzi, təkrarlar onu yormur, sıxılmır.

Məsələn, tualetdə tapdığı kağızda yarımçıq qalmış iks-nolik oyununu davam etdirir.
O gediş edir və kağızı qatlayıb öz yerinə qoyur, səhər həmin tualeti təmizləyəndə görür ki, gizli rəqibi də öz gedişini edib və kağızı həminki yerə qoyub.
Budur, Hirayama xoşbəxtdir!

Özü də, bu təkrarların, bu sıralamanın – yəni səhər üzünü qırxırmağının, güllərini sulamağının, soyuq kofe içməyinin, hər nahar vaxtı eyni parka getməyinin, eyni oturacaqda oturmağının, sendviç yeməyinin, parkdakı ağacın şəklini çəkməyinin, sonra velosipedlə şəhərdə gəzməyinin, eyni restoranda, eyni masada oturub içməyinin, evə gəlib kitab oxumağının və yatmağının birinin ertələnməsini, bir saniyə o yan-bu yan olunmasını qətiyyən istəmir.
Hətta belə olanda əsibləşir, həyatı tamamilə dəyişir. Ani ertələmə, yaxud gecikmə hər şeyi pozur, pazlın parçası itir.
Bir gün zəvzək iş yoldaşını əvəz etməli olur, məsələn, həmin gün kitab oxumur.

Yadımda ikən deyim ki, Hirayama həm də yardımsevərdir. Uşaqları, təbiəti, heyvanları, insanları sevir.
Tualetdə gizlənən uşaqla dialoqunu, bir dəfə də elə zəvzək iş yoldaşına kömək etməyini xatırlayıram.

Və təkrarlardan ibarət bir gün bacısının qızı gəlir onun yanına.
Ki, həmin ana qədər Hirayamanın ailəsi haqqında, ümumiyyətlə, heç bir məlumat verilmir.
Əlbəttə, onun qaydalarına zidd olsa da, bacısının qızına qapısını açır.
Düzdür, uşağın gəlişi onu əvvəlcə narahat eləyir, məsələn, gülləri sulayanda... qapını açıb-örtənd... fəqət günlər ötdükçə öyrəşir.
Üstəlik, onunla söhbət edir, hətta uşaq özü də onu çox istəyir. Dayısı ilə birlikdə tualet təmizləməyə gedir.
Və belə günlərin birində onların maşındakı dialoqundan bəlli olur ki, Hirayama müasirliyə, texnoloji tərəqiyyə çox uzaq adamdır.
O, təxminən 40 il əvvəldə qalıb və qətiyyən bu dövrə gəlmək istəmir.
Hətta hələ də sumoya baxır, baxa-baxa gülümsəyir.

Film boyu Hirayamanı təkcə biz yox, həm də məşhur “Skaytri” qülləsi də izləyir.
“Skaytri” hündürlüyünə görə dünyanın ikincisidir və Tokionun əsas simvollarından birinə çevrilib.
Fəqət Hirayama hər onu gördükdə üzünü çevirir, ona baxmaq istəmir.
Qülləni modernizmin simvolu kimi götürsək, onun hərəkətlərinin səbəbi aydın olur.
“Skaytri” sanki ona zamanı xatırladır, modernizmi onun gözünə soxur.

Gedişatdan öyrənirik ki, onun bacısı çox varlıdır.
Əslində, bu imtina Hirayama xarakterinin dərinliyinə işıq tutur.

Diqqətimi çəkən xüsusi məqamlardan biri Tokionun tualetləri oldu.
Demək olar, hamısı ayrı-ayrılıqda modern memarlıq abidəsidir. Dizaynı, işıqlandırılması, üslubu ilə.

Sonra öyrəndim ki, bu tualetlər, əslində, Tokioda keçirilən Yay Olimpiya Oyunları vaxtı tikilib.
Vim Vendersi də Yaponiyaya oyunların pandemiya vaxtına düşdüyünə görə, bir növ, kölgədə qalmış tualetlərin memarlıq üslubu, özəlliyi haqqında sənədli film sifariş verməkdən ötrü dəvət ediblər .
Fəqət rejissor bu xüsusi tualetləri, onların modern memarlıq üslubunu birbaşa - sənədli film kimi yox, tualet təmizlikçisinin hekayəsi fonunda - bədii üslubda göstərməyi təklif edib və prodüser də onun təklifiylə razılaşıb.
Nəticədə “Mükəməl günlər” filmi istehsal edilib.


Ən sevdiyim səhnələrdən biri də Hirayama ilə xoşladığı qadının keçmiş, ölümcül xəstəliyə yoluxmuş əriylə oynadığı kölgə oyunudur.
İki kölgə üst-üstə düşüncə birinci kölgə daha da tündləşirmi?

# 1886 dəfə oxunub

Müəllifin son yazıları

# # #