Qoca kişiylə sevişməyə məcbur qalan qız

Ömər Xəyyam, yazıçı

Ömər Xəyyam, yazıçı

20 iyun 2023
# 11:56

Kulis.az Ömər Xəyyamın “Robert Bresson, yaxud eşşəyin dili” adlı yeni yazısını təqdim edir.

Təəssüf ki, Robert Bresson haqda bizim dilcə məlumat yoxdur, fəqət Bresson sinematoqrafiyanın ana sütunlarından biridir. Ona “sinemanın Dostoyevskisi” deyirlər.

Bresson simvolizmə meyllidir, ekzistensialistdir, inanclıdır. Onu özəl qılan “gördüyünü sənin kimi görən ilk insan ol!” - sinematoqrafik prinsipidir.

Bresson peşəkar oyunçularla yox, adi insanlarla işləyirdi, fəqət onun sinemanın uzağından seçdiyi sıradan insanların çoxu sonra məşhurlaşdı, başqa filmlərin əsas obrazlarını canlandırdı.

***

Robert Bressonun 1966-da çəkdiyi “Au hasard Balthazar” filmi (“Təsadüfi Baltazar”) məndən ötrü onun yaradıcılığının lokomotivlərindən biridir.

Au Hasard Balthazar (1966) Altyazı

Məşhur rejissor Qodar bu filmin ilk izləyicilərindən olub. O, filmi izlədikdən sonra kövrəlib və təəssüratını bir cümləylə ifadə edib: “90 dəqiqədə bütöv həyat!”.

Və Qodar elə o həftə filmdəki Mari obrazını canlandıran Anneylə evlənir...

Filmdə Şubertin sonatasından, – əlbəttə, Şubert musiqinin Kafkasıdır – istifadə edib.

Bu filmdə mənim diqqətimi əsasən Bressonun əllərlə işləməyi çəkmişdi.

Belə ki, rejissor erotizmi də, əkşını da, dramı da əllərin hərəkətiylə həll edib.

Filmin əsas qəhərmanı Baltazar adlı eşşəkdir.

Marinin bacısıyla vəftiz etdiyi qoduq zamanla onun və uşaqlıq sevgilisi Jakın kuklasına çevrilir. Baltazar həm də bu saf sevginin tək şahididir.

Qürürlu müəllimin qızı Marinin uşaqlıq sevgilisi Jak, anasının xəstəliyinə görə, atasıyla şəhərə qayıtmalı olur.

Vaxt keçir, eşşək də, Mari də böyüyür.

Bresson eşşəyin timsalında Marinin, Marinin timsalında eşşəyin ömrünü göstərir...

Bir növ, bu film qadınlara münasibətlə heyvanlara münasibətin oxşarlığını, yaxud insanın heyvandan bir o qədər fərqli olmadığı haqdadır. Baltazarın gözlərindəki məşum kədərin səbəbiylə Marinin böyüdükcə başına gələnlər eynidir...

Au hasard Balthazar, Monday, November 12, 2018 7:00 pm

Marinin atası Baltazarı satır, Marinin atası qızını görməzdən gələrək dolayı yolla Marinin özünü duyğusuz, hedonist insanların qucağına atır...

Maridən ötrü Baltazar, - bu qara, sısqa eşşək, həm də ilk sevgisi Jak-ın simvoludur.
Baltazarın təpiklənməsi, dəfələrlə alınıb-satılması fasiləsiz işlədilməsi, ac saxlanması zamanla onun içərisindəki Jakı – ilk sevgisini də öldürür...

Marinin həyatı eşşəyinin həyatı ilə eynidir...

Bu eynilik mənə Kafkanın “çevrilmə”sini xatırlatdı.

Eşşəyin növbəti sahibi sirk ustasıdır: onu incidir, onunla cansız əşya kimi davranır, – Marinin yeni sevgilisi kimi... Marinin yeni sevgilisinin dostları kimi... – yəni Baltazarı alqışlayan tamaşaçılar kimi...

Eşşəyin növbəti sahibi qoca tənha kapitalist Baltazarı – o qara, sısqa eşşəyi günün altında saatlarla işlədir, qamçılayır: onun üçün həyatın qayəsi puldur; o, münasibətlərini faydaçılıq və maddi məsəslələr üstündə qurur. Və hadisələr Marini o qoca, tənha kapitalistin qucağına atır... Daha doğrusu, o, sevgilisindən ayrılmış, evə qayıtmağa utanan, yağışın altında qalmış yeniyetmə qızın ehtiyacından sui istifadə edir. Mari eşşəyin yanına qayıdır, qoca kapitalistin vəhşiliyinə dözən eşşəyindən bir divar o tərəfdə haman qocayla sevişir... yəni heyvan kimi...

Mari sevgisizlikdən əziyyət çəkir... yəni heyvan kimi...

Hətta uzun illərdən sonra şəhərdən qayıdan uşaqlıq sevgilisinin evlənmək təklifinə belə yox deyir və təzə sevgilisinin yanına qayıdır...

Təzə sevgilisi və dostları isə onu soyundurur, döyür və zorlayırlar... yəni heyvan kimi...

Eşşəyin növbəti sahibi alkoqolik, səfil elə eşşəyin üstündəcə ölür.

Mari ölür, Marinin atası ölür, Marinin yeni sevgilisi və dostu sərhədi keçə bilmirlər...

Marinin anası... – o təkdir, bircə Baltazar var: o qara, sısqa eşşək... (Xatırladım ki, Marinin bacısı hələ uşaq ikən, vəftizdən bir neçə gün sonra ölmüşdü)

Və Baltazar – o qara, sısqa eşşək ölür... quzuların səs-küyündə... insan kimi…

# 6293 dəfə oxunub

Müəllifin son yazıları

# # #