Şabana görə işdən necə qovuldum?

Şabana görə işdən necə qovuldum?
3 iyul 2017
# 15:43

Darıxdırıcı yay günlərində gecələr lap çəkilməz olur. İnternet, sosial şəbəkələr sıxıcı, daha dözülməz, daha da monoton görünür. Elə bu minvalla köhnə televizorumuzun düyməsini sıxıram. Kanallar şütüyən maşınlar kimi titrlərdən ötüb keçir. Qəfil Kamal Sunalın yaratdığı o məşhur obraz Şabanın təbəssümlü üzü qarşıma çıxır. Pultun əyləcini "korsan” kanalda saxlayıram.

Gecə düşündüm ki, Kamal Sunaldan bir yazı yazım. Çoxdandır ağlımda var idi. Sonra nə olsa yaxşıdır? Baxıb gördüm ki, anım günüdür. Necə də qəribədir.

Şaban türk xalqının, eləcə də bizim toplumun adamıdır: avamdı, safdı, sevdiyi qız üçün iş dalınca böyük şəhərə yollanan aşiqdi, hər dəfə də xalqın qəhrəmanına çevrilən, çiyinlərində əl sallayan igiddir...

Mənim onunla tanışlığım elə sizin kimi televizordan olub. TRT kanalından izləyərdik onun gülməli, sevimli, macəralı filmlərini. Atam, anam, bacım, qardaşım dörd gözlə gözləyərdik onun üzündəki təbəssümü. 90-cı illərdə qaldığımız evimizdə qış gecələrində işıqlarımız sönər, Şabanın filmlərinə yarımçıq baxmış olardıq. Həmin gecə yuxumuz ərşə çəkilər, səhəri güclə açardıq...

Yeniyetmə yaşlarımızda qardaşımla Şabanın DVD filmlərini axtarmaq üçün şəhərə səfər edər, dizlərimiz yorulana kimi gəzərdik. Bəzən istədiyimiz filmi tapa bilməyəndə suyumuz süzülə-süzülə geri evə qayıdardıq. Səhər açılan kimi isə yenidən riqqətə gəlib, həmin filmi nəyin bahasına olursa-olsun tapardıq. Tapanda üzümüzdə güllər açardı. Evimiz, ailəmiz həmin gün üçün, həmin 2 saat üçün dünyanın ən xoşbəxt adamlarından olardı…

Sonralar Şabanı o qədər çox sevdim ki, onun təsirindən uzun müddət çıxa bilmədim. Yay mövsümündə müxtəlif işlərdə çalışırdım: Moykada maşın yuyan, ofisiant, fəhlə, satıcı, bağban və ilaxır. Yadınıza düşürsə Kamal Sunalın “Yüz numaralı adam” filmi var. Həmin filmdə Şaban müxtəlif işlərə girər, heç bir gün olmamış da işdən qovulardı. Nə iş idisə çalışdığım müxtəlif sahəli işlərdə bir gündən sonra qovulardım. Hər dəfə evimizə gələndə anamgil şaqqanaq çəkib gülərdilər. O günlər həyatımın ən gözəl illəri olaraq yaddaş arxivimdədir...

Yadımdadır, bir dəfə moykadakı işimin ilk günündə maşınları yumaqda çətinlik çəkirdim. Az qala bahalı bir maşının farasını sındıracaqdım. Bunu görən müdir mənə bərəkallah deməyəcək ki? Dalımdan bir təpik vurub, cəhənnəm ol demişdi.

Bir dəfə də şadlıq sarayında dostumla birgə ofisiant işləyirdik. Günlərin bir günü başımıza gülməli bir hadisə gəldi. Deməli, ikimiz bir stola baxırdıq. İşin qızğın vaxtında masadan salat götürürdüm ki, dostumun yüngüclə toxunuşu ilə müvazinətimi saxlaya bilməyib, salatı masada əyləşən keçəl kişinin başına tökdüm. Adam cin vurmuş kimi yerindən dik atıldı. Tüstüsü təpəsindən çıxırdı. Birdən yanındakı bıçağı götürüb üstümə hücum çəkdi. Tez dabana tüpürdüm. Müdir bu hərəkətimi eşidib bizi işdən qovdu. Axırıncı sözünü heç vaxt unutmuram: "Basın bayıra".

Belə, belə çalışdığım işlərdən tezbazar qovulurdum. Həmişə də Şabanın filmləri yadıma düşər, üzümə bir təbəssüm qonardı. Onun filmləri məni həyatdan küsdürməz, ən çarəsiz vaxtlarımda belə köməyimə çatardı.

Söhbətimin bu yerində sözü Kamal Sunala buraxıram. Görək, ilk teatr rolunu necə xatırlayır: "İlk teatr rolum 3 dəqiqə idi. İndi yadıma gəlmir. Heç nə etdiyimi də tam xatırlamıram. Bir onu bilirəm ki, səhnənin bir başından girib, o biri başından çıxdım, vəssalam. Amma tamaşaçılar gülməkdən ölürdü. Bu məni sevindirdi. Bundan sonra qərara gəldim ki, nəyin bahasına olursa-olsun bu insanları güldürəcəyəm!”

Özü də böyük aktyor şəxsi həyatında az danışan, soyuq, ciddi vә eyni zamanda da iş vә ev hәyatında vasvası biri idi. Buna baxmayaraq biz onu Şaban olaraq tanımış, sevmişik.

Bir filmi var, orda sərxoş bir adam intihar etmək istəyir. Şabanın onu həyata qaytaran sözləri belə olur: "Yaşamaq çox gözəldi. Sabah yep-yeni bir gün olacaq. Günəş yenə doğacaq! Quşlar, xoruzlar ötəcək, toyuqlar yumurtlayacaq, inəklər möö deyə bağıracaq.”

"Kirayəçi", "Düttürü dünya", "Gülən adam", "Propaqanda", "Kibar Feyzo", "Qol Kralı", "Çarıxlı Milyoner", "Qoltuq bəlası", "Abuk sabuk bir film", "Polizei" kimi filmləri onun ən ciddi ekran əsərləridir. Kamal Sunal bu filmlərində drammatik, ağrı-acılı, dərdli, bəşəri mövzulardakı obrazlara büründü və böyük aktyor olduğunu bir daha sübut etmişdi.

Fikrimcə Kamal Sunalın filmlərini sevən, onun yaradıcılığnı diqqətlə seyr edən tamaşaçıda nifrət, zalımlıq, kin, sevgisizlik sindromları ola bilməz. Onun ekran əsərləri öz insanımızın aynadakı əksidir. Biz özümüzü onun filmlərində tapmışıq. Uşaq vaxtı Şabanın filmlərinə baxıb gülür, loğvalanırdım. İndi isə hər dəfə onun filmləri, yaratdığı obrazlar məni ağladır. Mən Şabanın filmlərinə baxanda atamın, anamın yanımda olduqlarını, hər şeyin əvvəlki kimi sehirli, toxunulmaz olduğunu hiss edirəm. Onun filmlərindən uzaq düşəndə həyatımda bir boşluq olduğunu duyuram, bu hal mənə olmazın əzab verir.

Bu gün isə Kamal Sunalın ölümündən 17 il ötür. Ancaq yaratdığı "Şaban" xarakteri sonsuza qədər yaşayacaq, var olacaqdır.

Ruhun şad olsun, böyük İNSAN!

# 1469 dəfə oxunub

Müəllifin son yazıları

# # #