Uşaq vaxtı qar yağanda çox sevinirdim. Gecə hamı yatandan sonra ərinmədən aşağı düşür, məhəlləmizi bürüyən ağ örtüyün üzərindəki ayaq izlərini itirməyə çalışırdım. Çünki yenidən qarın yağacağına inanmırdım və insanların etinazsızcasına qarı tapdalayıb onun gözəl mənzərəsini pozacağına uşaq çılğınlığı ilə əsəbiləşirdim...
Bir neçə gündü, Bakıya da adda-budda qar yağır. Bir də görürsən Yasamala yağan qarın heç üçdə biri Bakıxanova yağmayıb. Adamlar da bir parça qarla şəkil çəkdirib fəxrlə sosial şəbəkələrdə paylaşırlar. Kədərlidir. Bu şəhərə heç düz-əməlli qar da yağmadı. Buludları anlamaqda çətinlik çəkirəm. Bir də görürsən o başdan güclü külək başlayır. Buludları da çəkib aparır uzaqlara...
Çirklənən şəhərin, insanların üzərinə bəmbəyaz qar dənəciklərinin yağması içimdə səbəbsiz sevinclər yaradır. Bu mənzərəyə saatlarla səssiz-səmirsiz baxa bilərəm...
Həmişə qar yağanda küçələrdən ayrıla bilmirdim. Qara olan sevgim o qədər böyük və ifadəsiz idi ki, soyuğu hiss etmirdim. Hər kəs evinə gedəndə mən göyün üzünə tamaşa edirdim. Qar dənəcikləri ağcaqanad ordusu kimi üzərimə yağırdı. Sonra atam danlayardı məni: “qar yağanda iş olmur, işıqlar sönür, adamlar üşüyür...” Atamın sözləri hələ də içimdə buz heykələ çevrilə bilmir. Adamların üşüməyi, işıqların sönməyi belə məni mütəəssir edə bilmirdi. Qar yağanda heç cürə kədəri duya, üzücü hadisələrə şərh verə bilmirdim. Ona görə də heç vaxt atamı anlaya bilmirdim. Bəlkə də bu qara olan aclığımdır. Bilmirəm...
Bir dəfə yollar buz bağlamışdı, küçədə adamlar ehtiyatla yeriyir, bir-birlərinə kömək edirdilər. Yuxarı küçədən aşağı bir qız gəlirdi. Saçlar ağarmış, qollarını sarmaşıq kimi bədəninə dolamışdı. Qar, üşüyən qız, buzlu yol... Mənzərəyə baxa-baxa yerimdə dondum. Qız mənə yaxınlaşanda ayağı büdrədi və yıxılmaq üzrə idi ki, əl atdım tutam, ikimiz də birdən tirtap uzandıq qarın üzərinə. Göz-gözə gəldik, gülüşdük. Elə bilirdim, bu cür səhnələr filmlərdə olur. Ağarmış saçını yellətdi. Qar dənəcikləri üzümə düşdü. Metroya qədər ona kömək elədim. Sonra sevgili olduq bu qar qızla. Yayın yandırıcı istisində də ayrıldıq. İndi kimsə qarlı yolda sürüşüb yıxılanda o qız yadıma düşür.
Nazim Hikmət demiş, qar yağır qaranlıqlara, qar yağır və mən xatırlayıram. Qar... Üflənən bir şam kimi söndü qocaman işıqlar və şəhər kor bir insan kimi qaldı... İndi Bakı küsəyən bir uşaq misalı, qara həsrətdir.
Mənə elə gəlir, qar Tanrının kirli dünyanı təmiz göstərmə şəklidir. Dənə-dənə ələnər yer üzünə, öz musiqisini bəstələyər. Bu bəstədən məhrumdu bu şəhərin adamları. İndi hamımız qar dənəcikləri kimi yaşamırıqmı?! Bir-birimizə toxunmadan, ayrı-ayrı əriyərək...