Kənan Hacı: “Mən onu 8 il dostlarımdan gizlədim” - Müsahibə

Kənan Hacı: “Mən onu 8 il dostlarımdan gizlədim” -  Müsahibə
3 mart 2020
# 14:58

Kulis.az “Səni deyirlər” layihəsindən yazıçı Kənan Hacı ilə söhbəti təqdim edir. Bu gün həm də Kənan bəyin doğum günüdür.

- Kənan, 45 yaşın oldu. 20 ildən çoxdur ki, ədəbiyyatdasan. Səncə, Kənan Hacı ədəbiyyatda qalacaq?

- Mənim ədəbiyyatda qalıb-qalmayacağımı gələcək müəyyən edəcək. Təəssüf ki, mən o günü görməyəcəm. Amma inanıram ki, hər halda hansısa bir yazımla xatırlanacağam.

- Ev alandan elə bil sakitləşmisən bir az, giley-güzar eləmirsən...

- Bilirsən, mənim mənsub olduğum ədəbi nəslin giley-güzarı çox olub. Çünki bizim qismətimizə ağır bir dövr düşmüşdü. Hamımızda bu giley-güzar var, olub. Mən də hamı kimi. Yəni problemləri dilə gətirmək deyingənlik anlamına gəlir? Bilmirəm, vallah.

- Sosial problemlərini açıq şəkildə dilə gətirmək bir çox qələm adamlarının etirazına səbəb olmuşdu. Bu haqda nə deyə bilərsən?

- Mən xəstəliyimi 8 il ən yaxın dostlarımdan da gizlətmişəm. Heç kəs bilməyib ki, evsiz-eşiksiz yaşayıram. Başqaları problemini dilə gətirəndə söz-söhbət olmur, amma Kənan Hacı danışanda duyğu sümürüsü olur? Bu münasibət mənə çatmır.

Artıq belə söz-söhbətlər məni qətiyyən ilgiləndirmir. Çünki boş, mənasız söhbətlərdir. Mən sadəcə, oturub yazılarımı yazmaqla məşğulam.

- İndi güzaranın necədir? Şikayətlik bir durum yoxdu ki?

- Hamının durumu necədirsə, məndə də elə.

- İçirsən?

- Qaraciyər icazə vermir. Siqaretlə ayrılmaz dostuq.

- Kamyu kimi... O da siqareti ömrünün son gününə kimi tərgitmədi. Hətta siqaret adında pişiyi də vardı...

- Hə, siqaret altıncı barmaq kimidir, kəsib atmaq olmur.

- Qonşuların kimdir? Kimlərin evinə qonaq gedirsən?

- Əsəd Cahangirlə, Fərid Hüseynlə bir-birimizin evinə gedib-gəlirik. Demək olar ki, mütəmadi həyət gəzintilərimiz olur. Telejurnalist Akif Cabbarlıyla, Qulu Ağsəslə həyətdə nərd oynayırıq arada. Azər Turanla axşam gəzintisinə çıxırıq.

- Ümumiyyətlə, o binadalarda yaradıcı bir mühit formalaşıb?

- Bu adlarını sadaladığım insanların hesabına mikromühit yaranıb. Öz aramızda ədəbi söhbətlər edirik, hansısa əsər haqqında fikirlərimizi bölüşürük.

- Əsərlərin nədənsə sakit qarşılanır. Bəlkə özün sakitsən buna görə?

- Ola bilər. Amma düşünmürəm ki, sakit qarşılanır. Bu yaxında Ədəbiyyat İnstitutunda "Sonuncu dərviş" romanımın müzakirəsi keçirildi. Çox əla keçdi. Ondan əvvəl Aynur Xəlilova institutun illik hesabatıyla bağlı məruzəsində "Fironun dəftəri" haqqında dəyərli fikirlərini bildirdi. Bu, məni qane edir.

- Deyirlər, tez-tez kitab çıxardırsan...

- Hələ 5 kitab da çapını gözləyir (gülür).

- Hansı kitablar olacaq?

- Ortada ədəbi məhsul varsa, niyə də çıxarmayım?

Bir roman var, uzun illərdir üzərində işləyirəm. Bir esselər kitabı. Tərcümələrimi toplamışam. Publisistik yazılar, köşələr...

- Neçə ildi işləyirsən bu romanı?

- Bu roman 10 ildir mənimlə yol gedir.

- Avtobioqrafikdir?

- Xeyr. Nə vaxt bitəcək, bilmirəm. Yarıtarixi, yarımüasir romandır. İlk dəfədir bu barədə danışıram.

- Heç vaxt heç kimlə münaqişən olmayıb. Hətta ədəbi mühitin ən qızğın vaxtlarında belə sakit qalmısan. Bunu bəzən qüsur kimi tuturlar. Bu nədən irəli gəlir?

- Sən bu sualı verdin, bir xeyli düşündüm... Bəzi münaqişələr olub. Mənə qarşı haqsız hücumlar olmuşdu. İndi xatırlamaq uyğun deyil, məncə. Kəskin yazılarım da olub zamanında. Buna görə mənə düşmən kəsilənlər də olub. Amma münaqişə xatirinə münaqişə yaratmaq mənim təbiətimə uyğun deyil.

- Keçək gündəm məsələsinə. Koronavirusdan qorxursan? Tədbirlər almısan?

- Heç bir tədbir görməmişəm. Allah verən ömürdür, nə vaxt məsləhət bilsə, alacaq.

- Ciddiyə almırsan?

- Ciddiyə almaq məsələsi deyil. Bəzən nədən qorunursansa, o səni gəlib tutur. Ciddiyə almaq lazımdır, əslində. Mən bir az o məsələlərdə ehtiyatsızam.

- Həyat yoldaşınla bir gündə doğulmusunuz. Bu necə bir hissdir?

- Hə, onunla eyniliklərimiz təkcə ad günümüz deyil. Qəribədir, atalarımızın, əmilərimizin adları da eynidir.

- Maraqlıdı...

- İqtisadi baxımdan sərfəlidir də (gülür). Bir gündə məsələni həll edirik, vəssalam.

- Xanımla dava-dalaşınız olmur ki?

- Əlbəttə, olur. Hansı ailədə söz-söhbət olmur ki? Sonda ortaq məxrəcə gəlirik. Qarşılıqlı hörmət məsələni yoluna qoyur.

- Ad günün mübarəkdir. Keçirəcəksən? Ümumiyyətlə, xüsusi günlər sənin üçün nəyi ifadə edir?

- Təbrik üçün təşəkkür edirəm! Ad günlərimdə izaholunmaz bir nisgil içimi bürüyür. Günün tez keçib getməsini istəyirəm. Diskomfort yaradır məndə. Mən bunu izah edə bilmirəm...

- Niyə?

- Sanki ömrün getməsini bütün dərimlə, hüceyrələrimlə hiss edirəm həmin gün. Gənclikdən bir addım da uzaqlaşdım, deyə düşünürəm. Valideynlərim üçün darıxıram həmin günlərdə. Onların sağlığında ad günlərim daha fərəhli keçirdi. İndi də ailəmlə qeyd edəcəyəm.

Dəbdəbəli ad günlərini sevmirəm. Uzaqbaşı 1-2 yaxın dostla qeyd edirəm.

# 3080 dəfə oxunub

Müəllifin son yazıları

# # #