Xocalıya və atama susmaq

Xocalıya və atama susmaq
26 fevral 2020
# 11:20

Atamın ölümünü xatırlayıram. Hava boz, tutqun, qandonduran soyuq... Göz yaşları, çığırtılar, sonra çoxluca sükut... Adamlar sel kimi evimizə axırdılar. Bu sel bizi də ağuşuna alıb aparırdı. O gün adamlar bir-birinə bənzəyirdi, çöhrələrdə eyni ifadə vardı - kədər. O gün dünya üçün də sükut dolu gün idi - Xocalı faciəsi...

Aradan doqquz il keçdi. Hərdən bu illər mənə doqquz saniyə kimi gəlir. Kibrit çöpünün yanıb sönməsi kimi solub gedir illər. Xocalı soyqırımından isə 28 il ötür. Həm atamın, həm də anamın dünyadan köçdükləri tarix ömrümə yazılan ən acılı nəğmə oldu. Anam ad günümdə bizlərə vida elədi, atam Xocalı faciəsində. Ona görə də bu iki tarix yaddaşımda ağır-ağır yellənəcək.

Bu ölümlər mənə travmalar yaşatdı. İtirmək qorxusu, ayrılıq qorxusu kimi hisslər yaratdı. Qəfil zənglər, qapı döyülmələri mənə olmazın əzablar verir. Çox vaxt telefonla danışanda dilim topuq vurur, həyəcan düyünlənir boğazıma.

Atam mənim dünyaya gəlməyimə də çox sevinibmiş. O vaxtları gülə-gülə danışırdı bizə. Əl-qolunu ölçə-ölçə böyük bir məhəbbətlə o günün filmini çəkirdi sanki; Tiflis... Mərkəzi küçələr... Sərxoş bir ata... Qəfil rastlaşdığı dostu... Qaranlıqda işıq kimi közərən taksi... Dostunun muştuluğu... Və sonra şəhərə hayqırmağı: "Kim Eyvazı sevir, minsin maşına”. Sonra kafe. Yıxılan butulkalar. Atamın səndirləyə-səndirləyə xəstəxanaya gəlişi. Uşağı görmək istəyi. Həkimlərin onu içəri buraxmamağı. Atamın mübahisə etməyi, dalaşmağı. Sərxoş cümlələrlə nəyisə izah etməyi. Və sonra diz çöküb ağlamağı. Filmin sonu...

Həyatı iki cür görürdü: yazılı və görüntülü. Yazdıqları həyatın özüydü. Mən atam qədər özünü yazan yazıçı tanımıram. Bəlkə də öz həyatı da deyildi bu. Yeni, ütülü bir həyat qurmuşdu özü üçün, amma o həyatın içində də darıxırdı. Rəsm və kino isə həyatının görüntülü tərəfiydi. Hərdən bizə baxdığı filmlərdən, şəhərə gələn kinoteatrlardan ağızdolusu danışırdı. Onun danışığı da çox ləzzət edirdi adama. Şirin, koloritli, özünəməxsus. Deyəsən, Əkrəm Əylisli onun haqqında belə bir ifadə işlətmişdi: "O oğlanın qoynunda həmişə saz yeri görünür”.

Atamın danışdıqları məndə həmişə daha gözəl bir yerin olacağına əminlik yaradırdı. Onun danışdıqları bu dünyayla bağlı deyildi sanki, xəyalında inşa elədiyi xırda evlər idi, bir də mürgülü itlər. Sakitlik idi onun xəyalındakı şəhərdə - klassik musiqi gəlirdi hərdən, hərdən də bir şeir. Atam öləndə o şəhərə bir də heç vaxt gedə bilməyəcəyimi anladım.

Birotaqlı mənzilimizdən köçüb daha geniş evə kirayəyə çıxmışdıq. Otağımda televizorum da vardı. Yuxum gəlmədiyindən televizora baxırdım. Elə bu an qapı açıldı. Atam ciddi çöhrəsi ilə dilləndi: "Yat, ay Oğuz, yat, gecdi...”. "Yaxşı dədə, bu saat yatıram” deyib yorğanı başıma çəkdim, sonra da yuxuya getdim. Bu onunla son dialoqumuz idi. Cəmi iki cümləlik...

Onun haqqında yazmaq çətindi.

Xocalı haqda da...

Mən yazının bu yerində sükut elan eləyirəm.

# 4493 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #