Bu günlərdə yazar Cəlil Cavanşirin “Azğın” romanı çap olundu. Romanın naşiri, “Hədəf” nəşriyyatının rəhbəri Müşfiq Xan romanın işıq üzü görməsindən az sonra öz facebook profilində romanın müəllifə məxsus olmadığını vurğulayan status yazdı. Statusda deyilir: “Azğın” romanının müəllifi Cəlil Cavanşir deyil. Heç ümumiyyətlə romanın ilkin adı “Azğın” da deyilmiş!”
Mövzunun diqqət çəkdiyini nəzərə alaraq Cəlil Cavanşirin ittihamlara münasibətini öyrəndik və aramızda balaca bir söhbət alındı. Həmin söhbəti təqdim edirik.
- Müşfiq Xanın ittihamlarına münasibətin necədir? Romanın plagiat olduğunu düşünənlər var...
- Düşünürəm ki, romanın naşiri bu barədə yazmaqla öz peşəkar imicini zərbə altına qoyub. Bəli, Müşfiq bəyin iki iddiasından biri haqlıdır. Romanın adı ilk versiyada “Dəli Qorqud”, ikinci versiyada “Bir dəlinin əhvalatları”, üçüncü versiyada “Aşiqlər və başqa dəlilər” idi. Bu barədə Müşfiq Xanla ətraflı söhbət etmişdik. Romanın annotasiyasında da qeyd etmişəm, “Azğın” psixoloji xəstəlikdən və sevgisizlikdən əziyyət çəkən, uşaqlıq travmaları bütün həyatını alt-üst edən bir dəlinin romanıdır.”
Postmodern epoxada müəllif önəmli deyil, mətn önəmlidir. Düşünürəm ki, “Azğın” son 20 ildə yazılmış romanların içində öz xüsusiliyinə görə seçiləcək.
Qaldı, əziz dostum Müşfiq Xanın iddialarına, yaxşı olardı ki, bütün iddialarını sübut etsin. İnanmıram ki, o, bu iddiaları sübut edə bilsin.
- Postmodern mətn deyəndə pastişi nəzərdə tutursan?
- Postmodern deyəndə, romanın postmodern olduğuna diqqət çəkirəm. Eyni zamanda düşdüyümüz situasiyanı da postmodern qəbul edin ki, vəziyyət oxucuya və qalmaqal gözləntisində olanlara aydın olsun.
- Bütün bunların piar olduğunu düşünənlər çoxdur.
- Əsərin müəllifi ilə bağlı iddialara cavab vermək mənə gülməli görünür. Bu, mənim sayca üçüncü romanım, onuncu kitabımdır. Dekabrın 14-ü, saat 3-də Kitabevim.az mağazasında “Azğın” romanının təqdimatıdır. Müşfiq bəyi oxucuların qarşısında polemikaya dəvət edirəm. Gəlsin, hər kəsin qarşısında iddialarını sübut etsin. Qaldı ki, düşünülmüş qalmaqala, yazıçı olaraq niyə kitabımın naşiri ilə qalmaqal planlamalıyam?
- Romanın mövzusu nədir?
- Roman olduqca aktual, cəmiyyəti narahat edən mövzuda yazılıb. Yeniyetmələrin psixoloji sarsıntılarını bu qədər ətraflı izah edən Azərbaycan romanı yoxdur. Romanı çapdan əvvəl oxuyan ciddi ədəbiyyat adamları əsəri bəyənib. Romanın redaktoru Hədiyyə Şəfaqət, məsləhətçiləri ədəbiyyatşünas Ülvi Babasoy, psixiatr Orxan Fərəcli, həkim-yazıçı Vüsal Aydındır. Hər halda, maraqlı, oxunaqlı və ciddi romandır.
- Səncə roman səs-küy yaradacaq?
- Məncə roman oxunmadan səs-küy yaradıb. Azərbaycanda 4 nəşriyyat müxtəlif bəhanələrlə çapından imtina etdi, İranda nəşriyyatla razılığa gəldik, senzuradan keçə bilmədi. İndi də romanın naşiri kitabın müəllifinin mən olmadığımı iddia edir. Bütün bunlar məni narahat etməsə də, kitab ətrafında səs-küy yaradır. Son sözü oxucu deyəcək.
Roman titul səhifəsində yazılıb "Yetkinlik yaşına çatmayanların oxuması tövsiyə olunmur". Amma roman çoxlarının düşündüyü kimi bayağı pornoqrafiya deyil. Xəbərdarlığın da sekslə, erotika ilə əlaqəsi yoxdur. Sadəcə şiddət və ölüm səhnələri, narkotik istifadəçilərinin vəziyyəti ilə bağlı səhnələrə görə xəbərdarlıq edilib.
- Əsər kütləvidir?
- Xeyir, “Azğın” kütləvi roman deyil. Hər oxucunun oxuyub anlayacağı, dərk edəcəyi səviyyədə əsər də deyil. Bu roman hazırlıqlı oxucu üçün yazılıb.