Yeddi mərtəbə - Dino Busatti

Yeddi mərtəbə - Dino Busatti
16 oktyabr 2023
# 17:00

Bu gün görkəmli italyan yazıçı Dino Busattinin doğum günüdür.

Kulis.az bu münasibətlə onun "Yeddi mərtəbə" hekayəsini təqdim edir.

Erkən mart səhərində, qatarda bütün günü silkələnmədən sonra Cüzzeppe Korte məşhur klinikanın yerləşdiyi şəhərə yetişə bildi. Onun qızdırması azca qalxsa da, o, çamadanını özü daşıyaraq vağzaldan xəstəxanaya qədər piyada gedə bildi.

Cüzeppe Kortenin xəstəliyi çox yüngül formada, hətta hələ ilkin mərhələdə sayılacaq qədər olsa da, ona məhz bu klinikanı məsləhət görmüşdülər. Onda elə bir əminlik yaranmışdı ki, sanki bu məşhur klinikada yalnız onun xəstəliyi müalicə olunur, həkimlər daha ixtisaslı, rasional, ləvazimatlar isə daha effektlidir.

Cüzeppe Korte uzaqdan klinikanı görən kimi onu tanıdı, çünki onu prospekt reklamlarında görmüşdü və bu reklam onda çox böyük təəssürat yaratmışdı. Bu yeddi mərtəbəli ağ bina idi və öz memarlıq üslubu, dizaynı ilə daha çox mehmanxananı xatırladırdı. Xəstəxananın bütün ətrafı hündür ağaclarla əhatə olunumuşdu.

Ümumi tibbi müayinədən və dərin tədqiqatdan sonra Cüzeppe Korteni ən yüksək yerə – yeddinci mərtəbədəki palataya yerləşdirdilər. Otaq təravət saçır və təmizlikdən parlayırdı. Mebeli işıqlı, pərdələri bəmbəyaz idi, taxta kreslo rəngli parçalarla göz oxşayırdı. Pəncərələri çox geniş açılır və göz önündə şəhərin ən gözəl məhəllələrinin mənzərəsi canlanırdı. Burada hər şey rahatlıq, qonaqpərvərlik və ümid bəxş edirdi.

Cüzeppe Korti cəld yatağa uzandı, başının üzərindəki lampanı yandırdı və özü ilə gətirdiyi kitabı oxumağa girişdi. Az sonra palataya tibb bacısı girdi və ona nəyinsə lazım olub-olmadığı ilə maraqlandı.

Cüzeppe Kortiyə əslində heç nə lazım deyildi, amma məmnuniyyətlə qızla xəstəxana barədə çənə döyməyə başladı. Elə buradaca öyrəndi ki, buradakı xəstələr öz xəstəliklərinin ağırlığından asılı olaraq mərtəbələrə bölüşdürülür. Yeddinci mərtəbə ən yüngül xəstələr, altıncı mərtəbə çox da ağır olmayan, lakin təhlükəli hesab olunan xəstələr yerləşdirilir, beşinci mərtəbədə isə daha ağır xəstələr yatır. Bu, beləcə, hər mərtəbə düşdükcə pisə doğru dəyişir. İkinci mərtəbədə ən ağır xəstələr, birinci mərtəbə də isə ümidsiz vəziyyətdə olanlar qalır.

Bu sistemin özünəməxsusluğu nəinki xidməti asanlaşdırır, həmçinin, hər hansı bir yüngül xəstəni qonşuluqda ola biləcək hər hansı bir gedərinin vəziyyətinə həyəcanlanmaqdan qoruyur. Bu sistem hər bir mərtəbədə eyni cihazların və ləvazimatların quraşdırılmasına imkan verib. Digər tərəfdən bu üsul müalicə və qayğının düzgün paylanmasına şərait yaradıb.

Nəticədə bir iyerarxiya yaranıb: Xəstələr öz xəstəliyinin ağırlıq dərəcəsinə görə yeddi kateqoriyaya bölünüblər. Hər bir mərtəbə öz qaydaları və ənənələri ilə bir növ balaca dünyadır. Hər bir mərtəbəyə öz həkimi baxır və onlar öz müalicə, ixtisaslaşmasına görə fərqlənirlər. Halbuki bütün idarəçiliyə direktor rəhbərlik edir və institutun bir mənbədən idarəsini reallaşdırır.

Elə ki, tibb bacısı getdi, Cüzeppe Kortiyə elə gəldi ki, daha onun qızdırması yoxdur və o yerindən qalxıb otaqda var-gəl etməyə başladı. Pəncərədən boylandı. Məqsədi bu yad şəhərdəki mənzərələri görmək deyildi. O pəncərə şüşələrindən də olsa, digər mərtəbələrdə yatan xəstələri görmək istəyirdi. Fasadın memarlıq görkəmi belə bir imkanı yaradırdı. Cüzeppe Korti əsasən birinci mərtəbəyə fokuslandı, çünki ora yan tərəfdən azca da olsa, görünürdü. Lakin bu müşahidə zamanı maraqlı nəsə gözə çarpmadı. Pəncərələrin çoxu boz jalyüzlərlə tamamilə örtülmüşdülər.

Elə bu an Kortenin nəzərinə qonşu palatlardan birinin pəncərəsində bir kişinin silueti çarpdı. Onlar bir-birlərini artan bir simpatiya ilə uzun-uzadı süzdülər, lakin heç biri danışmağa cəsarət etmədi. Nəhayət Cüzeppe Korte cəsarətləndi və “Siz çoxdan buradasınız?” – deyə soruşdu.

– Elə də yox, – kişi cavab verdi. – Mən artıq iki aydır ki, burdayam.

Azca sükutdan söhbəti necə davam etdirəcəyini kəsdirə bilməyib əlavə etdi: “Mən aşağıya – qardaşıma baxırdım.”

– Sizin qardaşınız?

– Bəli, – yad adam cavab verdi. – Biz xəstəxanaya eyni zamanda yatmışıq. Bu, əslində, nadir haldır. Sonra onun vəziyyəti pisləşməyə doğru getdi və o, artıq dördüncü mərtəbədədir.

– Dördüncü mərtəbədə olmaq nə deməkdir ki?

– Dördüncü mərtəbədə…. – adam oranı elə bir əzab və qorxu ifadələri ilə təsvir etdi ki, Cüzeppe Korte, az qala, qorxusundan buz kimi soyudu.

– Bəyəm dördüncü mərtəbədə elə ağır xəstələr yatır? – ehtiyatla soruşdu.

– Aman Tanrım, – başını astaca yelləyərək kişi danışdı – ora əlbəttə ki, tam ümidsiz yer deyil, amma hər halda ora düşmək heç də sevindirici deyil.

– Elə isə – yenidən sual verməyə həvəslənən Korte zarafatçıl tonla dilləndi. Adətən belə zarafatcıl tonla biz o zaman danışırıq ki, o kədərli halların qətiyyən bizə dəxli olmur. – Elə isə bəs dördüncü mərtəbədə belə xəstələr varsa, onda birinci mərtəbəyə kimləri qoyurlar?

– Offf, birinci mərtəbəyə ancaq ölüm ayağında olanları. Orada artıq həkimlik heç bir iş qalmır, orada yalnız keşiş olur. Və şübhəsiz ki….

– Amma birinci mərtəbədə çox az xəstə olar. – Sanki Korte bu cümləsi ilə elə bu an oradakı bütün palataların boş olması təsdiqini cani-dildən diləyirdi.

– İndi həqiqətən də azdır, amma səhər qayda-qanun azacıq nəzərə çarpdı – yad adam zorla gözə dəyəcək təbəssümlə cavab verdi – Hansı pəncərədəki jalyüzlər salınıbsa, deməli, orada yenicə dünyasını dəyişən xəstə var. Amma siz digər mərtəbələrdəki jalyüzlərin qaldırıldığını görürsünüz? Siz məni bağışlayın – o pəncərədən aralanaraq əlavə etdi – Deyəsən hava soyuyur. Mən yatağa uzanmalıyam. Sizə uğur diləyirəm.

Kişi yoxa çıxdı, pəncərə şaqqıltı ilə bağlandı və qonşu palatada işıq yandı. Cüzeppe Korti isə hələ də hərəkətsiz halda pəncərəyə söykənmişdi və birinci mərtəbənin jalyüzləri salınmış pəncərələrinə baxırdı. O öz xəstə vasvasılığı və marağı ilə birinci mərtəbəni süzür, xəstələrin ölmək üçün göndərildiyi birinci mərtəbənin qorxunc sirlərini özü üçün təsəvvür etmək istəyirdi, lakin tezliklə özünə bundan çox uzaq olma təsəllisini verərək azca fərəhləndi. Şəhərə qaranlıq çökürdü. Bu nəhəng sarayı xatırladan xəstəxanın da işıqları bir-birinin ardınca yanırdı. Yalnız birinci mərtəbədə – lap aşağıda onlarla pəncərə kor kimi qaranlığa qərq olmuşdu.

Tibbi müayinənin nəticələri Cuzeppe Kortini sakitləşdirdi. Artıq o qəlbinin dərinliyində qəddar hökmə özünü hazırlamışdı və əgər həkim onun birinci mərtəbəyə köçürmək lazım gəldiyini söyləsəydi də, buna qətiyyən təəccüblənməyəcəkdi. Əslində isə vəziyyəti yenə həminki kimi yaxşı vəziyətdə qalırdı, amma qızdırması var idi. Həkimin sözləri isə nəinki səmimi idi, həm də ürəkləndirici idi.

– Xəstəliyin əlamətləri var, amma çox yüngül formadadırlar. Yəqin ki, iki, ya üç həftəyə keçib gedər.

– Deməli, mən yeddinci mərtəbədə qalıram? – Cüzeppe Korte həyəcanlanmış halda soruşdu.

– Əlbəttə, şübhəsiz. – Həkim dostyana onun çiyninə vuraraq cavab verdi- Sizcə biz sizi hara qoymalıyıq ki?! Bəlkə dördüncü mərtəbəyə? – elə şəkildə dedi ki, sanki bu ən yersiz təkliflərdən biridir.

– Nə qədər yaxşı, nə qədər yaxşı! – Korte dedi. – Siz bilirsiniz ki, insan xəstələnəndə ən dəhşətli şeyləri təsəvvür edə bilir.

Cüzeppe Korte həqiqətən də həmin palatada qaldı. Ona icazə verilən nadir günlərdə isə o digər palatalardakı xəstələrlə tanış olmaga fürsət tapırdı. O diqqətlə həkimin dediklərinə əməl edir, sağalmaq üçün bütün cəhdləri edir, bütün bunlara baxmayaraq, onun vəziyyəti dəyişilməz olaraq qalırdı.

On gün sonra Cüzeppe Kortinin yanına baş feldşer gəldi. O çox dostcasına ondan bir xahiş etdi. Bildirdi ki, sabah xəstəxanaya iki uşaqlı bir xanım yatacaq. İki otaq onlar üçün boşaldılıb, amma onlara üçüncü bir otaq da lazımdır. O, Kortedən daha rahat bir palataya köçməyi rica etdi.

Təbii ki, Cüzeppe Korte buna etiraz etmədi. Axı onun üçün nə fərqi var idi: bu və ya digər otaq. Hətta ümid etdi ki, bu dəyişikliklə ona daha yaxşı sanitar təyin edərlər.

– Sizə bütün qəbimlə minnətdarlığımı bildirirəm – baş feldşer az qala təzim edərək bildirdi – Sizin kimi insan tərəfindən belə bir lütfkar hərəkət məni qətiyyən təəccübləndirmir. Əgər sizin heç bir etirazınız yoxdursa, bir saat sonra biz köçürməyə başlayardıq. Lakin sizin nəzərinizə çatdırım ki, bir mərtəbə aşağı enməli olacağıq. – O, bunu elə sakit və rəvan səslə əlavə etdi ki, sanki söhbət tamamilə əhəmiyyətsiz bir məsələdən gedir – Bu mərtəbədə təəssüflər olsun ki, heç boş palata yoxdur. Lakin sizi əmin edirəm ki, bu müvəqqəti haldır. – O, Kortenin cəld etirazını bildirməyə hazırlaşdığını hiss edən kimi cəld dilləndi – Bu yalnız müvəqqəti haldır. Düşünürəm ki, iki, ya da üç gün sonra hansısa otaq boşalan kimi, siz yeddinci mərtəbəyə qayıda biləcəksiniz.

– Sizə etiraf edim ki, – Cuzeppe gülümsünərək göstərmək istədi ki, o uşaq deyil – Etiraf edirəm ki, bu cür köçürülmə heç də mənim ürəyimcə deyil!

-Axı sizi heç bir tibbi göstərişlə köçürmürük. Mən sizin nə dediyinizi çox gözəl anlayıram, amma bu an məsələ yalnız bir xanıma qarşı lütfkarlıqdan gedir. Tanrı eşqinə – o yüksək səslə gülərək əlavə etdi – başqa səbəblər haqqında nəinki düşünün, hətta düşünməyi də unudun!

– Təki belə olsun! – Cüzeppe Korti dedi. Lakin bu mənə pis niyyətlə edilmiş kimi gəldi.

Beləliklə, Korte altıncı mərtəbəyə köçdü. Baxmayaraq ki o, bu köçürülmənin onun xəstəliyinin pisləşməsi ilə əlaqədər olmasını bilirdi, amma onda adi dünya və sağlam insanlar arasında hansısa bir divarın ucalması kimi xoşagəlməz fikir formalaşırdı. İlk gəldiyi yerdə – yeddinci mərtəbədə xəstənin azdan-çoxdan insanlıqla əlaqəsini hiss edə bilirdi. Amma altıncı mərtəbəyə köçəndən sonra elə xəstəxanın özündə həm həkimlərin, həm tibb bacılarının, həm də xəstələrin barəsində düşüncənin belə fərqli olduğu sərhədi keçmiş oldu. Burada artıq etiraf edirdilər ki, bura ağır xəstələri göndərirlər, baxmayaraq ki, hələ xəstəliyin elə də ağır formasından söhbət gedə bilməz. Qonşu palatalarda yatanlarla, işçilər və həkimlərlə ilk danışıqlarda Cüzeppe Korte gördü ki, buradakılar yeddinci mərtəbəyə barmaqarası baxırlar və yalnız altıncı mərtəbədə müalicənin ciddi aparıldığına inanırlar.

Lakin Cüzeppe Korte həm də bunu anladı ki, əgər o yeddinci mərtəbəyə qayıtmaq istəsə bir sıra çətinliklərlə üzləşməli olacaq. Yeddinci mərtəbəyə qayıtmaq naminə bir neçə çətin mexanizmadan keçməli, hətta ən minimal cəhd də olsa, bu onun özündən tələb olunacaq. Qısacası, əgər o özü bunun halına qalmasa, çətin ki, kimsə onu tamamilə sağlam hesab edib yeddinci mərtəbəyə qaytarsın.

Elə buna görə də, Cüzeppe Korte yoldaşları ilə söhbətdə öz yerini lütfkarcasına bir xanıma güzəştə getdiyini və hər hansı bir otaq boşalan kimi geri qayıdacağını dəfələrlə vurğulayırdı. Onlar Cüzeppeyə maraqsız və inamsız halda qulaq asır, başlarını yelləyirdilər.

Cüzeppenin əminliyi yeni həkimlə söhbətdə də öz təsdiqini yenidən tapdı. O da etiraf etdi ki, Cüzeppe Kortenin xəstəliyi çox yüngüldür və tamamilə yeddinci mərtəbədə qalmağa layiqdir. Lakin bunu da vurğulamağı unutmadı ki, altıncı mərtəbədə onun müalicəsi ilə daha ciddi məşğul ola bilərlər.

– Bu söhbəti dayandıraq! -Cüzeppe həkimin sözünü kəsdi – Siz özünüz dediniz ki, mənim yerim yeddinci mərtəbədir və mən ora qayıtmaq istəyirəm.

– Heç kim sizinlə mübahisə etmir. – həkim cavab verdi, Mən sadəcə olaraq sizə məsləhət verirəm, bunu da həkim kimi yox, səmimi dost kimi edirəm. Mən yenə təkrar edirəm ki, sizin xəstəliyiniz çox yüngüldür, hətta deyərdim ki, yoxdur. Lakin fikrimcə, sizin vəziyyətiniz digərlərinkindən fərqlənir. Mən istərdim ki, siz məni düzgün anlayasınız: Xəstəliyin intensivliyi minimaldır, amma çox böyük sahəni əhatə edir, yəni hüceyrələrin məhvi sözsüz ki, ilkin mərhələdədir, bəlkə də heç başlamayıb. Lakin tendensiyalı, – xüsusilə vurğulayıram – həmin geniş həcmli sahədə tendensiyalı müalicənin aparılması üçün sizə altıncı mərtəbədə qalmağınız uyğundur.

Bir dəfə ona dedilər ki, klinikannın direktoru öz əməkdaşları ilə məsləhətləşərək xəstələrin bölgüsü qaydasında dəyişiklik aparıb. Hər bir mərtəbədə xəstələr xəstəliyinin ağrılığından asılı olaraq iki kateqoriyaya bölünüblər. (Həkimlər də onların rahatlığı nəzərə alınmaqla bu bölgüdə iştirak ediblər) Bu qaydaya əsasən artıq xəstələr rəsmi şəkildə bir mərtəbə aşağı endirilə, ya da altıncı mərtəbədə saxlana və ya yeddinci mərtəbəyə qaytarıla bilərdi. Bu xəbər Cüzeppe Korteni şad etdi və düşündü ki, bu qaydanın tətbiqi onu tezliklə yeddinci mərtəbəyə qaytara bilər.

Lakin tibb bacısına bu ümidi barədə elə işarə vurmuşdu ki, böyük peşmançılığa qərq oldu. O eşitdi ki, onu doğurdan da köçürmək istəyirlər, amma yuxarı yox, bir mərtəbə daha aşağı. Lakin səbəblər haqqında tibb bacısı izahat vermək iqtidarında olmadı, yalnız bunu bildirdi ki, onu altıncı mərtəbənin ən ağır xəstələri sırasına daxil ediblər və buna görə onu da beşinci mərtəbəyə köçürəcəklər.

Bu açıqlamadan sonra Cüzeppe Korte qəzəbləndi. O qışqıraraq onu səfeh yerinə qoyduqlarını, aşağıya köçürülmək barədə heç nə eşitmək istəmədiyini, haqlarından bəhs edərək evə qayıdacağını, xəstəxana administrasiyasının müalicə edən həkimin rəyi ilə belə əclafcasına hesablaşmasının yolverilməz olduğunu deyirdi. O elə qışqırırdı ki, həkimin dalınca adam göndərdilər ki, gəlib onu sakitləşdirsin. Həkim Korteyə qızdırmasını qalxmasını istəmirsə, qışqırmamağı tövsiyə etdi və bildirdi ki, hansısa anlaşılmazlıq baş verib. O yenə etiraf etdi ki, Cüzeppe Korte yeddinci mərtəbədə olmalıdır, əvvəl dediklərini təkrar etdi. Ümumlikdə isə Korteyə həyəcanlanmamağı, köçürülməyə etiraz etməməyi məsləhət gördü: “Axı əsas xəstəliyin gedişatıdır, xəstənin hara yatızdırılması deyil.”

O ki, qaldı müalicəyə – həkim əlavə etdi – Cüzeppe Kortenin şikayət etməyə haqqı yoxdur. Çünki beşinci mərtəbənin həkimləri daha yaxşıdır. Ümumiyyətlə nə qədər mərtəbə aşağıdır, həkimlər bir o qədər təcrübəli və yaxşıdır. Hər halda bunu nizamnamə belə hesab edir. Oradakı palata daha geniş və rahatdır. Elə pəncərədən görünən mənzərədə eynən belədir, yalnız üçüncü mərtəbədən etibarən pəncərələrin üfüqləri ağacların budaqları ilə örtülür.

Cüzeppe Korte bu izahatlara artan yorğunluqla qulaq asdı və hər axşam olduğu kimi yenə qızdırması qalxdı. Ən nəhayət o anladı ki, onun bu köçürülməyə etiraz etməyə nə qüvvəsi qalıb, nə də hər hansı bir istəyi. O heç bir etiraz etmədən köçürülməsinə izn verdi.

Yalnız bircə məsələ Cüzeppe Kortenin beşinci mərtəbəyə köçürülmə məsələsində sakitləşdirirdi: Altıncı mərtəbədə həm həkimlər, həm tibb bacıları, həm də xəstələr hamısı onun haqqında eyni düşüncədə idi: O, bu mərtəbədə hər kəsdən daha ağır vəziyyətdə idi. Bu mərtəbədə o özünü ən xoşbəxt hiss etməyə bilməzdi. Digər tərəfdən ona başqa bir fikir əzab verirdi: Artıq onunla normal insanların dünyası arasında iki divar ucalmışdı.

Yaz öz qanunları ilə özünü yetirdi və hava daha isti olmağa başladı. Lakin Cüzeppe Korte əvvəlki günlər kimi pəncərədən baxmağı xoşlamırdı. Baxmayaraq ki, hiss etdiyi tamamilə səfehlik idi, amma o yenə birinci mərtəbədəki pəncərələrə baxmağa qorxurdu. Oranın hələ də qapalı pəncərələrini görəndə əti ürpəşirdi və hiss edirdi ki, indi onlara daha yaxındır.

Ona elə gəlirdi ki, xəstəlik inkişaf etmir. Lakin beşinci mərtəbədə olduğu dördüncü gün onun sağ ayağında ekzemaya bənzər qızartı əmələ gəldi və qətiyyən də çəkilmədi. Həkim bunu əsas xəstəliklə heç bir əlaqəsinin olmadığını söylədi, bildirdi ki, bu dünyada hər kəsin başına gələ biləcək adi haldır. Bundan azad olmaq üçün isə o qamma şüalarının qəbul edilməsini tövsiyə etdi.

– Burada qamma şüaları var? – Cüzeppe Korte ona sual verdi.

– Şübhəsiz, – həkim qürurla cavab verdi. Bizim klinikada bütün şərait qurulub. Lakin bir balaca narahatlıq var….

-Nə kimi? – narahat bir hissiyatla Korte soruşdu.

– Bunu, əslində, elə narahatçılıq da adlandırmaq istəməzdim, – həkim öz sözlərinə düzəliş etdi, – demək istəyirəm ki, bu şərait dördüncü mərtəbədə var, amma mən sizə gündə üç dəfə bu pillələri qalxıb enməyi məsləhət görməzdim.

– Deməli heç nə alınmayacaq?

– Siz bu allergiya keçənə kimi yaxşısı budur dördüncü mərtəbəyə köçməyə razılıq verəsiniz.

– Bəsdirin! – Cüzeppe Korte üzüntü içində bağırdı, – mən artıq bu köçürülmələrdən boğaza yığılmışam. Qoy, mən burada gəbərim, amma dördüncü mərtəbəyə getməyəcəm.

-Necə istəyirsiniz. – həkim onu qıcıqlandırmamaq üçün mümkün qədər barışdırıcı səslə dedi. – Amma nəzərə alın ki, mən sizə müalicə edən həkim kimi gündə üç dəfə bu pillələri qalxıb enməyi qadağan edirəm.

Ən pisi isə ekzema nəinki itmədi, hətta daha geniş şəkildə yayılmağa başladı. Cüzeppe Korte özündə rahatlıq tapmır və ara vermədən yataqda eşələnirdi. Bu, beləcə, üç gün davam etdi və güzəştə getməyə məcbur oldu. O özü həkimdən aşağı mərtəbəyə köçürülməsini istədi.

Dördüncü mərtəbədə Korte ayrıca bir istisna olduğunun fərqinə vardı. Bu mərtəbədə olan xəstələr çox ağır vəziyyətdə idilər, hətta yataqlarından belə qalxa bilmirdilər. O isə palatadan kabinetə qədər gedə bilir, orada şüalanma zamanı tibb bacıları buna təəcüblənir, onu bu qələbəsinə görə təbrik edirdilər.

Yeni həkimlə söhbət zamanı o inadla öz xüsusi vəziyyətindən bəhs etdi. O, yeddinci mərtəbədə olma hüququndan danışdı. O daha heç bir hal və dəlillə daha buralarda saxlanacağına izn verməyəcəyini açıqladı.

– Yeddinci, yeddinci, – onun müayinəsini başa çatdıran həkim gülümsünərək dedi. – Siz xəstələr həmişə küyə basırsınız. Əvvəla onu deyim ki, siz öz vəziyyətinizdən məmnun olmalısınız. Sizin xəstəlik tarixçənizə əsasən onu deyə bilərəm ki, ciddi bir ağırlaşmadan söhbət gedə bilməz. Amma bu yeddinci mərtəbə söz-söhbətinə gəldikdə, mən kobud açıqlamama görə üzr istəyirəm, məsələ bir az fərqlidir. Sizin vəziyyətiniz təhlükəlidir, mən bununla tamamilə razıyam ki, siz xəstəsiniz.

– Yaxşı onda hansı mərtəbəyə? – Kortenin sifəti tamamilə qızararaq soruşdu. – Sizin fikrinizcə məni hansı mərtəbəyə yerləşdirmək lazımdır?

– Aman Tanrım, bu suala belə asanlıqla cavab vermək mümkün deyil, axı mən sizə qaçaraq baxdım. Belə bir qərarı vermək üçün mən heç olmasa sizi bir həftə müşahidə etməliyəm.

– Lap yaxşı, – Korte geri çəkilmədi. – Heç olmasa siz bunu mənə təxmini də olsa söyləyə bilərsiniz.

Həkim onu sakitləşdirmək üçün elə bir görkəm aldı ki, sanki nəyisə ciddi götür-qoy edir. Başını tərpədərək astaca danışdı:

-Aman Tanrım, mən bunu ona görə deyirəm ki, siz buna israr edirsiniz. Əslində biz sizi altıncı mərtəbəyə yerləşdirməliyik. Bəli, bəli, bununla sanki özünü inandırmaq istəyirdi. – Siz tamamilə altıncı mərtəbədə yata bilərsiniz.

Həkim bu yolla xəstəni ürəkləndirmək istəyirdi. Amma Cüzeppe Kortenin üzündə ümidsizlik peyda oldu. O anladı ki, yuxarı mərtəbədki həkimlər onu aldadıblar, buradakı yeni həkim daha bacarıqlı və vicdanlıdır. Qəlbinin dərinliyində də, olsa bilir ki, onu yeri yeddinci mərtəbə deyil, hər halda nəinki beşinci, heç bu ağır xəstələrin də arasında deyil. Bu gözlənilməz xoşagəlməzliklə Cüzeppe tamamilə ruhdan düşdü. Həmin gecə onun temperaturu yüksəldi.

Xəstəxanada yatandan bəri dördüncü mərtəbədə Cüzeppe Korte ən sakit günlərini yaşayırdı. Həkim çox qayğıkeş, yaraşıqlı və ürəyiaçıq biri idi. O hətta müxtəlif mövzulardan danışaraq saatlarla onunla vaxt keçirirdi. Cüzeppe Korte də onunla məmnuniyyətlə söhbət edir, xüsusilə, vəkillik və dünyəvi həyata dair mövzularda danışmağa cəhd edirdi. O özünü hələ də inandırmağa çalışırdı ki, sağlam insanların cəmiyyətinə, iş dünyasına məxsusdur, hələ də ictimai həyatın hadisələri ilə maraqlanır. Bu, səmərəsiz cəhd idi. Söhbət hara fırlansa da, yenə onun xəstəliyinin üstünə gəlib çıxırdı.

Azca da olsa yaxşılaşmaq arzusu Cüzeppe Korteni tərk etmirdi və bu da onda asılılıq yaratmışdı. Təəssüf ki, qamma şüalları allergiyanı dayandırsa da, onu tamamilə məhv edə bilmədi. Hər gün Cüzeppe Korte bu barədə həkimlə danışır, öz dəyanətini hətta kinayə yolu ilə də mühafizə etmək istəsə də, bu heç vaxt ona nəsib olmurdu.

– Söyləyin, həkim, – bir dəfə o soruşdu- mənim hüceyrələrimin məhvi prosesi necə gedir?

– Oyy, bu necə dəhşətli sözdür, – zarafatyana onu məzəmmət etdi. – Sizi kim belə öyrədib? Bu heç də yaxşı deyil, xüsusilə xəstə adam üçün. Mən belə söhbətləri bir daha eşitməyim.

Yaxşı, – Korte etiraz etdi, – Axı siz mənə cavab vermədiniz.
İndi sizə cavab verəcəm, – Həkim mehribanlıqla dedi- Əgər sizin dediyiniz qorxunc ifadə ilə desək, hüceyrələrin məhvi çox minimal vəziyyətdədir, demək olar ki, yoxdur. Lakin mən onları inadkar olaraq xarakterizə edərdim.
– İnadkar necə, yəni siz xroniki demək istəyirsiniz?

– Mənim demədiyim sözü adıma yazmayın! Mən yalnız inadkar demək istəyirəm. Ümumiyyətlə, çox hallarda belə olur. Hətta ən yüngül hallarda xəstəlik uzun müddətli və enerjili müalicə tələb edir.

– Həkim, heç olmasa deyin, mən nə zaman yaxşılaşmağa ümid edə bilərəm?

– Nə vaxt? Belə hallarda proqnoz vermək həddindən artıq çətindir. Amma qulaq asın! – O azacıq düşünəndən sonra əlavə etdi, – Mən görürəm ki, siz sağalmağı o qədər çox istəyirsiniz ki, bu sizin əsl maniyanıza çevrilib. Əgər sizin əsəbləşməyinizdən qorxmasaydım, bilirsiniz, sizə nə məsləhət görərdim?

-Danışın, danışın, həkim….

– Belə, çalışacam bunu sizə mümkün qədər aydın izah edim. Əgər mən sizin xəstəxanaya düşsəydim, hətta xəstəliyimin ən yüngül formasında belə olsa da, ən yaxşı mütəxəssisləri əldə etmək üçün ən aşağı mərtəbələri seçərdim. İlk gündən, anlayırsınız ilk gündən aşağı mərtəbələr. Mən hətta istərdim ki, məni….

– Birinci mərtəbəyə? – zorla gülümsəyən Korte dedi.

– Xeyr, birinci mərtəbəyə deyil. – həkim kinayə ilə cavab verdi.- Bircə, ora yox. Ya ikinci, ya da üçüncü mərtəbəyə. Sizi əmin edə bilərəm ki, aşağı mərtəbələrdə daha yaxşı müalicə edirlər. Oradakı cihazlar və ləvazimatlar daha güclü, mükəmməl, şəxsi heyət isə ixtisaslaşmış vəziyyətdədir. Siz ki, bu klinikanın ürəyinin kim olduğunu bilirsiniz…

– Yəqin ki, professor Dati?

– Əlbəttə, professor Dati. Burada tətbiq olunan müalicə metodunu o yaradıb. Bu klinika onun layihəsi əsasında tikilib. Bizim bu müəllimimiz birinci və ikinci mərtəbələrin arasındadır. Oradan onun enerjisi yayılır, oradan onun əmrləri verilir. Amma sizi əmin edə bilərəm ki, onun əmrləri üçüncü mərtəbədən uzaqlara sirayət etmir. Nə qədər uzaqdadır, o qədər təsirsiz qalır. Bizim klinikanın ürəyi aşağı mərtəbələrdir. Əgər siz əsl müalicə olunmaq istəyirsinizsə, aşağı mərtəbələrdə yatın.

Bir sözlə, – Cüzeppe səsi titrəyərək danışdı- deməli, siz mənə məsləhət görürsünüzü ki…
– Nəzərə alın ki, sizin vəziyyətinizdə bu çox xüsusi diqqət tələb edir. Xüsusilə bu allergiyanız ayrıca bir diqqət tələb edir. Hadisə özlüyündə tamamilə nəzərəçarpmazdır, amma o çox davam etsə, sizin ruhi vəziyyətinizə təsir göstərəcək. Bilirsiniz ki, sağalmaq üçün öz ruhi sakitliyini qorumaq nə qədər vacibdir. Sizə tövsiyə etdiyim şüalanma yalnız müəyyən ölçüdə xeyirli oldu. Niyə? Bu ola bilsin ki, tamamilə təsadüfi haldır, amma bir ehtimal da var ki, kifayət qədər güclü olmayıb. Baxın, üçüncü mərtəbədə aparatlar daha güclüdür. Orada sizin ekzemanızı müalicə etmək daha böyük imkanlar var. Bundan əlavə bilirsiniz nə var? Əgər hər hansı bir işdə düzəlmə gedirsə, deməli, ən çətin addım atılıb. Əgər qalxmağa başlayırsansa, sonra çətin ki, geri qayıdasan. Əgər siz özünüzü həqiqətən yaxşı hiss etsəniz, onda sizə nə bura, nə də daha yüksək mərtəbələrə qayıtmağa heç nə mane ola bilməz. Daha yüksəyə beşə, altıya, hətta cəsarətlə deyirəm yeddiyə…

– Deməli, siz belə hesab edirsiniz ki, bu müalicəni sürətləndirəcək?

– Buna heç bir şübhə ola bilməz. Mən artıq sizə sizin yerinizdə olsaydım nə edəcəyimi söylədim.

Cüzeppe Korte ilə belə söhbətləri həkim demək olar ki, hər gün edirdi. Nəhayət elə bir an yetişdi ki, xəstə ekzema ilə əzab çəkməkdən usandı və həkimin məsləhətinə əməl etməyə qərar verdi: bir mərtəbə aşağı düşmək qərarına güzəştə getdi.

Üçüncü mərtəbədə o, həmin anda həkimlər, tibb bacıları və baxıcılar arasında xüsusi bir şənliyin olmasını fərq etdi. Halbuki orada yatan xəstələri ciddi bir narahatlıq bürümüşdü. Bundan əlavə hiss edirdi ki, bu şənlik və sevinc halları günü-gündən qızışır. Tibb bacısı ilə azca tanış olan kimi o özünü saxlaya bilməyib bu şadlığın səbəbi ilə maraqlandı.

– Ay, siz bilmirsiniz məgər, biz üç gündən sonra məzuniyyətə gedirik.

– Necə yəni məzuniyyətə?

– Bəli, iki həftəlik üçüncü mərtəbə bağlanır və bütün heyət məzuniyyətə gedir. Bizdə bütün mərtəbələr beləcə növbə ilə məzuniyyətə gedir.

– Bəs xəstələr? Onları neynəyəcəksiniz?

– Onlar sayca çox olduğuna biz iki mərtəbə arasında bölüşdürməli olacayıq.

– Necə? Xəstələri üçüncü mərtəbədən dördüncü mərtəbəyə köçürəcəksiniz?

– Xeyr, xeyr. – Tibb bacısı düzəliş verdi. – Üçüncüdən ikinciyə. Burada yerləşənlər yalnız ikinci mərtəbəyə köçürülə bilərlər.

– İkinci mərtəbəyə düşmək? – Cüzeppe Korte meyid kimi ağardı – Deməli, mən ikinci mərtəbəyə düşməliyəm?

-Bəli, əlbəttə. Burada qəribə nə var ki? Biz iki həftə sonra dönəcəyik və siz hamınız bu palatalara qayıdacaqsınız. Məncə, bunda qorxulacaq heç nə yoxdu.

Lakin Cüzeppe Korte hansısa gizli bir instintiktin təhriki ilə təhlükənin fərqində idi, bu da dəhşətli bir qorxu ilə bütün vücudunu sardı. Hərçənd, o şəxsi heyətə getməyə mane ola bilmədi, amma əmin idi ki, yeni müalicə metodu – intensiv şüalanma ilə ekzema tamamilə yoxa çıxdı. O, qərar verdi ki, yeni köçürülməyə rəsmi şəkildə etirazını bildirməsin. O, tibb bacılarının gülməyinə baxmayaraq, tələb etdi ki, onun palatasının qapısına “Üçüncü mərtəbədən olan Cüzeppe Korte burada müvəqqətidir” lövhəsi vurulsun. Belə bir hal klinika tarixində bir ilk idi, amma həkimlər buna qətiyyən etiraz etmirdilər. Hesab edirdilər ki, Korte kimi tempramentə sahib olan biri üçün adi bir narazılıq güclü peşmançılıqla nəticələnə bilər.

Əslində, məsələ iki həftə gözləmək idi: Nə bir gün az, nə gün çox. Cüzeppe Korte yataqda tərpənməz halda gözlərini şkafa və ya kresloya dikərək saatlarla acgöz, inadkar səbirsizliklə günləri saymağa başladı. İkinci mərtəbədəki mebel digər mərtəbələrdəki mebeller kimi ürəkaçan və müasir deyildilər, amma daha çox ictimai, ciddi və ürpərdici görünürdülər. O, yerində donaraq diqqət kəsilmişdi. Ona elə gəlirdi ki, aşağı mərtəbədən, məhkum olunmuşların aydın olmayan səslərini – ola bilsin ki, ölümqabağı əzablarını və xırıltılarını eşidir.

Bir həftə sonra, günortadan iki saat keçmiş qəfildən otağa feldşer və iki sanitar özlərindən qabaq təkərli xərəyi salaraq girdilər.

– Hə, necədir, biz köçməyə hazırıq? – səmimi bir tonla feldşer soruşdu.

– Hansı köçürülməyə? – səsi kəsilən tonda Cüzeppe Korte soruşdu. – Bu yenə nə zarafatdı?!… Axı üçüncü mərtəbə məzuniyyətdən bir həftə sonra qayıdacaq.

-Üçüncü mərtəbənin bura nə dəxli? – feldşer sanki anlamayaraq dedi.- Mənə əmr olunub ki, sizi birinci mərtəbəyə köçürüm. Buyurun baxın, – O köçürülmə barədə birbaşa professor Dati tərəfindən imzalanmış blankı ona göstərdi.

Dəhşət və zəhərli qəzəb Cüzeppe Korteni yerindən oynatdı. Onun bitməz-tükənməz qəzəbli çığırtıları bütün mərtəbəni sirkələdi.

Sakit olun, lütfən, Tanrı eşqinə, axı burada yatan xəstələrin hamısı ağır xəstədir. – Sanitarlar ona yalvarmağa başladılar.
Amma onu sakitləşdirmək heç də asan olmadı. Nəhayət mərtəbənin idarəçisi olan çox tərbiyəli və mehriban həkim qaçaraq gəldi. O məsələnin nə yerdə olduğunu aydınlaşdırdı, blanka baxdı və Korteni dinlədi. Sonra o əsəbi halda feldşerə müraciət etdi və bildirdi ki, səhv baş verib, o belə bir göstəriş verməyib. Sonra da bildirdi ki, burada artıq uzun müddətdir ki, hərc-mərclik hökm sürür. Bu artıq belə davam edə bilməz, ona heç nə barədə hesabat vermirlər, o hər şey barədə ən sonda xəbər tutur. Nəhayət o işçilərini o ki var danladıqdan sonra, mehriban bir səslə xəstəyə müraciət etdi və ona dərin üzrxahlığını çatdırdı:

Təəssüflər olsun ki, – həkim əlavə etdi – təəssüflər olsun ki, professor Dati bir saat öncə şəhər kənarına istirahətə gedib və yalnız iki gün sonra dönə biləcək. Mən çox pərişan vəziyyətdəyəm, amma onun əmri təxirə salına bilməz. Sizi əmin edirəm ki… O buna təəssüf edəcək ilk adam olacaq. Belə bir səhv. Sadəcə olaraq anlaya bilmirəm ki, bu necə baş verib?!…
Cüzeppe Korte tamamilə öz üzərində hakimiyyətini itirdi. Uşaq kimi onu basan panikalı dəhşətin qarşısında aciz qaldı. Palatada onun dərdli hönkürtüsünü uzun müddət sakitləşdirə bilmədilər.

Beləliklə, dəhşətli bir səhvin ucbatından o sonuncu stansiyaya gəlib çıxdı. Halbuki, ən qəddar həkimlərin fikrinə görə, onun vəziyyətində olan yeddinci olmasa da, altıncı mərtəbədə olmalı idi. Bu o qədər yersiz baş vermişdi ki, Cüzeppe Korte, az qala, arada boğazı imkan verdiyi qədər qəhqəhə çəkmək istəyirdi.

Yayın günorta qızmarı şəhərin üstünə çökdükcə, o, tərpənmədən yatağa uzanar, pəncərədən yaşıl ağaclara elə bir hissiyatla baxardı ki, elə bil, yersiz divarlardan, steril təmizlənmiş qızdırıcılardan, soyuqdan, sanki ölü biri adamı müşayət edəcək bəmbəyaz qapılardan və elə beləcə cansız insan füqurlarından ibarət uydurma bir dünyaya düşüb. Hətta onun fikrinə gəldi ki, pəncərədən görünən ağaclar da real deyil. Uzun-uzadı müşahidədən sonra o, tamamilə buna əmin oldu ki, yarpaqlar qətiyyən tərpənmirlər. Bu fikir onu o qədər həyəcanlandırdı ki, o baxıcını çağırdı və o, Cüzeppeye yaxıngörmə eynəyi verdi. Halbuki, yatağa uzanarkən o bundan istifadə etməzdi. Yalnız onda o bir balaca sakitləşə bildi. Eynəyin köməyi ilə əmin oldu ki, ağaclar həqiqidir və onların yarpaqları arada əsən ötəri mehlə tərpənir.

Baxıcı otaqdan çıxandan sonra palatada dörd saat sükut hökm sürdü. Altı mərtəbə, altı dəhşətli daş divar hətta tamamilə formal olsa da, Cüzeppe Kortenin üstündən bütün təzyiqi ilə basırdı. Neçə il, bəli, neçə il lazım olacaqdı ki, bütün bu maneləri aşaraq o yenidən yuxarı qayıda bilsin?!…

Axı niyə palataya qəfildən qaranlıq çökdü? Axı küçədə hələ parlaq bir gündüz var. Cüzeppe Korte bütün bədənini iflic kimi saran qıcolmanı son dəfə dəf edərək yatağının yanındakı dolabın üzərində duran saata toxuna bildi. Saat dördün yarısını göstərirdi. O başını pəncərəyə doğru çevirdi və gördü ki, jalyüzlər hansısa sirli bir əmrin təlqini ilə asta-asta enərək gün işığını qapayırlar.

Tərcümə etdi: Ülviyyə Tahir

# 1671 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
#
#
# # #