Ruhların imtahanı - Hekayə

Ruhların imtahanı - Hekayə
22 iyun 2022
# 14:30

Kulis.az Əzizağa Elsevərin “Ruhların imtahanı” adlı hekayəsini təqdim edir.

Mövlanzadə haçan idi ki, ölüm yatağına düşmüşdü. Ancaq ölə bilmirdi. Baxmayan həkim, vurulmayan iynə, atılmayan dərman da qalmamışdı. Af-uf eləməkdən yorulmuş, sağa-sola çevrilməkdən bezmişdi. Canında bir rahatlıq, sağalmağa bir qırıq ümidi belə qalmamışdı. Hər açılan səhər, hər batan gecə ona əzab gətirir, ağrısına, acısına bələnib ümidsiz-ümidsiz ötüb keçirdi. Ürəyində min kərə ölüm arzulayırdı. Nə yazıq ki, ölüm də gəlmirdi. Elə bil o da naz edir, gözünü, könlünü intizarda qoyurdu. Bəziləri deyirdi ki, bədbəxt oğlunun günahı o qədər böyükdür ki, ölüm də yaxınlaşmağa qorxur. Əzrayıl yazıq da neyləsin, axı bu da bir əzrayıldır. Bu da bir can alandır. Onun aldığı canların səsi-sorağı bilinmir. Yıxdığı evlərin bacasından tüstüsü də çıxmır, həyətində bitməyə ot da qoymurdu. Nə yazıq ki, Allahın Əzrayılı da ona həsəd aparırdı. Tanrının Əzrayılı bir az insaflıydı deyəsən. O, yazıq bir dəfə gəlir, utana-utana, əzab çəkə-çəkə. Bu isə, utanmadan, qızarmadan gəlirdi. O Əzrayıl ömrün tamamında, bu isə gözləmədən, ömrü vaxtsız-vədəsiz tamamlamağa gəlirdi. Deyəsən, tanrı bu dünyada Mövlanzadəni əzablarının, günahlarının acısında bir az da çox boğurdu ki, bəlkə, bir peşmançılıq duyğusuyla sonrakılara görk ola. Vəzifə qulları, sərvət düşkünləri ayıla. “Bax, budur hər şeyin sonu!” – deyə. Görəsən, bu ağrılı-acılı sonluqdan ötrü çırpınmağa, nəfsin qulu olmağa dəyərdimi?! Kimsə, qoparıb, taladığından qırıq bir iynə ucu qədər özüylə nəsə bir şey apara bildimi? Yox! Dünyanın malı, sərvəti dünya üçündür. Qalandır. İlğımdır. O, səraba uyan rahatlıq təşnəsində əriyib gedər. İtər, qəzəb, nifrət burulğanında itib gedər.

Üzüntülü bir payız günündə Mövlanzadənin ayaqları yavaş-yavaş soyudu. Gözləri qaraldı, saralmış çöhrəsində həyat işığı azaldı. Həssaslığını büsbütün itirdi. Ürəyi duymaqdan, beyni düşüncədən qırılıb qaldı. İlıq bir axın damarları boyunca soyuyub keyləşməkdə olan ürəyinə sarı axdı. Ruhu cismani libasından çıxıb başı üstündə dolandı. Özünü itirdi. Bilmədi neyləsin, qapıya sarı sürünsün, yoxsa hirsini-hikkəsini toplayıb dər-divara çırpılsın. Ayna kimi çiliklənib tökülsün.

Bir andaca aləm bir-birinə dəydi. Elə bil hamı donmuşdu, şokdaydı, qəfildən ayıldı. İtki vermişdilər. Sanki itki indi-indi onlara çatırdı. Kimisi ağlayır, kimisi başını tutub bərk-bərk sıxırdı. Gedən gedirdi, qalana od vurub gedirdi.

Mövlanzadənin ruhu son kərə otağı dolandı. Əvvəllər yaxşı fikir vermədiyi hər şeyi xırdalıqlarına qədər yaddaşına köçürdü. Ruh yaddaşı qayım, pozulmaz olur axı, deyirlər. Necə olsa, o yaddaşla baş-başa yaşamışdılar. Darıxanda yaddaşını vərəqləyib kövrələcəkdi. Görmək üçün, bəlkə də, hər cümə axşamı min kərə gələcəkdi. Pəncərədən boylanıb, günəş şüası kimi otağa düşəcəkdi. Ancaq əli çatmayacaq, ünü yetməyəcəkdi. Axirət dünyasından qayıdıb ötəri dünyanın bir qırıq parçasına sığınıb qürrələnməyəcəkdi. İtki pis şeydir, itirdiklərinin qədrini sonra biləcəkdi. Bu, ömür itkisi, gün itkisiydi. İtkilərin əzabı onun ruhuna yük olacaqdı. Görən, daşıya biləcəkdimi?! Bilmirdi. Heç nə bilmirdi. Ruhun ruh ömrünü yaşayacağı hər şey hələ qabaqdaydı.

Mövlanzadənin ağlaşma səsindən, qohum-əqrəbanın qaçaqaçından ruhu sıxıldı. Bir az hirslə, hikkəylə, bir az da kövrəlib üzülə-üzülə otaqda gəzindi. İsti baxışları, soyuq nəfəsilə divarları yaladı. İstədi ucadan qışqırıb, “Noolub, niyə ağlayırsınız, mən ki, ölməmişəm, diriyəm axı?!..” – deyə. Ancaq nə qədər qışqırsa da, onu görən, eşidən olmadı. Elə bil səsini, nəfəsini içindən çıxarmışdılar, boşluğa düşmüşdü. Dərin, dibsiz, qaranlıq bir boşluğa. Çırpındı, divara çırpıldı. İstədi əzilə, ağrılarına bükülüb özü ola. Bacarmadı. Ruh ağrıları, ruh nəfəsi ilə pəncərədən sivişib evin taxtapuşunda əyləşdi. Burdan həyət ovcun içindəki kimi görünür, düzü-dünya, insan-insan, mənzərə-mənzərə dəyişirdi. Aşağıda kimlər yox idi, Mövlanzadənin tanıdığı, tanımadığı yığın-yığın adamlar. Hərəsini də bir dərd, bir ağrı çəkib gətirmişdi. Necə olsa, itkiydi axı!..

– Şükür sənə xudaya!.. Böyüklüyünə min şükür! Sən necə də ədalətliymişsən. Bu da ölə bilərmiş. Elə bilirdi ölməyəcək, qurdnan qiyamətə qalacaq! Yox, öldü, bir zülm qapısı bağlandı... – deyən saçı-saqqalı ağarmış pirani bir kişi əllərini göyə açıb, pıçıldaya-pıçıldaya gülümsədi, sonra da titrək əlləriylə sifətinə toxunub salavat çevirdi. – Əhd eyləmişdim, – dedi. – Əhd eyləmişdim, öldüyünü görsəm, daha dərdim olmaz. Sən demə, o da ölə bilərmiş. Elə bilirdi dünyanı tutub gedəcək. Bax, görürsən, heç yığdığı da köməyinə gəlmədi. Hökmü, ədası da öz gücünü göstərə bilmədi. Allahıma qurban olum, gör necə də böyük hikmət sahibi, ədalət yiyəsiymiş. Deyir, sən saydığını say, gör fələk nə sayır. Ölüm haqdı, bir gün gec, bir gün tez hamının qapısını döyəcək. Ancaq yazıq o kəslərə ki, ölümü gələndə də əzabnan, iztirabnan gəlir. Düz neçə ay idi, ölümü də arzulayırdı, ölə bilmirdi. Elə bil it kimi ulayır, qurd kimi hirsindən, hikkəsindən içini yeyirdi. Daha ölmərəm, vallah, daha ölmərəm. O yazıqların, biçarələrin ahı idi, tutdu onu. Dağıtdı yurdlarını, xaraba qoydu yuvalarını. Axı nəydi, nəydi onların günahı. Maşınla vurub qaçan qalmışdı kənarda, arxalıydı, arxası dağa söykənmişdi. Yazıqlığı gəlib, yaralını maşınıyla xəstəxanaya çatdıran Mürvətə ilişmişdilər. “Yaralı sənin maşınında ölüb, elə yəqin sən də vurubsan. Götürüb aradan çıxmaq istəyibsən...” – dedilər. Bu da yaxşılığın, ürəyi yumşaqlığın axırı. O, sınıq-salxaq maşınıyla xaltura edib, birtəhər bir çətən külfətini dolandırırdı. Bir öyünə ac, bir öyünə tox günləri günlərə calayırdılar. Ondan da əllərini üzdülər. Basdılar içəri. Hələ bu azmış kimi, bir abırsız-abırsız xanımına da tamah saldı. Bu zülmü Allah götürərmi?! Dağıldı, dağıldı bədbəxtin ailəsi. Uşaqları başsız qaldı. Danışa bilmirəm, danışmalı dərddimi... Düzdülər, qoşdular. Yalançı şahidlər tapdılar. Guya güzəşt etdilər. Düz nə az, nə çox, 8 il 11 ay 15 gün iş kəsdilər. Atdılar içəri... Qulağı cırıldaya-cırıldaya getdi. Vuran qaldı çöldə. Qurbanzadənin oğlu idi. Ona kim nə deyə bilərdi ki. Qaldı ki... növbəti qurbanı onu gözləyirdi axı?! Qurbanzadələr, Mövlanzadələr hələ başıdaşlı ədalətin başındaydılar. Haqsızlıq əkib, zülm biçirdilər. Zavallı dünya bunların idi. Onu öz arşınlarıyla ölçürdülər.

Mövlanzadənin ruhu qımıldandı. Utandı. Kiminsə eşidə bilməyəcəyi bir tərzdə pıçıldayıb: “Adamların ağzını bağlamaq olmur. – söyləndi. – Qurbanzadəyə dedim, min kərə dedim, gəl belə etməyək. Bu lap ağçılıq olar. Yazıqdır, necə olsa, yaxşılıq eləyib, axı. Razılaşmadı. Dedi, özün bil. Onda oğlunu kömrüyün qapısından keçməyə qoymaram. Orda o qədər işləmək istəyən var ki, oturduğu yerdə pul üstünə axır...”

Mövlanzadənin kiçik oğlu Zaur bu razılaşmadan sonra kömrüyün qapısından keçmiş, maliyyənin nə olduğunu bilməyə-bilməyə, maliyyə şöbəsinin müdiri olmuşdu. Necə deyərlər, əl əli yumuşdu, əl də qayıdıb üzü.

– Əbləhin biri əbləh! Sən də özünə kişi deyirsən. – deyə taxta hasara söykənmiş Midhət yerində acı-acı qımıldandı. Sanki müvazinətini itirib yıxılacaqmış kimi yerə oturdu. Dodaqları altında mızıldanmaqdan qalmadı: - Pulu alıb keçirtdin yuxarı başa, nə işi düzəltdin, nə də əmanəti qaytardın. Üstündən on çatışmırdı, iki ayağını bir başmağa dirəyib, onu da gətir, dedin, gətirdim. Tez- tələsik maşını satdırdın, nə olar, oğlumdur, bə ona xərcləməmiş, kimə xərcləyəcəkdim ki?! Rayonun da adını çəkmişdin, o rayona böyük gedəcəkdi. Yuxarıdakıynan danışmışdın, arxayınlaşdırmışdın bizi. Çəkinmədən: “Bir az döz, bugün, sabahlıqdır, çağırıb əlini sıxar, əmrini verərlər.”- demişdin... Yanıram, vallah tüstüm təpəmnən çıxır. Bir ətək pul idi, şaxı lap adamın əlini kəsirdi. İndi kimi inandıra bilərəm, oğlanları özündən də betər! Deməzlər ki, haa, bəs sağlığında hardaydın? İndi niyə gəlmisən?.. Naağğayyırım, səsimi çıxartsam özümü də atarlar içəri. Bizdə rüşvət var bəyəm,deyərlər, sən kimə böhtan atırsan. Yuxarıda oturanlar təmiz adamlardı, rüşvət nə mənə olan şeydi haa ona da bulaşalar...İnkişafı bəs görmürsən, yazıqların istirahəti də yoxdur, xalq üçün lap dəridən, qabıqdan çıxırlar... olan yenə sənə oldu, kişi, səsini içinə sal, daha danışma. Sən Allah, sus, danışma. Necə olsa, qohumundur, sağlığında quru adıyla öyündüyün, qürurlandığın qohumun. İndi uzaq yol üstədir, qoy gedəndə barı inciməsin...

Mövlanzadənin ruhu Midhəti görür, səsini eşidir, yanğısını duyurdu. Pulu almışdı Mövlanzadə, götürdüyünü götürüb, yuxarıdakının da payını çatdırmışdı. Ancaq ortada nə əmma vardısa, hələ bir az gözlə deyirdilər. Bir də, gözləməyib neyləyəcəkdilər ki?! Görünür, kiminsə evini yıxıb, yerini boşaltmalı idilər.

Midhətin oğlunu da Mövlanzadə oxutmuşdu. Sürünə-sürünə, bir təhər, diplom da aldırmışdı. Nə yazıqlar ki, gedəcəyi rayonu da bədbəxt günə salıb, böyrü üstə qoyacaqdı. Onun ancaq düşüncəsi yemək, bir də söküb dağıtmaq idi. Nə az, nə çox, lazım olan pulu da vermişdi, onu da çıxartmalıydı axı.

– Bəs yolun o üzündə duranlar kimdir? Noolub, toyamı, bayramamı gəliblər? Qırmızı geyiblər, hələ gülmələrinə də bir bax! – Mövlanzadənin ruhu öz-özündən soruşdu. Bir az da diqqətlə baxıb: – Həə, tanıdım, tanıdım! – dedi. – Biri Gülər müəllimədir. O, nəvəsi tutulan, gecə-gündüz yazmaqdan barmağı qabar olan Gülər. Bədbəxt, anlamır ki, daha yazı-pozuya baxan yoxdu. Qələmə, kağıza da heyfi gəlmir. Bir ucdan elə hey yazır, yazırdı. Neyləsin, sadəlövhdür, onun da gücü ona çatırdı. İnsanların taleyinin qumara qoyulduğundan xəbərsizdir. Eybi yoxdur, qoy yazsın, ürəyini boşaltsın. Onsuz da kim fəndgirdir o aparır. Zalımın qızı oturduğum kabinetdə də dinclik vermirdi. İndi yəqin sevinir. Rahat nəfəs alacağına ümidlənir. Daha bilmir ki, Mövlanzadədən də pisi qapının o üzündədir. Düzdür, nəvəsinin günahı yox idi. Qızı, o məktəbli qızı deyirəm. Nuruşun oğlu zorlamışdı. Bəs günah kiminsə boynuna qoyulmalı idi axı! Bir də işi elə belə ört-basdır edəydik yəni? Yox, belə olmazdı. Bəs bizim vəzifəmiz nə idi. Özbaşına deyildik haa. İşi bağlamaq üçün günahı kiminsə boynuna qoymalıydıq. Vəzifəni sənə elə belə vermirlər eyy. Verənə xidmət üçün verirlər. Başı batmış Qafar dədəsinin gül balası idi. İşin başında o dururdu. Yoldan götürüb o qızı maşına basmışdılar. Köpəy oğlunun gözü qızıb də, ayağının altını da görmürdü. Arxası o nazirə bağlanmasaydı, bilərdim ona nə edərdim. Tutulan bu bədbəxt də onun sürücüsü olub. Nişanlıydı, nişanı da pozuldu. Qızı qaçıranda bu heç maşında da olmayıb. Nə yazıq ki, günahsız günahlı yerində yatırdı. Kənardan baxana da elə gəlir ki, işləmək asandır. Dəvədən də böyük fil var. Yarımasan qarışqa kimi əzərlər. Əllərin heç yerə uzanmaz. Ədalət quru bir sözdür, oyundur, anam. O oyunu oynamasan dünyanı başına yıxarlar!..

– Bax, o da oğlu öldürülən Camal kişidir... o da, mal-qarası oğurlanan çoban Bəkirdir... Zalım uşağı, elə bil sözləşib bu günü gözləyirmişlər... – Mövlanzadənin ruhu sıxıldı. Daha düşünə, danışa bilmədi. Onu kəsən ağrıdan bağırmaq, bağırmaq istədi. Bacarmadı. – Bu nə dərddir, Allahım, – dedi. – Özüm ola bilmirəm. Elə bil içimi içimdən sökürlər.

Birdən Mövlanzadənin xəyalında ömrünün o başında qoyub gəldiyi məsum uşaqlıq dünyasının xatirə cığırı boylandı. O cığırdan keçib həyətin bir küncündə kədərli dayanmış bu uşaq gör necə də ona bənzəyirdi. Baxışlarındakı soyuq təbəssümlə sanki özünü axtarırdı. – Ehhey, balaca oğlan, – Mövlanzadə özü eşidə biləcək bir səslə: – Sən nə gəzirsən burda? – deyə soruşdu. Təəccübünü gizlətmədən: – Otardığın qoyunlar yaldan dərəyə tökülər axı! – dedi. – Sən mənim o təmiz, o bakirə uşaqlığım deyilsən məgər? Bəs sənin tütəyin, tütəyin hanı? İçinə kartof soyutması, baş soğan, bir də bir parça çörək qoyub çiynindən aşırdığın heybəni də unudubsan deyən axı. O “Çoban bayatısı”nı bir də çalasan bəlkə. Qoyunlar axışıb arxaca gələ. Qurbanı olduğum anam qabağıma çıxa. Atam zəhminə bir az təbəssüm qatıb, “Günü necə başa vurdun?” – soruşa. Bacım ətəyimi dartıb, pendirli dürməyinə bir dişdəm qonaq edə. Boynumu qucaqlayıb şirin dillə yalvara-yalvara: “Qurban olum, ay qağa, noolar, məni də özünlə aparsana ...” – deyə. Yenə baş götürüb çay aşağı qaçam. Oynayan qayğısız uşaqlara qoşulub aşıq-aşıq, gizlənpaç, çilingağac oynayam... – Mövlanzadənin o uzaq, əlçatmaz illərin həsrətindən ruh yaddaşı silkələndi, titrədi. İçi göyüm-göyüm göynədi: – Sənmi məni atdın, mənmi səni unutdum, bilmirəm! – dedi. – Səndən ötrü burnumun ucu bilsən necə göynəyirdi? Özüm olmaq istəyirdim, ancaq neyləyim ola bilmirdim. Elə bil məni dünyanın o başına atmışdılar. Ha yol gəlirdim çata bilmirdim. Yollar gödəlmək əvəzinə uzanır, uzanırdı. Gözlərim qaralır, baxışlarım dumanlanır, fikrim, xəyalım sənə yetmək əvəzinə çiliklənib tökülürdü. Başqalaşmışdım, dünənimə, bu günümə yadlaşmışdım. İçimdə soyuq, qərib küləklər əsir, duyğularım korşalır, özümü özümə qaytara bilmirdim. İllərim ömrümdən nəyisə qoparıb aparır, xatirələrim durna köçü kimi uzaqlarda qaralırdı. O günü heç unuda bilmirəm. Şəhərdən qonaqlar gəlmişdi. Dədəmin uzaq qohumları. Böyük vəzifə sahibi idi, adı gələndə rayonun böyükləri, “başbilənləri” özünü yığışdırırdı. Sədrimiz Qurbanqulu lap əldən-ayaqdan gedirdi, elə bil gündə fironluq edən, işçilərə çımxırıb yüz öyünə söyüş söyən o deyildi. Dədəm nədənsə səbrini basır, onun kimə görə artistlik etdiyini yaxşı bilirdi. Qohumunun yanında susur, çox şeyi açıb ağartmırdı. Qohumunun qızı bir az xəstə idi. Həkimlər dağ havasını məsləhət görmüşdülər. Bahar gələndə, sürülər arandan yaylağa qalxanda dağa gələrdilər. Şəlalənin yanında alaçıq qurar, çayların məcrasına sığmayan köpüklü sularının laylasına, çiçəklərin, otların ətrinə bürünə-bürünə günləri ötürərdilər. Nə az, nə çox düz bir ay qalardılar. Hər gün təmiz südü, qatığı, balı, kənd yumurtası, daha nə bilim nələri, nələri səbət-səbət gətirilərdi. Axşamüstü kabab çəkilən manqalın tüstüsü, iyi aləmi bürüyərdi. Qələbəlik olardı. Aşıqlar sazı sinəsinə qoyub, simlər üstə alışar, mizrab yanar, yanardı. Şeir, sənət sevgim məni tutub çəkər, tütəkdə çaldığım “Çoban bayatısı”nın həsrəti, nisgili içimi oyar, özümü özümdən alıb uzaqlara aparardı. O uzaqlarda hələ yaşamadığım min bir rəngli xəyal dünyam vardı. Hələ əlim çatmayan, ünüm yetməyən dünyam.

Bilmirəm, bu nə adət idi. Dədəm deyirdi, sən dünyaya gələndə qohumunun o qızıyla göbəkkəsdi eləmişik. Bircə böyüməyiniz, gözlədiyimiz o xoş günə yetməyimiz gərəkdir. İnsafən qız pis də deyildi. Gözəlliyi ilə ürəyimə yatır, xasiyyəti ilə məndə qibtə ediləcək bir hiss yaradırdı. Bu hiss nə idi, hələ mən bilmirdim. Yaşanmış hiss elə yaz küləyi kimi ötüb keçən hiss idi. Ancaq bu hiss ötüb keçmirdi. Tez-tez baş qaldırır, sonra yelkənini oynadıb dalğalar qoynunda əriyib itirdi. Yenə hardasa uzaqlarda çırpınır, mənə sarı yol gəlirdi. Bu, bəlkə də, mənim ömür payım, bəxt ulduzum idi. Taleyimin səmasında günəş olub yanacaqdımı?! Bilmirəm... Böyüdükcə o qızın xəstəliyi də keçib getdi. Kənddən də ayaqları kəsildi. Ancaq ara-sıra zəngləri, açıqcaları gəldi. Göbəkkəsdi söhbəti unudulmadı. Mən də böyüdüm. Arzularım ürəyimə sığmadı. Müəllim olasıydım. Fizika müəllimi. Təzə tikilmiş ikimərtəbəli məktəbimizdə dərs deyəsiydim. Ancaq hər şey dəyişdi... Hüquqşünas oldum. Dədəmin qohumunun bir sözü, bircə zəngi hər şeyi həll edirdi. Etdi də. Hara getdim bağlı qapı, “bir az gözlə”-deyən tapılmadı. Tələbəçilik illərim hardan gəldi, hara getdi onu da bilmədim. Nişanlandıq o qızla. Təyinatdan iki ay qabaq toyumuz da oldu. Baş prokurorluğa təyinat aldım. Sayələr sayəsində. Hər gün bir buğda boyu dəyişdim. İçimdəki duyğularım da yavaş-yavaş mənə yadlaşdı. Haram tikə qapımdan içəri girdi. Burda qınanılası nə var ki, mən dedim. Hamı necə mən də elə. İnsafı itirdim, qüruru sındırdım. Mal, mülk hərisi oldum. Bir bağ bəs eləmədi, bir mülkə sığa bilmədim. Maşınlar rəngbərəng qapımda düzüldü. Gözlərim doymadı dünya malından. Önümdə sızladılar, zülüm-zülüm ağladılar, ürəyim titrəmədi. Qəlbim daşa döndü. Nə gözümdən yaş gəldi, nə ah çəkib, uf-ff demədim. Qəddarlaşdım. Əmr, göstəriş qulu oldum. Haqsızları qoruyub, haqsızlığa yol açdım.Yazıqlar olsun ki, vəzifə pillələrində büdrəmədim, sanki hər gün, hər ay irəlilədim. Önümdə “Bəli, baş üstə” deyənlərim çoxaldı. Elə özüm kimi adamlar ətrafıma yığıldı. Daha qınayası kimsə qalmadı. Hərdən ömrümün o başında qalmış uşaqlığım ilğım kimi yaddaşıma töküldü. Məni silkələdi. “Çoban bayatısı”nın həsrətində əritdi. Yaşıl yamaclara səpələnmiş sürülər ovqatıma təzəlik gətirdi. Ancaq varlığıma, ruhuma hopmuş pis ovqat məni arxasınca sürüdü. Təmiz, düz olmağa qoymadı. Təmənnayla qol-boyun olub, təmənnalı yaşadım.

– O nədir? Xeyir ola, yenə aləm qarışdı bir-birinə... – Mövlanzadənin ruhu təəccübünü gizlədə bilmədi. Bir az da nəfəsini içinə çəkib, diqqətini cəmlədi.

– Quran oxudaq, müsəlmandı. Molla çağıraq, yasinlə, azanla son mənzilə yola salaq!..

– Nə danışırsınız, dünya dəyişir, qloballaşır, bunlar hələ də naftalin iyi verən düşüncəsindən əl çəkmir. Şeypur, baraban gətirək... Kişi ömrün dövlətə xərcləyib... əməkdar hüquqşünasdır. Elmi dərəcəsi (elmi dərəcəsi ha!) var. Bunlar elə belə yaranmayıb haa. Hələ qalaq-qalaq kitablarını demirəm.

– Yoox, hələ bir boynu qalstuklu pionerləri də gətirdərik. Leninin kəlləsini döşünə vuran o komsomolçuları da!... - Bu ötkəm danışan kişi o birisinin sözünü kəsdi. Boğazını yırta-yırta yenə qışqırdı.

– Ay kişi, a başına dönüm, aləmi bizə güldürmə. Dünyaynan ayaqlaşmaq lazımdı. Niyə desinlər ki, biz dünyadan geri qalırıq. Niyə biz ölülərimizi rus dilində, ingilis dilində, lap elə moltanı dilində oxuya-oxuya, danışa-danışa götürməyək. Məgər biz o biri millətlərdən əskik millətik?!.

– Ətin tökülsün, a bala, səni əkən, tökən rus, ingilis olub məgər?! Sən müsəlmansan, bu axirət yolçuluğudur, ora gedəndə də deyirsən kələknən, küləknən gedək. Tabut nədir, şeypur, baraban nədir, ay oğul. Dünyanın nə vecinə, sən kimsən, nəçisən. Amma sən mənimçün müsəlmansan, müsəlman kimi də öz yoluynan getməlisən. El qınağından heç vaxt qurtara bilməzsən. El qınağı, sel qınağı. Gələr, süpürüb basar, ağlını başına yığ. Dünya malı, deyəsən, sənin də gözünü örtüb, kor edib. Yazıqlar olsun. Milləti xar edən elə sizin kimilərdi də...

Səhərin gözü açılar-açılmaz tez-tələsik həyətdə iri bir yas çadırı da qurulmuşdu. Necə olsa, böyük bir vəzifə adamı idi. Gələn-gedəni, çoxlu qonaq-qarası olacaqdı. Çadırın yuxarı başında sağ böyrünə qara lent bağlanmış şəkil asılmışdı. Gümüş çərçivədəki bu şəkil Mövlanzadənin çox xoşuna gəlirdi. Fəxri ad alanda çəkdirmişdi. Onda əhvalının xoş anları idi. Yaxşı ki, şəkil o anları ömrün bir parçası kimi dondurub saxlamışdı. Gözləri gülür, sifətindən sanki ilıq bir təbəssüm axıb tökülürdü. Şəklin önündəki masada mikrafon və səs gücləndirici qoyulmuşdu. Qara əbalı mollalar da qoşa-qoşa gəlmişdi. Gələn kim, gedən kim, hasar boyu topa-topa duran kim! Aləm qarışmışdı bir-birinə. Mövlanzadənin ruhuna kimisi tanış gəlir, kimisini isə heç xatırlaya da bilmirdi. Ölən qalmışdı bir tərəfdə, siyasət meydan sulayırdı. Siyasətçi olmayan yerdə elə bil hamı siyasətçi olmuşdu. Dünyanın qatmaqarışıq siyasətindən danışırdılar. Əfqanıstandan girib İraqdan çıxır, gah da Suriyada batıb Fələstində durulmaq istəyirdilər. Rənglər bir-birinə qarışır, mətləblər, məqsədlər mübahisə doğurur, qaranlıq qalırdı. Axırda Qarabağ üstündə dayanır, erməni dığalarını söyür, havadarlarını ürək dolusu qınayırdılar. “Yox, ordumuz yaxşıdır. Qabaqkı ordu deyil. Ona bel bağlamaq olar!..” – deyirdilər.

Sağlığında böyük-böyük iddiası, təkəbbürü ilə yeri ağladıb, göyü titrədən Mövlanzadənin quru cənazəsini kir-kərmədən, qəzəb tozu, nifrət alovundan təmizləyib kəfənlədilər. Bapbalaca bir yumağa döndü. Sanki pis əməlləri, günahlarıymış onu böyük göstərən. Tənəşirə qoydular, xalçaya bükdülər. Oğlanları qabaqdan. İş yoldaşları arxadan yapışıb axirət yolçuluğuna çıxdılar. Yaşıl darvazadan ağır-ağır çıxıb, səhərdən onları gözləyən arxası açıq maşına sarı getdilər. Mövlanzadənin ruhu taxtapuşdan endi, darvaza ağzında donub göz yaşları içərisində gedənlərin arxasınca boylanan qız-gəlinləri süzdü. Onların üzüntüsü içində qəribə bir sızıltı qopartdı. Əzilə-əzilə, sıxıla-sıxıla astadan “Yazıqlar!.. Yazıqlar!..” - deyə öz-özünə pıçıldadı. Mövlanzadənin özündən başqa bunu heç kim eşitmədi. Eşidə də bilməzdi. Çünki bu səs Mövlanzadənin ruhunun ruhlara məxsus səsi idi.

Dəfn karvanı gedirdi. Ağlı-qaralı maşınların ucu-bucağı görünmürdü. Mövlanzadənin ruhu sanki əzilə-əzilə, sıxıla-sıxıla onların arxasınca düşüb sürünür, qarabaqara izləyirdi. Ruh cansız bədəninə qurulan tamaşanı görmək, görmək istəyirdi. Yol acı bağırsaq kimi uzanır, qurtarmaq bilmirdi. Deyirlər, dünyanın ən uzun yolu evdən qəbiristanlığa qədər olan yoldur. Çünki bu yolda təkcə cənazə yox, həm də ağlı-qaralı günlərin xatirə yükü də daşınılır. Oyalanır, oyanır. Bir ömür vərəqlənir, yaddaş yükü çoxalır. Bu yolda elə bil ki, insan unutmuş olduğu insanlıq adını bir anlıq özünə qaytarır.

Qəbiristanlıqda karvan dayandı. Tənəşiri maşından düşürdülər. Sahibini gözləyən qəbirə yaxın gətirdilər. Ətrafı, görünür təzəcə qamarlanıb, qara mərmər də döşənmişdi. Hələ vaxt da tapıb bəzək gülləri də əkilmişdi. Küknar, şam ağaclarının fidanları da basdırılmışdı. Qəribəydi, elə bil ölü basdırmaq yox, qonaq qarşılamaq mərasimi, törəni idi.

Dəfnin keçirilməsi şəhərin başçısı Bilən Qələndərliyə tapşırılmışdı. Deyirdilər, sağlığında Bilənlə Mövlanzadə çox yaxın olmuş, aralarından heç su da keçməzmiş. Bir eldən çıxmışdılar, yoxlasan hələ uzaq qohumluqları da vardı. Ara-sıra, onu da işləri düşəndən-düşənə görüşərdilər. Bir işi təmənnasız aşırmazdı Qələndərli. Rüşvət sanki onun qanına hopmuşdu. Rüşvət almadığı gün darıxar, “keyfim yerində deyil!..” - deyərdi. Əhvalı yüksək olanda oturduğu kresloda yellənər, barmaqları ilə stolu döyəcləyə-döyəcləyə dodaqları altında hələ bir üstəlik, “Ay nənən ölsün, Sarı gəlin” mahnısını da zümzümə edərdi. Zalım oğlunun boğazını elə bil gəvahinlə deşmişdilər. Səsində bir yapışıqlıq, incəlik, məlahət də yox idi. Mızıldananda deyərdin elə bil yağsız arabadı, cükküldəyir özüyçün. Adamları incitməkdən, süründürməkdən həzz alardı. Dilənçidən beşbetər olduğu üçün adının böyrünə ayama da qoşmuşdular. Olmuşdu, Dilən Qələndərli. Kişiylə Ərəbistana gedərkən Kəbəyə də dəymişdi. Ancaq nə oruc tutar, nə də namaz qılardı. İçkisindən əl çəkməz,donuz kababından doymazdı. Yalançı hacılığı vardı, yeri düşdü, düşmədi onunla da öyünərdi. Kişiylə ziyarət vaxtı çəkdirdiyi şəkli bir az da böyütdürüb, qızılı çərçivəyə saldırıb kabinetində başının üstündən asdırmışdı. Asdırmışdı ki, gəlib-gedənlər onu yaxşı tanısınlar, bir az da çəkinsinlər deyə. Necə olsa,kişiylə yaxın idi axı.

– Böyük itkidir! – ağır-ağır dedi, Bilən Qələndərli. – Qəhərdən danışa bilmirəm. Gərək bağışlayasınız... Bir az susdu. Nədənsə, insan olduğu yadına düşüb dolumsundu. Yaşarmış gözlərini ovuşdurdu. – Mövlanzadə eldən getdi. Billur kimi saf, bulaq suyu kimi təmiz, xeyirxah, müqəddəs bir insan köçdü dünyadan. Dərdlinin dərdinə yanan, haqqı pozulanın haqqını özünə qaytaran bir insan... Qabaq cərgədə dayanan arıq, eynəkli, çəlimsiz bir kişi dözmədi. Böyründəki tanışının qoluna toxunub: “Kaş, belə olaydı!..” – dedi. Sonra susub, yenə Qələndərlini dinlədi. Mövlanzadənin ruhu yerində qımıldanan kişini tanıdı. Dözməyib özü-özünə: “Gözündən gəlsin yaxşılığım. – dedi. – Oğlun narkotika üstündə ilişmişdi. Gəlib kabinetimdə göz yaşı tökdün, uşaq kimi ağladın. Mən olmasaydım, indi qulağı cırıldaya-cırıldaya getmişdi. Budu, mənə sağ olun, ay qurumsağ?!..

Bilən Qələndərli üyüdüb tökürdü: - Bir alim kimi alın açıqlığı ilə yaşadı. Cild-cild kitablar qoydu ortalığa. Hüquq elmimiz başsız, yetim qaldı sanki. İndi tələbələri onun kitabları ilə böyüyür, düşünür, sabaha baxır. O kitablardan aldıqları biliklərlə haqqımızı qoruyur, özümüzə qaytarırlar. (Kor olmuş dünyanın gör harasıydı ki, Mövlanzadə də alim olmuşdu. Fikirləşmişdi ki, mənim pulum bəs bunların pulundan deyil?! Bütün nazirlər, deputatlar müdafiə edir, bəs mən niyə müdafiə etməyim, niyə alim olmayım, həə?! Bərk ayaqda diplomdu da, ataram evdə qalar, kimə ağırlıq edir ki, sabah karıma gələr. O yuxarıda oturan Tariyelnən də dost idi. Arada him-cimləri olurdu. Elə bircə kəlmə adının ora getməsi bəs idi. Tariyel, doğrudan da, arif adam idi. Öz xeyrini yaxşı bilirdi. Bir də haqqını alacaqdı da, bir Mövlanzadə ilə dünya dağılmayacaqdı ki, dünyadı, hər şey olur. Əl əli yuyacaqdı, üz-üzdən utanacaqdı...). – Qabaq cərgədəki həmin adam yenə yerində qımıldandı. “Bu lap ağ elədi haa. – dedi. – Görünür, şair burda deyib eyy: “Kimi aldadırsan, ay zalım oğlu”. Ağılsız başlarını dəvəquşu kimi kol dibində gizlədib, elə bilirlər ki, daha başqaları həqiqəti anlamır. O, haçandan kitab yazan oldu. Kitab yazmaq onun hünəriydimi. Yazıq Gülverdi neçə illərdi özünə gün ağlaya bilmir. Hazır işini ortalığa qoyub müdafiə edə bilmir. Gör istedadını kimlərə xərcləyir. Yazmaqdan barmaqları da qabar olub. Neyləsin, ailəsini dolandırmaq xatirinə beş-on manata biliyini belələrinə satır. Mövlanzadələrin atı bərk qaçır. Haram pullarnan açmadığı qapılar açır. Bir az da çox yaşasaydı, bəstəkar, şair də olacaqdı... Yaxşı ki, olmadı. Yoxsa görəcəkli günlərimiz qabaqdaydı...”

Qələndərli yenə danışırdı: – Əməkdar hüquq işçisi idi. Bu adı işinə, xidmətlərinə görə vermişdilər. Sözü də bütöv idi, özü də. Dostcanlı, dost qədri bilən idi...

Qələndərli, mərhumun o biri dostları daha nələr, nələr demədilər. Mövlanzadə sağlığında bunları eşitsəydi, bəlkə də, ölməyə tələsməz, bu nağıllara, yalanlara uyub bir az da yaşamaq istərdi. Yenə özünü aldadıb ayların, illərin ətəyinə sığınar, yalançı dünyasını talançı dünyasına calayıb yaşayardı. Dünyanın işi qəribədir, vallah, gələni də aldadıb yola verir, gedəni də. Hamı aldadır, hamı aldanır. Bəlkə dünyanın mənası da elə bu aldanışlardadır... kim bilir?!.

Bir az kövrək, bir az həlim çıxışlardan, yorucu, sicilləmə təriflərdən sonra Mövlanzadəni torpağa tapşırdılar. Ürəyi geniş, qəlbi təmiz torpağa. Tər güllər, əklillər qalaqlandı qəbrin üstündə. “Yat, Mövlanzadə qardaşım, rahat yat!..” – dedilər. Karvan səssiz-küysüz gəldiyi kimi, yenə də səs-küyü içinə çəkib tozanaqlaya-tozanaqlaya ötüb getdi. Mövlanzadənin ruhu yalqızlığı hiss etdi. Əllərini yumruqlayıb başının üstünə qaldırdı. Sonra, sonra uzaqlaşan karvanın arxasınca qəmli-qəmli boylanıb: “Noolar, məni də aparın... Məni də aparın!..” – deyə qışqıra-qışqıra yaş torpağı döyəclədi. Onu nə eşidən, nə duyan, nə də görən oldu. Çünki ruhlar görünməzdi, axı. Onun səsi də, ünü də o aləmdə yaşar, o aləmdə dolaşar. O aləmin də öz sirri, öz gözəlliyi.

Mövlanzadənin ruhu sıxıldı. Qəbrin başına dolandı. Heç özü də nə dediyinin fərqinə varmadan: “Sən niyə yatıbsan, sən niyə getmirsən?!..” – deyə dəlicəsinə bağırdı. Qəhərdən boğuldu, göz yaşlarını içinə axıtdı. Dünya bütün dərdləriylə başına dolandı. Qımıldanan, səsinə səs verən olmadı. Sarsıldı. Axşamçağının qu tükü kimi yumşaq-yumşaq düşən qaranlığından darıxıb sürünə-sürünə evlərinə sarı yollandı. Açıq darvazadan həyətə girdi. Hüzn, kədər dolu hava onu tutdu. Evdəki boğucu, əzici sükut onu üşütdü. Onu əzən ağrıdan bir anlıq uzaqlaşmaq üçün iş otağına nə vaxt keçdiyini özü də bilmədi. İçində bir titrəyiş, həyəcan qopdu. İş otağında yazı masasının ustünə çox sevdiyi qırmızı qərənfil qoyulmuşdu. Bir zaman tələbəykən anasına bir qom qərənfil almışdı. Anası sevincdən yerə, göyə sığmırdı. O sevinc həmin gün elə bil Mövlanzadəni də qanadlandırmışdı. Sonralar harda qərənfil görürdüsə, xəyalən anasının sevincinə bürünür, o anı həmin istəklə də yenidən yaşayır, yaşayırdı.

İçəridə, yarıqaranlıq otaqda qızı Gülnar fikirli, dalğın oturmuşdu. Gözləri yol çəkirdi. Görünür, qərənfili də elə o qoymuşdu. Atasını çox sevirdi Gülnar. Ondakı haqsızlığa qarşı üsyankarlıq, sözü üzə demək cəsarəti atasının da xoşuna gəlirdi. Arada atasını da “topa” tuturdu. Mövlanzadə çox zaman çəkinir, hər şeyi yerli-yataqlı açıb ağartmırdı. Amma Gülnarın qardaşları belə deyildi. Fürsət düşəndə cib kəsirdilər. Görünür, dayılarına oxşamışdılar. Axı dayıları da ölü kəfəni soyan idilər. Buna görə Mövlanzadənin qızı qardaşlarına “zəmanə uşaqları” deyirdi. “Zəmanə uşaqları” da gözdən tük dartır, yumurtadan yun qırxırdılar. Hərdən bu, Mövlanzadəyə də nəsə çatmır və qəribə gəlirdi. Axı özü də beləydi. Ancaq daha onlar qədər yox. Onlar elə bil ki, Mövlanzadəni çoxdan keçib, lap tozanaqda qoymuşdular.

Mövlanzadənin ruhu Gülnarın yaxınlığına gəldi. Onun dağınıq, şəvə kimi saçlarını oxşadı, qollarını boynuna doladı. Heç vaxt belə isti, ilıq istəklə sevmədiyi Gülnarının alnından, nəmli gözlərindən doyunca öpdü. Ağladı, zülüm-zülüm ağladı. Ötmüş ömrünə yazıqlığı gəldi. Niyə, niyə vaxtında ata sevgisinin çırağını yandırıb belə ortalığa qoymamış, övladlarını doyunca, ürəkdolusu öpüb oxşamamışdı. Dünyanın malı aldatmışdı, gözünü necə tutmuşdusa, kor etmişdi onu. İndi bir ilğım, bir röya kimi baxırdı hər şeyə. Qızı heç nə, heç nə hiss etmirdi. Mövlanzadənin ruhu yanır, için-için qovrulurdu. Sağlığında hər şey, hər şey gözəl olur. Qədrini bilən üçün. Ancaq bu gözəlliyi görməyəndə, qədrini bilməyəndə yaman olur. Yaman, vallah, çox yaman olur!..

Evini son kərə otaq-otaq gəzdi Mövlanzadə. Ruhunda rahatlıq, könlündə istilik, işıq tapa bilmədi. Qəribsədi, sıxıntısı ona güc gəldi. Dərdlərini gecənin qaranlığına büküb, sinəsinə sıxa-sıxa qəbiristanlığa qayıtdı. Öz qəbrinin başına dolanıb, hələ yaprıxmamış torpağına üzüqoylu sərildi. Bir addım o yanda bayquş uladı. Nədənsə, uşaqlıqdan heç sevməzdi bayquşu. Bir zaman babasının dediyi “Bayquş bədbəxtlik quşudur!” sözləri onu yenidən duyğulandırdı. “Xeyir ola? Olmaya bayquş da mənim acı taleyimə ulamağa gəlib...” – deyə öz-özünə pıçıldadı. Handan-hana qəribə bir titrəyiş, uğultu qopdu. İlahi, möcüzəli, sehrli bir səs Mövlanzadənin ruhunu çağırdı. O, heç vaxt, heç vaxt belə bir səs eşitməmişdi. Ruhu titrədən, qəlbi kövrəldib ovsuna, sehrə salan bir səs. Uzaqdan, çox uzaqdan gəlirdi. Ancaq o qədər yaxın, o qədər doğma idi ki, deyirdin içindən qopan bir səsdi. Vicdanın səsi idi, ruhun səsi idi, axı, nə idi bircə onu kəsdirə bilmirdi. Çağırır, durmadan çağırır, özünə sarı çəkirdi. Nə cığır dolaylanır, nə yol görünür, ayağına dolayıb, ətəyindən yapışası ümid ünvanı açılmırdı. O, ilahi səs isə yorulmadan: “Gözlərini, gözlərini yum, gəl, gəl...” - deyirdi.

Mövlanzadənin ruhu nə vaxt ərşə bülənd oldu, nə vaxt göyün ənginliyində qərar tutdu bilmədi. Bu işıq, səs, ildırım sürəti idi, bilmədi. Hələ belə sürət görməmişdi. Gözün açanda bir özgə aləmə düşmüşdü. Görmədiyi, duymadığı, yaşamadığı aləmə. Gül gülü çağıran, suları axıb durulan, bulaqları qaynayan, səhər şehində meyvələri yuyunub günəş işığında parlayan təmiz bir aləmə. Buranın rəngləri də seçilirdi. Parlayır, bərq vururdu. Adamın ruhunu oyadır, oxşayır, əhvalına ipək yumşaqlığı qatırdı.

İrəli yeridi. Böyük bir darvazadan içəri keçmək istədi. Keçə bilmədi. Hirsindən boğuldu. Əllərini düyünləyib qəzəblə qapını döydü. Qışqıra-qışqıra: – Açın, açın qapıları!... – dedi. Təkəbbürü yerə, göyə sığmadı. – Məni tanımırsınız, tanısaydınız belə etməzdiniz axı. Heç bilirsiniz mən kiməm?! Əməkdar hüquq işçisi, əməkdar elm xadimiyəm. Neçə-neçə ordenlərim, medallarım var. Sayını unutduğum eni, uzunu görünməyən villalarım, bağ evlərim, rəngbərəng maşınlarım, daha nə bilim nələrim, nələrim var. Hələ bir az da çox yaşasaydım şair, yazıçı, rəssam, bəstəkar da olacaqdım. Əllərim uzun, imkanlarım geniş... olmağa nə vardı ki?! İnanmırsınız?.. indi o qədər olanlar var ki... Bir ömrü bitirməyə təkcə bir işarəm bəs idi. Hər şeyə qadir idim...

– Özünüzdən necə də razısınız. İnsan da bu qədər təkəbbürlü olar? Şair, bəstəkar, nə bilim daha nə olacaqdınız, deyirsiniz. Məgər istəklə də şair, bəstəkarmı olur? Bəs istedad, onu da danmaq olarmı? Axı ruhunda şairlik olmayan da şair ola bilərmi?..

– Bizim məmləkətdə hər şey olar! Heç şəkkin-şübhən də olmasın. Hər olacağın bir çarəsi var.

– Təkcə ölümdən başqa... Görürsən, ruhunu verən, lazım gələndə almağı da bacarır. İnsan gərək onu yaradanı unutmasın...

Billur kimi saf, günəş kimi parlaq darvazanın hər iki tərəfində dayanmış bəmbəyaz libaslı, hardasa ilğım kimi görünüşlü ruh adamlar daha qara-qışqırığa dözmədilər. – Yox, qardaş, bu nömrələrin burda keçməz! – deyib Mövlanzadənin ruhunu susdurdular. – O gördüklərin, dediklərin maddi nemətlər aləmində qaldı. İndi ora əlin çatmaz, ünün yetməz. Gəldiyin bu dünya mənəvi dünyadı. Burda ancaq arzular, istəklər, sevinclər keçərlidir. Maddi dünyaya aldananlar maddiyyət kölgəsində də itib gedirlər. Gərək insan əbədiyyət naminə yaşasın, əbədiyyətə qovuşub əbədiyyət ömrü qazansın. Arxada qoyduqlarınla qürrələnirsən. Axı onlar sənin deyil, başqalarının haqqı idi, utanmadan qamarlamışdın. Orda nəyin var idisə, orda da qaldı. O dünya sınaq meydanıdır. Adına insan dediyin o varlığı atırlar ora, heç kəsə qalmayan dünya sərvətinin içinə. Görüm, neynirlər orda, nəfsinə yiyə dura bilirlərmi?! – deyə yoxlayırlar. Baxıb görürsən ki, bu xırda varlığın canında nələr varmış. Tamahı dünyanı dağıdacaq o bombalardan heç də geri qalmır. Nəfsi dünyanı yandırıb – yaxır. Uşaq oyuncağa aldanan kimi, böyük də dünya malına qurban gedir. Axı, görürsən ki, heç nəyi, heç nəyi özünlə bu dünyaya gətirə bilmirsən. Əbədi, əzəli dünyaya. Bax, görürsən, əllərin boşdur, yenə də təkəbbüründən geri çəkilmirsən. Varımdı, varımdı!.. Bəs hanı o varın olan?! Bundan ötrü zülm etməyə, başqasının haqqını yeməyə dəyərmi? Yox, dəyməz!.. İndi gəlibsən, haqq-hesab dünyasındasan, əməllərinə görə cavab verməlisən. Xoş əməl, xoş tale yiyəsisənsə, qapılar üzünə açılacaq... Görürsən, burda heç bir qapı yoxdur. Tam şəffafdır. Ancaq sənə elə gəlir ki, qapı var. Bu haqq, ədalət qapısıdır. Günahı olana qapıdır, günahı olmayana geniş yol. Qayıdırsan gəldiyin dünyaya, düz qırx gün qulaqlarınla eşidib, gözlərinlə görürsən kim sənin haqqında nə deyir, hansı günahlarını sadalayır. Eşitdiklərini, gördüklərini gizlədə bilməzsən. Aldatsan, günahlarınla bu qapıya, tük körpüsündən keçib gələ bilməyəcəksən. Pis əməlin səni yandırmaq üçün qır qazanına, sönməyən ocağa, alovlar qoynuna atacaq. Yanacaq, yanacaqsan. Tüstün təpəndən çıxacaq, ah-nalən ərşə dirənəcək. İndisə get, fikirləş, hər şeyi dinlə, gör. Ancaq unutma ki, dünən əlindəki yalançı imkanlarınla kiməsə təsir edə bilirdin. Susmalını susdurur, deməlini gözümçıxdıya salırdınsa indi o imkan da əlindən alınıb. Nəyin vardısa, onunla xeyirxahlıq edib, ədalət axtarmamısansa, günahlarını yuya, haqq tərəzisinin pozulmuş pərsəngini düzəldə bilməyəcəksən. Gücün bir ağlamağa, bir də için-için yanmağa bəs edəcək. Ancaq bunun nə xeyri... Xeyirxahlıq günəş kimi içində doğmursa, xeyirxahmı olacaqsan?! Qaranlıq dünyanın yuvası xarabalıq, bəstəsi bayquş səsi olar. Bayquş sevgisi ilə yaşayan, bayquş kədəri ilə də boğular. Tanrı ağıl verib, ağlı işlədib, dinləmirsənsə, yaşamağın nə faydası... Üç il, beş il, ya yüz il !

Mövlanzadənin dalğın, pərişan ruhu sarsıldı. Ayaqlarını sürüyə bilmədi. Yerində donub qaldı. Geriyə qayıtmadı. Onda qayıtmağa üz hardaydı ki?! Əlləriylə başını bərk-bərk sıxdı. “Allahım, nə böyük günah yiyəsiyəm.” – deyib, acı-acı ağladı. Pis əməllərinə görə yaşayacağı əzab səhrasına üz tutdu. Getdi. Getdiyi yerdə onu elə bir dərs gözləyirdi ki, heç təsəvvürünə belə gətirə bilməzdi. Od tutub yanan səhra, qum fırtınası, alışıb yanan ciyəri, qaralıb, çat-çat olan dodaqları, daha nə bilim nələr, nələr... Fəryadı hara yetəcəkdi ki, onu qazanmışdı. Müvəqqəti dünya deyildi ki, hökm verə, bir andaca qarışqanı filə, fili də sərçəyə döndərə. Axirət dünyası idi. Onun da öz əbədi, dəyişməz qanunu, öz aləmi vardı...

Bakı şəhəri, 2014, 28 avqust- 2015, 20 iyun

# 2368 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
# # #