Rikoşet - Vüqar Vanın yeni hekayəsi

Rikoşet - Vüqar Vanın yeni hekayəsi
31 mart 2026
# 12:00

Kulis.az Vüqar Vanın "Rikoşet" hekayəsini təqdim edir.

Yağışlı və dumanlı noyabr günlərinin birində yavaş-yavaş düşən əyalət axşamının səssizliyi adamda heç nəyə həvəs saxlamırdı. Bu səssizliyi isə qonaq otağında oturan atamın telefonundan gələn dini videoların fasiləsiz səsi pozurdu. Öz otağımda həm başımı qatmaq, həm də yuxulamaq üçün uzanıb kitab oxuyurdum. Birdən zəng gəldi. Baxdım Ruslan idi. Telefonu götürüb açdım. Gurultulu səsini eşitdim:

– Ay qardaş, mesaj yazıram niyə cavab vermirsən?
– Ruslan, burda internet zəifdi. Axşamın xeyir? Necəsən, salamatçılıqdı? – Yerimdə dikəldim. Uzananda telefonla danışa bilmirəm.
– Axşamın xeyir, beş də artıq. Səninlə bir işim var, rayona sənin yanına gəlmək istəyirəm.
– Xeyirdi?
– Hə, hə, xeyirdi, – deyib güldü, – burdan indi çıxsam, ora neçədə çataram?
– Öz maşınınla gələcəksən? Başqa kimsə olacaq?
– Hə, öz maşınımla, yox, heç kim olmayacaq, tək gəlirəm.
– Nə məsələdi?
– Gələndə danışarıq. Telefon söhbəti deyil, üzbəüz oturub danışmaq lazımdır, – səsindən hiss etdim ki, hövsələsi daralıb.
– Heç yerdə dayanmasan, yaxşı sürsən, üç saata-zada çatarsan.
– Onda, qulaq as, sən yatma. Saat birə-ikiyə çataram. Çatanda zəng vuracam. Telefon açıq olsun. İnternet yoxdu dedin də, hə?
– Yox.
– Var, yoxsa yoxdu?
– Yox, yoxdu, – cavab verdim.
– Yaxşı, onda çatanda mən sənə yığacam.
– Yaxşı.
– Bax ha, çıxıram bir azdan, orda sizin evdən başqa heç yeri tanımıram, yatsan, batdım.
– Gəl, narahat olma.
– Oldu, davay – deyib telefonu söndürdü.

Fikir məni götürdü. Görəsən, ilin-günün bu vaxtı Ruslan niyə rayona yanıma gəlir? Nə məsələdir? Axşam, yəqin, bizdə qalacaq. Başqa harada qalasıdır? Onunla çoxdandır danışmırdım. Bakıda olanda tez-tez məhəllədə görüşüb söhbət edər, başqa qonşularımızla domino oynayardıq. Atamın yanına köçəndən bəri cəmi bir-iki dəfə mesajlaşmışdıq. Rayona bir dəfə də gəlmişdi – anamın yasında. Tez qayıtmadı, düz bir həftə bizdə qaldı. Bilmədim, bu qədər qalmaqla dərdimə şərik çıxır, ya dincəlir. Höcət, qıvraq, deyib-gülən adam idi Ruslan. Gündə bir hoqqadan çıxırdı, dünya-aləm vecinə deyildi. Haradan desən, hansı mövzudan istəsən, saatlarla oturub danışa bilərdi. Ruslanın yanında olanda adam darıxmırdı. İntəhası, bayaqkı zəngi müəmmalı qaldı.

Görəsən nə olub ki, gecə-gecə durub Bakıdan yanıma gəlir? Bəlkə, yenə hansısa hoqqalarından biridir? Bəlkə, təcili pul lazımdır? Düzdür, fırıldaqçılığı vardı, amma ürəyi təmiz idi. Pul istəsəydi, telefonda istəyərdi, o boyda yolu bunun üçün gəlməz. Dedi ki, gələndə danışarıq. Nə işi ola bilər mənimlə? Bu suallar və düşüncələr yavaş-yavaş onunla bağlı xatirələri, əhvalatları yadıma salırdı.

Elə bu vaxt rayonda işıqlar söndü. Artıq öyrəşmişdim, işıqlar tez-tez sönüb-yanırdı. Yağışlı günlərdə bəzən saatlarla işıq olmurdu. Kitabı bağlayıb, bir az mürgüləmək istədim. On-on beş dəqiqə yerimin içində o tərəf-bu tərəfə fırlansam da, yata bilmədim. Çölə çıxıb dalbadal iki siqaret çəkdim. Qonşumuz Azad əmigilin evində generator işləyirdi. Anamın yasında da işıqlar sönmüşdü, Azad əmi generatoru vermişdi bizə. Sağ olsun. Qızı İlahəylə eyni sinifdə oxumuşduq, məktəbə hərdən bir yerdə gedib-gələrdik. Sonuncu siniflərdə oxuyanda onu güldürürdüm.

Mənə gülməyi xoşuma gəlirdi. Deyəsən, o da mənim zarafatlarımı sevirdi. Yasda da biş-düşə çox köməyi dəydi. Hər gün gəlib-getdi. O da sağ olsun. Siqaretimi atıb içəri girdim. Hər ehtimala qarşı buzxanadan çəkilmiş əti çıxardım ki, buzu ərisin, birdən Ruslan ac olar, tez-bazar bişirərəm yeyərik. Uzanıb telefon işığında kitabımı oxumağa başladım, oxuya-oxuya mürgü məni apardı. Nə qədər keçdi bilmədim, bir də Ruslanın zənginə ayıldım. Əlimi üzümə çəkib, gözlərimi ovdum və zəngi açdım.

– Mən burdayam, sizin ev tərəflərdə, – Ruslan dedi.

– Yaxşı, beş dəqiqə gözlə gəlirəm, – telefonu söndürdüm.

Əynimi geyinib, həyətə düşdüm. İşıqlar hələ də yanmır, məhəllədən səs-səmir gəlmirdi. Jaketimin qabağını yaxşı-yaxşı bağlayıb, kapüşonu başıma keçirdim. Yağış çisələyirdi. Yerdə gölməçələr yaranmışdı. Dünən çörək almağa gedəndə ayağımı burxmuşdum deyə, pəncəmi istədiyim kimi yerə basa bilmir, yüngülvari axsayardım. Bomboş uzanan küçədə bir-iki it sülənir, yağışdan qorunmaq üçün daldalanacaq yer axtarırdılar.

Üzüyuxarı qalxdıqca Ruslanın maşınını gördüm. O da uzaqdan məni sezmişdi ki, maşının işıqlarını bir neçə dəfə yandırıb-söndürdü. Çatanda maşından düşdü, onu qarşıladım. Salamlaşıb, görüşdük. Hava soyuq idi deyə ayaqüstü hal-əhval tuta-tuta tələsik maşına oturduq. Maqnitofonda bir qadın müğənni “Nə bilim” mahnısını oxuyurdu. Jaketimin qabağını açıb, kapüşonu çıxardım. Ruslan maşının güzgüsünü tarazladı, ərafa baxıb dedi:

– Açıq kafe-zad var buralarda?
– İndiyə kafe qalar? Heç gündüz normal işləmirlər, – qeyri-ixtiyari pəncərənin düyməsini aşağı sıxdım, bir balaca pəncərəni açdım, dərhal da bağladım.
– Bəs onda neyniyək? – Əllərini bir-birinə sürtüb, yerində qurcuxdu, maqnitofonun üstündəki nazik toz qatını barmağı ilə təmizlədi.
– Gedək də evə – bizə, – yenidən pəncərəni açıb-bağladım.
– Yox e, nə ev? Bir azdan qayıdacam şəhərə, sabah işdəyəm, – əlini üzünə aparıb gözlərini ovxaladı. Ovurdlarını qaşıdı, barmaqlarını çıqqıldatmağa başladı. Birdən rayonun işıqları yandı və uzaqdakı evlərin közərən işıqları elə göründü ki, elə bil kimsə dağın ətəyinə bir ovuc ulduz səpdi. Yanımızdakı bağlı restoranın iri hərflərlə yazılmış adı isə çəhrayı rəngə boyandı: “TURAL PALACE”.
– Dəlisən? Bu qədər yol gəlmisən, təzədən bir də qayıdacaqsan? Gecə qal, səhər gedərsən, – əlimi onun çiyninə qoydum, ehmalca sıxdım, bir neçə saniyə saxlayıb götürdüm.
– Yox, narahat olma. Sabah işlərim çoxdu. Həm də papanı narahat eləməyim.
– Hə, papa də elə onu deyir axı.
– Gəl hələlik bir az gəzək, sonrasına baxarıq, – deyib, motoru işə saldı, yavaş-yavaş hərəkət edib, boş küçə ilə üzüaşağı düşdük. – Necə qalırsan burda? Neynirsən, nə var, nə yox? Darıxmırsan? – yolayrıcına çatdıq. Sağa-sola baxıb maşın gəlmədiyini yəqinləşdirəndən sonra mərkəzi yola sürdü.
– Bildiyin kimi. Köhnə hamam, köhnə tas. Kişinin yanındayam da, – pəncərəni açıb, siqaret yandırdım.
– Necədi canı-başı-zadı? – O da siqaret yandırdı. Pəncərəni lap azcana aşağı elədi. Siqaretini çölə çıxardıb, dərhal da içəri saldı. – Bayaq almışdım paçkanı, üç-dörd dənə qalıb. – Siqaretinə baxdı, alışqanı siqaret qutusunun içinə qoyub dedi. – Hə, papa necədi?
– Yaxşıdı, başın qatır o da birtəhər.
– Bakıda hava yaxşıydı, burda amma yağır.
– Həə, burda həmişə yağır, – siqaretin külü dizimin üstünə töküldü, üfürüb təmizlədim.
– Bakıdan çıxanda otuz manatlıq salyarka tökdüm, hələ qayıtmağa da bəs eləyəcək. – Yanacaq göstəricisinin yumru şüşəsini barmağıyla iki dəfə taqqıldatdı. – Mənə ayda dörd min manat da versələr, burda qala bilmərəm.
– Həə, çətindir. Adam darıxır. Vaxt öldürməyə heç kim yoxdur.
– Sinif yoldaşların-zadın da yoxdu?
– Bir-ikisi burdadı, çoxu Bakıda işləyir. Burda olanlar da evləniblər, hərənin öz dərdi var.
– Qızlarla da münasibət yoxdu? – Bir az mən tərəfə əyildi, elə bil səsimi yaxşı eşitmək istəyirdi.
– Yox, əşi. Qızlarla nə münasibət olacaq? Ərə gedən gedib, getməyən də işdə-gücdə, nə bilim, Allah bilir.
– Nabarod, biz tez-tez sinif yoldaşlarımızla görüşürük. Çox vaxt qızlar da gəlir. Amma hə də, sən demiş, bura rayon yeridi, qızlarla nə münasibət olacaq?
– Sən neynirsən? – Mətləbə keçmək istəyirdim.
– Heç nə, necə qoyub getmisən, elədi. Məndə də köhnə hamam, köhnə tas.
– Salamatçılıqdı? – birdən elə bil topuğuma tikan batırdılar. Ayağımı ayaqqabımın içində sağa-sola tərpətdim. Barmaqlarımı yumub-açdım.
–Həə, şükür hər şey yaxşıdı. Birdən darıxdım sənin üçün, dedim çoxdandı görüşmürük, durdum gəldim. – Gözucu mənə baxdı. Onun bu hərəkətinə necə reaksiya verəcəyimi dəqiqləşdirmək istədi.
–Yaxşı eləmisən. Gərək heç olmasa bir gün qabaqcadan xəbər verərdin, hardasa yer danışardım oturardıq. Gecə vaxtı maşında bir az yaxşı olmadı. – Bir təhər bu sözləri tapıb dedim.
– Axırıncı dəfə rəhmətdiy Şirin xalanın yasına gəlmişdim bura, – sürəti artırdı.
– Həə, – siqaretimi atdım.
– Allah rəhmət eləsin, – o da siqaretini atdı.
– Amin. Sən də əziyyət çəkdin o vaxt. İşdən-gücdən qaldın.
– Nə əziyyət, sən allah? Gəldim bir həftə yedim-içdim də. Elə əziyyət olur?
– Yox, baxma, hər kəs eləməz. Yenə də sağ ol.
– O vaxt gələndə də yağırdı. İndi də yağır.
– N-ya qədər belə olacaq. Hələ bir də görürsən heç yayda da açmır, yorğanla yatırıq.
– Yemək işini neynirsiz? – Öz pəncərəsini bağladı.
– Bir təhər eləyirik. Mən bişirirəm.
– Evlən, gəlin gəlib kişiyə baxsın da. Sənin yemək bişirən vaxtındı? – İşıqforda dayandıq, – nə əcəb sinif yoldaşlarından birini almırsan? – Fürsətdən istifadə edib bir də mənə baxdı.
– Nə bilim, əşi. – Mən də ona baxıb qolumu yalandan qaşıya-qaşıya gülümsədim. – Sən haçan evlənirsən? Otuz varsan?
– Bu gün sabah otuz beş olacaq.
– Yaş gedir, gərək hər şey vaxtında ola, dəmiri isti-isti döyərlər, – dedim və deyən kimi də peşman oldum.
– Görüm də, qız tapsam evlənəcəm. Mamagil də başımı xarab eləyiblər. Bayaq sənin yanına gəldiyimi deyirəm mamaya. Deyir, elə ordan dostunun sinif yoldaşlarından-zadından ağıllı, sakit bir rayon qızı vur qoltuğuna gətir. Dedim, ay rəhmətliyin qızı, olsa, elə özü evlənər də. Düz demirəm?
– Düz deyirsən, – yenə gülümsədim. İkimiz də susduq. Bir az sonra dedim, – qulaq as, yol gəlmisən, gedək evə, tərslik eləmə. Sabah səhər qayıdarsan. Üç saatlıq yoldu. Gecə vaxtı sürmə.
– Yox, vallah, başqa vaxt gələrəm, qalaram. Elə-belə darıxdım, dedim gəlim səni görüm, havamı da dəyişim. Bakıdan çıxanda başım dincəlir.
– Bax da, nətər məsləhətdi. – Mən də açıq qalan pəncərəmi bağladım.

Daha heç kim danışmadı. Səssiz-səmirsiz yarım saatdan çox rayonu o baş-bu baş gəzdik. Danışmağa mövzu tapa bilmirdim və heç cür anlamırdım ki, Ruslan nə üçün gecə vaxtı o qədər yolu durub məni görməyə gəlib? Bütün gün şit zarafatlar edən, kefin istəyən qədər danışan Ruslan da indi elə bil söhbət tapa bilmirdi. Nəhayət, rayonun çıxışına gəlib, çəkinə-çəkinə dedi:

– Gəl səni düşürdüm evə, çıxım yavaş-yavaş gedim.
– Yox, bir də biz tərəfə qayıtma. Burdan evə on dəqiqəlik yoldu, gəzə-gəzə gedərəm, bir az piyada gəzmək istəyirəm.
–Yaxşı. Özündən muğayat ol, papaya da çoxlu salam deyərsən. Daha gəlib görüşmürəm. Gəlsəm, buraxmayacaq. Sən canı, çıx gəl daha Bakıya. Dominoya para tapılmır. Nə görmüsən burda?
– Görək də, inşallah. Xəbərləşərik, Bakıya gələndə deyərəm.
– Mütləq, – görüşmək üçün düşmək istədi.
– Düşmə, düşmə, yağışdı. Özündən muğayat ol onda.

Naqolay vəziyyət yaranmışdı. Maşının içində görüşüb-öpüşdük. Əlini iki-üç dəfə kürəyimə vurdu, mən də gülümsəyib, nəhayət, maşından düşdüm. Ruslan sürüb getdi. Jaketimin zəncirbəndini axıra qədər bağlayıb, kapüşonu keçirdim. Bayaq eşitdiyim “Nə bilim” mahnısını mızıldamağa başladım. Topuğum yenə gizildədi. Fikirləşdim, sabah, bəlkə, rentgenə gedim? Birdən ayağım çıxar, xəbərim olmaz.

# 301 dəfə oxunub

Oxşar xəbərlər

"Təslim olma, çətinliklərdən keçməyin yeganə yolu budur..." - Məşhur ingilis yazıçıdan aforizmlər

"Təslim olma, çətinliklərdən keçməyin yeganə yolu budur..." - Məşhur ingilis yazıçıdan aforizmlər

12:00 30 mart 2026
Nə üçün? - Süleyman Sani Axundovun hekayəsi

Nə üçün? - Süleyman Sani Axundovun hekayəsi

15:00 29 mart 2026
İnsanın doğulması – Maksim Qorkinin hekayəsi

İnsanın doğulması – Maksim Qorkinin hekayəsi

11:20 28 mart 2026
Kabuslu ev - Virciniya Vulfun hekayəsi

Kabuslu ev - Virciniya Vulfun hekayəsi

10:00 28 mart 2026
Sağlıq – Kamal Abdullanın hekayəsi

Sağlıq – Kamal Abdullanın hekayəsi

11:53 27 mart 2026
Teleqram - Konstantin Paustovskinin hekayəsi

Teleqram - Konstantin Paustovskinin hekayəsi

10:00 27 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər