Bu gün Rus ədəbiyyatında ekspressionizmin "atası" hesab edilən yazıçı Leonid Nikolayeviç Andreyevin doğum günüdür.
Andreyevin üslubu realizm, naturalizm və simvolizm elementlərinin qarışığından ibarətdir.
Kulis.az bu münasibətlə yazıçının “Qaplan” hekayəsini təqdim edir.
Sahibsizdi, adsızdı... Heç kim onun uzun, şaxtalı qış gecəsində harda olduğunu, nə yediyini bilmirdi. Onu isti komaların həndəvərindən elə özü kimi ac-yalavac, ayaq üstə güclə dayanan küçə itləri qovurdular. O, aclığın güc gəldiyi ya ünsiyyətə qeyri-iradi ehtiyac duyduğu zamanlarda küçədə görünəndə, uşaqların daş-qalağına, böyüklərin məzhəkə dolu haylamalarına və qulaqbatırıcı fitlərinə tuş gəlirdi. Qorxudan özünü itirən it ora-bura hoppana-hoppana, çəpərlərə, insanlara sürtüşə-sürütüşə qəsəbənin qurtaracağına qaçır, iri bağın dərin guşəsində gizlənirdi. Orda yaralarını yalayır və tənhalığında qorxuyla qəzəbi bir araya gətirirdi. Yalnız bircə dəfə ona yazığı gələn və onu əzizləyən tapıldı: meyxanadan qayıdan əyyaş. Bu kəndli indi hamını sevir və hər kəsə yazığı gəlirdi, burnunun altında xeyirxah insanlardan, onlara olan ümidindən danışırdı; sərxoş, mənasız baxışları təsadüfən çirkli, eybəcər köpəyə sataşanda, ona da yazığı gəldi.
- Juçka! – adətən, itləri hamı belə çağırırdı. – Juçka! Bura gəl görüm, qorxma!
Juçka yaxınlaşmaq istəyirdi. Quyruğunu buladı, amma cəsarət etmədi. Kəndli əllərini dizlərinə çırpıb, əminliklə təkrarladı:
- Ay gicbəsər, gəlsənə! Qorxma, vurmayacam!
Hələ də tərəddüd edən, quyruğunu tez-tez yellədən köpək addım-addım yaxınlaşmağa başlayanda, əyyaşın əhvalı dəyişdi. O, xeyirxah insanlardan indiyədək aldığı zərbələri xatırladı, üzüntü və küt qəzəb hissi bir-birinə qarışdı, Juçka, nəhayət, kişinin qarşısında kürəyi üstdə uzananda, ağır uzunboğaz çəkməsinin burnuyla itə yağlı bir təpik vurdu.
- Heyvərə! İtil burdan!
Köpək bəlkə də, ağrıdan deyil, bu zərbəni gözləmədiyinə görə incidi, zingildədi. Əyyaşsa səndələyə-səndələyə evə getdi, arvadını döydü və hələ ötən həftə ona hədiyyə aldığı yaylığı parça-tikə elədi.
İt həmin hadisədən sonra onu əzizləmək istəyən insanlara etibar etmədi və hər dəfə quyruğunu qısıb qaçdı, bəzən hətta qəzəblə üstlərinə cumub qapmağa çalışdı, ta ki insanlar özlərini qorumaq üçün daşa, ya da taxtaya əl atanadək. Bir qış mövsümündə qarovulçusu olmayan boş bağ evinin eyvanının altında məskunlaşdı və oranı təmənnasız qorumağa başladı: beləcə, gecələr yola çıxıb, səsi batanadək hürürdü. Yerinə qayıdandan sonra belə, qəzəblə mırıldamağa davam edirdi, amma bu hirsində qəribə bir məmnunluq, hətta qürur sezilirdi.
Uzun qış gecələrinin səssiz şahidi olan bomboş bağ evinin zülmət pəncərələri buz bağlamış bağçaya qaşqabaqla zillənmişdi. Bəzən şüşələrdə sanki mavi işartı əmələ gəlirdi: bu, ya axan ulduzun əksi, ya da itibuynuzlu ayın ürkək şüasıydı.
II
Yaz gəldi və bağ evinin sükutunu danışıq səsləri, araba təkərlərinin cırıltısı və yük daşıyan insanların çirkli tappıltıları pozdu. Şəhərdən böyüklü-kiçikli bir yığın adam gəldi, hamısı da təmiz, ilıq və bol günəşli havadan meyxoş olmuşdu; kimisi qışqırır, kimisi oxuyurdu, bir qadınsa ucadan gülürdü.
İtin ilk tanışlığı bağçaya doğru qaçan qəhvəyi paltolu qızla baş verdi. Sanki gördüyü hər şeyi tutub köksünə sıxmaq istəyən bu qızcığaz əvvəl acgözlük qarışıq səbirsizliklə aydın səmaya, sonra gilənar ağaclarının qırmızı tumurcuqlu budaqlarına nəzər saldı, bundan da doymayıb bir göz qırpımında otun üzərinə uzandı, üzünü günəşin qaynar şüalarına tutdu. Elə eyni sürətlə ayağa sıçrayıb, qollarını özünə doladı, yaz havasını dərin bir nəfəslə ciyərlərinə çəkib ciddiyyətlə dilləndi:
- Əcəb qəşəngdi!
Bunu söyləməyiylə dövrə vurmağı bir oldu. Bax elə həmin an gizlincə ona yaxınlaşan köpək azğıncasına paltosunun ətəyindən qapdı, bir tikəsini qoparıb anındaca sım-sıx motmutu və qarağat kollarının arasında gizləndi.
- Burda quduz it var! – qaçıb canını qurtaran qız qışqırdı və onun həyəcanı uzun müddət səngimədi: - Anacan, uşaqlar! Bağçaya tərəf getməyin: orda it var! Çox böyükdü!.. Özü də adamı qapır!..
Gecə köpək zülmətə qərq olmuş bağ evinə yaxınlaşdı və gizlincə eyvanın altındakı yerini tutdu. İnsan qoxusu gələn açıq pəncərələrdən üstəlik qırıq-qırıq nəfəs səsləri yayılırdı. İnsanlar yatırdılar, onlar indi köməksiziydilər. Hazırda bu adəm övladlarından heç bir təhlükə gözlənilmirdi və it qısqanclıqla onları qoruyurdu: aradabir mürgüləsə də, qulaqlarını hər xışıltıya şəkləyir və fosfor kimi parlayan gözlərini qaranlığa zilləyirdi. Mülayim yaz axşamındasa səksəkə doğuracaq səslər yetərincəydi: otların arasında nəsə balaca bir şey xışıldayır və düz itin işıldayan burnunadək gəlib çıxırdı; yuxuya getmiş quşun pəncəsinin altındakı ötənilki budaq xırçıldayırdı; yaxınlıqdakı şosedə arabalar gah gumbuldayır, gah da cırıldayırdı. Durğun havanı bürümüş ətirli, təravətli qətran qoxusu işıqlı uzaqlara səsləyirdi.
Bağ adamları çox mehribanıydılar, indi şəhərdən uzaqda olmaları, təmiz hava almaları, ətraflarında hər şeyi yaşıl, mavi və həyat dolu görmələri onları daha da xeyirxah edirdi. Günəşin şüaları qəlblərini isidir və bu istilik ətrafdakı bütün canlılara gülüş qarışıq rəğbətlə paylanırdı. Adamlar onları qorxudan köpəyi əvvəlcə qovmaq istədilər, əgər itilib getməzsə, tapançadan belə vurmaq niyyətinə düşdülər; yalnız sonra gecələr hürməsinə öyrəşdilər və bəzən gündüzlər xatırladılar:
- Bəs bizim Qaplan hanı?
Və bu “Qaplan” adı ona yapışıb qaldı. Hərdən gündüzlər də kolların arasında qara bir vücud gözə dəyirdi, amma çörək atan əllərin hərəkətə gəlməsiylə itin yoxa çıxması bir olurdu, sanki bu, yemək deyil, daşıydı. Tezliklə hamı Qaplana öyrəşdi, onu öz itləri adlandırmağa başladılar, adamayovuşmazlığını və səbəbsiz qorxusunu zarafatla qarşıladılar. Hər ötən gün Qaplan onu adamlardan ayıran məsafəni bir addım da azaldırdı; insanları gözaltı edir və vərdişlərini mənimsəyirdi: beləcə, nahardan yarım saat əvvəl kolların arasında dayanır və gözlərini mehribancasına qırpırdı. Köpəyə olan incikliyini çoxdan unudan gimnaziya şagirdi Lyolyasa onu təbitəin qoynunda istirahət edən və keçirdikləri həyat tərzindən şənlənən adamların xoşbəxt çevrəsiylə tanış elədi.
- Qaplan, yanıma gəl! – qız iti yanına çağırırdı. – Gözəlim, əzizim, bir yaxınlaş görüm! Qənd istəyirsən?.. İstəyirsən, sənə qənd verim? Bir gəlsənə!
Amma Qaplan gəlmirdi: qorxurdu. Onda əllərini dizlərinə şappıldadan Lyolya iti oxşaya-oxşaya, - bu gözəl çöhrə sahibinin səsi də özü kimi zərifiydi, - Qaplana yaxınlaşır və eyni zamanda qorxurdu: birdən qapar.
- Qaplan, səni sevirəm, özü də lap çox. Elə qəşəng burnun və mənalı gözlərin var ki. Qaplan, mənə inanmırsan?
Lyolyanın qaşları yuxarı qalxdı, bu qızın özünün elə qəşəng burnu və elə mənalı gözləri vardı ki, onun sadədil-füsunkar çöhrəsindən, xüsusən də yanaqlarından qırmızı bir öpücük alan günəş belə etməklə ağıllı iş görmüş oldu.
Və Qaplan həyatında ikinci dəfə arxası üstdə uzanıb gözlərini yumdu, zərbə yeyəcəyini ya əzizlənəcəyini belə bilmədən özünü taleyin ixtiyarına buraxdı. Bu dəfə onu sığalladılar. Balaca, mehriban əl tərəddüdlə pırtlaşıq tüklü başa toxundu, sonra sanki dəfedilməz hakimiyyətin işarəsiymiş kimi, rahatlıq qarışıq qətiyyətlə dartışdıra-dartışdıra, sığallaya-sığallaya, qıdıqlaya-qıdıqlaya itin bədəni boyu gəzdi.
- Anacan, uşaqlar! Bir baxın: mən Qaplanı sığallayıram! – Lyolya çığırdı.
Səs-küylü, cır səsli, ətrafa dağılan civənin damcıları tək cəld və saf uşaqlar qaçıb gələndə, Qaplan qorxudan və çarəsizlikdən donub qaldı: indi o bilirdi ki, əgər ətrafdakı canlıların birindən təpik yesə, artıq onu incidəni qapa bilməyəcək: barışmaz qəzəbini əlindən almışdılar, o, tərk-silah olmuşdu. Beləcə, hamı növbəylə köpəyi əzizləməyə başlayanda, o, hələ uzun müddət hər mehriban toxunuşda səksəndi və vərdiş etmədiyi bu nəvaziş onu indiyəcən yediyi təpiklər qədər incitdi.
III
Qaplan öz köpək qəlbiylə büsbütün çiçək açdı. İndi onun adı vardı və it hər çağırışda bağın lap o başından bir göz qırpımında adamların yanına gəlib çıxırdı; indi o, adəm övladlarına məxsusuydu və onlara xidmət edə bilirdi. Məgər köpəyin xoşbəxt olması üçün bu, yetərli deyildimi?
Sahibsiz, ac-yalavac illərin yaratdığı aza qaneolma vərdişi üzündən lap az yeyirdi, amma bu qədəri belə onu tanınmayacaq qədər dəyişmişdi: vaxtilə baxımsızlıqdan kürənə çalan pırtlaşıq qılları, qarın nahiyəsində qurumuş palçıqla örtülmüş uzun tükləri indi qaralmış və atlaz kimi bərq vururdu. Və indi bekarçılığa qapılıb hasarın yanına qaçanda, kandarda dayanıb təmkinlə küçəni aşağı-yuxarı süzəndə, onu acıqlandırmaq, ya da daş atmaq heç kəsin ağlının ucundan belə keçmirdi.
Lakin o, yalnız təklikdə belə məğrur və sərbəst olurdu. Nəvaziş atəşi qəlbindəki qorxunu sonunacan səngitməmişdi, köpək hər dəfə insanların yaxınlaşdığını görəndə özünü itirir və kötək yeyəcəyini gözləyirdi. Beləcə, uzun müddət nəvazişi anlaya və qarşılıq verə bilməyəcəyi gözlənilməzlik, möcüzə kimi qəbullandı. O, nazlanmağı bacarmırdı. Başqa itlər arxa pəncələri üstündə dayanmağı, adəm övladlarının ayaqlarına sürtünməyi, hətta gülümsəməyi və beləcə öz hisslərini ifadə etməyi bacarırdılar, amma bunların hamısı ona yadıydı.
Qaplanın yeganə bacardığı kürəyi üstə uzanmaq, gözlərini yummaq və üsulluca zingildəməkdi. Amma bu azıydı, bu onun sevincini, minnətdarlığını və sevgisini ifadə edə bilməzdi. Onda Qaplan qəfildən, qeyri-iradi olaraq bəlkə də, nə vaxtsa başqa itlərdə gördüyü, amma çoxdan unutduğu bir şey eləməyə başladı. O, boş-boşuna mayallaq vurur, yöndəmsiz şəkildə hoppanıb-düşür və öz oxu ətrafında fırlanırdı. Beləcə, həmişə çeviklik və zirəklik nümayiş etdirən bədəni gülünc və aciz vəziyyət aldı.
- Anacan, uşaqlar! Bir bura baxın, Qaplan oynayır! – gülməkdən birtəhər olan Lyolya qışqırır və köpəkdən xahiş edirdi: - Bir daha, Qaplan. Bir daha! Bax belə! Əhsən! Bax belə...
Və hamı bir araya gəlib qəhqəhə çəkirdi, Qaplansa fırlanır, mayallaq vurur və yıxılırdı, yalnız heç kəs onun gözlərində əcaib bir yalvarışı görmürdü. Necə ki əvvəllər itin ümidsiz qorxusuna tamaşa etmək üçün üstünə qışqırır və ələ salırdılar, indi də öz yöndəmsiz və əcaib təzahüründə sonsuzadək əyləncəli sevgi axınına bais olmaq üçün onu qəsdən oxşadırdılar. Hər saat başı mütləq yeniyetmələrdən, ya da uşaqlardan biri qışqırmalıydı:
- Qaplan, ay Qaplan, oyna görüm!
Və Qaplan fırlanır, mayallaq aşır, kiriməyən qəhqəhələrin müşayiətilə yerə yıxılırdı. Adamlar onu elə yanındaca tərifləyirdilər, bircə qonaq gələn kənar şəxslərin qarşısında eyni oyunlardan çıxmadığına, bu da azmış kimi, bağçaya qaçdığına, ya da eyvanın altında gizləndiyinə görə azacıq heyfsilənirdilər.
Qaplan tədricən yemək dərdi çəkməməyə öyrəşdi, çünki günün müəyyən saatlarında aşpaz qadının ona yemək qalıqları və sümük verəcəyini bilirdi. İndi o, qətiyyət qarışıq sakitliklə eyvanın altındakı yerini tutur və nəvaziş gözləyirdi. Lap ağırlaşmışdı: bağdan kənara nadir hallarda çıxırdı, balaca uşaqlar onu özlərilə meşəyə çağırandasa, quyruğunu bulayır və aradan çıxırdı. Lakin gecələr elə əvvəllər olduğu kimi sayıqlığını itirmir, ucadan hürürdü.
IV
Qızıl payız özünü gözlətmədi, üzünü qara buludlar alan göylər tez-tez ağlamağa başladı, bağlar da bir-birinin ardından boşaldı, fasiləsiz yağış və rüzgara tuş gəlmiş şam tək söndü.
- Bəs Qaplan necə olsun? – Lyolya elə hey kədər içində soruşurdu.
Qəm dəryasına batmış qızcığaz dizlərini qucaqlayıb, gözlərini yeni başlayan yağmurun damcılarını süzdürən pəncərəyə zilləmişdi.
- Lyolya, bu nə oturuşdu! Axı kim belə oturur, hə?! – ana söylədi və əlavə elədi. – Qaplanısa burda qoymalı olacağıq. Allah köməyi olsun!
- Axı ya-zıq-dı, - Lyolya mızıldandı.
- Əlimizdən nə gəlir ki? Şəhərdə həyətimiz yoxdu, mənzildəsə saxlaya bilmərik, özün başa düşürsən.
- Axı ya-zıq-dı, - Lyolyanın gözləri doldu.
Anası bir daha dillənəndə, qızcığazın qara qaşları çatılıb, balaca burnu büzüşməyə macal tapmışdı:
- Doqayevlər çoxdan mənə bir küçük təklif edirdilər. Deyirlər, cins itdi və artıq qulluq edir. Eşidirsən məni? Bu küçə itinin tayı deyil!
- Axı ya-zıq-dı, - Lyolyanın gücü təkrarlamağa çatdı, amma ağlamadı.
Yenidən naməlum adamlar gəldilər və arabaların təkərləri cırıldadı, ağır addımlara tuş gələn döşəmə taxtası onlardan geri qalmadı, bircə fərq səsli-küylü danışıq və gülüş səslərinin olmamasıydı. Tanımadığı adamlardan hürkən və qarşıdakı fəlakəti duyan Qaplan bağın lap kənarına qaçdı və ordan, yarpaqlarını tökmüş kolların arasından israrla eyvandakı yerinə, ora-bura gəzişən qırmızı köynəkli kəndlilərə baxdı.
- Mənim biçarə Qaplanım, burdasan? – köpəyə yaxınlaşan Lyolya dilləndi. Qız artıq yol geyimindəydi - əynində nə vaxtsa Qaplanın qapdığı qəhvəyi palto və qara köynək vardı. – Gəl mənimlə gedək!
Və onlar şoseyə çıxdılar. Yağış gah yağır, gah da səngiyirdi, qaralmış torpaqla səma arasındakı boşluq bir-biriylə yarışa girmiş topa-topa buludlarla doluydu. Aşağıdan onların necə ağır və suyu canlarına bolluca hopdurduqlarından işıq üçün keçilməz olduğu, bu sıx divar arxasında məhbusluq həyatı yaşayan günəşin necə darıxdığı görünürdü.
Şosedən solda qaralmış kövşənlik uzanırdı, təkcə təpəlikdə və yaxın üfüqdə o qədər də hündür olmayan adda-budda ağaclar və kolluqlar tənha günbəz tək ucalırdı. İrəlidə, yaxınlıqda alaqapı və onun da yanında qırmızı dəmirdən damı olan yeməkxana vardı; onun kandarında bir dəstə adam kəndin səfehi İlyuşanı ələ salırdı.
- Tanrı eşqinə, bir qəpik verin, - axmaq sözləri burnunda uzadırdı, rişxənd dolu adamlarsa bir-birinin sözünü kəsə-kəsə cavabında deyirdilər:
- Bəs odun yarmaq necə, istəmirsən?
Və İlyuşa arsızlığına salıb söyüş söyürdü, ətrafdakılar da hamı bir nəfər kimi qəhqəhə çəkirdi.
Nəhayət, günəş buludları yara bildi, o qədər solğun və sarımtılıydı ki, sanki çarəsiz xəstəliyə düçar olmuşdu; dumanlı payız ənginliyi kədərli görünüş almışdı.
- Adamın ürəyi sıxılır, Qaplan! – Lyolya az qala pıçıltıyla dedi və arxasına belə baxmadan getdi.
Və bir də vağzalda xatırladı ki, Qaplanla sağollaşmayıb.
V
Qaplan bağı tərk edən sakinlərin ardından uzun müddət çırpındı, stansiyaya qədər qaçdı və islanmış, çirkli halda geri qayıtdı. Onda artıq heç kəsin şahidi olmadığı daha bir yeni hərəkət etdi: ömründə ilk dəfə eyvana qalxdı və arxa ayaqları üstə dayanıb şüşə qapıdan baxdı, hətta dırnaqlarıyla onu cırmaqladı. Lakin otaqlar boşuydu və heç kəs Qaplana cavab vermədi.
Bərk leysan tökdü və uzun payız zülməti ətrafı ağuşuna aldı. O, boş qalmış bağı sürətlə bürüdü, kolluqların arasından səssiz-səmirsiz sızdı və yağışa qarışıb qaşqabaqlı göy üzündən yerə töküldü. Parusin çəkilmiş eyvanda, - bu üzdən o, daha geniş və əcaib boş görünürdü, - işıq hələ uzun müddət zülmətlə mübarizə aparır və çirkli ayaq izlərini aydınladırdı, lakin tezliklə o da təslim oldu.
Gecə düşdü.
Zülmət gecənin hökmranlığı şübhəyə heç bir yer qoymayanda, it yanıqlı-yanıqlı, özü də hündürdən uladı.
Çarəsizliyə boyun əyən bu cingiltili ulartı yeknəsəq, qaraqabaq, itaətkar yağış səsinə təcavüz elədi, zülməti yardı, tədricən yavaşıya-yavaşıya qaranlıq və çılpaq tarlanın üzərindən ötüb keçdi.
İt ulayırdı – inadkarcasına, ümidsizcəsinə sakit. Və bu ulartını eşidən kəsə elə gələ bilərdi ki, ulayan hər yerdən ümidini üzsə belə, yenə də işığa can atan zülmət gecənin özüdü, o da isti ocaq, məhəbbət dolu qadın qəlbi istəyir.
İt ulayırdı...
Tərcümə: Kifayət Haqverdiyeva