Kulis.az Giyom Apollinerin hekayəsini təqdim edir.
Bir dəfə Macarıstanda olarkən, Sepeni adlanan qəsəbədəki kilsəyə baş çəkdim: orada mənə yerli sakinlərin dərin sayqı göstərib, hifz elədiyi bir sənduqəni göstərdilər.
Bələdçi dedi:
– Bu sənduqədə müqəddəs Adoratanın nəşi saxlanılır. Onun məzarı altmış il əvvəl, buradan bir qədər aralıda aşkar olunmuşdu. Görünür, bu müqəddəs qadın xristianlığın təzəcə yayıldığı vaxtlarda, Roma imperiyası zamanı işgəncəyə uğrayanlardan biridir: buranın yerli əhalisi müqəddəs Pyotrun edamını öz gözləriylə görən keşiş Martsellinin təbliğatı sayəsində vaxtilə xristian dinini qəbul edibmiş. Çox yəqin ki, xristianlığı bu qadına məhz Martsellin özü təbliğ edib, işgəncələrdən sonra isə Roma keşişləri onun nəşini torpağa tapşırıblar. Təxmin olunur ki, "Adorata" adı bu qadının xristianlığa qədərki adının Latın versiyası imiş, çünki mərhumə xaç suyu ilə yox, məhz öz qanını axıdaraq, xristianlığı qəbul edib. Həm də axı "Adorata" adı xristian mənşəli adlara heç bənzəmir. Digər tərəfdən isə torpağın altında əsrlər uzunu yatmasına rəğmən, onun bədəninin öz təravətini hələ də qoruması qadının seçilmiş bəndələrdən biri olduğuna dəlalət edir və deməli, onun ruhu indi cənnətdə uca Tanrıya şükür edən məsumların arasındadır. Müqəddəs Adoratanın adı da on il əvvəl Roma kilsəsi tərəfindən müqəddəs simalar sırasına daxil edilib.
Mən bu danışılanları candərdi dinləyirdim, çünki Müqəddəs Adorata məni sən deyən də maraqlandırmırdı. Kilsənin çıxışına tərəf üz tutduğum zaman tamamilə yaxınlığımda duran bir nəfərin dərindən ah çəkdiyinə şahid oldum. Bu, bəstəboy və zövqlə geyinmiş bir qoca idi: özünün mərcan qaşlarla bəzədilmiş əsasına söykənən bu adam baxışlarını həmin sənduqəyə zilləmişdi.
Kilsədən bayıra çıxdım, o qoca da ardımca gəldi. Geri qanrıldım ki, onun zövqlü geyiminə rəğmən, qocafəndi görkəminə bir daha nəzər salım. Kişi mənə gülümsəyirdi. "R" hərfini macarlara xas şəkildə tələffüz edərək o, fransızca məndən xəbər aldı:
– Cənab, deyin görüm, siz o bələdçinin anlatdıqlarına heç inandınız?
Dedim:
– Düzü, belə məsələlərdə mən tamamilə cahil biriyəm.
O, sözünə davam elədi:
– Cənab, siz buralara gəlmə birisiniz, mən isə bildiyim bir sirri çoxdan bəri kiməsə açmaq istəyirəm. Onu sizinlə ancaq bir şərtlə bölüşə bilərəm: gərək bu barədə yerli sakinlərə bircə kəlmə də deməyəsiniz.
Maraq hissi mənə güc gəldiyindən bu sirri qoruyacağıma and içməli oldum.
Qoca kişi sözə başladı:
– Hə, cənab, o müqəddəs Adorata vaxtilə mənim sevgilim olub.
Qarşımdakı adamın başına at təpdiyini düşündüyüm üçün səksənib, geri çəkildim. Çaşqınlığımı sezdiyi üçün o, gülümsədi, ancaq səsini nisbətən qısaraq öz hekayətinə davam elədi:
– Mən dəli-zad deyiləm, cənab, sizə də tam həqiqəti söylədim. Müqəddəs Adorata həqiqətən də mənim sevgilim olub. Hələ bu harasıdır! Əgər razılıq versəydi, hətta mən onunla evlənərdim də! Onunla tanış olanda cəmi on doqquz yaşım var idi. İndi yaşım səksəni keçsə də, mən həyatım boyu ondan başqa heç bir qadına könül bağlamamışam. Varlı mülkədar olan atamın malikanəsi isə Sepeni qəsəbəsinin yaxınlığında idi. Mən təbabət elminə mehr salmışdım, elmlə necə ciddi-cəhdlə məşğul olurdumsa, artıq tamamilə zəifləyib, əldən düşmüşdüm. Bununla bağlı həkimlər mənə tam istirahət eləməyi və səfərə çıxmağı məsləhət gördülər ki, bəlkə bir az fikrim dağıla, qapıldığım dar mühitdən qopam.
Mən İtaliyaya yollandım. Piza şəhərində ikən bu xanımla rastlaşdım və sonrakı ömrümü tamamən ona həsr elədim. Romada və Neapolda dolaşarkən o mənimlə idi. Bu, dadından doyulmayacaq bir səyahət idi: qədəm basdığımız bütün şəhərlər sanki bizim eşqimizin nuruna bələnirdi... Birlikdə ta Genuyaya qədər getdik, daha sonra mən onunla vətənimə, Macarıstana dönmək, kəbin kəsdirməzdən öncə onu öz ata-anamla tanış eləmək istədim. Ancaq bir səhər yuxudan oyandığım zaman yatağımda onun cansız bədənini gördüm...
Qoca bir dəqiqəliyinə susdu.
Təkrar sözə başladığı zaman qısıq səsindəki titrəyiş daha da artdığından mən onun dediklərini artıq güclə eşidirdim:
– Sevgilimin ölümünü o qaldığımız otelin xidmətçilərindən birtəhər gizləyə bildim. Buna nail olmaqdan ötrü isə mən əsl qatillərin əl atdığı o hiylələrdən yararlanmağa məcbur qaldım. İndinin özündə də onlar yadıma düşəndə bütün bədənimə vicvicə düşür. Məndən heç kəs şübhələnmədi - hamı sevgilimin sübh tezdən oteli tərk elədiyinə inandı. Bir sandığa yerləşdirdiyim o cəsədin yanında keçirdiyim qorxu və məşəqqət dolu saatlar barədə ətraflı danışmağıma dəyməz, əlbəttə. Sözün qısası, mən həm ölünü, həm də onu necə mumyaladığımı ört-basdır eləməkdən ötrü hər cür fəndə əl atdım. Buna nail olmama o böyük oteldəki müştəri axınları da rəvac verdi, çünki o cür tünlük yerlərdə heç kəs başqasının işlərinə burnunu soxmur, özünü nisbətən sərbəst hiss edir ki, düşdüyüm qəliz durumda da bu, mənim hədsiz dərəcədə işimə yaradı. Sonra mən uzun sürən yolçuluğa çıxdım, sərhədləri keçərkən müxtəlif çətinliklərlə qarşılaşdım, ancaq Tanrının köməyi sayəsində bütün bunların da öhdəsindən uğurla gəldim. Cənab, sizi inandırıram ki, bu, heyrətamiz bir əhvalatdır! Evimizə dönərkən rəngim yenə avazımışdı, tanınmaz dərəcədə arıqlamışdım.
Yolüstü Vyanadan keçərkən oradakı bir əntiq əşyalar dükanından daşdan yonulmuş sənduqə satın aldım: o, vaxtilə hansısa məşhur kolleksiyanın bir eksponatı imiş. Öz evimə gəldikdən sonra mən artıq istədiyim cür davrana biləcəkdim - İtaliyadan bura öz yanımda gətirdiyim baqajın nə sayı, nə ölçüləri, nə də onlardan necə yararlanacağım başqalarını narahat eləyə bilərdi.
Pərəstiş elədiyim qadının örtüyə bükülmüş nəşini yerləşdirdiyim həmin sənduqənin daş səthində mən öz əllərimlə onun "Adorata" adını və bir xaç işarəti oydum.
Bir gecə, min bir əziyyətə qatlaşaraq, təkbaşına o sənduqəni qonşuya aid tarlaya sürütməklə, torpağın altına gömdüm. O yeri yadımda saxlamaqdan ötrü isə bu dünyada sırf mənə bəlli olan şərti nişanələr qoydum. Sonra hər axşam tək-tənha həmin yerə gedib, mərhuməyə dualar oxudum.
Beləcə, bir il ötdü... Bir dəfə mən Budapeştə gedəsi oldum. Aradan ancaq iki il keçəndən sonra geri dönə bildim və özümün ən misilsiz dəyərimi gömdüyüm o ərazidə hansısa fabrikin inşa olunduğunu görüncə, hansı çarəsizliyə qapıldığımı indi siz özünüz bir təsəvvür eləyin!
Dərd-sərdən lap ağlımı itirmişdim, canıma qəsd etmək istəyirdim. Ancaq bir axşam bizə təşrif buyuran keşişimiz bildirdi ki, fabrik üçün təməl qazılarkən torpağın altında Roma işğalı dövründən qalma "Adorata" adlı hansısa xristian müqəddəsinin sənduqəsi tapılıbmış və bu qiymətli tapıntını aparıb, bizim sadə kənd kilsəmizin içində yerləşdiriblər. O ilk dəqiqələrdə mən az qala məsələnin bütün məğzini açıb, keşişə danışmaq istəsəm də, sonra fikrimdən daşındım, başa düşdüm ki, sənduqə kilsədə qorunarsa, mən öz misilsiz dəfinəmi istədiyim vaxt və istənilən qədər ziyarət eləyə biləcəyəm. Odur ki, susdum. İçimdə şölələnən sevgi hissi mənə deyirdi ki, dünyalar qədər sevdiyim o qadın zatən bundan belə ona göstəriləcək o sayqı və rəğbətə tamamilə layiq biri idi. Mən hələ də əminəm ki, o qadın özünün qeyri-adi gözəlliyi, misilsiz məlahəti və onun bəlkə də ölümünə yol açan sonsuz sevgisi ilə bu qədir-qiyməti haqq eləmişdi. Hə, hə, o qadın nəcib, ürkək və ismətli birisiydi, əgər amansız ölüm vaxtilə bizi ayırmasaydı, mən mütləq onunla evlənəcəkdim. Odur ki, mən hadisələri öz axarına buraxdım və içimdə çağlayan sevgi hissi tədricən dərin bir ehtiram hissinə çevrildi.
Beləcə, sevgilimi əvvəlcə mübarək zat elan elədilər. Sonra onu seçilmiş zat, aradan əlli il ötüncə isə müqəddəs zat elan elədilər. Bununla bağlı təntənəli mərasimdə iştirak etməkdən ötrü mən durub, hətta Romaya da getdim və bu, mənim ömrüm boyu şahidi olduğum ən misilsiz tamaşaya çevrildi!
Müqəddəs elan olunduğu andan sevgilim əlçatmaz göylərə yüksəldi. Mən isə cənnətdəki mələklər qədər bəxtəvər idim, qəlbimi bürüyən çılğın və eyni zamanda qəribə bir ruh halıyla əlüstü buraya qayıtdım ki, o müqəddəs Adoratanın sənduqəsi qarşısında öz dualarımı oxuyum...
Bunu deyən o bəstəboy, zövqlə geyinmiş qoca gözləri yaşarmış halda məndən aralandı. Əlindəki mərcan qaşlarla bəzədilmiş əl ağacını taqqıldadaraq irəlilədiyi zaman o, bu sözləri aramsız təkrarlayırdı: "Müqəddəs Adorata! Müqəddəs Adorata!.."
Tərcümə: Azad Yaşar
“Ədəbiyyat” qəzeti