Moskva prospektində - Sevinc Çılğından yeni hekayə

Moskva prospektində - Sevinc Çılğından yeni hekayə
21 sentyabr 2023
# 09:00

Kulis.az Sevinc Çılğının "Moskva prospektində" adlı yeni hekayəsini təqdim edir.

Tez-tez atamın yerdən götürülmə səhnəsi canlanır gözümdə. Qələbəliyin ortasında özümü tək görürəm. Hamı var, hamı ordadı, amma həm də hamı yoxdu - bir mənəm, bir də başımdan hündürdə atamın tabutudur. Kimlərin çiynindədir, onu da görmürəm, xatırlamıram. Amma öz səsimi eşidirəm - naləmi. Neçə il idi o səs içimdəydi. Odur, tanıyıram - qəhərimə qədər gəlib nəfəsimin basdırdığı, heç cür səsə çevrilə bilməyən həmin nalə. Və budur, boğazımda düyünlənən o ah ucalır. Vahimələnirəm. Bu səs tüklərimi biz-biz edir indi. Amma o an bunun fərqində olmadığım da dəqiqdir. Nəsə deyirəm hönkürə-hönkürə, çıldıra-çıldıra. Əlimi, qolumu tuturlar. Kimsə qucaqlayır məni. İndi düşünürəm - hansı ağılla mənə "sakit ol, aramla ağla " deyir?! Sonra nə oldusa sözümü eşitdilər. Razılaşdılar. Aha, dəqiq görürəm o anı. Tamam dedilər. Yenə eyni hissi yaşayıram bax indi - nəsə oldu və mən çırpınıb çıxdım qucaqlardan. Çoxbaşlı əjdahalar idi deyəsən. Yoxsa xeyli qolu, ayaqları olan bədheybət idi, bilmirəm, amma çırpınıb qopdum. Boyumdan hündürdə, havada irəliləyən tabutun altına girdim. Çiyinlərimə aldım atamı. Daşıdım, hə dəqiq görürəm o anı. Mən idim, hamı var idi, hamı yox idi, bir də havada həyətimizin iri, hər açılıb-bağlananda əzəmətli gurultusu eşidilən, indi taybatay açılmış darvazasına doğru tələsən, uçan tabut idi. Bu yerdə ancaq "ayyy..." deyirdim deyəsən. Bir az uzun "ay". Neçə "y" vardı? Səsin tonallığı nəydi? Neçə not səsləndi? Ardıcıllığı necəydi?

Heç, qəti yük hiss etmirdim. İndi bir də düşündüm - ağır idimi? Yoo, deyildi. Quş kimiydi. Çox yüngül, özü-öz ağırlığını daşıyırmış kimi. Yük deyildi. Yük heç deyildi. Ağır deyildi. Qəti ağır deyildi. Həyatdan bir an içində quş kimi köçmüşdü atam. Tabutu da quş tükü kimi xəfif uçurdu çiyinlərimdə. O an deyil, indi ağlıma gəldi bax. Heyf. Orda ağlıma gəlsəydi, oxşamalarda ağzımdan çıxardı bu cümlə: "Nə vaxtsa sən daşıyırdın məni çiyinlərində, qoy indi mən səni daşıyım". Parka gəzməyə aparardı. Dönüşdə balaca ayaqlarım qaçıb-hoppanmaqdan yorulardı. Alardı məni boynuna, ayaqlarımı sallardım çiyinlərindən, bildiyim bütün şeirləri, nağılları deyə-deyə evə gələrdik. Amma qapımızı uzaqdan görər-görməz ağlamağa, deyinməyə başlardım. Ki, yox, evə istəmirəm, gedək oppa...

"Aslanın erkəyi-dişisi olmaz. Min oğula dəyişmərəm qızımı." deyirdi. Budur, çiyinlərimdə daşıdığım oğulsuz atamdır və indi o min oğula dəyişmədiyi qızı aslan kimi nərə çəkir. Atamınsa qulaqlarına pambıq tıxayıblar. Son dəfə çağırıb üzünü göstərəndə gördüm. Mərmərin üzərinə uzatmışdılar. Üstündə ağ mələfə. "Üzündə nura bax" dedi kimsə. Bəyaz saqqallı atam filmlərdə gördüyüm peyğəmbərlərə oxşayırdı. Barmağından çıxardıqları üzüyü verdilər mənə. Barmağıma taxdım.

Sonra cənazə namazı qılındı. İllərdir heç bir namazını gecikdirməyən atamın namazına sıraya düzüldülər. Elə həmin gün can çəkişən atam ömründə bircə dəfə zöhr namazını qıla bilməmişdi. Saata baxıb "yarım saata gəlirəm" demişdi. Yarım saat sonra canını tapşırmışdı. Elə ayaq üstə. İçində çəkirdi dərdini. Amma anama da deyibmiş, yanımda ölməkdən, məni qorxutmaqdan qorxurmuş. Heç allah qismət də etmədi, məni son dəfə gözləriylə süzüb, üst-başıma baxıb yola salandan sonra yola çıxmışdı. İndi yazdıqca söz-sözü götürür, yadıma düşür. Hər səhər işə gedəndə görməliydi məni - bu gün nə geyinmişəm? - baxırdı, xoşu gəlirdi mən bəzənib evdən çıxanda. Gözdən itənəcən izləyirdi aslan parçasını. Sonuncu səhər də kandarda dayanmışdım, "ee, orda dayanmısan görmürəm səni, gəl otur qabağımda görüm" dedi. Oturdum, nəsə deyəcəkdi, deyə bilmədi. Eləcə ağrısından danışdı. Mən də key kimi idim. Əlim-qolum tutmurdu. Heç halım yox idi. İkimiz də nəsə demək istəyirdik. Danışmalıydıq. İllərlə yığılıb qalan susduqlarımız vardı. Amma danışmadıq. Danışa bilmədik. Halallaşmağa ürək etmədik. Kövrək idi, qızı da özünə oxşayırdı, biz ancaq sarılıb hönkürə bilərdik ayrı yaşadığımız bütün illəri.

Budur, bizi də içində yük kimi aparan atamı aldılar məndən. Bir qutuya qoyduqları atamı elə qutuqarışıq dəmir barmaqlıqlardan ibarət mafaya yerləşdirdilər. Sonrasını "bir an" deyə xatırlayıram. Bir an... Bir an sonra hamı qeyb oldu. Bir göz qırpımında apardılar onu.

Bax, yenə indi ağlıma gəlir mən başıbatmışın. Niyə icazə verdim o dəmirin içinə qoymağa? Niyə düşünə bilməmişəm axı. Axı düz on yeddi ilini dəmir barmaqlıqlar arasında keçirmişdi atam. Yenə dəmir barmaqlıq?! Bu dəfə sonuncu dəfəydi amma. Dəqiq. Sonuncu dəfəydi dəmir barmaqlıqlar ayırırdı məni atamdan. Və mən sonuncu dəfəydi dəmir barmaqlıqlardan yapışıb aparmayın, ayırmayın deyə yalvarırdım sonuncu dəfə "Vaxtdır!" deyənlərə. Eynən uşaqlığımdaki kimi...

Tabut dedim yaddaşımda dəmir tabut canlandı. Niyə? Hə, yadıma düşdü, mən uşaq olanda qəfil qapı döyüləndə qorxurdum. Kimsə demişdi ki, oralarda ölənlərin ölüsünü evinə dəmir tabutda gətirirlər. Bunu dama dırmaşıb "Səlat" çəkərək bütün məhəlləyə atamın öldüyünü car çəkən mollanın səsini eşidəndə xatırladım. Aha, dəqiq yadımdadır, atamın taxta tabutda cansız bədəninə sarılmışdım, qəfil uşaqlıq qorxum yadıma düşdü. Və bu gizli qorxumdan qurtulduğum üçün haray çəkib tanrıya şükr etdim - "şükür sənə, ay allah, mənə atamın ölüsünü göstərdin, çox şükür! Mən onu dəmir tabutda görmədim, allah, çox şükür!".

Yadıma gələn odur ki, sonra evdəydim. Bir küncdə özüm-özümə qısılıb oturmuşdum. Boş baxan gözlərimi görürəm indi. Demə görməmişəm. Dəqiq göstərirəm. Güzgü kimi. Bax bir küncdə oturmuşam, dizlərim qarnıma sıxılıb, qollarımla dizlərimi qucaqlamışam, aksak ritmlərdə yırğalanır bütünüm, baxıram - hara? nəyə? niyə? Orasını bilmirəm. Və onu görürəm bu an - onu, o böyük, qara milçəyi. Sanki özünü mənə göstərir. Heç kim umrunda deyil, sadəcə mən. Gəlib düz gözlərimin qabağında, başımın üstündə uçur. Məni gör deyir. Diksinirəm. Odur. İnanıram. Həmişə deyirdim: "Fikir vermisiz? Kimisə dəfn etdikdən dərhal sonra böyük qara milçək gəlir. O ruhdur.". Atam heç xoşlamırdı bu fikri. Ola bilməz deyirdi. Amma əmin idim o an - mənim buna inandığımı bildiyi üçün, indi fərqi yoxdur hansı cilddə, nə kimi, necə - sadəcə məni ovutmaq üçün gözümün qabağında dolaşır. Burdayam, yanındayam demək istəyir mənə. Bilmirəm o gülmək idi, ya ağlamaq, amma o nalə yenə ucalır. Və o gedir...

Aylar sonra məzarı başındayam. Ən gözəl görünməyə çalışmışam yenə. Bəzəkli gedirəm qəbiristanlığa. Yenə gözdən itənəcən izləyəcək arxamdan... Köhnə çiçəkləri götürüb yeniləri qoyuram yerinə. Əlimə parabüzən qonur. Narıncı, gözəl parabüzən. Barmaqlarıma toxunub qanadlarını açır, uçur. Dərhal başımı qaldırıb başdaşından gözlərini mənə dikmiş atamla göz-gözə gəlirəm: "Sənsən? Görürsən? Hiss edirsən?". Gülümsəyir. Gülümsəyirəm. Susub danışırıq. O torpağın altından, mən torpağın üstündən. İllərlə beton üstə canı çıxmışdı atamın. Daşa baş qoymuşdu. Özündən başqa heç kəsi incitməyən atam qutu kimi dörd divar arasında bir qarın ac, bir qarın tox ömrünü vurmuşdu başa. Mənə çatanda gec idi. Mənə gələndə gücünü beton yatağın buzunda, daş qəfəsin çarəsizliyində itirmişdi. Yaşamaqdan yorulmuşdu, yoxluğundan utanırdı, amma mənsizlikdə allaha sığınmışdı, allah da onu bağrına basmışdı mənim yerimə. Bir də doyunca sarıla bilmədiyim atamın ürəyinə xərçəng sarılmışdı, yəqin ki, o da mənim yerimə.

Budur, ömrü boyu daş üstə yatan atam indi daşın altındadır. Adına baş daşı deyirlər. Mənsə məni doyunca qucaqlamayan atamın baş daşındaki əksini qucaqlayıb ağlayıram. Göz yaşlarım süzülür sinəsinə. Günün qızdırdığı od kimi qaynar məzarı sərinləyir. Bütün susduqlarımızı ağlayırıq ata-bala. Baş daşına həkk edilmiş əlinin şəklini sığallayıram. "Heç olmasa qarşılayanda sarılarsan, papa?" pıçıldayıram.
***

"Qızım jurnalist olacaq, məndən yazacaq, özü də hekayə belə başlayacaq: "Moskva prospektində 1 nömrəli cəza çəkmə müəssisəsində..."...
Bağışla, ilk cümlə dediyin kimi alınmadı...

2023

# 2068 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #