Kulis.az “Hekayə günü” layihəsindən Nizami Hüseynovun “Milçək və qarışqa” hekayəsini təqdim edir.
Milçək
Saat: 23:40
Gün ərzində yandırıcı isti olub. Axşama doğru hava bir az sərinləyib. Otağın pəncərəsində tor olsa da, içəridə bir milçək uçuşur.
“Günlərdir, içəridədir. Hansı bivec şəxsiyyətsiz idi deyən ki, milçəyin ömrü bir gündür? Azı 4 gündür ki, buradadır”.
Kürəyində qaşınma hiss edərək əlini çırpır. Bir az tərli bədəninə tam əllə şapalaq kimi dəyən bu zərbədən özü də iyrənir. Çöl qaranlıq və içəri işıq olduğu üçün görünəcəyini düşünür və pəncərəyə yaxınlaşır. Pərdəni çəkir, geri dönəndə milçəyi görür və tez də gözdən itirir.
“Mənim gözüm zəifləyib, yoxsa bunlar həmişə belə sürətli idilər. Haradasan? Bu gecə son gecəndir a”.
Mətbəxin qapısını bağlayır ki, milçək oraya daxil olmasın. Divana yaxınlaşır və balışlardan ən balacasını əlinə götürür. Bir neçə dəqiqə otaqda gəzişir, milçəyi nişan alaraq balışı üç dəfə yerə, bir dəfə divara, bir dəfə də stolun üstünə çırpır. Heç birində uğurlu olmur. Sonuncu zərbəsində stolun üstündəki çörək qırıntıları balışa yapışır, onları təmizləyərək yenidən divana uzanır. Televizorda futbol axtarır və tapır.
Saat 00:10
Oyunda su fasiləsi verilir. Gözünü televizordan çəkən kimi yenidən milçəyi görür. Yerindən qalxır, “silahını” götürür və hücuma keçir. Bu dəfə hollun da qapısını bağlayır, artıq zalda cəmi iki canlı var: o və milçək. Yenə ardıcıl üç dəfə cəhd edir, amma heç biri milçəyə dəymir.
“Nə cındır adamsan axı sən. Gəl də, nədir, qorxursan? Abırsızaaaa. Hünərin var, gəl də. Aha.”
Yenə zərbə, heç nə əldə edə bilmir.
Oyun davam edir. Zərbə..., dəqiq deyil. Təkrar zərbə..., bu dəfə də top qapının, balış milçəyin yanından keçir. İlk hissə başa çatır, hesab açılmayıb. Milçək sağdır.
Oyunun yetmişinci dəqiqəsi, qapıya doğru zərbə, top rəqibin əlinə dəyir. Videotəkrar, təkrar, bir də videotəkrar, təkrar, hakim səhv yerə qaçır, monitoru tapır, bu dəfə doğru yerə qaçır, bir də videotəkrar və on bir metrlik cərimə zərbəsi.
Topa yaxınlaşan Ronalda, zərbə... qol...
Ayağa qalxaraq yenidən gözünə görünən milçəyə hücum edir.
“Tüpürüm qeyrətinə, sənin də çolaq əlinə tüpürüm elə. Bir milçəyi də vura bilmədin. Söyürəm, yaxşı edirəm, evdə tək olanda da söyməyim? Belə özümlə. Səndən icazə almalıyam danışanda? Özünsən. Lap elə... Nə bilime... Vurar məncə”.
Yenidən divana uzanır. Ac olduğunu hiss edir. Mətbəxə doğru gedir, qapıya çatanda yerində durur, qapını açmır ki, milçək ora qaçmasın. Geri qayıdır və uzanır.
Şərhçi birdən-birə coşur. “Otuz qol... bəli bir çempionatda bir il ərzində 30 qol... yəqin ki, bunu edən olmamışdı. Baxım, deyəsən, 1950-51-ci il mövsümündə olmuşdu belə bir hal, sonra olubmu, bunu araşdırmaq lazımdır”.
“İnternet, sənin boyuvu yerə soxum. Bambılı. Oyunda 10 dənə qol olsa, birini görə bilirəm. Elə bil hiss edir ki, qol olacaq, donur. Qolun təkrarı da veriləndən sonra qayıdır. Sən hara itdine. Bəlkə vurub öldürmüşəm bayaq”.
Ayağa qalxır, yerdə milçəyin ölüsünü axtarır. Heç nə yoxdur. Əvvəlcə xiyar qırığını milçəyə oxşadır, sonra əriyin sapından qırığı görür, amma milçək yoxdur. Pis olur, yenidən divana uzanır.
“Əəə gicbaş, “penalti” var idi orda?”
Oyun bitir, hesab 2-1 olur. Bu vaxt yenidən milçəyi görür, amma heç yerindən qalxmır. Bir neçə dəfə cəhd edir, əvvəlcə əli ilə, sonra ayağı ilə milçəyi havada vurmaq istəyir. Uğursuz zərbələr.
Saat: 02:35
Televizordan Youtube-a qoşulur. Aydın Xırdalanlı 2000-ci illərdə çəkilmiş videoyazıda oxuyur:
Əvvəl-əvvəl vətən işğalına imkan veririk,
Sonra sakitliyə atəşkəsə fərman veririk.
Bizə Peyğəmbərimiz söylədi qeyrətli olun,
Qoruyun torpağı sərvətdə səxavətli olun.
Kişilər, səhv salırıq biz bunu diqqətli olun,
Sərvəti qoruyuruq, torpağı qurban veririk.
....
Ardınca gələn videoya keçid alır, xoşladığı hissəyə gətirib qulaq asır.
Musiqiylə hərəkət etmədədir çərxi-fələk,
Duya əlbəttə ki, bu musiqini bəzən ürək.
Haqqın əmriylə ki, məhşərdə çalar suri mələk,
Görəsən, hansı avazla əcəba musiqini?
“Bu rəhmətdik necə oturub əruza. Özü də 23 yaşındaye. Biz də guya ədəbiyyat müəllimiyik də. İndi-indi bilirik əruz nədir? Durum, milçəyi tapıme”.
Ayağa qalxır. Belində yenə qaşınma hiss edir. Stolun üstündən qələmi götürüb kürəyini qaşımaq istəyir, amma qaşınması keçmir.
“3 saat deyil ki, çimdiyim. Suquşuyam mən?”
Saat: 03:10
Komediya axtarır. Türk stend-upları arasında gəzişir. Tolqa Çeviki qoyur.
“Bu da utanmır da, bax, əgər baxdığım 10 dəqiqə ərzində Suzan gəlib bunun tərini silməsə, bu da həmin anda qorxmasa, milçəklə işim olmayacaq, nə edir, etsin”.
Balışı uzandığı yerdən divara çırpır.
10 dəqiqə gülmədən komediyaya baxır. 10-cu dəqiqədə Suzan səhnəyə çıxır, Tolqa qorxur, camaat gülür.
Yenidən yerindən qalxır. Balışla iki üç dəfə zərbə endirir. Faydası yoxdur.
Saat: 03:25
Yerinə qayıdır, Elnur Hüseynovun çıxışlarını tapır və qulaq asmağa başlayır. Getdikcə coşur, əvvəlcə mızıldanır, sonra yerindən qalxaraq birlikdə oxuyur. İlk iki mahnıdan tam güc alıb “Sole mio”-a keçir.
Che bella cosa na jurnata' e'sole
n'aria serena doppo na tempesta
pe'll'aria fresca pare gia' na festa
che bella cosa na jurnata'e sole.
(Nə gözəl şeydir günəşli bir gün
Fırtınadan sonraki təmiz hava
Təmiz hava günü bayrama çevirir
Nə gözəl şeydir günəşli bir gün – tər.)
Yalnız “O sole, o sole mio” hissəsini bildiyi üçün o hissədə mahnıya qoşulur. Mahnı irəlilədikcə əlindəki balışla rəqs edir. Zalda dövrə vurur. Milçək də sanki onun süni peyki imiş kimi ətrafında dövr edir.
Ma n'atu sole cchiu' bello, oi ne'o sole mio sta nfronte a te! (Amma başqa bir günəş daha vardır, mənim günəşimdir, o da sənin üzündür və qarşımdadır – tər).
Zərbə. Milçəyə dəymir.
'o sole (günəşim – tər.)
Zərbə
o sole mio (mənim günəşim – tər.)
Zərbə
sta nfronte a te ... (qarşımdadır – tər.)
Zərbə
sta nfronte a teeeeeeeeeeeeeeeeeeeeeeee. (qarşımdadır – tər.)
Zərbə.
…………………
“Öldün? Ölmə də. Nolar, ölmə də. Uç da. Uç get də. Vallah, heç nə etməyəcəm. Vallah. Öl onda”.
Əlini milçəyə qapaz vururmuş kimi endirir. Milçəyin içalatı çıxır.
Ayağa qalxır, kürəyi hələ də qaşınır. Əlini maksimum uzadır, dırnağı ilə qaşıyır, birdən qan axmağa başlayır. Əvvəl adi, sonra irinli, çirkli qan axır. Qan axdıqca ağrısı da artır. Yer, divan, divarlar, televizor – hər yerə çirkli qan damcıları düşür. Kürəyini tutub yerə uzanır. Bayaq milçəyi öldürdüyü yerə yaxınlaşır. Heç nə görmür. Bir az aralıda qarpız tumu, lap uzaqda günəbaxan dənəsinin qabığı var. Amma heç yerdə milçəyin ölüsü yoxdur.
Qarışqa
05:35
Dərin yuxuda olsa da, birdən-birə oyanır. Dəli kimi yerindən qalxır, əvvəlcə zala tərəf qaçır, sonra qapıda dayanıb danışmağa başlayır.
“Öldüm beməsəl divanə bidar, yox, oldum beməsəl divanə bidar. Uşaqlar, bax divanə bidar olmaq budur. Yəni dəli kimi bidar olmaq. Bidar nədir? Füzuli “Söz” qəzəlində nə deyirdi? Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl – ölüm yuxusu. Edə hər saət səni ol uyqudan bidar söz - yəni oyaq saxlasın. Xətayi də, Aşiq yəni dəli kimi yuxudan oyandı... Karantin çıxaranı görüm lənətə gəlsin. Nə danışıram axı mən? Milçək necə oldu görəsən? Hara itdi axı bu cındırın balası? Ala zor eliyirəm də. Pah, ədəbiyyat müəllimi olub mənimçün. Gic. Divanə bidar olur. Yeri, cəhənnəm ol, milçəyi tap da”.
Bu dəfə ağır addımlarla zala daxil olur. Milçəyi öldürdüyü yerə yaxınlaşır. Ayağa qalxır və işığı gücləndirir. Milçək yoxdur.
“Deməli, milçəyi öldürdüm. Əşi, cəhənnəm olsun milçək də. Yeri, gəl yataq da. Konkret iki nəfərik də artıq, hə? Biz olmuşuq, yataq, zad. Yaxşı da, hə, nəysə, ölürəm yuxu üçün... Hara gedə bilər? Milçəyi nə yeyə bilər? İlan. Gicdi bu. Vallah gicdi. Onda elə bir şey olsun ki, içəri də girə bilsin də. Milçəyin ölüsünü aparan qarışqa görmüşəm bir dəfə. Ola bilər?”
Ayağa qalxır və mətbəxə gedir. Soyuducunu açır, ərik və şaftalı çıxarır. Pendir və sosiskanı da çölə qoyur.
“Bu sosiskanı çiy yeyirdilər, yoxsa kolbasanı? Hər dəfə deyire. Hansıdır səncə?”
Sosiskanı ağzına qoyur, çiy ət dadını alan kimi tüpürür, çıxardığı hər şeyi yerinə qaytarır və suyu soyuducudan çıxarır. Başına çəkir.
“İsti su aldın üstünə? Hə. Haçan? Aldım da. Ala, sən necə adamsan axı? Niyə mənə də yalan danışırsane? Mənəm də. Mən mənəm. Bir dənə boğazın gəlsə, tutub aparacaqlar ki, sən də virusa tutulmusan. Heç nə olmaz. Heç nə olmaz, hə gözlə olmaz”.
Yenidən zala qayıdır. Milçəyi öldürdüyü yerdə oturur.
“Əgər bunu qarışqa yeyibsə, qarışqa hanı bəs? Xırdadı, mən də bilirəm xırdadı. Amma bu evdə heç vaxt qarışqa olmayıb axı”.
Yenidən yataq otağına keçir və yerinə uzanır.
Saat: 06:50
Dodaqlarında bir şeir mızıldanır.
“Ma femme à la chevelure de feu de bois.
Aux pensées d'éclairs de chaleur.
A la taille de sablier.
Ma femme à la taille de loutre entre les dents du tigre.
(Meşə yanğını saçlı qadınım
İstiliyin düşüncələrimi yandırır.
Bir qum saatı ölçüsündə
Pələngin dişləri arasındakı bir dələ kimi olan qadınım – tər).
Andrea Breton. Bu nədir, görəsən? Həyatım boyu eşitməmişəm. Oxumamışam. Amma, belə çıxır ki, haradasa görmüşəm. Durum axtarış verim, görüm nə çıxır.”
Zala qayıdır. Gözucu milçəyi öldürdüyü yerə baxır. Heç nə gözünə dəymir. Kompüteri yandırır. Google-a daxil olur və axtarış yerinə bayaqkı şeiri yazmaq istəyir.
“Necə idi? …. Hə… Heç bir sətir də yadında qalmadı? Heç bir sözdə?”
Nə qədər fikirləşsə də, yadına heç nə sala bilmir. Yarım saat barmaqlarını klaviaturada gəzdirir ki, bəlkə hansısa hərfdən tanış gələ və yadına sala. Amma xatırlamır.
“Vallah, belə bir şey yoxdu. Necə olure? Orada əzbər danışdığım burada artıq uçub, yoxdur.”
Yenidən yerinə qayıdır və yuxuya gedir.
Saat 12:00.
Telefona zəng gəlir, qəfil oyanır. İşdən onlayn iclasla bağlı zəng edirlər. Yenidən kompüteri işə salır və qulaqlıqları taxıb iclasa qulaq asır. Danışılanlara fikir verməməyə çalışır. Düşündüyü bircə şey var: milçək.
“Milçək. Milçək. Bilirsən də, eyni sözü təkrarlayanda sonra həmin söz iyrəncləşir və unutmağa başlayırsan. Elə deyil o. Dayı demişdi o vaxt. Guya təkrar edəndə adiləşir və onu arzulamırsan. Gic.”
İclas davam etdikcə otaqda nəsə hərəkətlilik hiss edir. Sanki nəhəng bir heyvanın otaqda olduğunu düşünür. Amma geri baxmağa cəsarət etmir. Qulaqlığın səsini artırır və iclasda söz istəyir. 10 dəqiqə maraqsız danışır. Danışır ki, otaqda olan heyvan çıxıb getsin.
Qulaqlıqda öz səsini bağlayır.
“Əminsən? Var, yoxsa, yoxdu? Eşitmirsən? Yaxşı, qapı bağlı, pəncərə bağlı. Haradan girib içəri?”
Geri dönməyə özündə cəsarət tapmır. Birdən ayağına dəyən uzun bir dil görür. Yerindən atılır. Geri dönəndə evin ortasında boyu 2 metr olan nəhəng qarışqayeyən görür. Qışqırır və evin qapısını açaraq bloka qaçır.
Blokda heç kim yoxdur və səsə qonşulardan biri çıxır. Necə izah edəcəyini bilmədiyi üçün sakitcə evə daxil olur. Yataq otağına keçir. Qapını içəridən açarla bağlayır və yerinə uzanır.
Saat: 23:00.
Yerində titrəyir. Tərləyib, amma üstünü açmağa qorxur. Çölə də çıxa bilmir. Ayaqyoluna getməli olduğunu hiss edir. Artıq başqa çarə yoxdur.
“Dur. Yəqin, gözünə görünüb də. Yoxsa hardan girsin axı o boyda heyvan?”
Cəsarətini toplayır və əvvəlcə ayaqyoluna, daha sonra zala keçir. Heç bir canlı gözünə görünmür.
“Dedim axı, qorxulu heç nə yoxdur. Dəli olmusan sadəcə. Yox bir qarışqayeyən. Salvador Dali olub mənimçün. Nə Daliye?”
İki gündür heç nə yemədiyindən aclığı əsl ağrı kimi yaşayır. Mətbəxə keçərkən telefonun yanıb sönən işığını görür və günorta gələn mesaja baxır:
“Müəllim, dünən yarışa göndərdiyiniz suallara baxdıq, bircə onuncu sualı redaktə etsəz, yaxşı olar”.
Kompüteri açır. Dünən səhər yazdığı və intelektual yarış üçün göndərdiyi suallar olan faylını açır. Onuncu suala baxır:
10. 1931-ci ildə Andre Breton "Nəhəng qarışqayeyəndən sonra" şeirini yazır. Bəs, sizcə, bu şeirdən ən çox təsirlənən şəxslərdən biri kim idi?
A) Ceyms Bruks B) Salvador Dali C) Pablo Pikasso D) Mark Frans