Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Orxan İsmayılın "İb və onun əri" hekayəsini təqdim edir.
Babamla birlikdə sonsuz bəxtəvərliklə dolu günlər yaşasaq da, qəfildən onun qəmləndiyi, sanki dözülməz bir kədərdən ürəyinin sıxıldığı anlar da az olmurdu. Həmin anlarda o özünün boğuq və vaxtaşırı xırıldayan səsiylə deyirdi: “Mən əgər Freydəmsə, sən də onun nəvəsi... nə idi onun adı... hə, hə, tapdım. Lusiyan! Sən də Lusiyan olmalısan”. Bəli, babam – bir vaxtlar fəlsəfə müəllimi kimi fəaliyyət göstərmiş mərhəmətli, dərrakəli, ünsiyyətcil bu qoca özünü Ziqmund Freyd hesab edir, yerinə düşdü-düşmədi bunu dilə gətirməkdən olmazın mənəvi və ruhi ləzzət alırdı. Mənimsə Freydin nəvəsi Lusiyan kimi öz peşəsinin sənətkarlığına yiyələnmiş bir rəssam olmağımı istəyirdi. Babamın bu istəyinə zahirən ehtiram göstərsəm də, həyatda özümün xüsusi və müəyyən yolumun heç də rəssamlıqdan keçmədiyinə qəti əmin idim.
Uşaqlığım, gəncliyim babamın bu fikirlərini dinləməklə keçdi. O deyirdi ki, bizim üçün aşılmaz bir sədd yoxdur, gec-tez adımızı tarixə yazdıracağıq.
Babamın yaşı doxsanı haqlayanda idrakı gücdən, ağlı kəsərdən düşməyə başlamışdı. Bir gün onu yoluxmağa gəlmiş qardaşı nəvəsinə Lusiyan Freydin məşhur “İb və onun əri” tablosunun orijinal versiyasının öz otağında olduğunu söylədi. Televiziyalardan birində mədəniyyət bölməsi üzrə müxbir işləyən enlikürək, girdəsifət oğlan əvvəlcə babama şübhə və tərəddüdlə baxdı, sonra isə üzünə çoxmənalı təbəssüm qonduraraq, “Şərif baba, siz ciddimi deyirsiniz?” – deyə soruşdu. Babam təntənəli bir vüqarla “Əlbəttə!” – dedi, ardınca da “Di yaxşı, bir halda ki, mənə inanmırsan, gəl öz gözlərinlə gör” – deyərək gənc müxbirin qolundan tutub onu öz otağına sarı dartdı. Elə hər şey də həmin tabloyla başladı.
Yeni əsrin ilk ili idi, o vaxt mən on iki yaşlı, itaətkar, başıaşağı bir uşaqdım. Babam, atam, anam və bacımla birlikdə çox da böyük olmayan kəndsayağı evimizdə yaşayırdım. Həmin uzaq həyatın bütün xatirələrini bir tilsim kimi özümlə gəzdirirəm. Babam mənim peşəsində ustalığının zirvəsinə yetişmiş bir rəssam olmağımı istəyirdi, mühəndis atamla ədəbiyyat müəllimi anam da babamın az qala beynini dəlib ruhuna işləyən bu düşüncəyə qarşı çıxmırdılar. Əksinə, atam deyirdi ki, yaradıcılıq nəşəsi yer üzündə ən nəcib bir nəşədir; anamsa kitab oxumağımı, qəlb üçün işıq mənbəyi olan əsərlərlə tanış olmağımı tövsiyə edirdi.
Bir günorta məktəbdən evə qayıdanda sürahiyə dirsəklənib dayanan babam məni təşəxxüslü bir görünüşlə qarşıladı. Kip düymələnmiş paltomu soyunmağıma kömək etdi və dedi ki, elə bu dəqiqə onun otağına keçməliyik. Onun hərəkətlərində nəsə qəfil bir şuxluq, qürur hissi sezilirdi.
Babamın arxasınca onun otağına daxil oldum. Yaxşı işıqlandırılmış otağın bir küncündə ikitaylı çarpayı, tən ortasında üzərinə səliqəsiz şəkildə kağız-kuğuzun səpələndiyi taxta masa yerləşirdi. Pəncərənin altında ön divara bitişik şəkildə qoyulan açıq rəfin üstünə çiçək dibçəkləri düzülmüşdü. Soldakı divardan ensiz çərçivəyə salınmış bir tablo asılmışdı. Babam tablonu görən kimi qürurundan sifəti işıqlandı, yaxınlaşaraq barmaqlarını üzərində incə-incə gəzdirdi.
Bəxtiyarlıqdan az qala başı hərlənən babam üzünü mənə çevirib “Ceyhun, əzizim, nəhayət ki, axtardığım tablonu tapdım” – dedi. “Aa, doğrudanmı?” – deyə soruşaraq, adamı yenilməz bir cazibəylə özünə çəkən tabloya uzun-uzadı baxdım. “Əlbəttə hə!” – babam riqqətlə təsdiqlədi, sonra hissiyyatla sözünə davam etdi:
- Köhnə dostlarımdan biri Lusiyan Freydin bənzərsiz “İb və onun əri” əsərinin reproduksiyasını mənə göndərdi. Bu tablonun bizim evimizdə olmasına çox şadam, çox şadam! Hə, hə, - babam tablodan gözümü çəkmədiyimi görüb dedi, - elədir, çox gözəldir! Xalis həqiqətdir ki, bu, Freydin nəvəsinin yaratdığı ən böyük əsərdir. Bu tablonun orijinalı da bizim olacaq!
- Ah, eləmi? Onu haradan alacağıq, baba? – mən soruşdum.
- Hm, indi deyərəm, – babamın qırışmış üzünə qayğılı bir çaşqınlıq qondu – Bax iş belədir: nə zamansa bu tablonun orijinal versiyası hərraca çıxarılacaq, ona görə də hərracın vaxtını və təşkil olunacağı yeri irəlicədən bilməliyik.
- Hərracdanmı alacağıq?
- Hərracdan alacağıq! – babam sözlərimi ahəngli bir səslə təkrarlayaraq cavab verdi.
Heykəl kimi dik dayanıb Lusiyanın bu əsərinə tamaşa elədim. Tabloda çarpayıda uzanmış beli incə, sağrısı enli qadın və hərarətlə onun belini qucaqlayan iribədənli, cüssəli kişi təsvir olunub. Ərlə arvadın üzündə sonsuz, dinc bir hüzn var. Qadının yetkin sifəti ehtiraslı və gözəldir. Bu kiçik mənzərədə hər şey cilvələnir, işıq saçır. Dərhal anlayırsan ki, kişi şit nəvazişlərlə qadının zəndeyi-zəhləsini aparmır, əksinə, hər ikisinin görkəmindən bir aşiq məftunluğu sezilir.
Bu hadisənin üzərindən çox keçməmişdi ki, babamın təkidiylə rəsm kursuna yazıldım. Dəfələrlə rəssamlıq, təsviri sənət duyumundan büsbütün məhrum olduğumu dilimə gətirsəm də, babam dediyindən dönmürdü. O, əmin idi ki, günləri bir-birinə qoşub eyni inadla çalışsam, böyük rəssam olacağam. Məni kursa özü aparıb-gətirirdi. Divarları bəzəkli lövhələr və barelyeflərlə örtülmüş binanın girişində məni gözləyir, çəkdiyim hər yöndəmsiz nəsnələri gördükdə sevinib bunları evdə bacardığı kimi mübaliğə edə-edə danışmağa başlayırdı.
Fürsət düşdükcə saman saçlı, sısqa, qaraqabaq rəsm müəllimimizə yanaşıb, “Deyin görüm, işlər necə gedir? Bizim uşaq istedadlıdır, eləmi?” – deyə soruşurdu. Qadın bir önündəki bacarıqsızlıq əlamətləri olan əyri-üyrü rəsmlərə, bir də izahgözləyici nəzərlərlə ona baxan, bununla belə, ancaq və ancaq ümidverici sözlər eşitmək istəyən ucaboylu, arıq, uzun bığlı qocaya cavab olaraq “Daha da yaxşı olacaq” – deyirdi. Hərgah onun sözlərinin mövcud gerçəkliyə heç bir aidiyyatı yox idi. Qadın, əslində, belə deməliydi: bu üzü çilli, küt uşaqdan bir şey çıxmaz.
Sonra mən kursda ard-arda verdiyim qabiliyyət imtahanlarının hər ikisindən qeyri-kafi qiymət aldım və artıq babam da tədricən qəbullanmağa başladı ki, məndən ikinci bir Lusiyan olmaz.
Axşamlar süfrə başında maraqlı əhvalatlar vaqe olardı. Əsas mövzular isə, əlbəttə, tablo, Ziqmund Freyd, Lusiyan idi. Babam bu səpkidə bir xeyli danışır, kəliməbaşı “İb və onun əri” ifadəsini işlədirdi. Bilmirəm babam Lusiyanın bu tablosunu digər əsərlərindən niyə daha çox sevirdi. Bir dəfə bunun səbəbini ondan soruşdum. O tutuldu, qırışmış sifəti qızardı, alnının damarları şişdi. Kədər sakit bir fəğanla könlünə işlədi. Bir qədər susub söhbəti başqa mövzuya yönləndirdi. Dərhal qət etdim ki, tablodakı təsvirdə babamı özünə çəkən, içini tərpədən nəsə var. Bəlkə də, həmin təsvirdəki qadın – İb - onun gözəl üzü, işvəli ayaqları babamın gənclik illərindəki hansısa sevgilisini xatırladırdı ona. Ya da ola bilərdi ki, artıq qocalmış, əldən düşmüş, əcələ tərəf çapmaqda olan qoca onu illərdir tək qoyub getmiş nənəmin əksini görürdü tablodakı zərif və gənc simalı qadında; qadının isti və qıvraq belini qucaqlayansa cavan, cüssəli fəlsəfə müəllimi Şərif idi.
Babamın Zöhrab adlı bir dostu vardı. Zöhrab incəsənətə isti münasibəti olan kor-kobud sifətli, qartal baxışlı bir əntiqfüruş idi. Babam tez-tez onun yanına gedir, günün az qala yarısını Zöhrabın məkanında keçirirdi. Bir gün özüylə məni də aparmışdı. Zöhrabın moruq rəngli məxmər bürüncəyi hələ də yadımdadır. Yaman üşüyən adam idi. Həmin gün mənə bəzi kiçik alətlərin fantastik cəhətlərindən və orijinallığından ağız dolusu danışmışdı. Hərdən müxtəlif məqsədlərlə uzun səfərlərə çıxırdı. Evimizdəki tablonun reproduksiyasını da məhz Zöhrab babama hədiyyə etmişdi. Hələ əmin etmişdi ki, adlı-sanlı, şərafətli rəssamın əsərinin orijinalı da gec-tez onun otağının zeytun rəngli divarından asılacaq.
İllər bir-birinin ardınca ötüb-keçirdi. Mən böyüyüb boylu-buxunlu, diribaş, dərrakəli bir oğlan olmuşdum. Babam hələ də otağındakı tablonun təsviri ilə nəşələnir, onun orijinalına necə sahib olacağını xəyalında götür-qoy edirdi. Faydasız səyləri onu heç də məyusluğa qərq etməmişdi.
Rütubətli bir oktyabr səhərində Zöhrab sel kükrəməsinə oxşayan coşqunluqla bizə gəldi. Şövqlə dedi ki, Lusiyan Freydin "İb və onun əri" tablosunun orijinalı tezliklə Nyu-Yorkda hərraca çıxarılacaq. Babamın arıq, solğun çöhrəsinə qan gəldi, qırtlaqdan çıxan səsiylə "Nəhayət ki!" - deyə qışqırdı. O, həmişə deyirdi ki, tablonun əslinə sahib çıxılması işində Zöhrabın vasitəçiliyi zəruridir.
Zöhrab danışdıqca babam onu rəğbət və maraqla dinlədi, nitqinin sonunda əlini coşğunluqla, möhkəm-möhkəm sıxdı, boynunu qucaqladı, sevincindən çırtıq çalıb xırıldadı. Zöhrab gözlərini yumub sirli təbəssümlə gülümsədi. Babam nikbin bir əminliklə:
- Mən də Amerikaya gedib həmin hərracda iştirak edəcəyəm! – dedi. Onun fikrinə qarşı əks fikir söyləmək istədikdə isə əl hərəkətiylə məni susdurub dilləndi: - Xeyr, canım! Bu artıq qət olunmuşdur!
Həmin axşam atam, anam və mən babamı dilə tutub bu fikrindən daşındırmaq üçün çox çalışdıq, lakin qırışmış, qartlaşmış sifəti gül kimi açılmış qoca dediyindən dönmürdü. Onun ən dərin, alovlu qənaəti belə idi: bu, tablonun orijinalına sahib çıxmaq üçün yeganə fürsətdir və o da dərin ağıl sahibi olan bir adam kimi həmin fürsəti fövtə verməməlidir. Öz qüvvəsi daxilində nə mümkünsə etməlidir. Atam babamı qayğılı-qayğılı süzüb sadədilcəsinə dedi ki, tablo, şübhəsiz, ağılçaşdıran bir qiymət müqabilində öz sahibinin kolleksiyasının bəzəyi olacaq. Bizim o dərəcədə çox pulumuz yoxdur. Həm də, biruzə etməyi şəninə sığışdırmasa da, babam artıq çox qocalmışdı – uzun və həyəcanlı bir səfərə çıxmaq yaşını çoxdan keçmişdi. Babam yoğun səsiylə hirsli-hirsli “Gedəcəyəm!” – dedikdə isə hamımız susduq. Atamın sifəti körüyə atılmış pul kimi qızardı. Anam heç nə ifadə etməyən təbəssümlə güldü. Bacımsa həmin anda hansı duyğular keçirəcəyini bilmirdi; babamın buyruğuna uyğun olaraq onun otağındakı masanın üstünü yığışdırmağa getdi.
Ertəsi gün Zöhrabla danışmaq üçün onun çalışdığı ünvana yollandım. Gecə ara vermədən yağan yağış səhərə yaxın kəsmişdi. Günorta günəşi ətrafa səpələnir, sürüşkən döşəmə yol yaş makintoş kimi işıldayırdı.
Zöhrab məni xoş sifətlə qarşıladı. Cırıldayan, köhnə kreslosundan qalxıb əlimi sıxdı, dairəvi masanın üzərindəki termosdan iki fincan çay süzdü, əyləşməyimi xahiş elədi. İçi qoz-fındıq ləpəsiylə dolu şüşə qabı barmaqlarının ucuyla mənə tərəf itələdi. Əsnək və məxmərlə üzlənmiş oturacaqda oturan kimi dərhal sözə başladım:
- Vallah, bizi elə bir cəncələ salmısınız ki, bilmirik içindən necə çıxaq?! İndi bir xoş təsadüf üz verməsə, babam...
- Bir dayan, - Zöhrab sözümü kəsdi – de görüm, nə olub?
O an gözlərim vitrinin ən yuxarı başındakı pırtlaşıq tüklü, iri başlı qarğa maketinə sataşdı. Maraqdan az qala soruşacaqdım ki, bunun burada nə işi var? Kimdir qarğa müqəvvasına meyl salıb pul verən? Lakin sözümə qaldığı yerdən davam elədim:
- Babam hər necə olsa da, Nyu-Yorka gedib oradakı hərracda iştirak edəcəyini deyir. Amma, bilirsinizmi, indiki halda bu mümkün deyil.
- Oh, əlbəttə. - Zöhrab çay içə-içə mənim sözümü təsdiqlədi - Ancaq mən babana söz vermişdim. Əgər o, bu xəbəri məndən yox, başqa birindən, həm də vaxtından gec eşitsəydi, heç şübhəsiz, əzab çəkərdi.
- Hm, yəqin ki, elə olardı. – mən təsdiqedici ahənglə dilləndim.
- Amma...məsələ burasındadır ki, bu portret baban üçün yer üzündəki bütün sənətlərdən daha qiymətlidir.
- Mənim bir fikrim var.
- Hə, de görək, o nə fikirdir elə? – Zöhrab həzin bir tövrlə soruşdu.
Mən gecə bütün dərrakəmi səfərbər edib, bəlkə də, başdan-başa məharətlə düşündüyüm planımı bütün təfsilatıyla Zöhraba danışdım. O, misilsiz heyrət ifadə edən əcaib təbəssümlə gülümsünüb, “Gör ha!” – dedi – “Bu lap əntiqə plandır ki”.
Plana uyğun olaraq Zöhrabla xudahafizləşib evə qayıtdım. Babam üstünə xam dəri çəkilmiş kətildə oturub kitab oxuyurdu. Məni görəndə mütailəsinə ara verdi, sağanağı tısbağa çanağından yonulub qayırılmış eynəyini çıxarıb masanın üzərinə qoydu. Nəfəsini ağır-ağır dərərək haradan gəldiyimi xəbər aldı. Mən yaşanmamış şeyləri həqiqətəbənzər şəkildə təsvir etməyə çalışaraq sözə başladım:
- Baba, Zöhrabla görüşdən gəlirəm. Elə mənim yanımdaca oğlunun köməkliyi ilə Amerikada tablonun hərraca çıxarılmasında məsul olan şəxslərdən biriylə telefonda danışdı. Yəqin bilirsən ki, onun oğlu ingliscəni öz ana dilindən heç də pis bilmir. Hə, gerisi belə oldu: Zöhrab Azərbaycanda bu tablonun sahibi olmaq istəyən, səhhətindən dolayı hərracın təşkil olunacağı ünvana gəlməsi olduqca qeyri-mümkün görünən – bəli, o çətin yox, məhz qeyri-mümkün dedi ki, daha da inandırıcı olsun – bir şəxsin olduğunu söylədi. Xalis həqiqətdir ki, Zöhrab oğlunun vasitəçiliyi ilə onların bizə mərhəmət göstərmələri üçün çox dil tökdü. Nəhayət elə bir qərara gəlindi ki, eşitsən də inanmazsan.
Babam odlu baxışları ilə məni səbirsizcəsinə süzüb soruşdu:
- Hə? Nə qərara gəlindi?
- Bu qərarla biz öz nigarançılığımızdan, əzablı təşvişlərimizdən, sənsə səfər yorğunluğundan xilas olacaqsan.
- He-he-he! Nəcib cavan, - babam isteriyalı kimi güldü – bəlkə artıq uzunçuluq etməyib qərarın nədən ibarət olduğunu söyləyəsən?
Mən:
- Yaxşı. - dedim – Razılaşma belə oldu ki, sən hərraca telefon bağlantısıyla qoşulacaqsan. Daha özünü əziyyətə salıb Nyu-Yorka getməyinə gərək yoxdur! Bu ki əla xəbərdir, elə deyil?
Babamı öskürək tutdu. Dəhşətli, məşum bir öskürəklə öskürdü. Solğun yanaqlı, qoca simasında qərarsızlıq və şübhə zühur etdi. Gözlərini tavaya zilləyib fikirləşdi. Sonra üzünü mənə tutub:
- Bilmirəm nə deyim...bu işdə bir əskiklik olmaz ki?
Mən təvazökarlıqla hər şeyi bir daha nəql elədim və narahatlıq üçün heç bir əsasımızın olmadığını dilə gətirdim.
- Allah xatirinə, mənim əziz nəvəm, - babam amiranə tərzdə dedi - elə edin ki, mənim bu hərracda iştirakım mümkün olsun. Yoxsa... – daha nəsə demək istədi, lakin nəfəsi çatmadı, səsi boğazında ilişib qaldı.
Noyabrın 6-da babam erkəndən oyanıb tünd-boz kostyumunu geyindi, kal alma rəngli qalstuk taxdı. Üzündə tutqun və təntənəli bir ifadə vardı, eyni zamanda narahat və təlaşlı görünürdü. Bu, xəyallarını həqiqətə çevirmək üçün çırpınan bir insanın keçirdiyi təlatümlü duyğular idi. Telefon zənginə hələ bir xeyli vaxt qaldığını desəm də, babam otaqdakı var-gəlindən qalmırdı. Heç şübhəsiz, onun üçün həmin anda saniyələr dözülməz uzundu. Səhər yeməyindən imtina etmiş, yalnız bir fincan qəhvəylə kifayətlənmişdi. Arabir üstünə pərdə çəkilməmiş pəncərədən izdihamlı küçənin dəyişməz mənzərəsinə, axıb-gedən sərgərdan buludlara tamaşa edib, yenidən kreslosuna çökürdü. Hərdən də arıq, qansız barmaqlarını telefonun dəstəyinə toxundurub çəkirdi.
Mətbəxə keçib dərman qəbul etməsi üçün babama su gətirəndə ümidsiz, nəhayətsiz bir kədər içimi çulğadı. Ağrılı hisslərin qarmaqarışıqlığından az qala başım gicəllənəcəkdi. Sarsıntılı və həyəcanlı anların bir andaca ötüb keçməsini, bu tutqun günün tezliklə bitməsini arzulayırdım.
Günorta telefonumuz zəng çalanda babam hədsiz həyəcanlanaraq “Nyu-Yorkdandır!” – deyə qışqırdı. Dəstəyi mən qaldırdım və ilk səsi eşidən kimi başımla babamın dediyini təsdiqlədim. Planımıza uyğun olaraq Zöhrabın oğlu guya tərcüməçilik etməli, get-gedə artan məbləğlər söyləməliydi. Mən Zöhrabın oğlunun vasitəçiliyi ilə tabloya qoyulan başlanğıc qiymətin min dollar olduğunu dilimə gətirən kimi babam:
- Min beş yüz! – deyə bağırdı.
Mən öz təklifimizi söylədim və Zöhrabın oğlu da bunu “Nyu-Yorkdakı salona” ərz etdi. Başqa bir iştirakçının qiyməti üç min dollara qaldırdığını deyəndə babam ucadanan və qətiyyətli səslə:
- Dörd min! – dedi – Eh, əbəs yerə özünüzü yorursunuz. O tablo mənim olacaq.
“Qarşı tərəfin” beş min dollarlıq təklifini eşidəndə babam kükrəyib özündən çıxdı. Qalstukunu çıxarıb bir kənara tolazladı. Onun qəzəbli sifətini və hədələyici yumruğunu görəndə qeyri-ixtiyari mən də həyəcanlandım.
- Sən, ey belə-belə olmuş, - babam qorxunc səslə bağırdı – bax-a, qulaq as, özün də yadda saxla: öz sərvətin bahasına mənim tablomu əlimdən ala bilməzsən! Yeddi... yeddi min dollar!
Babam səkkiz minlik təklifin üzərini on min dollarla qapayanda isə kövrəldi. Sanki artıq yavaş-yavaş öz vəziyyətinin ağırlığını dərk edirdi, buna rəğmən təslim olmaq niyyətindən uzaq idi:
- Onlar mənim inadım və sevgim üzərinə hakim kəsilə bilməzlər!
Babam təkliflərini eyni ciddiyət və get-gedə artan sərtliklə on beş min dollaradək çatdırana mən ard-arda öskürdüm. Bu, bir işarə idi: Zöhrab və oğlu artıq bu məzhəkəni bitirməliydilər. Oğlan, guya Nyu-Yorkda hərracı keçirən, həqiqətdə isə Zöhrab və mən birlikdə ucadan “On beş min dollar – bir, on beş min dollar – iki, on beş min dollar – üç” – deyib saydıq. Sonra isə qətiyyətlə təkrarladıq: “Satılır...satılır... Satıldı!”
Babam heyrətamiz ilham və coşquyla “Axır ki! Axır ki!” – deyə qışqırıb boynumu qucaqladı. Gicgahları tərdən islanmışdı. Gözləri vüqarla parlayır, meydan oxuyur və hətta hiddət saçırdı. İndi o, özünü cənnətdəki mələklər qədər bəxtəvər hesab edirdi.
Biz süfrə arxasında bundan sonrakı məsələləri müzakirə etdik.
Şən və xoş keçən müzakirənin sonunda babam qayğı ilə:
- Ceyhun, - dedi – yığdığım bütün pulları toplsam, beş min dollar ola, ya olmaya. Amma mən pulun geri qalanını da tapacağam. Sənin dediyin kimi, bizə beş gün vaxt veriblər ki, pulu onların hesabına köçürək, onlar da bizim tablomuzu göndərsinlər.
Mən əmin şəkildə hər şeyin qarşıdakı beş gün ərzində həll olunacağını dedim, çünki planım hələ yekunlaşmamışdı; babam güclü istəyə əsaslanan cəsarətinin nəticəsində öz arzusuna çatmalıydı. Olacaqları incəliyinədək götür-qoy etmişdim.
Ertsəsi səhər öz müdhiş fikrimi babama söylədim. Dedim ki, sənin bu hərracda qalib gəlməyin misilsiz bir hadisədir, insanlar bundan hali olduqda xüsusi bir canıyananlıqla tablonun pulunu toplamaq üçün öz maddi köməklərini əsirgəməyəcəklər. Buna görə də elə indi sosial şəbəkələrdə “Şərif babaya dəstək olaq” adlı kampaniyaya başlayıram. Şux bir təbəssümlə əlavə etdim ki, beş gün tamam olmadan gərəkli vəsaiti əldə edəcəyik. Babam etiraz etməyə söz tapmadı. Qürurundan sifəti işıqlandı.
Növbəti üç gün ərzində babama onun hesabına müxtəlif şəxslər tərəfindən ianələr edildiyini bildirdim, həqiqi təsəvvür yaratmaq məqsədilə adlar, soyadlar uydurdum. Alovlu sözlərim babama son dərəcə inandırıcı təsir bağışlayırdı. Pulun toplanması ilə bağlı düşüncələri xeyli nikbin axara düşmüşdü.
Dördüncü günün tamamında “hesabımız”da “iyirmi beş min manatdan çox vəsait” toplanmışdı, bu isə tablonu gətiizdirməyə kifayət edirdi. Babamın bulanıq gözlərində əks olunan məlahətli və sevincli baxışlar onu deməyə əsas verirdi ki, o, artıq xoşbəxtdir, çox xoşbəxtdir, arzuladığı ən böyük həzzə çatıb.
Ayın üçdə biri qədər vaxt keçmədi ki, babamın otağının divarındakı tablo öz “əsli” ilə əvəz olundu. Babam tablonu canlı insan kimi nəvazişlə oxşayıb-əzizləyirdi. Görən asanca anlayardı ki, bu tablo özünü Ziqmund Freydə bənzədən Şərif kişi üçün bir günəşdir – onun daxili aləminə şəfqətlə işıq saçan bir günəş. Heç bir emosiya onu tablonu ilk görən andakı qədər həyəcanlandırıb coşdura bilməzdi. Heç bir ana öz körpəsini babamın tablonu qucaqladığı kimi nəvazişlə qucaqlaya bilməzdi. Qocalıb şövqünü itirmiş qoca parıldayan gözlərini tabloya zilləyir, xalisliyin, təbiiliyin gözəlliyindən əlahiddə zövq alırdı. Amma, o bilmirdi ki, bu, əslində, tablonun reproduksiyalarından biridir və mən onu birinci dəfə olduğu kimi yenə də Zöhrabın vasitəçiliyi ilə əldə əldə etmişəm.
Bir gün babam onu yoluxmağa gəlmiş qardaşı nəvəsinə “İb və onun əri” əsərinin əslinə sahib olduğunu dedikdə isə biz bir andaca məşhurlaşmışdıq. Tablonu görmək istəyən, bərk tövşüyərək evimizin qapısının önündə zahir olan jurnalistlərin sayı heç də az deyildi. Onları maraq götürmüşdü; axı necə olmuşdu ki, dəyəri milyonlarla dollarla ölçülən bu bənzərsiz əsər sərvətli olmayan bir ailənin evinin divarını bəzəyirdi?
Həqiqət ortaya çıxanda isə artıq babam həyatda yox idi. Birdən-birə onun naxoşluğu şiddətlənmişdi. Yatağından qalxa bilmir, bütün vücudu səyriyərək əsirdi. Şüuru üstündə olsa da, verdiyimiz suallara çox yavaş və qətiyyətsiz cavablar verirdi. Sözlər onun xırıltılı boğazından qırıq-qırıq qopurdu. Cansız, sönük gözlərini tablodan ayırmır, ölüm ayağında belə onun heyrətamizliyindən zövq alırdı.
Sübhün erkən vədəsində yatağında canıyla əlləşən babamın dərisi avazıdı, dodaqları sıxıldı, gözləri sönərək çuxura düşdü.
Hamımız babamı itirdiyimizə görə qəm mücəssəməsinə dönmüşdük. Lakin mən buna möhkəm əminəm: babam bu həyatdan ən böyük nəşəni qoparmışdı. Onsuz da, hər birimiz əvvəl-axır ölüm boyunduruğuna qoşulacağıq. Hərgah bizim əksəriyyətimiz babam kimi ölmək səadətinə nail ola bilmirik.