Gəmi - Yeni hekayə

Gəmi - Yeni hekayə
27 fevral 2024
# 15:00

Kulis.az Emil İsmayılovun "Gəmi" hekayəsini təqdim edir.

Axşam saat səkkizə on dəqiqə işləmiş işdən çıxıb Çıraq Plazanın qabağından “79” saylı avotbusa mindim.

Avtobus dördüncü dayanacağa - “Nizami” metrostansiyasına çatan kimi düşüb üzü yeraltı keçidə sarı yol aldım. “Nizami Mall”, “Cafe Meydan”, “Grandmart” market, “Fərid Optik” və bir neçə belə kafe, mağaza, aptek sırasından sonra yeraltı keçidə çatdım. Keçidə enib sağa buruldum. Paltar, ayaqqabı, hədiyyə satılan dükanların sırasını ötüb sağ pilləkənlə yuxarı, “Bessini” paltar mağazasının üzbəüzünə gəldim. Mağazanın qarşısından aşağı - qaranlıq binaları keçib yenə sağ tərəfə, “Flora Hostel”ə çatmamış, yolun yuxarısı ilə qalxdım. "Quliyev" küçəsinə çatdım. Axşam işdən sonra yorğunluğumu çıxarmaq üçün tez-tez baş çəkdiyim bara gəldim. Ənənəvi olaraq, hər axşam şəhərdəki barlarda, restoranlarda, elə burada da konsert saat səkkizdə başlayırdı. Konsertin başlamağına beş dəqiqə qalmışdı. Dekabrın otuz birindən on səkkiz gün keçsə də, barın səhnə ilə üzbəüz olan yerində Yeni il ağacı yığışdırılmamış, oturacaqların üstünə qoyulmuş Şaxta baba papaqları hələ də götürülməmişdi. Sahəsi böyük idi. Burada oturmaq üçün iki yer vardı. Masaların olduğu hissə depozitlə verilirdi. Bar adlanan yerdə isə oturacaqlar pulsuz idi. Pulsuz oturacaqların olduğu yerdə dörd rəngdə stul yan-yana düzülmüşdü; biri qara, o biri sarı, digəri qırmızı, o biri də göy rəngdə. Sarı rəngli stulda oturdum. Oturduğum yer taxtadan düzəlmiş rəflərə baxırdı. Rəflərdə araqlar, şərablar, pivələr yan-yana qoyulmuşdu. Oturan kimi narıncı papaqlı, sarı paltarlı, eynəkli, uzun bığlı, qısa saqqallı, təxminən iyirmi altı-iyirmi yeddi yaşında olan barmen menyunu mənə uzatdı. Menyunun bir üzündə "fast-food", çərəzlər, salatlar, o biri üzündə isə alkoqollu, alkoqolsuz içkilərin siyahısı var idi. Əksərən, yemək olaraq, şaurma, yanında da portağal meyvə suyu seçirdim. Bu dəfə menyunu az da olsa, dəyişdim. Şaurmanın əvəzinə toyuq burgeri, portağal suyunun əvəzinə də şaftalı suyunu seçdim. Sifarişim gələnə kimi bu axşam səhnədə çıxış edəcək müğənni də gəldi. Barmenlərlə görüşüb, məndən arxa oturacaqda oturdu. Onların hal-əhvalını soruşdu.

- Necəsiniz?

Onlardan biri cavab verdi;

-Yaxşı. Sən?

- Nasazlamışam bir az.

Müğənni həm onlarla hal-əhval tutur, həm də telefonla başını qatırdı. Səkkizdən on beş dəqiqə keçmişdi. Yeməyi sifariş verməyimdən də.

Sifariş masaya gəldi. Meyvə suyu ilə boğazımı yaşlayıb, toyuq burgerini yeməyə başladım. Yeməklə məşğul ikən, müğənni gördüyü bir videonu barmenlərdən birinə göstərdi:

- Elcan, sən canı, buna bax. Murad Arif klipi başqa səviyyəyə daşıyıb ey…

Göstərdiyi videoda Murad Arifin “Möhtəşəm” klipi gedirdi. Elcan videoya baxa-baxa dedi:

- Murad Arifin səsi olmasa da, bacarığı var..necə deyirlər…hə! Əzmi var.

Müğənni gülə-gülə qarşılıq verdi:

- Hə! Əzmi! Ronaldo kimi!

Müğənni söhbətini bitirib səhnəyə getdi. Barmen mənlə söhbətə başladı:

- Necəsiniz?

- Şükür. Siz?

- Belə də, yavaş-yavaş. İşlər necə gedir?

- Özünə görə. Sizdə?

- Şükür Allaha, pis getmir.

- Yeni il konserti necə keçdi?

- Ooo…səhər saat altıda çıxdıq bardan…

Araqları stəkanlara doldurandan sonra, ofisiantı çağırdı:

- Elvin, gəl götür bunları!

Elvin araq setini götürüb, oturduğum yerdən üzbəüzdəki dörd nəfərlik masaya tərəf getdi. Elcan qabağına kiçik taxta məcməyi qoyub, balaca stəkanları məcməyinin üstünə düzdü. Bu dəfə də söhbətə Elcan davam etdi:

- Harada qalırsınız?

- Azadlıq prospketində

- Qardaş, Azadlıq prospekti Səməd Vurğun küçəsindən başlayır, Nəsimi metrosuna kimi. Azadlıq prospektinin harasında qalırsan?

- Koala parkın yaxınlığında.

- Hə…Koala park. Neçə ildir ki, orada qalırsan?

- Dörd ildir. Siz harada qalırsınız?

- Beşmərtəbənin yanıda. Əvvəl harada qalırdın?

- "Əlizadə"də. Təbriz küçəsində. Köhnə adı ilə Çapayev

- Yerazsan? Orada mənim tanıdığım xeyli yeraz var.

- Yox?

- Ya gürcüstanlı?

- Gürcüstanlı da deyiləm.

Söhbətmizin şirin yerində, cavan bir oğlan bara yaxınlaşdı. Elcan onunla salamlaşdı:

- Vay! Ömer kardeşim kendine gelmiş!

Ömər də gülə-gülə cavab verdi:

- Kardeşinə varsa, bir dənə pivə. Həminki pivədən.

- Kak vseqda. Bu saaat. Burada oturursan?

Ömər oturduğum yerdən sağdakı masanı göstərdi:

- Yox, uşaqlarla gəlmişəm. Orada.

- Yaxşı. Cavad! StaraPraga! Filtirsiz! Beşinci masaya!

Cavad kassadan ona cavab verdi:

- Oldu!

Elcan Öməri yola salıb, mənimlə söhbətinə davam etdi:

- Haradansan?

- Laçından. Siz?

- Sisyandan.

- Bizim də bir tərəfimiz Dərələyəzlidir.

- Day de ki, yerazam da. Elə-belə demirəm ki. Laçının o tərəfi də Sisyandır.

Bu vaxt ofisiantlardan biri Turanı çağırdı:

- Elcan, Ceyhun gitaranı qoşa bilmir! Bir kömək elə də!

Elcan Ceyhunun yanına getdi. Mən də yeməyimə davam elədim. Ceyhun gitara problemini də həll edib ifaya başladı. İlk oxuduğu mahnı da “İçerim ben bu akşam” mahnısı oldu.

Konsert gec başladığından barda qalmağa həvəsim öldü. Neçə gündür ki, Stevan Şvayqın novelların axtarırdım. “Bakı Kitab Mərkəzi”nin vebsaytına girib kitabı axtarışa verdim. Kitabın anbarda olduğunu gördüm. Turanla sağollaşıb, oradan çıxdım.

Bardan üzüaşağı gedib “Preziden Kitabxanası”nın yaxınlığına çatdım. Oradan sağa dönüb “Xaqani Ticarət Mərkəzi”nin yolunu tutdum. Yanından keçdiyim restoranların birində türk mahnısı oxunurdu. Mahnıda təxminən belə deyilirdi:

"Kızlar, sizi öpemmi?

Yanınıza gelemmi?

Siz ana kucağında,

Ben soğuktan ölemmi?"

Mahnını səsini o qədər yüksəltmişdilər ki, əlli addım aralıdan keçən adam da. mənim eşitdiklərmi eşidə bilərdi. Restoranların sırası ilə addımlayıb, “McDonalds”ın qabağında çatdım. Konstruksiyaları hələ də yığışdırılmamış, Novruz bayramında, Yeni il ərəfəsində açılan yarmarkanın qarşısında, kimsə qarmonda “Nənəm, nənəm!” mahnısını ifa edirdi. Bir xeyli adam da qarmon ifaçısının başına yığışmışdı. Mən adamların yanına çatanda, ifaçı repertuarını dəyişdi. Qarmon çalan təxminən on dörd-on beş yaşında, qara gödəkçəli, qara paltarlı, qara papaqlı, qara ayaqqabı geyinmiş, qarayanız bir oğlan idi. Oğlanın, qara qarmonunda ifa etdiyi mahnı mənə tanış gəlsə də, adını yadıma sala bilmədim. Yanımda qulaq asan oğlanların birindən soruşdum:

- Qaqa, mahnının adı nə idi?

Oğlan mənə tərəf çevrildi:

- Olmuşam məsti-xumar , yenə gözlərim axır

- Hə…yadıma düşdü…

Bayağı mahnıdır, avtovağzal, “Jiquli” mahnısı. Amma köpəkoğlunun “Tarqovı”sında , üç restorandan bir oxudulan türk, ərəb, rus mahnılarını eşidib o qədər bezmişdim ki, qarmonda oxunan Allahın bu “Olmuşam məsti-xumar”ı mənə ləzzət elədi. Gör nə günə qalmışıq ki, “müxtəlif mədəniyyətlərin” sırındığı bu şəhərdə, beləsini dinləyəndə də, adam azərbaycanlı olduğunu yadına salır. Nə olsun ki ey, bayağıdır! Hər nədir! Əsas odur ki, öz dilimdədir! O ifa edə-edə, yanımdakılar da, mahının nəqarətini oxuyurdular:

"Olmuşuq məsti-xumar,

Yenə gözlərimiz axır,

Yenə gözlərimiz axır.

Məncə, göy guruldayır,

Göydən ildırım çaxır,

Göydən ildırım çaxır…"

Yanımdakı oğlana sarı döndüm:

- Qaqa, yuxarıdan gəlirəm. Türk, ərəb mahnısından basıblar ey, özüm ölüm.
Ə, bu boyda şəhərdə, biri yoxdur ki, bizim mahnımızı oxusun?

Oğlan narazı-narazı dilləndi:

- Nə veclərinədir ey…neftin pullarını basıb yeyiblər…oğaşdır…kafe, restoranın yiyəsi də yüz-iki yüz qabağa düşsün deyə, onlara girir…cındır uşağı cındır….

Qarmon çalan oğlan “Olmuşam məsti-xumar”ı bitirib, “Bakılı balası” mahnısını ifa etməyə başladı. Təzəcə başlamışdı ki yolun o üzündən, qara paltarlı, qara paltolu, sərxoş bir kişi, qarmon çalanın üzbəüzünə gəldi. “Bakılı balası” , bu keflinin sümüyünə düşmüşdü. Ritmə uyğun oynamağa çalışırdı. Ona baxa-baxa bayaq danışdığım oğlana sarı döndüm:

- Nə oynayır ama!

- Var-yoxuna lənət! Zor edir! Borcu yox, xərci yox…ayə, ay, kişi! Əlindəkini yerə qoy, rahat oyna!

Kişi əlində çanta ilə, qollarını asta-asta qaldırıb, ağır-ağır oynayırdı. Qarmon çalan da həvəsə gəlib, mahnını ürəklə ifa edirdi. Kefli, mahnıdan cuşa gəlmişdi:

- Ay can, ay can! Çal ey, çal!

Mahnını dinləyə-dinləyə sağa-sola baxdım. Özümüzünkülərdən savayı, çinli, türkiyəli, ərəblər də də bura toplaşıb “Bakılı balası”na qulaq asır, həm çalanı, həm də oynayanı videoya çəkirdi. Oynayan cibindən bir manat çıxarıb qarmon çalanın, qabağına qoyduğu çantaya atdı. Sonra əlindəki paketdən oyuncaq gəmi götürüb, çantanın üstündə tarazlamağa çalışdı. Tarazlayıb, gəminin başına dolana-dolana, “Bakılı balası”na oynamağa davam etdi. Onlara tamaşa edənlər də, oynayanın böyür-başından ehiyatla keçib çantaya qəpik, manat atırdılar. Keflinin kefi, qarmon çalana bərəkətli gəlmişdi.

Bu şux məclisi yarımçıq qoyub,”Xaqani Ticarət Mərkəzi”nə tərəf üz tutdum. Oradan sağa burulub, “Bakı Kitab Mərkəzi”nə sarı getdim.

Beş dəqiqə sonra, mərkəzin qapısının qabağına çatdım. İçəri keçib, çantamı şkafa qoyandan sonra, kassaya yaxınlaşdım. Kassanın qarşısında bir nəfər var idi.

- Salam, axşamınız xeyir. Stevan Şvayqın novellaları var sizdə?

Satıcı başını kompyuterdən qaldırıb mənə baxdı:

- Salam. Bağışlayın, hansı kitab?

- Sevan Şvayqın novellaları

Oğlan kompüterdə kitabı axtarmağa başladı;

- Stevan Şvayq…olmalıdır….azərbaycanca istəyirsiniz, rusca?

- Mümkündürsə, azərbaycanca.

Kassir qabağımızdan keçən satıcını çağırdı:

- Farid, pomaqay klienta. On xoçet Stevan Sveyq, na azerbaycanski.

- Ladna. Gəlin

Mən satıcı ilə bərabər, kassanın arxasındakı kitab rəflərinə sarı getdim. Satıcı kitabı axtarmağa başladı. Rastına çıxmadı. Veb-saytda tapdığım kitabı ona göstərdim. Üzbəüzdəki rəfə yaxınlaşıb, orada axtardı.

Kitab tapılmadı.

Oradan çıxıb “Passaj” mağazasına tərəf getdim. Mağazanın qabağında dayanmış , özü də burada satıcı işləyən ağsaqqalla salamlaşdım. Kitab satışı ilə məşğul olan kişnin adı yadımdan çıxmışdı. Adını yadıma salmağa çalışdım:

- Kitab satanın adı nə idi?…

- İlkin?

- Hə, İlkin. Aşağıdadır?

Kişi, əli ilə pilləkənləri göstərdi:

- Keç, aşağıdadır.

Dükana girdim. İlkin, başında Sovet İttifaqı əsgərlərinn geyindiyi papaq, dirsəyini şüşəli vitrinə söykəyib, ərəb müştəri ilə danışırdı:

- Ten manat.

İlkinlə salamlaşıb, ondan istədiyim kitabı soruşdum:

- Keç ora, bax gör. Orada olmalıdır.

Orada dediyi, suvenirlərin satıldığı sıradan arxadakı kitab sırası idi. Ora keçib, sağa-sola eləcə göz gəzdirdim. Kitabı axtarmağa hövsələm yox idi. İlkinin yanına qayıtdım.

- İlkin, yox idi ey orada.

İlkin qaşlarını çatdı:

- Yoxdur? Orada olmalıdır ey, yaxşı bax. Odur ey, o sırada.

- Ora da baxdım, Orada da yoxdur

İlkinin dediyi yerə baxmamışdım.

- Düzü, heç özüm də kitabların yerini əzbər bilmirəm. Sabah Maksim gələr, ondan soruşarsan

- Elə… yaxşı. Di sağ ol.

- Sağ ol.

Dükandan çıxıb “Sahil” metrosuna tərəf getmək istədim. Fikrimdən döndüm. Geri-“Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyi” tərəfə getdim.

Muzeyin binasına çatana kimi, kafe, restoran, mağaza sırası keçib, binanın qabağına çatdım. Ora çatanda, muzeyin qabağında iki cavan oğlanın “Ötən günlərimi qaytaraydılar” mahnısını oxuduğunu eşitdim. Yaxınlıqdakı restorandan da Fares Karamın “El Tannoura” mahnısı oxudulurdu. Küçənin ortasında iki mahnı, iki mədəniyyət yarışırdı.

"Mənə bircə kəlmə “can” söyləyəsəydin,

O bircə kəlmənə min can verərdim.

Ömrünü, gününü, dərd eyləsəydim

Ömrümü, günümü qurban verərdim..."

***

"Le be assir tannoura?

Billha ayyoun il sabab

Heye bi alla mağrura..."

İşıq dirəyinə söykənib, həvəslə gənclərin oxuduğu mahnını dinləyirdim. Məndən başqa, onları dinləyən yox idi. Uşaqlar əllərindəki səs gücləndirici ilə mahnını daha ucadan oxumağa çalışırdılar. Restoranın yiyəsi də, üç-beş yağlı ərəb müştəri tutsun deyə, “El Tannoura” mahnısının desibelini artırırdı.

Mahnını dinləyəndə bir də gördüm ki, bayaq “Bakılı balası”na oynayan kefli, indi bu mahnıya oynamağa gəlib. Ağır-ağır addımlayıb, oğlanların üzbəüzünə gəldi. Mahnıya qulaq asmağın başını buraxıb, ona tamaşa elədim. Ayaqlarını yan-yana qoyub, iki addım qabağa, iki addım arxaya getməyə başladı. Yerində sağa-sola fırlandı. Kefli, cibindən bir manat çıxarıb, oxuyanların qabağındakı çantaya atdı. Bayaqkı oyuncaq gəmini yenə paketdən götürüb, pul qoyulan çantanın üstündə tarazlamağa çalışdı. Tarazladı. Gəminin başına dolana-dolana oynamağa davam elədi…

"O çağlar necə də mənə haydılar

Könlümə, gözümə şəfəq yaydılar...

Ötən günlərimi qaytaraydılar

Gələn günlərimi qurban verərdim..."

Oradan ötən bir ərəb turist oxuyanların qabağından ərəbsayağı oynaya-oynaya keçib, yoluna davam etdi. Kefli , oynamağını bitirib, gəmisini paketinə qoyub, İçərişəhərə tərəf qalxdı. Mən də uşaqların çantasına bir manat qoyub, keflinin qalxdığı yolla, üzüyuxarı qalxdım. Yanvarın ortasında, bu şaxtalı havada, “Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası” binasının qabağında , pilləkəndə oturub ləpə satan yaşlı xala sakit səslə müştəriləri çağırırdı:

-Gəlin, a bala , ləpə götürün, ləpə…

Necə fikirli idimsə, heç xalaya sarı dönüb, ondan ləpə də almadım. Kaş alaydım. Heç nəyin xətrinə yox, bircə onun xətrinə ki, o yaşlı qadın müştəriləri azərbaycanca çağırırdı. Yazanda fikir verdim. Azərbaycanca. Öz dilimdə. Muzeyin qabağında “Ötən günlərmi qaytaraydılar” mahnısını oxuyan cavanların, qara qarmonla “Olmuşam-məsti xumar” “Bakılı balası” ifa edənin, bu mahnılara oynayan keflinin dilində…

Bayaq dinlədiyim gənc ifaçıları pilləkənlərdə gördüm. “İçərişəhər” metrosuna tərəf gedirdilər. Kefli də qabağımızda sağa-sola səndirləyə-səndirləyə addımlayırdı. Az qalsın ki, yıxılmışdı. Hərəmiz bir tərəfdən yaxınlaşıb, qollarından tutduq. Əlindən saldığı gəmini ona verdim. Kefli bizə tərəf baxıb gülümsünə-gülümsünə dedi:

-Allah canınızı sağ eləsin.

Yolumuza davam etdik. “El Tannoura” nın səsi kəsilmişdi. İndi başqa bir restoranda, Kanqinin “Nayti tebya” mahnısınını oxudurdular.

"Qde, tı? Moy çelovek

Çto mne ostanaetsya vernım

Tot samıy edinstvennıy, blizki

Çto stanet primerom…"

# 1425 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #