Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Sərxan Sənan “At qarışqaları” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Siz heç at qarışqası görmüsünüz? İri, çox iri, baş barmağın birinci falanqası boya. Yerişi də iti, qaçaraq, at kimi. Taqım olub yola düzəlsələr, elə bilərsən qabağından ilxı keçir. Bircə fınxırtıları əskikdir, səssizdirlər.
Onları müşahidə etməkdən olmazın zövq alıram. Örüşün kənarlarında, ot-ələfin seyrəkləşdiyi, susuzluğa davamlı, sərt tikan növlərinin bitdiyi yerlərdə koloniyalar qururlar. Bir cüt buynuzcuqla taclanmış başları qonurdur, bədənlərinin rəngi quyruq hissəyə endikcə tündləşir. Öndəki iki ayaqları daha uzun və tüklüdür. Əlinizə götürüb gözlərinizə yaxınlaşdırsanız, bədənlərində çopurlamış qaramtıl ləkələri görə bilərsiniz. Nəbadə əlinizi dişləyə; axı onlar güc nümayiş etdirməyin vaxtını və yerini yaxşı bilirlər. Ufuldayıb onu yerə atacaqsınız, qəfləti sancının qaşıntıya keçişi bir andaca baş verəcək, dişlənmiş yer qabarıb qızaracaq və bu müddət ərzində onu gözdən itirəcəksiniz. Əgər onu iki barmağınızın arasında sıxılı halda saxlasanız, qırçınlı sapları xatırladan uzun qabaq ayaqları çönüb olacaq bir cüt qısqac. Yığılıb-açılacaq, yanlara doğru xırda təkanlar verəcək.
Tez-tez qarmağımı götürüb evdən də, kənddən də uzaqlaşıram. Kimsəsizliyə sarı gedirəm, sakitliyə qucaq açıram. Soxulcanları sillələyib yarımcan edir, tikanlı udma iynələrə üsulunda keçirirəm. Qarmağı yerbəyer edib gözləyirəm. Bir də görürəm qabağımdan at qarışqası keçdi. Aha, daha biri, daha biri... Ağlıma əntiqə fikir gəlir: qurdqabından yoğun bir soxulcan çıxarıram, barmaqlarımdan sıyrılıb çıxmağa çalışır, qıvrılır, xəyali qövslər yaradan hərəkətlər edir. At qarışqalarının ardınca düşüb koloniyalarını tapıram. Səltənətlərindən üzüyuxarı dar çuxur qalxır. Çuxurun ağzında qələbəlik var. İki gözətçi qarışqa gələn qarışqaları qarşılayır, gedənlərə təlimatlar verir, onların hərəkət istiqamətlərini müəyyənləşdirir. Tapşırığı alan qarışqalar sürətini artırır, çaparaq uzaqlaşırlar. Soxulcanı çuxurdan yarım addımlıq məsafədə yerə toxunan tərzdə tuturam. Bir at qarışqası yaxınlaşıb buynuzcuqlarını ona toxundurur, sonra biri də gəlir. Soxulcan da yerində dinc dayanmır, aradan əkilmək istəyir. Ona yaxın qarışqa soxulcanı dövrəyə aldıqda əlimi çəkirəm. Onlar soxulcana daraşır, üzərinə zəhərli (mənə elə gəlir, həqiqətən zəhərlidir) maye sızdırır, keyləşdirir, kürəklərinə alıb səltənətə doğru aparırlar. Taqətdən düşmüş soxulcan xəfif dartınmalarla, yığılıb-açılmalarla bu amansız ordudan xilas olmaq üçün cəhdlər edir. Qarışqalar ona məhəl qoymur. Soxulcanın altına girib onu səltənətə sürüyən hər qarışqa vahidləşən mexanizmin pozulmaması üçün sürətinə nizam verir.
Gözətçi qarışqalar məmnun halda işçi qarışqaları öz nəhəng yükləri ilə birlikdə aşağı ötürür.
Qarşılaşdığım mənzərədən vəcdə gəlmiş halda qarmağımın başına qayıdıram. Soxulcanları dalbadal iynəyə keçirib suya atıram.
Suyun lal yerindən kəllə sümüyü boyda iki şey üzə çıxır. Sanki kanal növbəti uğursuzluğuma rişxənd edir, irişib dişlərini göstərir. Ancaq bunların bir cüt tısbağa olması mənə toxtaqlıq verir.
Evə qayıdanda anam məni qarşılayır. Qınaqları, töhmətləri mərmi kimi üstümə yağdırır. Susqunluğumu uğursuz hesabat kimi qəbul edib daha da özündən çıxır. Anam danışdıqca boğazının nazik dərisi sallanır, üzündəki dərinləşmiş qırışlar vəhşətin gözqorxudan naxışları kimi məni daha da həyəcanlandırır. Daha onun üzünə baxmağa cəsarətim çatmır.
Anamdan sonra arvadım məni sancır, lap at qarışqası kimi, zəhərini üstümə hopdurur, çirkli dırnaqlarımla sinəmi, boynumu qaşıyıram. Arvadım bu qaşınmanı kanalın üstündə fırfıra kimi fırlanan malyariya ağcaqanadlarıyla əlaqələndirir. Gec-tez bu xəstəliyi canıma salacağımı deyir. O, mənim balığa getmək vərdişimi "veyllənmək üçün sərfəli fəaliyyət" adlandırır və qınaqlarını bu təsbitlə tamamlayır.
Biz üç ildir evliyik, uşaqdan-köşəkdən bir şeyimiz olmasa da, yola getməsək də, ondan canımı qurtarmağa həvəslənmirəm. Axı mənim həvəsim başqa şakərlərədir və onları bir kənara qoyub arvadıma ayrılmağı təklif etsəm, bu həngamənin içindən bilmərrə çıxa bilmərəm. Maraqlarım, həvəslərim, istəklərim bu həngamənin alovunda yanıb kül olar. Heç anam da arvadımı məndən az istəmir, üstəlik, onu mənə çox görür.
Gecədir. Arvadım uzun qollarını böyük balışın altında cütləyib yuxuya keçib. Qaranlığın rəngindən də tünd saçları mələfəyə yayılıb. Yan otaqdan gələn anamın xorultusu və arabir eşidilən it hürürşməsi gecənin səssizliyini pozur. Yuxuya keçə bilmirəm, yerimdə vurnuxmağa ehtiyat edirəm, birdən arvadımı oyadaram. At qarışqalarını, onların gecə həyatını düşünürəm. Yəqin onlar insanlar kimi uzun-uzadı yuxuya qərq olmurlar, yatmaq onlar üçün işarası fasilə kimi bir şeydir.
Qəflətən yan otaqda yatan anamın qışqırtısı eşidilir. Arvadım yerindən dik atılır. İkimiz də onun yanına qaçırıq. Anam sinəsində kəsəyən gəzdiyini deyir, işığı yandırır, kəsəyənin hərəkətlərini təqlid edir, onu dərhal tutub öldürməyimi tələb edir.
Ensiz taxta parçası ilə çarpayını, döşəməni döyəcləyirəm. Kəsəyən birdən şkafın altından çıxır və ayağım üstündən aşaraq o biri otağa keçir. Özümü saxlaya bilməyib qışqırıram. Anam məni qorxaq adlandırır, fərasətsizliyimə təriflər qoşur. Növbəti bacarıqsızlığım arvadıma da xoş gəlmir və ikrah dolu baxışları ilə məni süzür və yatmağa qayıdır.
Səhər hamıdan tez oyanıb qarışqaları yoluxmağa gedəndə gördüklərim canıma üşütmə salır. Dar çuxurdan içəriyə doğru uzun bozumtul quyruq dartınır. Quyruğun özündə hər hansı hərəkət yoxdur və onu hansısa qüvvə iflic olmuş dil kimi çəkib ağzına salır. Bu, əlbəttə ki, kəsəyən quyruğudur. Qarışqaların hamılıqla onu ovlaması, keyləşdirib müqavimətini boğması və ya leş olmuş cəmdəyini haradansa tapıb koloniyaya gətirməsi mənim üçün ciddi fərq daşımır. Məni dəhştə qapdıran odur ki, onlar dünən gecə mən bacarmadığımın öhtəsindən gəliblər. Kim bilir, bəlkə də elə evimizə girib anamı diksindirən kəsəyəndir. Kim bilir, bəlkə də qarışqalar bizi izləyir, bəlkə də onlar mənim əfəllik göstərdiyim işlərdə böyük hünər sahibi olduqlarını sübut etməkdən ötrü bunları edirlər.
Çuxurdan ard-arda at qarışqaları çıxır, müxtəlif yerlərə istiqamət alırlar.
Evə qayıdanda arvadım tərəfindən mehriban qarşılanmağım diqqətimi qarışqalardan ayırıb başqa bir maraqdan yana edir. O, mənə isti çay süzür, özü də şirniylə. Dalbadal verdiyi suallara xurd-xəşil cavablar düzüb-qoşuram. Bizim mehribanlığımız anamın da üzünə təbəssüm qondurur. Dodaqaltı nəsə pıçıldayır. Gözlərini dikəldəndə tanrıya dua etdiyin anlayıram. Anam sevincək otaqdan çıxır. Arvadım mənə biraz da yaxınlaşır. Arıq barmaqlarımı sığallayır, sonra əlini çallaşmış qalın saçlarımda gəzdirir. Məndən ayın neçəsi olduğunu soruşur. Düşünmədən cavab verirəm: "Oktyabrın 8-i".
Arvadım bizim toyumuzdan söz salır. Sərin bir payız günündə evləndiyimizi deyir, ayın da məhz oktyabr olduğunu əlavə edir və maraqla üzümə baxır. Onun baxışlarında məndən onu şadlandıran və qəlbinə ehtiras, qızğınlıq gətirən cavab (özü də elə cavab ki, bu mövzunu təntənəli sonluqla bitirsin) istədiyi hiss olunur. Birdən hər şeyi xatırlayıram. "Yadıma düşdü, yadıma düşdü, əlbəttə, ayın 10-u bizim toy günümüzdür" deyib isti çaydan bir qurtum alıram. Arvadım hiddətlə yerindən sıçrayır, təkanı döşəməni titrədir, isti maye stəkandan üzümə, sinəmə sıçrayır.
Arvadımın donqultusu anam onun yanına gələndə kəsir. İkilikdə nə haqqındasa danışırlar. Axşam yeməyində hər ikisinin üzündə mənə olan etinasılığı, inamsızlığı oxuya bilirəm. Onların səmimi qəzəbi məni ət qovurmasından daha tez doydurur.
Növbəti səhər də uğursuz balıq ovum başlayır. Ona görə uğursuz ki, bu kanalda balıq yoxdur və mənim aqibətim, əliboş qayıdacağım əvvəlcədən məlumdur. Kanalda balıq olmasını, mənim isə onları tuta bilməməyimi bir ehtimal kimi şüruma yaxın buraxmıram. Yerimi dəyişmək də istəmirəm. Axı bura at qarışqalarına ən yaxın ünvandır.
Qarışqaların səltənətinə sarı gedəndə uzaqdan qəribə formada hərəkət etdiklərini sezirəm. Bir-birinə keçmiş iki halqa şəklində dövrə vururlar. Üzərlərində ölmüş milçək, çəyirtgə və kal böyürtkənlər var. Onları koloniyaya endirmirlər, halqalar şəklində yürüşlərini davam etdirirlər. Gördüyüm mənzərə yadıma bir şeyi salır, əvvəlcə inanmaq istəmirəm, qarışqaların "8" formasında hərəkətləri dəyişmədikdə sürətimi yavaşıtmadan evimizə doğru qaçıram. Qarmağımı götürmək belə yadıma düşmür.
Evə çathaçatda darvazanın çölünü süpürən anamın sərt baxışları da sürətimi azaltmır. İçəri girib arvadımı axtarıram. Aha, mətbəxdə kauçuk ləyənə yığılmış kartofları soyur. "Ayın səkkizi... Səkkizi bizim toy günümüzdür" - deyib səbrsizcəsinə ondan cavab gözləyirəm. Arvadımın üzündə fövqəladə axmaqlıq görübmüş kimi ifadə yaranır. Özünü saxlaya bilməyib dəli sayaq gülür. Sağ əlinin şəhadət barmağını gicgahına yaxınlaşdırıb qıfıla salınmış açar kimi burur. "Nə tez yadına düşdü?" - deyib məni ələ salır. Ona cavab verməyə söz tapmıram. Bu gün ayın doqquzudur və mən gecikmişəm.
Hava qaralanadək həyətin müxtəlif köşələrində, gecə isə yataqda qarışqaların iki halqaya düzülərək "8" əmələ gətirməsinə ağlabatan izah verməyə çalışıram. Hərgah bunun bir izahı var: qarşıqalar mənim edə bilmədiyimi edir, duya bilmədiyimi duyurlar. Onların hissiyatı mənim təsvirəgəlməz fərsizliyim qarşısında mütləq zəfər çalır. Mən insan cildinə girmiş zavallı qarışqa, onlarsa qarışqa qılaflı dərrakə sahibləridirlər. Onlar mənə sataşmır, məsxərəyə qoymur, onlara olan hüduzsuz marağımı anlayıb mənə - bu binəvaya ağıl və cəsarət ötürməyə çalışırlar.
İndi mənim arvadımla yola getmək, anamla dil tapmaq üçün at qarışqalarının köməyinə ehtiyacım var. Onların bircə işarəsi bizim tərs gətirən taleyimizin ümumi axarını dəyişə, bizə sevinc və firəvanlıq bəxş edə bilər. Lazım gəlsə diz çökərək onlara yalvaracam, səadətin sirrini onlardan qoparana kimi nə lazımdırsa edəcəm.
Səhər açılar-açılmaz koloniyaya üz tuturam. Ətrafda heç bir qarışqa gözə dəymir. Çömbəlib gözləsəm də faydası olmur, qarışqalar gəlib keçmir. Nəhayət, uzun bir çubuqla koloniyayı eşməyə başlayıram. Kövrək torpaq layları uçub dağıldıqca aralarını izləyirəm. Yoxdurlar, yoxdurlar. Qarışqalar köç edib, məmləkətlərindən baş götürüb gediblər.
Baş verənləri qiymətləndirməyə çalışıram. Qayıdanda dünəndən kanalın başında şonquyub qalan qarmağımı görürəm. Əlimə alıb suya tullayıram. Dibə enib gözdən itir.
Evə çatanda anamı və arvadımı mehribanlıqla salamlayıb onlarla danışmaq istədiyimi deyirəm. Davranışım onları təəccübləndirir. İçəri keçirik. Evimizi satıb şəhərə köçməyi təklif edir, bunun bizim rahatlığımız üçün gözəl addım olduğunu dilə gətirirəm. Onların sözümü kəsməsinə imkan verməyərək şövqlə və ucadan danışıram. Şəhərdə özümə bab iş tapıb işləyəcəyimi, onları dolandıracağımı, korluq çəkməyəcəyimizi bəyan edirəm. Arvadımın üzü gülür, anam sevincdən kövrəlir. İkisi də razı halda məni axıradək dinləyir, ehtiramla başlarını tərpədib fikirlərimə qüvvət verirlər. Onlar elə təəccüblü və çaşqındırlar ki, mənim bir andaca necə dəyişdiyimi, bunun baiskarı nəyin olduğunu soruşub bu xoşbəxtlik ilğımını dağıtmaqdan qorxurlar. Arvadım mənə sığınır, anam üzümdən öpür.
Qarışqalar yurd dəyişdirmələri bahasına olsa da, mənə şadlığın açarını verirlər. Artıq yeni həyatı, şəhəri, harada işləyəcəyimi fikirləşirəm. Əzvaylığın ağır libasını əynimdən çıxardığım üçün özüm də fərəhliyəm. At qarışqalarını başqa vaxt, başqa yerdə yenə də görəcəyimə ümid edirəm.