1940 və ya “Borc” - Daşqın Məmmədovun hekayəsi

1940 və ya “Borc” - Daşqın Məmmədovun hekayəsi
4 may 2024
# 14:45

Bu gün yazıçı Daşqın Məmmədovun doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və mart soyqırımına məruz qalanlara və repressiya qurbanlarına ithaf etdiyi "1940 və ya “Borc”" hekayəsini təqdim edir.


1918

Gələn xəbərlər çox vahiməli idi. Ağaxan da ailəsini Şamaxıdan təcili çıxarmağı düşünürdü. Amma bu işi uşaqlarını qorxutmadan və camaat arasına çaxnaşma salmadan etməyə çalışırdı. Vaxt daralırdı, ermənilər artıq bir neçə kəndə soxulub yandırmışdılar. Düzdü, bu gün Şamaxı müsəlman icmasının rəhbərləri ilə erməni katalikosları arasında sülh barədə andlaşma olmuşdusa da, Ağaxan bu müqaviləyə heç inanmırdı. Yaxşı əlaqələri olan Ağaxan ermənilərin bu müqaviləni vaxt qazanmaq, Bakıdan göndərilmiş üç min daşnakın çatmasını gözləmək üçün bağladıqlarını öyrənmişdi, lakin erməni məkrinə şəhər ağsaqqallarını inandıra bilməmişdi.
Nüfuzlu ailədən çıxması, dövrünə görə yaxşı təhsil alması, dəyirmanları və taxıl ticarəti sayəsində toplaya bildiyi var-dövlətə görə Ağaxan Şamaxıda tanınmış adamlardan idi. Onun Bakı ilə də yaxşı əlaqələri vardı. Demək olar ki, bir-biriləri ilə didişən bütün siyasi qrupların arasından özünə dostlar qazana bilmişdi.

Ona görə də vəziyyətin çox ağır olduğunu yaxşı bilirdi. Həm də əllərindəki hazırki silah və qüvvələrlə Şamaxını müdafiə edə bilməyəcəkləri də ona bəlli idi. Ən pisi isə Şamaxı başbilənləri tərəfindən heç bir əsaslı tədbir görülməməsi və hələ də ermənilərə inanılmasıydı.

1918-ci il martın 17-də səhər hava açılmamış Ağaxan iki qızı, iki oğlu və anasını atlarla İsmayıllı istiqamətində şəhərdən çıxartdı. Faytonla getmək çox təhlükəli idi. Əsas yollar hamısı artıq ermənilərin nəzarətində idi. Təhlükəsiz yerlərədək ailəsini müşayət etdikdən sonra, onları yolda qarşılamış qayınına son məsləhətlərini verərək özü yenidən Şamaxıya qayıtdı. Doğma şəhərini ağır vaxtında tərk edib təhlükəsiz yerə çəkilmək Ağaxanlıq deyildi. O axşamın qaranlığından istifadə edib şəhərə girdi. Dərhal da bu aralar bir növ baş qərərgaha çevrilmiş Şamaxının ən böyük cümə məscidinin önünə getdi. Burda xeyli adam toplaşmışdı. Artıq ermənilərin şəhərə girməyəcəyinə çox az adamda inam qalmışdı. Lakin Şamaxını bu dişindən dırnağınadək silahlanmış peşəkar qatillərdən müdafiə etmək üçün silah-sursat yetərsizdi. Böyük qətliamın olacağı labüd idi. Şamaxı ətrafındakı bütün müsəlman kəndləri yandırılmış, vaxtında dağlara qaça bilməmiş əhali- qoca, qadın, uşaq fərq qoyulmadan ermənilər tərəfindən vəhşicəsinə qətl edilmişdi. Əhalinin bir hissəsi şəhəri vaxtında tərk etsə də gedə bilməyənlər də kifayət qədər idi. Silahı olanların hamısı şəhərin müdafiəsinə cəlb edilmişdi. Ağaxana da otuz nəfərlik dəstəyə başçılıq edərək şəhərin qərb girişindəki məhəllələrdən birini qorumaq həvalə edildi.
Novruz bayramına iki gün qalmış, 1918-ci ilin mart ayının 18-i səhər saat altıdan başlayaraq ermənilər şəhəri üç tərəfdən pulemyot, top və tüfənglərdən atəşə tutmağa başladılar, şəhərdən qaçmaq üçün atəşə məruz qalmayan şəhərin şimal hissəsinə üz tutmuş insanları həmin ərazidə daim yaxşı şəraitdə yaşamış və müsəlman qonşuları tərəfindən xoş münasibət görmüş nankor yerli ermənilər gülləyə tutmağa başladı. Beləliklə şəhərdən qaçıb çıxa bilmək çox az insana nəsib oldu. Ağaxanın dəstəsindən də həmin gün günortadan sonraya çox az adam sağ qalaraq sıx bağlıq hissədə gizlənə bilmişdi. Gizlənə bildiyi dörd gün ərzində Ağaxanın gözləri görüb, qulaqları eşitdikləri bir ömür boyu ona bəs oldu.

Qırğının dördüncü günü Şamaxıda baş verənlər barədə eşidərək Gəncəbasardan könüllü toplanmış azərbaycanlı silahlı dəstələr özünü viran edilmiş şəhərə çatdıra bildi.

Ermənilər qısa müqavimət göstərərək sürətlə yaxınlıqdakı erməni və malakan kəndlərinə geri çəkildilər. Köməyə gəlmiş silahlı dəstələr bu kəndlərə bir neçə dəfə hücuma keçsə də, erməni daşnaklarının güclü silahlandığını və sayca çox olduqlarını anlayaraq sağ qalmış sakinlərin təhlükəsiz yerlərə təxliyyəsi ilə məşğul olduqdan sonra yandırılıb talan edilmiş Şamaxı yurdunu tərk etdilər.
Martın 18-dən iyulun 20-dək Şamaxını və ətraf müsəlman kəndlərini talayaraq tar-mar etməkdə ermənilərə kimsə mane ola bilmədi. Rəqəmlər vahiməli idi, Şamaxı qəzasının 90-a yaxın kəndi soyqırıma məruz qalmış, 40 minə yaxın müsəlman vəhşicəsinə qətl edilmişdi.

Ağaxan Türk Qafqaz İslam ordusu gələnədək boş oturmamış, başına topladığı igid eloğluları ilə dəfələrlə erməni qatillərinə qarşı pusqu və hücumlar təşkil edərək onlara xeyli ağır zərbə vura bilmişdi. Türk İslam Ordusu gəldikdə isə sevinclə onlara qoşularaq Şamaxının işğaldan azad edilməsində iştirak etdi. Ermənilər zəbt etdikləri Şamaxının heç yarım gün müdafiəsində dura bilməyərək, sürətlə Bakıya doğru qaçmağa başladılar. Düşməndən azad edilmiş şəhərinə girən Ağaxan göz yaşlarını saxlaya bilmədi. Küçələrdən yanmış və parçalanmış insan cəsədləri yığılmamışdı, yanıb qaralmış və iylənmiş meyid qoxusu insanın başını gicəlləndirirdi. Şəhərdə yandırılmamış çox az ev qalmışdı, o evlər ki, onlardan ermənilər özləri istifadə etməli olmuşdu. Qismətdən Ağaxanın evi də bu yanğına məruz qalmamış evlərdən idi.

Axşam İslam Ordusu ilə birgə şəhərə gələn yeni qurulmuş Azərbaycan Cümhuriyyətinin nümayəndəsi mərkəzi meydana yığılan camaata müraciət etdi:
- Camaat, ey müsəlman qardaşlarımız, dərdimiz böyükdü, baş vermiş vəhşiliyi hamımız gördük, kiminsə kimsəyə nəyisə anlatmasına ehtiyac qalmadı. Şükür Allahın böyüklüyünə ki, qardaş türk ordusunu koməyimizə yetirdi, torpaqlarımızı bu murdar dığalarından azad edə bildik. Az vaxtda Bakımızı da mənfur düşməndən azad edib müstəqillik bayrağımızı orda da dalğalandıracağıq. Amma qoşun burda qalıb bir neçə gün dincini alaraq yeni döyüşə hazırlaşmalıdır. Sizdən xahişim odur ki, salamat qalmış evlərdə türk qardaşlarınızın qalıb dincəlməsinə köməklik və şərait yaradasız. Bununla həm də böyük savab qazanmış olarsız.
Ağaxan da dərhal bir neçə mehmetciyi özüylə apararaq evində yerləşdirib qulluqlarında durdu. Onlar Şamaxıda təxminən on beş gün qaldıqdan sonra Bakının azad olunması savaşına qoşulmağa hazırlaşdılar.
...
Ağaxan ailəsini İsmayıllıdan Şamaxıya bir neçə ay sonra gətirə bildi, istəmədi ki, şəhər qismən təmizlənməmiş və azacıq da olsa bərpa edilməmiş ailəsi də onun gördüyü dəhşətləri görə. İndi Ağaxan daha ürəyi yumuşaq və kövrək olmuşdu. Ailəsinə daha çox vaxt ayırır, uşaqlarının üstündə yarpaq kimi əsirdi. Öz uşaqlarına baxdıqca şəhərdə öldürülmüş uşaqların çığırtıları qulaqlarında cingildəyir, gözləri nəmlənirdi. Hadisələrdən sonra onun dünya malına, var-dövlətə, mal-mülkə olan həvəsi, nəfsi tamam öldü, yandırılmış dəyirmanlarını təmir etmədi, ticarətdən də əl çəkdi. Yeni hökümətin Şamaxı şəhər rəhbərliyində təklif edilən orta bir vəzifə ilə razılaşaraq şəhərin yenidən dirçəlişi işində var gücü ilə çalışmağa başladı.

***

1938

Məlum hadisələrdən artıq iyirmi il keçmişdi. Bu iyirmi ildə elə Ağaxanın özünün də həyatından nələr-nələr keçməmişdi ki? Sevinclə qurub xidmət etdiyi müstəqil dövlət yıxılmış, yerində “şura” hökuməti deyilən guya ki, yeni bir dövlət qurulmuşdu. Bir yerdə işlədiyi adamların çoxu ya vətəni tərk etmiş, yaxud da güllələnmişdi. Köhnə dostlar demək olar ki, tükənmişdi.
Milli hökumət yıxılandan sonra, yeni bolşevik hökuməti Ağaxana işində qalıb işləməyi təklif etdi. Bunda Ağaxanın bir vaxtlar bir yerdə təhsil aldığı, sonralar bolşeviklərə qoşulmuş dostlarının da böyük köməyi oldu. Onsuz da daha Axaxan varlı, burjua sayılmırdı.
Atıq övladlarını böyüdüb-oxutmuş, “baş-göz” etmişdi. Azyaşlı nəvələri onun qəmli ürəyinə fərəh gətirir, ağır günlərin yükünü üzərindən götürürdü.

37-38-ci il repressiyası ilə “Şamaxı işi” deyilən 27 oktyabrdan 2 noyabr 1937-ci ilədək davam edən dinləmələrlə başlamışdı. Əsas müttəhimi məşhur inqilabçı Həmid Sultanov olan bu prosesdə onunla yanaşı müttəhimlər kürsüsündə 13 nəfər də var idi.

Bu, hələ başlanğıc idi. Hamısı da Ağaxanın yaxından tanıdığı, hər gün üzbəüz gəldiyi insanlar. “Bulanlıq dalğa” özü ilə çoxlarını qara torpaq altına və sürgünə apardı. On üç nəfərin ifadəsi ilə günahsız insanlar muncuq kimi güllələnmə növbəsinə düzüldü. İnsanlara elə zülmlər, işgəncələr edilirdi ki, oğullar atalarından imtina edir, qardaş-qardaşın üzünə dururdu. Müttəhimlər dözməyib istintaqçılara yalvarırdılar ki, hansı sənədi istəyirsiz, kimin üzünə durmağı deyirsiz, gətirin oxumadan imzalayaq, amma daha işkəncə etməyin, aparın güllələyin. Dustaqlar kameralarının qapıları açılanda çarpayının altında gizlənirdilər. Bir dəfə daxili işlər komissarına bir nəfərin heç nəyi boynuna almadığını dedikdə, “döyün” deyir, “döyürük”, yenə imtina edir cavabını eşitdikdə, “demək yaxşı döymürsüz” deyə tabeliyindəkiləri qınamışdı.

Ağaxan üçün 1918-ci ildə gördüyü dəhşətlərdən sonra ölüm qorxusu öz vahiməsini itirmişdisə də, özünün güllələnməyindən deyil, ona xalq düşməni damğası vurulduqdan sonra ailəsinin başına gətiriləcəklər, onlardan hamının necə üz döndərəcəyini fikirləşmək qorxunc idi. Düzdü, milli hökumət zamanı Ağaxan heç bir partiyanın üzvü olmamışdısa da, bu yüngülləşdirici halın heç də bir gün onu ölüm dalğasından qurtara biləcəyinə əmin deyildi. Bir gecə onun da qapısının döyüləcəyi yəqin idi. Bu səbəbdən hər gecə ailəsinin, övladlarının sürgünlərdə hansı əziyyətləri çəkəcəyini düşünərək yuxularını qarışdırır, yenə həmin acı dörd gündə gördüyü erməni zülmü gözündə canlanır, qadın, uşaq çığırtıları qulaqlarında səslənirdi.

TAK-TAK-TAK...

Bu nə səsdir? Ağaxan cəld işığı yandırıb saata baxdı. Gecə saat 3-dür. Gözünə və qulaqlarına inanmadı. Ürəyi qopub ayağının altına düşdü. Bəlkə qulağına səs gəlib. Yatağa sarı çevrilib rəngi ağappağ ağarmış arvadını gördükdə ürəyinin döyüntüsünün səsini eşitməyə başladı. Hər ikisi sanki donmuşdu.

TAK-TAK-TAK...

- Tez qapını açın,-bayırdan zəhmli səs gəldi.

Ağaxanın dizləri əsdi, qapıyacan necə getdiyini bilmədi. Arvadının yataqda ürəyi getdi. İndi Ağaxan da əvvəlki Ağaxan deyildi, illər və gördüyü müsibətlər onu qocaltmış, ürəyini yuxalaşdırmış, ailəsinə bağlılığı ruhunu zəiflətmişdi. İyirmi il əvvəl olsaydı, silahını götürüb, pəncərədən atılar, dağlara çəkilərdi. Son nəfəsinədək mübarizə aparardı. Canını verənədək neçə canlar alardı. Amma indi? Amma indi yaşı əlli beşi yeni keçsə də, yaşından qat-qat daha qoca görünürdü. Ancaq qaməti hələ bükülməmiş, gözləri diriliyini itirməmişdi.

Ağaxan qapını açan təki içəri eyni qara rəngli dəri pencək, qara şalvarlarını dəri çəkmələrinin içinə salmış, pencəylərinin üstündən tarım çəkilmiş kəmərlərindən tapanca asılmış, başlarında dəri qara kepka olan beş nəfər tələsik otağa girdi.
Artıq ürəyi getmiş xanımından başqa bütün ailə ayaq üstə idi. Yanında qalan oğlu, gəlini, hətta altı yaşlı nəvəsi də dəhlizdə rəngləri ağarmış, gözləri dolmuş, dil-dodaqları qurumuş vəziyyətdə donub qalmışdılar.
- Məmmədov Ağaxan Ağarza oğlu kimdir?- gələnlərdən biri üzünü Ağaxana tutaraq zəhimli, lakin sakit səslə soruşdu.
Ağaxanı özünə gətirən yenə ailəsi oldu. Onların pərişan halını görən kimi özünü yığışdırdı:
- Mənəm.
- Əynini geyin, bizimlə gedəcəksən,-yenə həmin şəxs bu dəfə quru səslə dilləndi.
Əynini sürətlə geyinən Ağaxanın ürəyindən həmin an nələr keçmədi, bu bir neçə dəqiqədə haralara gedib haralardan qayıtmadış Dəyişənək-filan da götürmədi. Arvadını ayıldaraq qorxmamasını söyləyib, tezliklə qayıdacağını deyərək təsəlli verməyə çalışdı. Lakin arvadı heç nə hiss etmirdi, ruh kimi idi. Dəhlizdən səs gəldi:
- Bir qədər cəld olun, Məmmədov.
- Gəldim-gəldim,- deyə Ağaxan cəld dəhlizə çıxdı.
Sanki durduqları yerlərinə yapışmış gəlinini və oğlunu qucaqlayaraq öpdü. Nəvəsini qucağına aldıqdan sonra:
- Oğlum, mən bu dünyada çox çətinliklər görmüşəm, dünyanın pis günü yaxşı günündən həm çoxdu həm də uzundu. Yenə şükürlər olsun ki, bu günlərə gəlib çıxdıq. İnşaallah, tezliklə qayıdaram (bu sözə özü qarışıq kimsə inanmadı). Mən qayıdanadək ailəmizin böyüyü sənsən. Anana təsəlli ol. Hə, bir də ailəmizi qorumaqdan ötrü lazım gəlsə məndən imtina belə edərsən.
- Ata...
- Əsas ailədir. Nə dedimsə o cür də edərsən.-Ağaxan oğluna danışmağa imkan vermədi.
- Getmək vaxtıdı,-yenə həmin şəxs səsləndi.
- Sağlıqla qalın!-deyən Ağaxan nəvəsinin boynunu üzünə sığaraq bərk qoxladıqdan sonra, elə boynundanca möhkəm öpərək gəlininə uzatdı. Sanki nəvəsinin qoxusunu, dadını daim burnunda, dodağında saxlamaq istəyirdi. Cəld üzünü çevirərək qəfil gələn qonaqlarla qapıdan çıxan Ağaxanın dolmuş gözlərini evdəkilər görə bilməsələr də hiss etdilər.

***
Ağaxan aparıldıqdan xeyli sonra yerində sanki heykələ dönmüş ailəsi özünə gəldi. Oğlu Abbas gözlərinin yaşı dayanmayan arvadına səsləndi:
- Anamızı tez özünə gətirmək lazımdı.
Abbas başını əllərinin arasına alaraq anasının çarpayısının ayağında xeyli oturu vəziyyətdə fikrə daldıqdan sonra qəfil ayağa qalxdı:
- Kəmalə, mənim üçün təcili yol hazırlığı gör, hava işıqlanmadan yola çıxacam.
- Bizi qoyub sən hara gedirsən?- Kəmalə bir qədər tutularaq dilləndi.
- Qorxma. Vəziyyəti yaxşı bilirsən, kimsəyə sirr vermək olmaz. Tezdən Bakıya Rəhman dayının yanına gedəcəm. Sən anamdan və uşaqlardan müğayət ol.
...
Axşama güclə Bakıya yetişən Abbası Rəhman kişi çox səmimiyyətlə qarşıladı, qucaqlayıb öpdükdən sonra qoluna girib içəri dartdı:
- Tələbə vaxtı tez-tez gələrdin, neçə illərdi gəlmirsən, deyəsən, unutmusan bu qoca dayını. Rəngin xoşuma gəlmədi, danış görək siz tərəflərdə nə var, nə yox? Atan, anan, bacıların, qardaşın necədi? Lap çoxdandı sizdən xəbərsizəm. Hə otur, bax burda otur,-deyərək Abbası yumşaq kürsüyə oturtdu.
- Atamı bu gecə apardılar, Rəhman dayı.- Abbas heç bir giriş filan vermədən birbaşa dilləndi.
Amma bu cümlə Rəhmana artıq hər şeyi açıb deyirdi. “Bu gecə apardılar”ın nə demək olduğunu o yaxşı bilirdi. Kimin apardığını, nə üçün apardığını, sonunun nə olacağını ona izah etməyə ehtiyac yox idi.

Can borcu

Rəhman kişi ölkə rəhbəri ilə bir küçədə böyümüş, bir məktəbdə təhsil almışdılar. Uşaqlıqdan indiyə kimi onunla dostluğu davam etdirə bilın bəlkə də tək adam idi. İndi də rəhbər darıxanda, işdən yorulanda onu yanına dəvət edər, olub keçənləri yada salıb danışıb gülər, ürəyini boşaldardı. Rəhman cavan vaxtlarında elə rəhbərin bolşevik kamandasında olmuş, onun tapşırığı ilə bir sıra təhlükəli tapşırıqları yerinə yetirmişdi.

Onlardan biri də elə 1918-ci ilin mart ayının axırına təsadüf etmişdi, həmin günlər ermənilər Şamaxı qəzasında at oynadırdılar. Rəhman rəhbərin gizli məktubunu Şəkiyə çatdırmalı idi. Şamaxı yaxınlığında ermənilər onu haqlayaraq atdan yerə saldılar, xeyli təpiklənən Rəhmana nə baş verdiyi çatmırdı. Onlar Rəhmandan hardan gəlib hara getdiyini soruşmağa başladılar. Amma Rəhman bunu heç cür deyə bilməzdi. Vəhşicəsinə döyülmə davam etdiyi vaxtda Rəhman bu ermənilərin bolşeviklərlə əlaqəsi olduğunu hiss etdi. Bundan ürəklənərək:
- Mən də bolşevikəm,- deyə bildi.
Onun sözünə gülüşən ermənilər:
- Arə, bolşeviksən, amma erməni deyilsən. O biriləri köməyə Həzrət Abbası çağırır, sən də onda Lenini çağır,- deyərək onu ələ salıb yenidən gülüşməyə başladılar.

Bax, elə bu vaxtı bir dəstə atlı hücum edərək, Rəhmanı onların əlindən qurtardı. Özləri ilə dağlara apararaq, iki gün qulluğunda durdular. Özünə gəldikdən sonra Şəkiyə yola saldılr. Həmin dəstənin başçısı Ağaxan idi. Rəhmanla Ağaxanın dostluğu belə başladı.

Gecikmək olmazdı. Artıq saniyələrin öz hökmü vardı. Rəhman cəld ayağa qalxdı:
...Bir saat sonra artıq o rəhbərin evində idi. Onu bu evə girərkən kimsə saxlamaz, heç bir söz soruşmazdılar. Gəlibsə, demək, rəhbər çağırıb.
- Hə. Nə yaxşı. Xoş gəlmisən,-deyə Rəhmana yaxınlaşan dostu onun əlini sıxdı və əlini əlindən buraxmadan masanın yaxınına gətirdi.-De görüm, nə baş verib? Səni görməyimə sevinsəm də, bilirəm ki, ciddi bir şey baş verməsə bura gəlməzdin. Rəngin də xoşuma gəlmədi.
- Çox uzatmadan deyəcəm. Can borcum olan birini bu gecə evindən aparıblar. Borcumu qaytarmağın vaxtıdır. Məni o biri dünyaya borclu göndərmə, xahiş edirəm,-deyə Rəhman birbaşa mətləbə keçdi.
Rəhbər çox fikirləşmədən qələm kağız götürərək birbaşa:
- Adını- soyadını söylə,-dedi
- Ağaxan Məmmədov. Şamaxı şəhərindəndi. Adım kimi əminəm ki, əyri yola düşməz.
Dostu onun sözünü kəsdi:

- Rəhman, heç məndən də adın kimi əmin olma. Baxaq görək nə edə bilirik?
Rəhbər masanın üstündəki düyməni basan kimi otağa kip, qara uniformalı gənc daxil oldu. Əlindəki vərəqi bir söz demədən ona verdi. Cavan oğlan kağızı alıb dinməz qapıdan çıxdı.
- Rəhman, kimin kim olduğu bilinməyən zamandayıq. Mən rəhbərəm, amma hər şey mənim nəzarətimdə deyil. Birbaşa Moskvanın nəzarətində olan, heç mənim də təsir edə bilmədiyim qüvvələr var.

Aradan keçən təxminən yarım saat ərzində onlar müxtəlif məsələlərdən söhbət etmişdilər ki, yenə həmin gənc otağa daxil oldu, əlindəki bükülü vərəqi rəhbərə verib cəld otaqdan çıxdı.

Rəhbər vərəqi oxuduqdan sonra üzünü Rəhmana çevirdi:
- Həə. Sənin dostun 1918-ci ildə türk əsgərlərini evində saxlayıb. Bununla bağlı qonşuları danos yazıblar. Görürsənmi, bəlkə həmin qonşulara sənin bu Ağaxanının nə qədər yaxşılığı dəyib. Bəlkə də hər rastlaşanda üzünə gülürlər. Amma axşam evdə oturub sənin iyirmi il əvvəl etdiyin iş barədə gizli məktub yazırlar. Çox ehtimal ki, Şamaxını ermənilərdən xilas etmiş türk əsgərləri gələndə Ağaxandan çox ondan yazan qonşulara xeyirləri dəyib,-deyən rəhbər, Rəhmana ağzını açmağa imkan verməyərək davam etdi.- Sabah dostun evində və işində olacaq. Amma sənin bununla bağlı məndən xahiş etdiyini və onun bu xahişə görə azad edildiyini kimsə bilməyəcək.

Rəhman yalnız bu gün dostunun üzündə heç vaxt rastlaşmadığı qəribə cizgilər gördü. Son cümləni deyərkən elə bil o həmişəki “Seyid” deyildi. Tamam yad baxışlar, şeytani cizgilər peyda olmuşdu üzündə. Bu bir anlıq baxışdan Rəhmana soyuq tər gəldi. Sanki o, yalnız indi uzun illərin dostunun əsil sifətini görə bilmişdi.

- Demək danışdıq. Dostuna da başa sal. Çünki daha sənin ona borcun qalmadı.

Onlar sağollaşıb ayrıldılar. “Seyidin” bir anlıq dəyişmiş sifəti Rəhmanın gözündən getmirdi. Bu sifət ona çox şey anlatmışdı. Bu sirrin nə qədər qiymətli olduğunu rəhbər ona bir baxışla başa salmışdı. Bu sirr açılsa onun başına nə gələcəyini dostu ona bir işarə ilə bildirmişdi. Rəhman evə girəndə Abbas onu qapının ağzında qarşıladı. Heç nə soruşmadan sakitcə gözlərinə baxdı. Sanki soruşsa bəd xəbər alacağından qorxurdu. Rəhman bunu başa düşərək Abbası intizarda qoymadı:

- Bala, narahat olma, hər şey yaxşı oldu. Sabah atan evinizdə olacaq.

Rəhman yenə onu intizarda saxlamadı:
- Oğlum, atanı sabah buraxacaqlar. Amma bu söhbəti kimsə bilməməlidir. Xüsusən də bunu mənim xahiş etdiyimi. Heç bir şey olmamış kimi davam edin. Şükür, Ağaxana borclu getmədim bu dünyadan.

Birdən hər ikisi arxalarındakı öskürək səsinə diksindilər və hər ikisinə soyuq tər gəldi.
- Elə bil sizi yaman qorxuzdum?-deyən Rəhmanın kiçik oğlu bərkdən gülməyə başladı. -Başınız söhbətə elə qarışıb ki, evi soysalar xəbəriniz olmaz. Qapını da açıq qoymusuz. Hə, Ağaxan əmini buraxdıra bilmisən deyəsən? O kişi sənin sözünü yerə salmaz axı, mən bilirəm.

Rəhmanın dili topuq çaldı:
- Sən burda nə edirsən? Rayondan nə vaxt gəlmisən?
- Bilirsən ki, mən rayonda darıxıram, çatıb qayıtdım.
Bu sirri bilməməli yeganə adam onun kiçik oğlu Müşfiq idi ki, o da artıq məsələdən hali olmuşdu.
- Oğlum, madam ki, məsələni eşitdin, bizim həyatımızın bu sirrdən asılı olduğunu da bildin yəqin. Bu sirr bu otaqdan çıxdığı an mənim həyatım, bəlkə elə sizinki də təhlükədə olacaq. Artıq söhbətə ehtiyac yoxdur,-deyə Rəhman söhbətə son qoydu. Amma ürəyindən “üç kişinin bildiyi sirr, sirr deyildir” məsəlini keçirdi.

1940

TAK-TAK-TAK...

Həmin müdhiş səs bu dəfə Rəhmanın qapısından gəldi. Bəlkə də bu səsi ölkədə gözləməyən yeganə adam Rəhman elə özü idi.

TAK-TAK-TAK...

Qapı yenidən döyüldü. Eşikdən quru və zəhmli səs eşidildi:
- Vətəndaş Rəhimov, tez qapını açın.
Bu səsdən sonra artıq Rəhmanla birgə iki oğlu və xanımı dəhlizdə idi. Hamı dinməzcə bir-birinə baxırdı. Rəhman soyuqqanlı idi, sanki çoxdan gözlədiyi bir xəbəri almışdı. Qapını açandək üç qara geyimli şəxs içəri girdi, ikisi qapıdan bayırda qaldı.

Gələnlərdən biri sərt səslə dilləndi:
- Vətəndaş Rəhimov, hazırlaşın, bizimlə gedirsiz!
- Demək olar hazıram,-deyə Rəhman kinayə ilə dilləndi. Artıq arvadı Gülyaz ağlamağa başlamışdı. Kiçik oğlu qəfil gələnlərin üstünə qışqırdı:
- Siz mənim atamı tanıyırsız? Bilirsiz, o, kimdir? Yəqin qapını səhv salmısız.
- Biz heç vaxt qapıları səhv salmırıq. Vətəndaş Rəhimov, hazırsızsa gedək,-deyə yenə gələnlərdən ilk danışanı dilləndi.

Rəhman ailəsi ilə vidalaşmadı belə, oğlu Müşfiqin üzünə kinayə ilə baxıb gülümsədi. Qapıdan çıxarkən yenidən arxadan Müşfiqin səsi gəldi:
- Ata, narahat olma, mən tezdən “Seyid” əmiyə xəbər verəcəm. Onun bu işdən xəbəri yoxdur.

Rəhman geri çevrilmədən acıqla cavab verdi:
- Heç biriniz heç kimin yanına getməyin. Ehtiyac yoxdu. Heç olmasa bundan sonra dilinizi dinc saxlayın.

***
Rəhmanı itələyib qaranlıq bir kameraya saldılar, bir sutka ac-susuz saxladıqdan sonra sürüyüb gur işıqlı kameraya gətirdilər, içəridə iki masa və hərəsində qarşı-qarşıya iki stul vardı. Yerdə və divarlarda çoxlu qan ləkələri gözə dəyirdi. İkinci masaya da ağzı, burnu şişmiş, üzü-gözü qan içində olan bir məhkumu sürüyüb otuzdurdular. Rəhmanı gətirənlər gəlib indicə müstəntiqin gəlib onu istintaq edəcəyini, stulda oturub gözləməsini bildirdilər. İçəri üç qara uniformalı və bir mülki geyimli şəxs girdi. Forma geymiş üç nəfər məhkumun başı üzərində durdu, mülki geyimli şəxs isə onunla üzbə-üz oturdu. Məhkumdan bir neçə kəlmə söz soruşduqdan sonra yerə yıxıb vəhşicəsinə döyməyə başladılar. Özündən getmiş insanı üzərinə su töküb yenidən işgəncə edirdilər. İşgəncə edilən məhkumla göz-gözə gələn Rəhman bir baxışda umulan köməyin, ümidsizliyin, ağrının-acının son həddini gördü. Rəhman saatlarla bu dəhşətli mənzərəni izləmək məcburiyyətində qaldıqdan sonra, onu gətirən nəzarətçilər kameraya gəlib, onun istintaqının sabaha təxirə salındığını bildirərək gətirdikləri otağa apardılar. Bu dəfə otağın işıqları durmadan yanıb-sönməyə başladı.

Səhər yenə Rəhmanı həmin kameraya gətirib dünənki yerində otuzdurdular. Bu dəfə o gətiriləndə başqa birisini artıq yerdə təpikləyirdilər. Təpiklənən məhkum tərpənmirdi. Ya ölmüş, ya da huşunu itirmişdi. Amma cəlladların heç vecinə də deyildi. Otağa içərdəkilər kimi geyinmiş dörd nəfər girdi, eyni qayda ilə üçü Rəhmanın başı üzərində ayaq üstə sıraya düzüldü, biri onunla üzbə-üz əyləşdi. Rəhmanı basan soyuq tər alnından damcılamağa başladı. Qarşısında oturan müstəntiq əlində tutduğu kağızları masanın üzərinə töküb soruşdu:
- Demək, Hacıyev Əsəd Ruhulla oğlu sizsiz?

Rəhman güclə eşidiləcək səslə:
- Yox, Rəhimov Rəhmanam mən,-deyə bildi.

Müstəntiq əlindəki sənədlərin üstündəki şəkilə baxaraq:

- Deyəsən, otağı səhv salmışıq,-deyərək ayağa qalxdı və yanındakılarla bərabər otağı tərk etdi.
O biri istintaqçılar döyülməkdən huşunu itirmiş məhbusu bütün cəhdlərinə baxmayaraq ayılda bilmirdilər. Sonda otağın küncünə tullayıb getdilər. Onlar getdikdən onbeş dəqiqə sonra iki nəzarətçi gələrək ölü, yaxud diriliyi bilinməyən həmin məhbusu sürüyərək otaqdan çıxardı. Bir qədər sonra qapı yenidən açıldı, qapı açılarkən Rəhman bərk diksindi və canına əsmə düşdü. Lakin bu dəfə gələnlər onun qollarına girib yenidən öz kamerasına gətirdilər.

Bu kamerada da iki gün ac-susuz qaldıqdan sonra onu sürüyərək məhkəmə zalına gətirdilər. Zala gətirməmişdən öncə qarşısına imzalamaq üçün qoyulmuş bütün kağızları Rəhman oxumadan qolladı. Üç gün ərzində Rəhmandan heç kim bir kəlmə də olsa söz soruşub dindirmədi. Zala girməmişdən öncə ona bir stəkan su verdilər. “Qalxın! Hakim gəlir” sözləri səslənəndə yerindən tərpənə bilməyən Rəhmanı iki nəzarətçi qoluna girərək ayağa qaldırdı.

- Müttəhim Rəhimov Rəhman Mirzəcan oğlu, siz dövlət əleyhinə gizli təşkilata üzv olmaq, bu təşkilatın təbliğatı ilə məşğul olmaq, həmin təşkilata yeni üzvlər cəlb etmək ittihamları ilə ittiham olunursuz. İstintaq zamanı sizin 1918-ci ildə Müsavat hökumətinə köməyə gələrək çoxlu bolşeviki qətl etmiş türk ordusunun əsgərlərinə də yardım etdiyiniz, onları evinizdə saxladığınız bəlli olmuşdur (bu cümləni hakimin xüsusi eyhamla vurğulamağı Rəhmanın nəzərindən qaçmadı). Sadalanan ittihamlar hər biri əsaslı dəlillərlə sübut edilmiş, siz də ittihamda göstərilən cinayətləri etdiyinizi qəbul edərək, ittiham aktını imzalamısız. Bu səbəbdən məhkəmə açılmış cinayət işinin istintaq materiallarını qənaətbəxş hesab edir. Cinayət məcəlləsinin 58-2, 58-8, 58-10, 58-11 maddələrinə əsasən sizə ölüm hökmü verilir. Qərar qətidir, ondan şikayət və etiraz edilə bilməz.-Hakim hökmü oxuyub çatar-çatmaz zalı tərk etdi.

***
Nəzarətçilər Rəhmanı sürüyüb bir başqa kameraya gətirdilər. Qollarını qandalladıqdan sonra onu divarın qabağına çəkib gözlərini bağlayıb üzünü divara çevirdilər. Rəhman başının arxasına dirənmiş tapancanın soyuq lüləsini hiss elədi.
Güllə açılan kimi Rəhman səntirləyib yerə yıxıldı.

İşıqlı otaqda özünə gələn Rəhman ilk öncə hansı dünyada olduğunu dəqiqləşdirə bilmədi. Əli ilə başının arxasını yoxladı, güllə yarası yox idi. Öldürülmədiyi qənaətinə gəlməsi xeyli vaxt apardı. Nə vaxtdan bəri huşsuz vəziyyətdə qalmasını da hesablaya bilmədi. Qəfil qapı açılanda Rəhman qorxaraq otağın küncünə qaçdı. İcəri girən nəzarətçi masanın üstünə yemək və su qoyub bayıra çıxdı. Dil-dodağı susuzluqdan bir birinə yapışmış ölüm məhkumu cəld stəkandakı suyu başına çəkdi. Bir qədər özünə gəlib taxta çarpayıya uzandı. Qonşu kamerada kimi isə möhkəm döyürdülər, qışqırığı, yalvarışı, zarıltısı, iniltisi bir-birinə qarışmışdı. Rəhman döyülən adamın güllələmələri üçün yalvardığını eşitdikdə öz vəziyyətinə şükür etmək istədi. Onsuz da sonda güllələnmə var, ən azı ona işgəncə vermirdilər. (Amma özünə edilən işgəncənin daha ağır olduğunu bir qədər sonra dərk edəcəkdi.)

Taxta çarpayıda uzanaraq onu niyə güllələməmələri barədə fikirlərə təzə dalmışdı ki, həmin üç nəfər içəri girdi. Qollarından tutub onu həmin zala apardılar. Yenə Rəhmanın dizləri əsməyə başladı, yenə bütün bədənini tər basdı, ürəyinin döyüntüsünün səsi qulaqlarına gəldi. Yenə ənsəsinə silahın soyuq lüləsi toxundu, bu arada onu qusmaq tutdu, lakin xeyli öyüsə də heç nə qaytara bilmədi. Özünə gələr-gəlməz güllə şaqqıldadı. Yenə hər şey təkrarlandı, yerə yıxıldı, özündən getdi. Yenə ayılanda dünyanı dərk edə bilməsi xeyli vaxt aldı.
***
Rəhman özünə gəldikdən sonra axır ki, məsələnin mahiyyətini dərk edə bildi. Ona ən ağır cəzanı vermişdilər. Ölənəcən hər gün ölüb dirilmək. Ara fasiləsində ölüm üçün yalvaranların səsini dinləyib, onlarınmı, özününmü vəziyyətinin şükürlü olması barədə düşünməyə çalışırdı.
***
Həbsinin altıncı sutkasında artıq əvvəlki Rəhmandan əsər-əlamət qalmamışdı. O can_cüssədən, əyilmiş qamət, sümük üstündə quru dəri. O nurani, yumuşaq sifətdən, qırışlarla örtülü, tük basmış sifət, bir birinə qarışmış həmişəkindən tez uzanmış saçlar. İndi onu görsə heç doğma övladları belə çətin tanıyardı.

Eyni əməli Rəhmanın üzərində on dəfə təkrar etdilər. On dəfə Rəhmanı öldürüb diriltdilər. Artıq üçüncü dəfədən sonra qapı açılanda Rəhman qaçıb çarpayının altına girirdi. Onu çarpayının altından sürüyərək çıxardırdılar. İndi o, onu aparanlara öldürülməsindən ötrü yalvarırdı. Amma bu mənasız sifətli, milləti bilinməyən insanlar maşın kimi hissiyatsız idilər. Rəhman artıq özü də hissiyatını itirmişdi. İndi o nə ev haqda, nə övladları haqda fikirləşmirdi. Bütün fikri zikri qapının cəftəsində idi, ancaq bu cəftənin nə vaxt açılacağını gözləyir, cəftə tərpənən kimi canına əsmə düşür, ürəyi ağzına gəlir, qaçıb çarpayının altına girir, nəzarətçilərə yalvarmağa başlayır. Bu qədər qorxaq olacağı Rəhmanın heç vaxt ağlına gəməzdi. Bir insanı bu qədər rəzil vəziyyətə gətirməyin mümkün olduğunu başqa vaxt ona desəydilər heç cür inanmazdı.

...On dördüncü gün Rəhman huşdan ayılanda özünü ağacların arasında, çəmənlikdə gördü. İlk öncə bu dəfə həqiqətən öldüyünü və deyəsən, cənnətdə olduğunu düşündü. Lakin ətrafa göz gəzdirdikdə yanından saymazyana, laqeyid keçən insanları, bir qədər aralıda isə ara-sıra şütüyən avtomobilləri, yaxınlıqdakı skamyaları gördükdə buranın park olduğunu anladı. Ölmədiyinə bərk təəssüfləndi. Üzü üstə çevrilib otun və nəm torpağın qoxusunu ciyərlərinə çəkdi. Taxta çarpayıdan sonra çəmənlik ona yumuşaq döşək kimi gəldi. “Görəsən indi başıma nə oyun açmağı fikirləşirlər” fikri ilə bərk yuxuya getdi. Təmiz hava və yumşaq yer öz işini gördü. Nə qədər yatdığını bilmədi, qəfil çiynindən silkələndiyini hiss elədi, çevrilib güclə gözlərini araladı. Qara formalı milis nəfərini görən təki bir qədər iməkləyərək ayağa qalxıb qaçmağa cəhd etdi, lakin dizlərində güc nə gəzirdi, iki addımdan sonra səntərləyib yıxıldı. Üzü üstə çevrilib sifətini əllərinin arasında gizlədib yalvarmağa başladı. Xırıltılı zəif səsindən çox şey anlamaq olmasa da, milis nəfəri onun “yalvarıram sizə, məni ora aparmayın” sözlərini təkrarladığını başa düşə bildi.

- Vətəndaş, mən sizə kömək etmək istəyirəm. Adınızı, soyadınızı, ünvanınızı deyin sizi evinizə çatdırım. Özünüzü pis hiss edirsizsə xəstəxanaya gedək. Burda belə uzanmaq olmaz. Yoxsa sizi gərək milis bölməsinə aparam.
Milis nəfərinin danışığındakı heç alışmadığı xoş ifadə tərzi Rəhmanı bir qədər ürəkləndirdi, uzandığı yerdən barmaqlarının arasından milisə baxmaxa özündə cürət tapdı. Onun sifəti də başqa idi, üzündə yumşaqlıq, xeyirxahlıq, məna var idi, daş kimi donuq deyildi.

Rəhman bir az ürəkləndi. Bəlkə də “yoxsa sizi gərək milis bölməsinə aparam” cümləsindən gələn müdhiş qorxu onu silkələdi.

“Yoxsa” sözü işlənibsə, deməli, seçim var. Seçim varsa, demək, yaxşısını seçə bilər. Rəhman çevrilib oturdu. Gözlərindən yaş su kimi axırdı, əsə-əsə:
- Milis bölməsinə yox, evə,-dedi.
- Hə, eləsə ünvanını de görək.

Rəhman nə qədər fikirləşsə də ünvanı xatırlaya bilmədi. Ümumiyyətlə, o hiss etdi ki, heç nə fikirləşə bilmir. Ancaq beynində yenidən milis bölməsinə gedəcəyi fikri dolaşır.
- Nə oldu, ünvanı yadına sala bilmirsən? Bəlkə sən xəstəxanadan qaçmısan?-deyən milis Rəhmanı şübhəli nəzərlə süzdü.
- Yox, qaçmamışam, ünvan yadımdan çıxıb.-Rəhman yenidən bölməyə getmək qorxusu ilə əsə-əsə cavab verdi.

Milis üzünə ciddi ifadə verərək:
- Vətəndaş, onda milis bölməsinə getməli olacağıq, orda hər şey aydınlaşar,- deyərək Rəhmanın çiynindən tudu.

Elə bu an Rəhmanı elə bir əsmə tutdu ki, milis özü qorxaraq kənara çəkldi.

Rəhman:
- Yox, yox. Bölməyə getməyək,- deyərək iməkləməyə başladı.

Hadisədən çaşmış milis:
- Vətəndaş, siz niyə qorxursuz. Biz sadəcə kömək etmək istəyirik. O saat bilinir ki, neçə gündü çöldə gecələmisiz. Belə olmaz axı.

Artıq onların ətrafına xeyli adam yığışmışdı.
- Heç olmasa adını, soyadını söylə.
- Rəhman Rəhimov.-O dili-dodağı dolaşa-dolaşa cavab verdi.

Ətrafa toplanan adamlardan biri ona yaxınlaşıb, diqqətlə baxmağa başladı:
- Adınız necə oldu?,-deyə heyrətlə xəbər aldı

Rəhman yenidən təkrarladı:
- Rəhman Rəhimov.
- Müəllim, bu doğurdan sizsiniz? Nə yaman vəziyyətə düşmüsünüz, sizə nə olub? –deyən adamın üzünə küt-küt baxan Rəhman heç cür cavab verə bilmədi, heç o adamı xatırlaya da bilmədi.
- Bu adamı mən tanıyıram, qonşumdur. Evləri də lap yaxındadı, bax o yaxındakı görünən binada. Sizin işiniz yoxdu, mən apararam,-deyən qonşu ətrafdakılar dağılışdıqdan sonra Rəhman müəllimin qoluna girib yerindən tərpətməyə çalıdı, onu ayağa qaldırsa da evə aparmağa gücü çatmadı. Çünkü aclıq, susuzluq və əziyyətlərdən sonra Rəhmanın addım atmağa gücü qalmamışdı.
- Onda mən sizi burda qoyub, gedim evinizə xəbər verim. Rəhman müəllim, hara yoxa çıxmışdız birdən-birə, on gündən çoxdur görünmürdüz, axı sizə nə olub, bu nə gündür düşmüsüz?- qonşu yenə suallar yağdırdı və yenə Rəhmanın küt baxışları ilə rastlaşdı.

***

Evdəkilər Rəhmanın hara aparıldığını kimsəyə deməmişdilər. Onun evdən çıxarkən “heç olmasa dilinizi bundan sonra dinc saxlayın” sözünə bu dəfə əməl etmişdilər. Rəhbərin dostu Rəhmanın Daxili İşlər Komissarlığına aparılaraq bu vəziyyətə salınacağı qonşunun ağlına gəlmirdi, gələ də bilməzdi. Kim buna cürət edə bilər?

Evdəkilərin xəbər tutub Rəhmanın yanına gəlməsi iyirmicə dəqiqə çəkdi. Demə, onu evlərinin lap yaxınlığına gətirib atıblarmış. Arvadı və iki oğlu Rəhmana bir neçə dəqiqə donmuş vəziyyətdə baxdılar, iki həftənin içində onun bu tanınmaz vəziyyətə necə düşməsini dərk edə bilmirdilər. Onlar artıq Rəhmanın güllələndiyini qəbul etmiş, sakit-səssiz yasını da saxlamışdılar. Elə özləri də bu on gündə xeyli dəyişmişdilər, gözləri çuxura düşmüş, arıqlamışdılar. Amma Rəhmandakı dəyişiklik tamam başqa idi. O, ailəsinə də tam etinasız yanaşdı. Küt, mənasız baxışlarla oturduğu yerdən onları süzdü.

Onu qucaqlayıb öpən oğlanlarının “Ata, sənə nə olub, nə ediblər sənə?” suallarına yalnız “ Su” sözünü deyə bilən Rəhman özündən getdi.
***
Evdə güclə özünə gətirilən Rəhmanın başının üstündə duran həkim:
- Xeyli zəifləmişdir, dediyim qaydada qulluğunda durun. Bir neçə gündən sonra yenidən gələrəm,- deyib otaqdan çıxdı.

Həkimi yola saldıqdan sonra bütün ailə üzvləri yenidən Rəhmanın ətrafına toplaşıb gözlərini ona zillədilər. O da yenə ailəsini küt nəzərlərlə süzməyə başladı. Böyük oğlu birdən dilləndi:

- Nə durmuşuq, su gətirin, yemək gətirin, görün bir nə vəziyyətdədir kişi.

Hamı bir birinə dəydi, tez ilıq su, şorba gətirildi. Həkimin dediyi qayda ilə Rəhman yedizdirilib-içizdirildi. Əyni dəyişdirilib yuyunduruldu. Rahat ağ yatacaqda çarpayısında yuxuya getdi.

TAK-TAK-TAK...

Yuxulamış Rəhman qapının döyüldüyünü eşidən kimi yerindən cəld atılıb çarpayının altına girdi, əlləri ilə üzünü tutaraq zingiltiyə oxşayan səslər çıxartmağa başladı. Evdə hamı bir-birinə dəydi. Nə olduğunu heç kim anlaya bilmirdi. Oğlanları onu çarpayının altından çıxarmağa çalışır, o isə çarpayının ayaqlarından bərk-bərk yapışaraq yalvarır, ordan çıxarılmamasını istəyirdi.

TAK-TAK-TAK...

Qapı bir də döyüldü. Bu dəfə Rəhman özündən getdi. Müşfiq qaçıb qapını açdı. Qonşu idi. Rəhman müəllimin vəziyətini soruşmağa gəlmişdi.
- Yaxşı deyil. Özündən gedib. Sonra gələrsiz,-deyən Müşfiq qonşunun cavabını gözləmədən qapını örtdü.
Ailə yavaş-yavaş başa düşdü ki, Rəhmanın sinirləri tamam pozulub, hər dəfə qapı döyüləndə o bu vəziyyətə düşür. Uzun müddət, Rəhman ayağa qalxanadək, qapını açıq qoydular ki, döyən olmasın. Rəhman özünə gəlib, tam ayağa qalxdıqdan sonra da ailəsinə və ətrafdakılara qarşı biganə qaldı. Çox az danışar, özü heç vaxt heç nə soruşmaz, ondan soruşulanlara qısa cavablar verərdi. Başına gələnlər barədə heç kim heç nə bilmədi. Ölənədək evdən bayıra çıxmadı. Yatdığı otağın qapısını heç vaxt örtməyə qoymadı.

Rəhmanın həbsindən üç gün öncə

- Bilirsiz, mənim atam rəhbərin ən yaxın dostudur. “Seyid” əmi mənim atamın bir sözü ilə 1918-ci ildə türk əsgərlərini evində saxladığına görə həbs edilib güllələnəcək dostunu azad edib,-deyən Müşfiq institutun bufetində çay içən tələbə yoldaşlarının arasında yenə də atası ilə öyünüb lovğalanırdı.

Tələbə yoldaşlarından biri:

- Sənin atanın rəhbərlə dost olduğunu bilməyən qalmayıb, sayəndə,- deyə Müşfiqə söz atdı.

...

Ağaxan bəlkə də Allahın ən sevimli bəndələrindən idi. O, 1918, 1938 kimi illərdən ailəsi ilə birgə salamat çıxdı. Hətta 1941-ci ildə başlayan müharibəyə də iki oğlunu yola salıb, sağ salamat qarşılaya bilmiş tək-tük insanlardan oldu. Çox yaşadı, Milli hökuməti quranları, milli hökuməti yıxıb, onu quranları qıranları da gördü. Milli hökuməti yıxıb, quranları qıranları 1937-38-ci illərdə başqalarının qırmasını da gördü. Yerdə qalanların çoxunun 1941-45-ci illərdə müharibədə, digərlərinin isə 1953-1956-da məhkəmə edilib qırılmasını gördü. Qəribə illərdən, qəribə dərslərdən çıxdı Ağaxan, elə Azərbaycan da.

Ağaxan Rəhmanla müharibədən sonra görüşdü. Rəhmanın oğlu Müşfiqin müharibədən qara kağızı, digər oğlununsa özü, ancaq bir ayaqsız qayıtmışdı. Heç kimin gözləmədiyi halda Rəhman Ağaxanı görən kimi ayağa durub qucaqlayıb öpmüşdü. Oğlunun qara xəbərini alanda ağlamayan Rəhman Ağaxanı görəndə xeyli ağlamışdı. Ağaxanın onlarda qaldığı iki gündə Rəhman tamam başqa, sanki əvvəlki Rəhman olmuşdu. Gözünü Ağaxandan ayırmadan gah gülüb, gah ağlayan Rəhman sanki dostuna onun borcundan çıxdığını anlatmağa çalışırdı. Dostunun bu halı Rəhmanı çox pərişan etdi. Amma o iki həftədə Rəhmanın başına hansı oyunların gətirildiyini o da bilmədi. Ağaxan gedəndən bir ay sonra bir səhər Rəhman yuxudan ayılmadı. Yəqin yuxuda güllələnərkən bu dəfə ürəyi tab etməmişdi.

Epiloq əvəzi

“Mən bilirdim ölkədə müəyyən pis hadisələr baş verir, amma onun bu qədər böyük ölçüdə və bu qədər qəddarlıqla aparılmasından xəbərsiz idim. Xəbərsiz olmaq da mənim günahımdır. Eşitdiklərimdən sonra sizə deyirəm ki, məni güllələmək azdı. Məni şaqqalamaq, parça-parça etmək lazımdır.” (Mircəfər Bağırovun 1956-cı ildə məhkəmədə çıxışından)

# 1423 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #